Azərbaycan və İran prezidentlərinin mətbuat üçün bəyanatları
07 avqust 2016, 15:01
Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı
- Hörmətli cənab Prezident.
Hörmətli qonaqlar.
Mən sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Biz sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Şadam ki, səfər çox uğurlu keçir və bu gün apardığımız danışıqlar və imzalanmış sənədlər əminəm ki, İran-Azərbaycan əlaqələrinin gələcək inkişafını təmin edəcəkdir.
Əsrlər boyu xalqlarımız bir yerdə, yanbayan, mehriban dostluq, qonşuluq şəraitində yaşayırlar. Bizi əsrlər boyu birləşdirən tarix, mədəniyyət, din bizim ümumi böyük sərvətimizdir.
Biz ikitərəfli əlaqələrimizi möhkəm zəmin üzərində qururuq. Mən çox şadam, artıq 25 ilə yaxındır ki, İran-Azərbaycan dövlətlərarası əlaqələr uğurla inkişaf edir. Onu da qeyd etməliyəm ki, inkişafın son dövrü xüsusilə əhəmiyyətlidir. Çünki son bir neçə il ərzində İran-Azərbaycan əlaqələrinin inkişafında çox böyük irəliləyiş var. Biz, cənab Prezident, Sizinlə son bir neçə il ərzində dəfələrlə görüşmüşük. Qarşılıqlı rəsmi səfərlərin təşkili də bu istiqamətdə atılan çox önəmli addımlardır. Mən bu ilin fevral ayında İran İslam Respublikasında rəsmi səfərdə idim. Bu gün Siz bizim qonağımızsınız. Bu, özlüyündə bir göstəricidir. Onu göstərir ki, əlaqələr çox sürətlə, dinamik şəkildə inkişaf edir və yaxşı nəticələr var. Mənim İran İslam Respublikasına rəsmi səfərim çərçivəsində 10-dan çox sənəd imzalanmışdır. İndi altı ay keçməmiş yenə 6 sənəd imzalanıb və bu sənədlər gələcək fəaliyyətimiz üçün çox böyük əhəmiyyət daşıyır. İranda fevral ayında imzalanmış sənədlərin, razılaşmaların icrası təmin edilir. Bu gün də həm təkbətək görüşdə, həm nümayəndə heyətlərinin iştirakı ilə keçirdiyimiz görüşdə ikitərəfli əlaqələrimizin demək olar ki, bütün sahələri müzakirə edildi və müzakirələr çox konstruktiv şəkildə aparıldı. Əminəm ki, əldə edilmiş razılaşmalar bizim birliyimizi, əməkdaşlığımızı daha da gücləndirəcəkdir.
Biz beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edirik. Üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik. BMT, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlarda daim sıx əməkdaşlıq edirik. Azərbaycan İrana qarşı tətbiq edilən sanksiyaların həmişə əleyhinə olmuşdur, öz mövqeyini açıq şəkildə ifadə etmişdir. Biz çox şadıq ki, bu sanksiyalar aradan qaldırılıb və beləliklə, əməkdaşlıq üçün yeni imkanlar yaranıbdır. İran tərəfi isə həmişə Azərbaycanın ərazi bütövlüyünə böyük hörmətlə yanaşmışdır, yanaşır və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Bu dəstək həm BMT, həm də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində özünü büruzə verir.
Bu il İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə qəbul edilmiş Bəyannamə münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını bir daha tələb edir və biz İran dövlətinin bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndiririk.
Mən bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son vəziyyəti Prezident Ruhaniyə bildirdim. Bildiyiniz kimi, uzun illər Azərbaycan torpaqları işğal altındadır. Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Bu gün nəinki Dağlıq Qarabağ, onun ətrafında yerləşən 7 rayon işğal altındadır. Azərbaycan əhalisi bu bölgələrdən zorla çıxarılıbdır. Bizim tarixi abidələrimiz, o cümlədən məscidlərimiz ermənilər tərəfindən dağıdılıb və torpaqlarımızın təxminən 20 faizi işğal altındadır. Bu işğal davam edir. Münaqişənin həlli yolları da aydındır. Erməni silahlı qüvvələri - Azərbaycanın ərazi bütövlüyünü pozan bu qüvvələr işğal edilmiş torpaqlardan çıxarılmalıdır. Bunu BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi də tələb edir.
Onu da qeyd etməliyəm ki, bu il İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə Ermənistanın Azərbaycana qarşı aprel ayındakı aqressiyası pislənildi və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kontakt qrupu yaradılmışdır.
Bu ilin aprel ayında erməni silahlı qüvvələri Azərbaycana qarşı növbəti silahlı təxribat törətmişlər. Bu təxribat nəticəsində bizim hərbçilərimiz, altı mülki şəxs həlak olmuşdur, 20-dən çox mülki vətəndaş xəsarət almışdır. Altı yüzdən çox ev ziyan çəkmişdir, evlərə ziyan vurulmuşdur, 100-dən çox ev isə tamamilə dağıdılmışdır. Azərbaycan məcbur olub öz vətəndaşlarını, öz torpaqlarını qorumaq üçün lazımi addımlar atdı və bu addımlar çox təsirli olmuşdur. Münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatların qərar və qətnamələri icra olunmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Mən bu gün Prezident Ruhaniyə danışıqların son vəziyyəti haqqında geniş məlumat vermişəm.
Şadam ki, bizim iqtisadi əlaqələrimiz uğurla inkişaf edir. Bu gün geniş tərkibdəki görüşdə məlumat verildi ki, bu il ticarət dövriyyəsi 66 faiz artmışdır. Bu, çox gözəl göstəricidir. Nəzərə alsaq ki, bu gün dünyada iqtisadi-maliyyə böhranı hələ də davam edir, bu şəraitdə bu nailiyyəti əldə etmək üçün, hesab edirəm, böyük səylər qoyulmalı idi və qoyuldu. Hökumətlərarası birgə komissiya çox uğurla, fəal işləyir. Bu gün iqtisadi sahədə gələcək əməkdaşlıq haqqında geniş fikir mübadiləsi aparılmışdır.
Şadam ki, səfər ərəfəsində - dünən Neftçala şəhərində “İran Khodro” şirkətinin istehsal edəcəyi avtomobil zavodunun təməl daşı qoyuldu. Bu da əməkdaşlığımızın çox gözəl nümunəsidir. Hər il 10 mindən çox avtomobil istehsal ediləcək və bu, əməkdaşlığın yeni formasıdır. Bu vaxta qədər belə bir əməkdaşlıq olmamışdır. Bu gün digər sahələrdə də birgə fəaliyyət haqqında geniş fikir mübadiləsi aparılmışdır. Xüsusilə, yaxın zamanlarda Azərbaycanda İran texnologiyası ilə çalışacaq dərman preparatları zavodunun tikintisi də nəzərdə tutulur.
Əlbəttə ki, bu gün energetika və nəqliyyat problemlərinin həlli üçün yeni imkanlar açılır. Şadam ki, İmişli-Parsabad xətti birləşdi. Bu xətt həm iki ölkə arasındakı əlaqələrə, həm də regional əməkdaşlığa çox müsbət təsir göstərəcək. “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması istiqamətində də çox önəmli addımlar atılmışdır.
Keçən il fevral ayında İrandan qayıdandan sonra mən müvafiq göstərişlər vermişəm, onlar icra edilir. Söz verdiyim kimi, bu ilin sonuna qədər Azərbaycan öz dəmir yolunu İran sərhədinə qədər uzadacaq. Bununla bərabər, bu il İran və Azərbaycan rəsmilərinin iştirakı ilə Astaraçay üzərində körpünün tikintisi başlanmışdır və işlərin böyük hissəsi artıq görülmüşdür. “Şimal-Cənub” nəqliyyat dəhlizinin icrasını sürətləndirmək üçün bu gün memorandum imzalanmışdır və Azərbaycan tərəfi bu layihənin gələcək maliyyələşməsində iştirak etmək arzusundadır. Onu da bildirməliyəm ki, bu məsələ, eyni zamanda, energetika ilə bağlı olan məsələlər sabah İran, Rusiya, Azərbaycan prezidentlərinin birinci Zirvə görüşündə də müzakirə olunacaqdır. Həmçinin qeyd etməliyəm ki, bu üçtərəfli format yeni təşəbbüsdür və çox önəmli bir addımdır. Təbii ki, bu formatın əsasında ikitərəfli əlaqələr dayanır.
Azərbaycanın İran və Rusiya ilə çox yaxşı münasibətləri var. Bilirəm ki, Rusiya-İran əlaqələri də çox yaxşı səviyyədədir. Ona görə bu üçtərəfli əməkdaşlıq formatının yaradılması təbiidir. Bunun əsasında həm tarix, həm coğrafiya, eyni zamanda, bizim müştərək layihələrimiz dayanır. “Şimal-Cənub” nəqliyyat dəhlizi təkcə ölkələrimiz üçün deyil, qitələr üçün böyük əhəmiyyət daşıyan layihədir və sabah bu layihənin gələcək icrası ilə bağlı çox önəmli addımlar atılacaqdır.
İkitərəfli formata gəldikdə isə, bu gün geniş spektrli məsələlər müzakirə olundu. Turizm sahəsində çox gözəl perspektivlər var. Artıq İran vətəndaşları Azərbaycana sadələşdirilmiş viza rejimi əsasında gələ bilərlər və Naxçıvan-Təbriz-Məşhəd dəmir yolu açılır. Hava nəqliyyatı istiqamətində çox gözəl mənzərə müşahidə olunur, uçuşların sayı artır. Ekologiyaya və Xəzər dənizinə aid məsələlər müzakirə olundu. Deyə bilərəm ki, müzakirə olunan bütün məsələlərlə bağlı heç bir fikir ayrılığı yoxdur. Bizim əsas istəyimiz İran-Azərbaycan əlaqələrini inkişaf etdirmək, xalqlarımızın maraqlarını müdafiə və təmin etmək, siyasi, iqtisadi, humanitar əlaqələrimizi möhkəmləndirməkdir. Cənab Prezident Həsən Ruhaninin Azərbaycana bugünkü səfəri bu istiqamətdə atılan çox önəmli addımdır.
Cənab Prezident, dəvətimi qəbul edib yenidən Azərbaycana səfər etdiyiniz üçün mən Sizə bir daha minnətdaram, Sizə və qardaş İran xalqına yeni uğurlar arzulayıram. Sağ olun.
İran Prezidenti Həsən Ruhaninin bəyanatı
- Bu səfər zamanı bizə göstərilən qonaqpərvərliyə görə Azərbaycan dövlətinə və xalqına böyük minnətdarlığımı bildirirəm. Son üç il ərzində ölkələrimiz arasında əlaqələr sürətlə inkişaf edib. İki ölkə arasında əlaqələrin genişlənməsi istiqamətində inamlı addımlar atmışıq. Prezidentlərin qarşılıqlı səfərləri, həmçinin beynəlxalq tədbirlər çərçivəsində keçirdiyimiz hər bir görüşdə irəli doğru addım atdığımızı hiss etmişik. Birgə mədəniyyətə, tarixə, dinə, məzhəbə malik olan ölkələrimizin xalqları uzun illər qardaşlıq şəraitində yaşayıblar. Bu gün hər iki dövlətin və xalqlarımızın əlaqələrinin genişlənməsinə yönəlmiş istək bütün sahələri əhatə edir.
Bu gün iki ölkə arasında əlaqələri müzakirə etdik. Hökumətlərarası müştərək komissiyanın rüsumların azaldılması istiqamətindəki fəaliyyəti müvafiq sazişin bağlanmasına gətirib çıxarmalıdır. Bizim əsas məqsədimiz iki ölkə arasında azad ticarətin bərqərar olmasıdır. Avrasiya ölkələri arasında əlaqələrimizin genişlənməsi baxımından rüsumların azaldılması ilə bağlı apardığımız məsləhətləşmələr Azərbaycanla da aparılsa müəyyən məsələlər barədə razılığa gələ bilər və sazişlər imzalaya bilərik.
Ölkələrimiz arasında bank sahəsində əməkdaşlıq böyük əhəmiyyətə malikdir. Belə ki, bu məsələ iqtisadi əlaqələrin, eləcə də ölkələrimiz arasında münasibətlərin inkişafı baxımından möhkəm əsas kimi qəbul edilir. Bu gün Mərkəzi bankların rəhbərlərinin iştirakı ilə bank sektoru ilə bağlı sənəd imzalandı. Biz istəyirik ki, ölkələrimizin bank sahəsindəki əlaqələri elə bir səviyyəyə uyğunlaşdırılsın ki, bütün sahələrdə iqtisadi və ticari əlaqələrin genişlənməsi üçün zəmin yarada bilsin.
Texnologiya və sənaye sahəsində investisiya yatırılması ilə bağlı deyə bilərəm ki, biz Azərbaycanda avtomobil zavodunun təməlinin qoyulmasının şahidi olduq. Azərbaycan Respublikasının Prezidentinin dediyi kimi, bu zavodda ildə 10 min avtomobil istehsal ediləcək. Beləliklə də, Azərbaycanın və ya qonşu ölkələrin tələbatı ödəniləcək. Bu hadisə sənaye sahəsində əlaqələrimizin genişlənməsinin göstəricisidir. Habelə əczaçılıq sahəsində əməkdaşlıqla bağlı atılacaq addımlar iki ölkə arasında münasibətlərin inkişafına xidmət edəcək.
Biz, həmçinin Xəzər dənizi ilə əlaqədar müzakirələr apardıq və bu dənizin Xəzəryanı ölkələr, o cümlədən Azərbaycan və İran üçün sülh, dostluq və sabitlik dənizi olduğunu bildirdik. Xəzər dənizinin hüquqi statusu ilə əlaqədar belə nəticəyə gəldik ki, həmin məsələ ilə bağlı razılıq əldə edilməsi üçün iki ölkə bu müstəvidə ciddi çalışmalıdır. Xəzər dənizində qarşılıqlı fəaliyyətin genişlənməsi, o cümlədən neft-qaz sahəsində əməkdaşlığın inkişafı ilə bağlı, ümumilikdə, belə razılığa gəldik ki, bu sahələrə diqqət artırılsın. Əldə olunan razılıq ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi baxımından müsbət addım kimi dəyərləndiriləcək. Eyni zamanda, Xəzər dənizinin ətraf mühitinə diqqətin artırılması əsas mövzulardan biridir. Bu qapalı su hövzəsində dənizin çirkləndirilməsi böyük təhlükə yaradır. Əvvəllər sahilyanı ölkələr arasında bu məsələ ilə bağlı imzalanan sənədlər, bağlanan müqavilələr və Azərbaycanda bununla əlaqədar Mərkəzin yaradılması və fəaliyyətə başlaması diqqət mərkəzində olan məsələlərdəndir. Biz Mərkəzin katibliyinin Azərbaycanda yerləşdirilməsini dəstəkləyirik.
Ölkələrimiz arasında turizm əlaqələrinin genişləndirilməsi, bu sahəyə sərmayə qoyuluşu, qarşılıqlı uçuşların yerinə yetirilməsi gediş-gəlişin artmasına səbəb olacaq. Bununla əlaqədar vizaların verilməsi prosesinin asanlaşdırılması məqsədilə zəruri tədbirlər görülməlidir. Vətəndaşlarımız hər iki ölkəyə səfər etmək istəyir və bu səfərlər onların mənafeyinə cavab verir.
Əsas məsələlərdən biri də tranzit məsələsidir. Xüsusilə “Şimal-Cənub” dəhlizi həm iki ölkə, həm də region ölkələri üçün əhəmiyyət kəsb edir. Bu dəhlizin reallaşması üçün ilk addım Astara-Astara dəmir yolunun birləşdirilməsi və bu məsələ ilə əlaqədar İranda inşa ediləcək terminal olacaqdır. İkinci məsələ, Astara-Rəşt dəmir yolunun bir-birinə bağlanmasıdır ki, ölkələrimiz bu sahəyə sərmayə yatıracaq, ortaq bir iş görüləcək, sərmayə qoyuluşunun 50 faizi İran tərəfindən, 50 faizi isə Azərbaycan tərəfindən təmin ediləcək. İnşallah, hər iki tərəfin göstərdiyi səylər nəticəsində bu dəmir yolu tezliklə istifadəyə veriləcək və Azərbaycanın Fars körfəzinə çıxışı təmin olunacaq. Nəhayət, Qafqaz ölkələrinin, Rusiyanın, Şimali və Şərqi Avropanın Fars körfəzinə və Hindistana çıxışını təmin edəcək bu dəhliz böyük iqtisadi dividentlər verəcək.
Biz Dağlıq Qarabağ münaqişəsi haqqında da müzakirələr apardıq. Bu məsələ ilə əlaqədar ötən aylarda göstərilən səylər barəsində cənab Prezident bizə bəzi məlumatları verdi. İran İslam Respublikasının bu məsələyə baxışı ondan ibarətdir ki, region ölkələrində sülh və sabitlik bərqərar olsun, ölkələr arasında problemlər və ixtilaflar danışıqlar yolu ilə həll edilsin. Biz ölkələrin və eləcə də, Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyirik və sərhədlərin güc yolu ilə dəyişdirilməsinin əleyhinəyik. Ümidvarıq ki, regiondakı problemlər danışıqlar yolu və başqa ölkələrin səyləri ilə həll ediləcək və nəticədə sülh, sabitlik və təhlükəsizlik bərqərar olacaq. İran İslam Respublikası Azərbaycanın və Ermənistanın qonşusu kimi həmişə çalışıb ki, bu zəmində səylər danışıqlara və bölgədə təhlükəsizliyə yönəlsin. Əgər İran İslam Respublikasının bu sahədə əlindən gələ biləcək nəsə olarsa biz köməyimizi əsirgəməyəcəyik.
Biz, həmçinin bölgədə terrorizm və güc tətbiqinin Qafqaz, Orta Asiya, Yaxın Şərq, ümumiyyətlə, bütün dünya üçün böyük təhlükələr yaratması mövzusunda danışıqlar apardıq. Belə qərara gəldik ki, iki ölkənin səyləri terrorizmə qarşı mübarizədə daha da artırılsın.
Biz, həmçinin mədəniyyət sahəsində, İslamın mehriban və rəhman olması fikrinin iki ölkə tərəfindən təbliği, İslama qarşı zorakılığın qəbuledilməzliyi haqqında danışıqlar apardıq. Alimlər, mütəxəssislər İslamın yayılması və təbliği, gəncləri İslamın zora və terrora meyilli din olması fikrindən uzaqlaşdırmaq üçün səylərini artırmalıdırlar. Ümidvarıq ki, ölkələrimizin mədəni əlaqələri və universitetlər arasındakı münasibətlər genişlənəcək və inkişaf edəcək. Yeni texnologiyalardan geniş istifadə üçün tədbirlərin görülməsi ilə bağlı söhbət də etdik.
Ümid edirəm ki, sabah keçiriləcək İran-Rusiya-Azərbaycan üçtərəfli görüşü, - üç ölkə arasında belə formatlı ilk görüş, - ölkələrimiz və ümumiyyətlə, region ölkələri arasında əlaqələrin genişlənməsi baxımından faydalı olacaq. Biz həmin görüşdə tranzit məsələsi, üçtərəfli əməkdaşlıq, humanitar sahədə, terrorizmə, narkotik maddələrin dövriyyəsinə qarşı mübarizə və iqtisadi sahədə əməkdaşlığın genişlənməsinin perspektivləri barədə müzakirələr aparacaq, bu məsələlər haqqında razılığa gələcəyik.
Cənab Prezidentə və Azərbaycanın yüksək vəzifəli şəxslərinə bu qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm.