İlham Əliyev Sabirabad-Qasımbəyli-Narlıq-Qaraqaşlı avtomobil yolunun açılışında iştirak etmişdir
05 may 2011, 12:05
Prezident İlham Əliyev Sabirabad-Qasımbəyli-Narlıq-Qaraqaşlı avtomobil yolunun 15 kilometrlik hissəsinin yenidənqurmadan sonra açılışında iştirak etmişdir.
Dövlət başçısına yolun texniki-iqtisadi göstəriciləri barədə məlumat verildi. Qeyd edildi ki, Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətin fəsadlarının aradan qaldırılması məqsədi ilə rayonun 7 min 400 təsərrüfatını əhatə edən və 33 min 500 nəfər əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən 68 kilometrlik Sabirabad-Qasımbəyli-Narlıq-Qaraqaşlı avtomobil yolunun əsaslı surətdə yenidən qurulması üçün dövlətimizin başçısının ötən ilin noyabrında imzaladığı Sərəncama əsasən Prezidentin Ehtiyat Fondundan maliyyə vəsaiti ayrılmışdır. Artıq bu yolun 15 kilometrlik Sabirabad-Qasımbəyli hissəsinin əsaslı bərpası və asfaltlanması işləri başa çatdırılmışdır. Hazırda yolun digər hissələrində yenidənqurma işləri davam etdirilir. Sabirabad rayonunun həyatında mühüm əhəmiyyətə malik olan bu yolun yenidən qurulması təbii fəlakətdən zərər çəkən əhalinin rahatlığını təmin etməyə və kəndlərarası avtomobil əlaqəsini daha da asanlaşdırmağa imkan verəcəkdir.
Prezident İlham Əliyev yolun açılışını bildirən lenti kəsdi.
Dövlət başçısı görülmüş işlərdən razılığını bildirdi.