İlham Əliyev Sabirabadın Qasımbəyli kəndində əsaslı təmir edilmiş orta məktəbin binası ilə tanış olmuşdur
05 may 2011, 15:30
Prezident İlham Əliyev Sabirabad rayonunun Qasımbəyli kəndində əsaslı təmir edilmiş Hilal Ənnağıyev adına orta məktəbin binası ilə tanış olmuşdur.
Kənd ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Prezident İlham Əliyev sakinlərlə görüşdü. Sakinlər dövlət başçısı ilə xatirə şəkli çəkdirdilər.
Sonra Prezident İlham Əliyev məktəblə tanış oldu.
Bildirildi ki, Sabirabad rayonunun Qasımbəyli kənd orta məktəbinin binasında yaradılan şərait bir daha göstərir ki, Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Son illər ölkəmizdə yüzlərlə yeni məktəb binalarının inşası, bir çoxunda yeni korpusların tikilməsi həyata keçirilən təhsil islahatlarının mühüm tərkib hissəsi olmaqla yanaşı, Azərbaycanın gələcəyinin daha etibarlı təminatına geniş imkanlar açır. Bu, bir daha təsdiqləyir ki, “qara qızıl”ın insan kapitalına çevrilməsi istiqamətində görülən işlər öz bəhrəsini verir. Yeni təhsil ocaqlarının inşası bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Təhsilin inkişafına qayğı işində Heydər Əliyev Fondunun fəaliyyəti xüsusilə diqqəti cəlb edir. Fondun bu sahədə həyata keçirilən dövlət siyasətinə verdiyi dəstək və onun təşəbbüsü ilə tikilən çoxsaylı yeni məktəb binaları Azərbaycan ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.
Qeyd edildi ki, ötən ilin mayında Kür çayının daşması ilə yaranan təbii fəlakət nəticəsində Qasımbəyli kəndinə külli miqdarda ziyan dəymiş, demək olar ki, bütün infrastruktur dağılmışdı. Kənd məktəbi də tamamilə yararsız vəziyyətə düşmüşdü. Lakin dövlət başçısının tapşırığına əsasən məktəbin binası qısa müddətdə müasir tələblər səviyyəsində yenidən qurulub istifadəyə verilmişdir.
Dövlət başçısına məlumat verildi ki, əsaslı təmirdən sonra daha geniş və müasir standartlara uyğunluğu ilə seçilən bu məktəb binası qasımbəylililər üçün əsl hədiyyə olmuşdur. Hazırda 246 şagird yeri olan binada təlim-tədris üçün bütün şərait yaradılmış, sinif otaqları zəruri avadanlıqla təchiz edilmişdir. Şagirdlərin informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanları diqqət mərkəzində saxlanılmışdır. Fənn laboratoriyalarında da yüksək şərait yaradılmışdır. Əyani vəsaitlərin bolluğu ilə diqqət çəkən siniflərdə şagirdlərin elmin sirlərinə yiyələnmələri üçün heç bir problem yoxdur. Şagirdlərin yüksək təhsili və pedaqoji kollektivin səmərəli fəaliyyəti üçün bütün amillər nəzərə alınmışdır.
Məktəb istilik sistemi ilə təchiz olunmuş, burada yaradılmış müasir idman zalında zəruri avadanlıq quraşdırılmışdır.
Bildirildi ki, rayonda təhsil sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə bir sıra digər tədbirlər də həyata keçirilir. Sabirabadın Yuxarı-Axtaçı kəndində 240 şagird yerlik orta məktəb binası tikilir. Ulacalı, Mürsəlli, Bala Həşimxanlı kənd orta məktəblərində əsaslı təmir işləri başa çatdırılmış, Əsgərbəyli və Muradbəyli kənd məktəblərində isə yenidənqurma işləri davam etdirilir.
Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi.