Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin üçüncü zirvə toplantısında İlham Əliyevin nitqi
08 iyun 2010, 18:01
Əziz qardaşım Prezident Abdullah Gül!
Hörmətli dövlət başçıları!
Hörmətli nümayəndə heyətlərinin rəhbərləri!
Xanımlar və cənablar!
Əvvəlcə mən Prezident Gülə səmimi qonaqpərvərliyə və bu zirvə görüşünün əla təşkil edildiyinə görə minnətdarlığımı bildirmək istəyirəm. Mən, eyni zamanda, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin mühüm beynəlxalq foruma çevrilməsi istiqamətində göstərdiyi səylərə görə Qazaxıstan Prezidenti cənab Nursultan Nazarbayevə təşəkkürümü bildirirəm. Əminəm ki, bu təşkilatın gələcəyi çox perspektivli və parlaq olacaqdır.
Fürsətdən istifadə edərək, Aralıq dənizində günahsız mülki şəxslərin qətli ilə nəticələnən, humanitar yük gəmisinə edilən hücumla əlaqədar Azərbaycan xalqının türk qardaşlarımızla həmrəy olduğunu bildirmək istəyirəm. Biz bu hücumu qəti surətdə pisləyirik və Türkiyə ilə çiyin-çiyinə dayanırıq. Fürsətdən istifadə edərək mən, eyni zamanda, Azərbaycan xalqı adından türk qardaşlarımıza və qurban vermiş ailələrə dərin hüznlə başsağlığı verirəm.
Azərbaycan regional əməkdaşlıq işində öz rolunu oynayır. Biz tam əminik ki, regional əməkdaşlıq, regionda proqnozlaşdırma və birgə fəaliyyət mövcud riskləri azaldacaq və xalqlarımız üçün proqnozlaşdırılan gələcəyi qurmaqda yardım edəcəkdir.
Asiyada təhlükəsizlik tədbirləri dünyadakı qlobal təhlükəsizlik tədbirlərinin bir hissəsidir. Təhlükəsizlik tədbirlərinə kompleks yanaşma olmadan biz uğur əldə edə bilməyəcəyik. Terrorçuluğa qarşı mübarizə dünyada bütün terrorçu təşkilatlara qarşı olmalıdır. Yaxşı, yaxud pis terrorçu olmur. Buna görə terrorçuluğa qarşı səylərin birləşdirilməsi uğurun əsas ilkin şərtidir. Eyni zamanda, regional əməkdaşlıq və iqtisadi artım regionumuzda təhlükəsizlik tədbirlərinə böyük töhfə verəcəkdir. Bu səbəbdən, Azərbaycan regional əməkdaşlıq məsələlərində mühüm rol oynamağa çalışır.
Ölkəmizdə başlanılmış və uğurla həyata keçirilmiş müxtəlif layihələr olduqca geniş regional əməkdaşlıq üçün artıq möhkəm əsas yaradır. Mən xüsusən də enerji təhlükəsizliyinə aid olan layihələri qeyd etmək istəyirəm. Həmin layihələr ilk olaraq boru kəməri layihələri kimi başlandı, hazırda isə, bütün iştirakçılara fayda gətirən çox mühüm regional əməkdaşlıq nümunəsinə çevrilibdir.
Azərbaycan, həmçinin tarixi İpək Yolunun bərpasına töhfə verir və iştirak etdiyimiz dəmir yolu layihəsi Asiya ilə Avropanı birləşdirəcək və regionumuzda yaşayan xalqlara rifah gətirəcək olduqca geniş nəqliyyat qovşağını yaratmağa imkan verəcəkdir. Başqa sözlə desək, təhlükəsizlik səylərimizin birləşdirilməsini tələb edir, iqtisadi əməkdaşlıq və artım uğura aparan yol ola bilər.
Qeyd etmək istədiyim mühüm məsələlərdən biri də münaqişələrin həllinə olan münasibətdir. Azərbaycan Ermənistanın davamlı təcavüzünün qurbanıdır. Demək olar ki, iki onillik ərzində torpaqlarımız, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri Ermənistanın işğalı altındadır. Həmin işğal nəticəsində bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ərazimizin iyirmi faizi Ermənistanın işğalı altındadır. Bu vəziyyət hələ də davam edir. Biz etnik təmizləmə siyasətinə məruz qalmışıq. Hazırda işğal olunmuş ərazilərdə heç bir yerli sakin yoxdur. Orada etnik təmizləmə aparılmışdır. Həmin yerlərdə bütün tikililər, o cümlədən binalar, evlər, məktəblər, ulu babalarımızın məzarları, məscidlərimiz və bütün tarixi irsimiz dağıdılıbdır. Biz beynəlxalq təşkilatların qərar və qətnamələrinin Ermənistan tərəfindən icrasını tələb edirik.
BMT-nin Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir. Lakin bu qətnamələr hələ də yerinə yetirilməyibdir. BMT-nin Baş Məclisinin qətnamələri, ATƏT-in qərarları, İslam Konfransı Təşkilatının qətnamələri, Avropa Şurası və Avropa Parlamentinin, eləcə də digər beynəlxalq təşkilatların qərarları yerinə yetirilməyib. Əgər beynəlxalq hüququn normaları işləmirsə, onda beynəlxalq ictimaiyyət üçün hansı durumdan söhbət gedə bilər? Əgər biz hamı tərəfindən qəbul olunmuş qətnamələri icra etmiriksə və bu vəziyyət davam edərsə, onda beynəlxalq münasibətlərin təşkil olunacağı gələcəkdə böyük sual doğurur. Öz əhəmiyyəti və ölçüsündən asılı olmayaraq, hər bir ölkə beynəlxalq hüquq normalarına əməl etməlidir. Beynəlxalq hüquq normaları bütün ölkələr tərəfindən əməl olunması üçün yaranıb. Biz beynəlxalq təşkilatların üzvüyük və onların qəbul etdiyi qərarlara hörmətlə yanaşmalıyıq. Əgər həmin qərarlar qəbul olunursa və icra edilmirsə, onda beynəlxalq təsisatlara olan etimad da azalacaqdır.
Biz öz ərazi bütövlüyümüzü dinc yolla bərpa etməyə çalışırıq. Azərbaycanın ərazi bütövlüyü bütün dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən tanınıb. Ermənistan-Azərbaycan münaqişəsinin həlli Azərbaycanın ərazi bütövlüyünün bərpasına və ölkəmizdə erməni azlığına yüksək özünüidarəetmə və muxtariyyət statusunun verilməsinə əsaslanmalıdır.
Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan regionumuzda təhlükəsizlik tədbirlərinə verdiyi töhfəni gələcəkdə davam etdirəcəkdir. Biz öz səylərimizlə və hüdudlarımızdan kənarda qoyulan sərmayələrimizlə regionun iqtisadi inkişafına töhfəmizi davam etdirəcəyik. Daşıma və enerji infrastrukturuna aid layihələr xalqları və dövlətləri birləşdirəcəkdir. İstehlakçılar, hasilatçılar və tranzit ölkələrin maraqları arasında müvafiq tarazlıq olmalıdır. Yalnız bu halda bütün layihələr hamımızın rifahına xidmət edəcəkdir.
Sonda mən bir daha ev sahibi Türkiyəyə səmimi qonaqpərvərliyə görə minnətdarlığımı bildirmək istəyirəm və sammitin işinə uğurlar arzulayıram.
Diqqətinizə görə minnətdaram.