İlham Əliyev “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Saatlı “Aqroservis” filialının açılışında iştirak etmişdir
05 may 2011, 17:20
Prezident İlham Əliyev “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Saatlı “Aqroservis” filialının açılışında iştirak etmişdir.
Filialın kollektivi dövlət başçısını hərarətlə qarşıladı.
Kənd təsərrüfatı naziri İsmət Abasov Prezident İlham Əliyevə məlumat verdi ki, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin yeni yaradılan Saatlı “Aqroservis” filialı rayonda kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaqdır. Ümumi sahəsi 1 hektar olan Saatlı “Aqroservis” filialının tikintisinə 2010-cu ildə başlanmışdır. Filialın ərazisində inzibati bina, təmir emalatxanası, texnikaların saxlanılması üçün talvar və açıq meydança yaradılmışdır. Bundan əlavə, filialda gübrə və pestisidlər anbarı da vardır. Ümumi tutumu 2 min ton olan anbarda Almaniyadan gətirilmiş pestisidlər, Rusiya, Ukrayna və Qazaxıstan istehsalı olan mineral gübrələr fermerlərə veriləcəkdir. Filialın təmir emalatxanasında kənd təsərrüfatı texnikalarına texniki xidmət göstərmək üçün hərtərəfli şərait yaradılmışdır. Filialda 30 nəfər daimi işlə təmin edilmişdir.
Prezident İlham Əliyevə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin regional logistik bazaları, Aqroservis filialları barədə də ətraflı məlumat verildi. Qeyd edildi ki, hazırda Sabirabad, Şəki, Cəlilabad, Şəmkir, Bərdə və Xaçmaz rayonlarında cəmiyyətin regional logistik bazaları fəaliyyət göstərir. On səkkiz rayonda isə “Aqroservis” filialları vardır. Bu il daha 5 filialın istifadəyə verilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyev cəmiyyətin rayonlararası təchizat, regional logistik bazalarının və aqroservis filiallarının əvvəlki vəziyyətini əks etdirən fotolara baxdı.
Saatlı “Aqroservis” filialındakı texnika ilə tanışlıq zamanı dövlət başçısının diqqətinə çatdırıldı ki, buraya, ümumilikdə, 3 milyon 700 min manta dəyərində kənd təsərrüfatı texnikası verilmişdir. Onlardan 2 milyon 900 min manatlıq texnika lizinqə, yerdə qalanı isə filiala verilmişdir. Filialda Finlandiya, Rusiya, Türkiyə və Polşada istehsal edilən kənd təsərrüfatı texnikaları ilə yanaşı, Gəncə avtomobil zavodunda buraxılan traktorlar da vardır. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti ilə Gəncə avtomobil zavodu arasında bağlanmış müqaviləyə əsasən hər il cəmiyyət zavoddan 500 traktor alır. Bundan əlavə, Gəncə avtomobil zavodunda bu traktorlar üçün kotanlar da istehsal edilir. İndiyədək, cəmiyyət zavoddan 1890 traktor almışdır. Filialın fəaliyyətə başlaması Saatlı rayonunda kənd təsərrüfatı məhsullarının istehsalçılarına geniş imkanlar açacaqdır. Buradakı müasir kənd təsərrüfatı texnikalarının fermerlərə verilməsi məhsulun keyfiyyətinin yüksəldilməsi ilə yanaşı, bolluğuna da imkan verəcəkdir. Filialda ümumilikdə 290 texnika vardır. Onlardan 88-i traktor, 27-si kombayn, yerdə qalanları isə asılan və qoşulan texnikalardır.
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Saatlı “Aqroservis” filialı ilə tanış olan dövlət başçısı kollektivə uğurlar arzuladı.