İlham Əliyev İmişlidə “Azərsun Holdinq” şirkətinin müəssisələri ilə tanış olmuşdur
05 may 2011, 18:30
Prezident İlham Əliyev İmişli rayonuna səfəri çərçivəsində “Azərsun Holdinq” şirkətinin müəssisələri ilə tanış olmuş, yem fabrikinin açılışında, kəllə qənd zavodunun təməlqoyma mərasimində iştirak etmişdir.
Dövlət başçısı əvvəlcə “Green Land” yem fabrikinin açılışında iştirak etdi.
Bildirildi ki, Prezident İlham Əliyevin sahibkarlığın inkişafına dəstək siyasətinə uyğun olaraq, “Green Land” yem fabriki dövlətin güzəştli krediti və “Azərsun Holdinq”in vəsaiti hesabına inşa olunmuşdur.
Dövlət başçısı fabrikdə istehsal olunan hazır yem məhsullarına baxdı. Qeyd edildi ki, təqribən bir hektar ərazisi olan fabrikdə qaramal və davar, eləcə də broyler və yumurtalıq quş yemləri istehsal olunacaqdır.
Prezident İlham Əliyev fabrikin idarəetmə mərkəzindən istehsal prosesini izlədi.
Fabriklə tanış olan Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, 80 nəfərin işlə təmin olunduğu müəssisənin illik istehsal gücü 150 min tondur. Burada altı xam maddə, bir hazır məhsul anbarı da vardır.
Dövlət başçısı şirkətin bitki yağları fabriki ilə də tanış oldu.
Bildirildi ki, müəssisə 1,2 hektar ərazini əhatə edir.
Prezident İlham Əliyev fabrikdə istehsal prosesini izlədi. Qeyd olundu ki, müəssisədə quraşdırılmış avadanlıqlar ən müasir standartlara cavab verir.
Dövlət başçısı fabrikdə istehsal olunan məhsulların nümunələrinə də baxdı. Məlumat verildi ki, müəssisədə həm xam bitki yağları, həm də günəbaxan cecəsi və soya jımıxı hazırlanacaqdır. İllik istehsal gücü 60 min ton olan fabrikdə 80 nəfər işlə təmin edilmişdir. Müəssisədə Azərbaycanda ən böyük üç saxlama anbarı yaradılmışdır. Anbarın quraşdırılmasında Sahibkarlığa Kömək Milli Fonduna müraciət olunmuş və dövlətin güzəştli kreditlərindən istifadə edilmişdir.
Sonra Prezident İlham Əliyev müəssisədə yağın alınması prosesinin son mərhələsini izlədi.
Dövlət başçısı xam şəkər saxlanılacaq anbar ilə də tanış oldu. Bildirildi ki, anbarda 40 min ton xammal saxlamaq mümkündür.
Prezident İlham Əliyev qurutma sexində iş prosesini izlədi. Qeyd edildi ki, burada yüksək keyfiyyətli çuğundur cecəsi, həmçinin qarışıq yem hazırlanır. İllik istehsal gücü 15 min ton olan sexdə 30 nəfər işlə təmin edilmişdir.
Dövlət başçısı kəllə qənd zavodunun təməlqoyma mərasimində də iştirak etdi.
Zavodun sxemi ilə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, müəssisənin tikintisi üçün 7,5 hektar torpaq sahəsi ayrılmışdır. İllik istehsal gücü 60 min ton olan müəssisədə müxtəlif çeşiddə kəllə qənd hazırlanacaqdır.
Dövlət başçısı gilizi təmələ buraxdı və beton qarışığı tökdü.