Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında İlham Əliyevin yekun nitqi
10 iyul 2016, 12:42
- İlin sonuna qədər biz fəal işləməliyik ki, qarşıda duran bütün vəzifələri icra edək. Bir daha qeyd etmək istəyirəm, ötən altı ayın nəticələri göstərir ki, Azərbaycan 2016-cı ili də uğurla başa vuracaq. Əlbəttə ki, biz əsas prioritet istiqamətlər üzrə işimizi daha da təkmilləşdirməliyik. Bu gün çıxışlarda da həm görülmüş və görüləcək işlər, həm də əsas prioritet istiqamətlər haqqında məlumatlar verildi. Əslində, bu gün çıxışlarda səslənən fikirlər bizim gələcək fəaliyyətimizin istiqamətlərini müəyyən edir, yəni, bir daha göstərir ki, sənaye potensialı və kənd təsərrüfatı gələcək inkişaf üçün əsas rol oynayacaq. 2016-cı ilin birinci yarısının iqtisadi göstəriciləri də çox ümidvericidir. Bir daha qeyd etmək istəyirəm ki, qeyri-neft sənayemiz 2,4 faiz, kənd təsərrüfatı isə 3,1 faiz artıb. Ancaq əminəm ki, xüsusilə kənd təsərrüfatı istehsalı ilin sonuna qədər daha da artacaq.
Sənaye istehsalı ilə bağlı həm iri layihələr icra edilir və eyni zamanda, orta və kiçik sahibkarlığın inkişafı sənaye potensialımızı daha da gücləndirəcəkdir. Mən iri layihələr arasında əlbəttə ki, Sumqayıt Kimya Sənaye Parkında həyata keçirilən layihələri qeyd etmək istəyirəm. Onların arasında SOCAR Polimer kompleksinin tikintisi xüsusi yer tutur. Buraya böyük investisiya - təqribən 700 milyon dollardan çox sərmayə qoyulur. İki ildən sonra artıq bu müəssisə hazır məhsul istehsal edəcək. İdxaldan asılılıq tamamilə aradan götürüləcək və böyük ixrac potensialı yaranacaqdır. Gələcək fəaliyyətimiz üçün bu, əsas istiqamət, prioritet olmalıdır. İdxaldan maksimum dərəcədə asılılığımızı aradan götürmək, ixrac potensialımızı artırmaq və bununla paralel olaraq, ixrac bazarlarının araşdırılması və müəyyən edilməsi istiqamətində də ciddi işlər aparılmalıdır. Əlbəttə, birjada satılan məhsullar üçün bazar axtarmağa ehtiyac yoxdur. Ancaq digər məhsullar üçün biz indi gərək rəqabətə girək. Çünki indi dünyada ixrac bazarları uğrunda böyük rəqabət aparılır. Böyük dövlətlər, böyük firmalar artıq bazarları böyük dərəcədə bölüblər. Ona görə bu bazarlara öz məhsulumuzla girmək üçün gərək böyük səylər göstərək.
Eyni zamanda, 2018-ci ildə azot gübrələri zavodunun istismara verilməsi planlaşdırılır. Bu da gübrələrə olan tələbatımızı tam təmin edəcək, idxala artıq ehtiyac olmayacaq və böyük həcmdə ixrac potensialı yaranacaqdır. Burada da üstünlük ondan ibarətdir ki, bu məhsulların satışı ilə bağlı heç bir problem olmayacaq. O ki qaldı polimer zavodunun fəaliyyətinə bu, birinci mərhələ olmalıdır. Ondan sonra və bəlkə də indidən özəl sektor da qoşulmalıdır ki, artıq onlar da hazır məhsul istehsalına başlasınlar. Çünki bu xammalın istehsalı böyük imkanlar yaradır. Bu zavoddan faydalanan özəl sektor çox cəld fəaliyyət göstərməlidir, çevik siyasət aparmalıdır. Əgər lazım olarsa, tezliklə dövlətin dəstəyi ilə bir çox kiçik və orta müəssisələr yaradılmalıdır ki, onlar Azərbaycanda hazır məhsul istehsal etsinlər.
Digər iri sənaye müəssisələri yaradılır, yaradılacaq. Ancaq əgər inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, orada iqtisadi potensialı müəyyən edən orta və kiçik sahibkarlardır. Biz də bu yolla getməliyik və sahibkarlığın inkişafı üçün əlavə tədbirlər görüləcəkdir.
Azərbaycanda bir sahə var ki, o, demək olar, heç inkişaf etməyib. Həm özəl sektor maraq göstərməyib, həm də dövlət bu sahəni bir qədər diqqətdən kənarda saxlayıb. Bu da dərman preparatlarının istehsalıdır. Biz demək olar ki, 100 faiz idxaldan asılıyıq. Düzdür son vaxtlar bu sahədə görülmüş tədbirlər nəticəsində dövlət tənzimləyici rolunu oynayır. İqtisadiyyat Nazirliyi Səhiyyə Nazirliyi ilə birlikdə artıq bir ildən çoxdur ki, bu məsələ ilə məşğuldur. Nəticədə dərman preparatlarının qiymətində çox ciddi azalma müşahidə olunur. Eyni zamanda, artıq keyfiyyətə də çox ciddi nəzarət edilir. Baxmayaraq ki, manatın məzənnəsi aşağı düşüb və biz idxaldan tam asılıyıq, görülmüş tədbirlər, dövlətin müsbət mənada müdaxiləsi nəticəsində burada qiymətlərdə sabitləşmə var. Bir çox dərman preparatlarının qiymətləri aşağı düşüb. Ancaq indi vaxt gəlib çatıb ki, Azərbaycanda dərman preparatlarının istehsalına başlansın. Müvafiq göstərişlər verilibdir, bir neçə xarici şirkətlə danışıqlar aparılır, böyük maraq var. Çünki Azərbaycan bazarı kifayət qədər böyük bazardır. Azərbaycan əhalisinin sayı 10 milyona yaxınlaşır və dinamika da müsbətdir. Ona görə xarici firmalar böyük maraq göstərirlər. Biz bundan istifadə etməliyik. Dərman preparatlarının istehsalı üçün indi ciddi bir proqram hazırlanır və bir klastr yaradılmalıdır. Beləliklə, həm bu sahədə də sənaye potensialı inkişaf edəcək, idxaldan asılılıq azalacaq və həm də vətəndaşlarımızı daha keyfiyyətli dərmanlarla təmin edə bilərik. Hesab edirəm ki, ilin sonuna qədər bütün danışıqlar prosesi, bütün təşkilati məsələlər öz həllini tapmalıdır. Bu il artıq biz dərman fabriklərinin tikintisinə başlamalıyıq.
Mən dəfələrlə qeyd etmişəm ki, Azərbaycanda bir neçə sənaye mərkəzi yaradılmalıdır. Əlbəttə ki, Bakı Cənubi Qafqazın ən böyük sənaye şəhəridir. Gəncə, Sumqayıt və eyni zamanda, Mingəçevir şəhərində çox böyük sənaye potensialı, çox hazırlıqlı kadr potensialı var. Bu il Mingəçevir şəhərində yüngül sənaye kompleksinin təməli qoyulmalıdır. Bu, Mingəçevirdə işsizlik problemlərinin həllinə çox müsbət təsir göstərəcək və biz çox böyük, yeni sənaye mərkəzini yaradacağıq. Mingəçevirdə bir neçə böyük sənaye müəssisəsinin tikintisi nəzərdə tutulur. Burada da yüngül sənaye inkişaf edəcək. Yaxın zamanlarda minlərlə iş yeri açılacaqdır. İlk növbədə bu müəssisələrin inşası zamanı və ondan sonra həmin müəssisələrdə işləyəcək insanların sayı minlərlə ölçüləcək. Beləliklə, biz yeni sənaye mərkəzi yaradacağıq və insanları işlə təmin edəcəyik. Bu ilin sonuna qədər artıq birinci müəssisənin təməl daşı qoyulmalıdır və əminəm ki, qoyulacaqdır.
Bildiyiniz kimi, artıq müəyyən müddət ərzində hər bir rayonda sənaye zonalarının yaradılması istiqamətində iş aparılır. Birinci pilot layihə Neftçala rayonunda icra edilir. Neftçalada artıq səkkiz layihə hazırdır və bu layihələrin icrasına 40 milyon manat investisiya qoyulacaq. İkinci sənaye zonası Masallı şəhərində yaradılacaqdır. Masallı sənaye zonasında fəaliyyət göstərmək üçün sahibkarlar tərəfindən 33 layihə təqdim olunub. Bu layihələrin investisiya həcmi 31 milyon manatdır. Bu, çox müsbət inkişafdır. Bu, onu göstərir ki, bizim qəbul etdiyimiz qərarlar icra edilir. Əminəm ki, digər şəhər və rayonlarımızda da buna oxşar proseslər sürətlənəcək. Çünki hər bir rayonda sənaye potensialının inkişafı üçün gözəl imkanlar var. Biz ilk növbədə özümüzü bütün sənaye məhsulları ilə təmin etməliyik. Eyni zamanda, çox ciddi ixrac potensialı da yaratmalıyıq və xarici bazarlara çıxmalıyıq. Bununla bərabər, bu, məşğulluq problemlərinin həllinə də çox müsbət təsir göstərəcəkdir.
Bu yaxınlarda “Azərxalça” Səhmdar Cəmiyyəti yaradılıbdır. Xalçaçılıq sənəti bizim milli sərvətimizdir. Əsrlər boyu Azərbaycan xalçaçılığı inkişaf etdiribdir və Bakının mərkəzində - Bulvarda açılmış Xalça Muzeyi həm özlüyündə bir memarlıq əsəridir və eyni zamanda, bizim qədim sənətimizi bütün dünyada nümayiş etdirir. Ancaq əfsuslar olsun ki, xalçaçılıq sənaye kimi Azərbaycanda az inkişaf edib. Ancaq fərdi qaydada bu sahə ilə məşğul olanlar xalça toxuyurlar və bunu həm ölkə daxilində, həm də xaricə sata bilirlər. Nəzərə alsaq ki, bu sahədə bizim böyük ənənələrimiz var, xalça sənəti Azərbaycan xalqının böyük sərvətidir və dünya miqyasında biz qabaqcıl yerlərdəyik, ona görə qərar qəbul edilib ki, bu məsələlər məqsədyönlü şəkildə öz həllini tapsın. Həm bu qədim sənət yaşasın, kadrlar axını təmin edilsin, eyni zamanda, biz xalçaçılıq sənayesini də yaradaq. Bu, ixrac yönümlü məhsul kimi ölkəmizə böyük həcmdə valyuta gətirəcək.
Artıq bütün struktur məsələləri öz həllini tapıb. Eyni zamanda, Prezident Administrasiyasına göstəriş verilib ki, müxtəlif bölgələrdə yerlər ayrılsın və xalçaçılıqla məşğul olanlar orada işləsinlər. Göstəriş artıq icra edilir. Dövlət tərəfindən bütün lazımi avadanlıqlar, dəzgahlar təmin edilir və ediləcək. Birinci mərhələdə min və ondan sonrakı mərhələlərdə 5 min iş yeri açılacaq. Həm məşğulluq təmin olunacaq, - xüsusilə nəzərə alsaq ki, daha çox qadınlar bu işlərlə – toxuculuqla, xalçaçılıqla məşğuldurlar, - biz qadınları işlə təmin edəcəyik və həm də ixrac məhsulu yaranacaq. Beləliklə, biz burada bir neçə məqsədi təmin edəcəyik.
Bir sözlə, sənaye potensialımızın inkişafı əsas prioritet məsələlərdən biridir. Bu il və növbəti illərdə bu sahəyə diqqət göstəriləcək.
Bu gün kənd təsərrüfatının inkişafı ilə bağlı məruzələr səsləndi. Həm kənd təsərrüfatı naziri, həm “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri çıxış etdilər. Çünki bu məsələlər bir-biri ilə sıx bağlıdır. Kənd təsərrüfatında çox böyük inkişaf gözlənilir. Birincisi, indi həm islahatlar aparılır, tədbirlər görülür, həm də çox ciddi elmi yanaşma var. Əminəm ki, biz yaxın zamanlarda daha da böyük nəticələr görəcəyik. Qeyd etdiyim kimi, bu il artıq 3,1 faiz artım var. Amma daha da böyük artım gözlənilir. Əlbəttə ki, biz torpaqlardan daha da səmərəli şəkildə istifadə etməliyik. Burada təkliflər səsləndi. Mən bu təklifləri, xüsusilə heyvandarlıqla bağlı olan təklifləri dəstəkləyirəm. İndi heyvandarlıq qapalı yerlərdə inkişaf edir. Ona görə, o qədər də böyük örüş torpaqlarına ehtiyac yoxdur. Bu torpaqlardan səmərəli şəkildə istifadə olunmalıdır ki, ərzaq təhlükəsizliyi tam təmin edilsin və çox böyük ixrac potensialı da yaradılsın.
Biz əvvəlki dövrlərdə təbii olaraq əsas səylərimizi ərzaq təhlükəsizliyi məsələlərinə yönəltmişdik. Çünki bir neçə il bundan əvvəl çox böyük problemlərlə üzləşmişdik. Yəqin ki, xatırlayırsınız, hətta imzalanmış kontraktlar da icra edilmirdi. Çünki biz taxılı, buğdanı idxal edirdik. Ancaq sonra bəzi ölkələrdə quraqlıq baş verdi, çətinliklər yaşandı və bizim kontraktlarımız ləğv edildi.
Bu, bizim üçün çox ciddi bir siqnal idi. Ondan sonra biz qərar verdik ki, taxılçılığı sürətlə inkişaf etdirək. İri fermer təsərrüfatları yaradıldı, məhsuldarlıq artdı, 23 sentnerdən 30 sentnerə qalxdı. İri fermer təsərrüfatlarında məhsuldarlıq 50-60 sentnerə bərabərdir. Yəni, ərzaq təhlükəsizliyi məsələləri ön planda idi. Biz indi özümüzü ətlə təmin edirik. Quş əti ilə tam təmin edirik. Yəni, bu, ərzaq təhlükəsizliyi məsələləri idi. Ancaq bununla bərabər, indi vaxt gəlib çatıb ki, texniki bitkilərə də ciddi fikir verilsin. Xüsusilə nəzərə alsaq ki, neftdən gələn gəlirlərin həcmi azalıb, biz bu gəlirləri müəyyən mənada kənd təsərrüfatı məhsullarının ixracı ilə kompensasiya etməliyik.
Ona görə, torpaqlardan səmərəli şəkildə istifadə əsas vəzifədir. Bəzi hallarda torpaqlar zəbt edilib. Minlərlə torpaq sahələri hasarlanıb. Orada heç bir fəaliyyət göstərilmir. Mən göstəriş vermişəm, arayış da hazırlayıb veriblər və orada dövlət məmurlarının adları da var. Zəbt edilmiş o torpaqların bir hissəsi onlara məxsusdur. Bu, yolverilməzdir. Torpaqlardan səmərəli şəkildə istifadə edilməlidir. Əgər səmərəli şəkildə istifadə edilmirsə, həmin torpaqlar sahibkarlardan və yaxud da ki digər şəxslərdən alınmalıdır və o insanlara verilməlidir ki, onlar əkib-becərsinlər. Ona görə, Prezident Administrasiyasına göstəriş verildi ki, əkilməyən kənd təsərrüfatı təyinatlı torpaq olmamalıdır. Yerli icra orqanları da bu məsələ ilə məşğuldurlar. İmkanı olan insanlar kənd təsərrüfatına investisiya qoysunlar ki, ölkəyə də xeyir olsun, özləri də xeyir götürsünlər.
Taxılçılıqla bağlı. Qeyd etdiyim kimi, biz hələ ki özümüzü taxılla tam təmin edə bilmirik. Ancaq mən hesab edirəm ki, gələcəkdə biz məhsuldarlığın artırılması hesabına taxılçılığı inkişaf etdirməliyik. Biz iri fermer təsərrüfatlarının timsalında görürük ki, məhsuldarlığı iki dəfə artırmaq olar. Əgər Azərbaycanda taxılçılıqda orta məhsuldarlıq hektardan 50 sentner olarsa, onda bizə yeni torpaq sahələri də lazım deyil. Biz meliorativ tədbirləri digər məhsulların yetişdirilməsinə yönəldə bilərik və beləliklə, ixrac üçün yeni imkanlar yaranacaq.
Bu il texniki bitkilərin istehsalı ilə bağlı çox ciddi addımlar atılıb. Bu işdə Prezident Administrasiyasının fəaliyyətini xüsusi qeyd etməliyəm və yerli icra orqanlarının rəhbərləri çox səmərəli işlədilər. Təbii ki, Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyi bu işlərdə çox fəal iştirak edirlər. Qısa müddət ərzində biz bu sahədə çox ciddi dönüş yarada bilmişik. Burada bəzi rəqəmlər səsləndi. Mən bu məsələlərə bir qədər geniş toxunmaq istəyirəm. Misal üçün, sovet dönəmində Azərbaycanda baramaçılıq çox geniş vüsət almışdı. Amma sonra biz gördük ki, bu sahə demək olar tamamilə dağılıb gedib. Burada qeyd edildiyi kimi, əgər keçən il ancaq bir rayonda - Şəkidə 200 kiloqramdan bir qədər çox barama istehsal edilibsə, bu il 25 rayonda qısa müddətdə 70 ton barama istehsal olunub. Yəni, 45 gün ərzində insanlar dövlətin dəstəyi ilə halal pul qazanıblar. Minlərlə insan bu 45 gündə 560 manat pul alıb və ailəyə aparıb.
İndi bizim daha da geniş planlarımız var. Biz artıq bir kiloqram baramaya verilən məbləği də demək olar ki, üç dəfə artırmışıq. Əgər əvvəllər bir kiloqrama 3 manat verilirdisə, indi 8 manat verilir. Tut tinglərinin əkilməsi prosesi sürətlə aparılmalıdır. Mən maraqlanmışam və verilən məlumata görə, Azərbaycanda 354 min tut ağacı var. Amma bizim planlarımıza görə payız mövsümündə 1 milyon 600 min tut tingi əkilməlidir. Bu, nəticə etibarilə barama istehsalını keçən ildəki 232 kiloqramdan 2019-cu ildə 1300 tona qaldıracaq. Əgər bu il 45 gündə insanlar 560 min manat pul alıblarsa, 2019-cu ildə 10 milyon manat pul alacaqlar. Dövlət, bax, bu işləri görür və görəcək. Ancaq mən kəndlərdə yaşayan vətəndaşlara da müraciət edirəm ki, siz də bu işlərə qoşulun. Bu, həm dövlət, həm də vətəndaşlar üçün çox yaxşı qazanc mənbəyi olacaq. Beləliklə, biz dünya bazarlarına öz ipəyimizlə daha geniş şəkildə çıxacağıq. Bu, həm Azərbaycanın tanıdılması, həm ipək kombinatının tam gücü ilə işləməsi, məşğulluğun artırılması üçün lazımdır. Eyni zamanda, insanlar pul qazanacaqlar, dövlət valyuta qazanacaqdır. Xarici valyuta Azərbaycana gələcəkdir.
Tütünçülüyün inkişafına da çox böyük maraq var və burada da cəmi bir il ərzində böyük işlər görülüb. 2015-ci ildə 1400 hektarda, bu il 2500 hektarda tütün əkilib və bu, daha da geniş vüsət almalıdır. Tütünçülük də çox gəlirli sahədir. Əfsuslar olsun ki, bu sahə uzun illər diqqətdən kənarda qalmışdır. İndi biz tütünçülüyü də bərpa edəcəyik. Ənənəvi bölgələrdə tütünçülüklə məşğul olanlar da buna hazır olsunlar. Dövlət öz dəstəyini verir, verəcək. Eyni zamanda, tütünün alınması üçün dövlət öz dəstəyini göstərməlidir və göstərəcəkdir.
Pambıqçılıqla bağlı çox ciddi addımlar atılıb. Biz pambıqçılığı bərpa edirik, dirildirik və pambıqçılığın şöhrətini özünə qaytarırıq. Əfsuslar olsun ki, son illər ərzində bu sahə də tənəzzülə uğrayıb. Keçən il 18 min hektardan cəmi 30 min ton pambıq yığılıb. Cəmi bir neçə ay ərzində görülmüş tədbirlər nəticəsində biz 52 min hektarda pambıq əkinini təmin etmişik və bu il 100 min ton məhsul gözlənilir. Gələn il 120 min hektar əkilməlidir. Yeni texnologiyalar, yeni suvarma sistemləri tətbiq olunacaq. Ona görə, hektardan məhsuldarlıq indiki 20 sentnerdən minimum 30 sentnerə qalxmalıdır. Belə olan halda, gələn il minimum 300 min ton pambıq yığılmalıdır. Bu, ölkəmizə həm valyuta gətirəcək, həm məşğulluğu təmin edəcək. Sovet dövründə çalışanlar yaxşı bilirlər ki, o vaxt hər hektarda minimum 2 nəfər işləyirdi. Əgər hər hektarda 2 nəfər işləsə, bax bu il 100 min nəfər işlə təmin olunur, gələn il 250 min nəfər işlə təmin olunacaq. Ancaq hesab edirəm ki, biz pambıqçılığı tam bərpa etməliyik. Gələn il gözlənilən 300 min ton son hədd deyil, daha da artırmalıyıq. Buna çox böyük maraq var və hazırda 24 rayonda pambıqçılıq inkişaf edir, insanlar çox razıdırlar, çox böyük minnətdarlıq bildirirlər. Mən bir daha demək istəyirəm ki, bu sahə prioritet sahə kimi qalacaq və burada ən qabaqcıl texnologiyalar tətbiq edilməlidir. Xüsusilə suvarma ilə bağlı tədbirlərin və meliorativ tədbirlərin görülməsi burada çox ciddi rol oynayacaq. Bununla bərabər, Maliyyə Nazirliyinə göstəriş verilmişdir ki, bu il texnikanın alınmasına böyük məbləğdə vəsait ayrılsın.
Ancaq texnikanın alınmasına iki il ərzində 360 milyon dollar, bu il isə 170 milyon dollar vəsait xərclənəcək. Baxmayaraq ki, biz valyutaya qənaət etməliyik, ancaq bu sahəyə vəsait qoymalıyıq ki, həm məşğulluq artsın, həm də bu, özünü doğruldacaq. Çünki satılan məhsul valyuta gətirəcək və beləliklə, bütün borclar bağlanacaq. Əlbəttə ki, texnikanın alınmasına sərf edilən vəsait də dövlətə qayıdacaqdır.
Digər kənd təsərrüfatı məhsullarının istehsalı ilə maraqlananda maraqlı bir mənzərə ortaya çıxır. Məlumdur ki, ən çox valyuta gətirən məhsullardan biri də fındıqdır. Ancaq qeyd etməliyəm ki, dövlət fındıqçılığın inkişafına o qədər də böyük dəstək verməyib. Keçən il fındığın ixracından Azərbaycana 90 milyon dollar vəsait gəlib. Fındıqdan sonra ən çox valyuta gətirən məhsul xurmadır. Yəni, bütün bunları biz bilməliyik və bu sahələrə çox ciddi dövlət dəstəyi verilməlidir. Ona görə, mən Prezident Administrasiyasına, Kənd Təsərrüfatı Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, digər aidiyyəti qurumlara göstəriş verirəm ki, bu sahələrdə çox ciddi dövlət dəstəyi olmalıdır və beləliklə, biz yığılan məhsulun həcmini artırmalıyıq. Fındıq istehsalında Azərbaycan dünya miqyasında 3-cü-4-cü yerdədir. Bizim məhsulumuza çox böyük tələbat var. Təkcə şimal-qərb zonasında deyil, bir çox rayonlarda fındıq istehsalı mümkündür. Ona görə, bütün rayonlar üzrə araşdırmalar aparılmalıdır, harada münbit iqlim şəraiti var dövlət burada çox ciddi dəstəyini göstərməlidir ki, fındıqçılıq sürətlə inkişaf etsin və insanlar daha çox pul qazansınlar.
Hazırda Azərbaycanda istixanaların tikintisi çox geniş vüsət alıb. Bu da çox sevindirici haldır. İş adamları buna böyük vəsait qoyurlar. Dövlət də öz dəstəyini verir və bu, bizim ixrac potensialımıza çox müsbət təsir göstərir. Burada kənd təsərrüfatı naziri qeyd etdi ki, qiymətlər aşağı düşür, eyni zamanda, kənd təsərrüfatı məhsullarının ixracı 27 faiz artıb. Bu, çox böyük rəqəmdir. İdxal da azalıb.
İdxal, məncə, ümumiyyətlə, bir anlayış kimi olmamalıdır. Ancaq indi biz yəqin ki, idxala çeşidlərin müxtəlifliyinə görə yol verməliyik. Çünki bəzi insanlar xarici mallara öyrəşib, onları daha çox üstün tutur. Ona görə, biz idxalı dayandıra bilmərik. Ancaq gömrük rüsumları elə tətbiq edilməlidir ki, yerli məhsullara hər kəs üstünlük versin. Birincisi, yerli məhsullardan əldə edilən vəsait Azərbaycanda qalır. İkincisi, yerli məhsul keyfiyyətlidir. Orada heç bir kimyəvi, yaxud da ki, insan orqanizmi üçün təhlükəli maddələr yoxdur. Xarici məhsulların bəzilərində, əfsuslar olsun ki, belə maddələr var. Yerli istehsalı sürətləndirmək, artırmaq üçün, əlbəttə, biz tənzimləyici tədbirlər də görməliyik. Ümumiyyətlə, Azərbaycan kimi ölkədə kənd təsərrüfatı məhsullarının idxalı mənə bir az qəribə görünür. Ona görə, biz həm keyfiyyətli məhsul yetişdirməliyik, həm özümüzü tam təmin etməliyik və əlbəttə ki, daxili bazarımızı qorumalıyıq.
Burada kənd təsərrüfatı naziri qeyd etdi ki, heyvandarlığın inkişafı da yeni mərhələyə qədəm qoyur, yeni yanaşma tətbiq edilir. Biz əvvəlki illərdə cins mal-qaranı alırdıq, fermerlərə paylayırdıq. Bunun müsbət təsiri olmuşdur, çünki cins mal-qaranın məhsuldarlığı əlbəttə ki, daha da yüksəkdir. Həm südlük, həm ətlik mal-qaranın gətirilməsi də çox müsbət təsir göstərmişdir. İndi biz yeni dövrə keçirik, mövcud mal-qaranın cinsini süni mayalanma yolu ilə yaxşılaşdıracağıq. Buna bir neçə il vaxt lazım olacaq. Bütün lazımi tədbirlər görülüb və qeyd olunduğu kimi, Prezidentin ehtiyat fondundan həm bu sahəyə, həm toxumçuluğa kifayət qədər böyük vəsait ayrılıb. Əminəm ki, burada da çox ciddi irəliləyiş olacaqdır. Burada biz bir neçə məqsədi güdürük. İlk növbədə, bundan sonra da tam şəkildə özümüzü ətlə, südlə və süd məhsulları ilə təmin edəcəyik. İkinci vəzifə - bizdə ixrac potensialı yaranır. Üçüncüsü, biz artıq örüş torpaqlarından digər bitkiləri yetişdirmək üçün istifadə edəcəyik. Çünki hər qarış torpaq bizim üçün qiymətli olmalıdır. Yenə də qayıdıram əvvəlki fikrimə ki, torpaqlardan səmərəsiz istifadəyə yol verilməməlidir. Ona görə, heyvandarlığın müasir yollarla inkişafı bitkiçiliyə də çox müsbət təsir göstərəcək. Bitkiçilik üçün nəzərdə tutulacaq o torpaqlarda əlbəttə ki, meliorativ tədbirlər də paralel şəkildə aparılmalıdır. Bu il Prezidentin ehtiyat fondundan subartezian quyuların qazılmasına vəsait ayrılıb. Bu, kəndliləri həm içməli su ilə təmin edir, həm də ki, bunun əkin sahələrinə də faydası var. Bu il qazılacaq subartezian quyuların hesabına 3 min hektar torpağın suvarılması təmin ediləcək. Biz bu yolla getməliyik və Dövlət İnvestisiya Proqramında meliorativ tədbirlərin görülməsinə bundan sonra da vəsait ayrılmalıdır. Əgər lazım olarsa, biz bu il də bu məsələyə baxmalıyıq. Çünki bizim həm büdcəmizdə vəsait var. Eyni zamanda, Dövlət Neft Fondunda manat vəsaiti var. Dövlət Neft Fondu bazarda dollar satır. İndi manat ehtiyatı yaranıb. Qoy hökumət təklif versin biz bu vəsaitdən necə istifadə edək ki, lazım olan tədbirləri həll edək və vaxt itirməyək.
Azərbaycanda aqroparkların yaradılması başlayıb, həm Yalamada, həm Şəmkirdə. Bu, yaxşı haldır, amma bu, azdır. Bütün bölgələrdə bir neçə aqropark yaradılmalıdır. Bunun çox böyük mənası, faydası var. Hesab edirəm ki, İqtisadiyyat Nazirliyi kreditlərin verilməsində bu məsələni diqqətdə saxlamalıdır. Kənd Təsərrüfatı Nazirliyi və sahibkarlar da bu işlərə qoşulsunlar. Düzdür, aqroparkların yaradılması böyük vəsait tələb edir, ancaq burada sahibkarlar kooperasiya edə, konsorsium yarada bilərlər. Çünki bu, daha mütərəqqi yanaşmadır. Yalamada aqroparkın yaradılması artıq başa çatmaq üzrədir. Şəmkirdə də işlər qrafik üzrə gedir.
Sahibkarlığın inkişafına dövlət bundan sonra da öz dəstəyini verəcək. Bu il sahibkarlara güzəştli şərtlərlə 73 milyon manat kredit verilib. Bu vəsaitin 77 faizi əvvəlcə verilmiş kreditlərin qaytarılması hesabına verilib. Bu da çox müsbət haldır, dövlət büdcəsinə daha az yük düşür və kreditlərin 80 faizi aqrar sektora verilib. Bu da bizim siyasətimizi əks etdirir. Kreditlərin 74 faizi regionlara verilir. Regional inkişaf proqramının icrası sürətlə davam etdirilir.
Biz indi çox güclü qeyri-neft ixracı potensialı yaradırıq və eyni zamanda, institusional tədbirlər də görülür və görülməlidir ki, biz ixracı stimullaşdıraq, sahibkarlar xaricə daha çox məhsul satmaqda maraqlı olsunlar. Bu məqsədlə təşviq mexanizmi artıq tətbiq olunur. Mən əminəm ki, bunun çox müsbət təsiri olacaq və sahibkarlar da bundan istifadə edəcəklər. Yəni, bir sözlə, dövlət həm əkin sahələrinə, həm yanacağa, həm gübrəyə subsidiyalar, sahibkarlara aşağı faizlə güzəştli şərtlərlə 1 milyard manatdan çox kreditlər verir. Dövlət sahibkarlara tövsiyələr verir, metodik sənədlər təqdim edir ki, onlar öz biznesini necə qursunlar. Dövlət kənd təsərrüfatı texnikasını alır, aqrolizinq yolu ilə fermerlərə verir, gübrə zavodunu tikir, - indi pestisid zavodunun tikintisi də nəzərdə tutulur, - suvarma işlərini təmin edir, yüz milyonlarla, milyardlarla manat dəyərində olan böyük Şəmkirçay, Taxtakörpü su anbarlarını yaradır, dağ çaylarının kanallar vasitəsilə bu anbarlara qoşulmasını təmin edir. Eyni zamanda, dövlət fermerlərdən xaricə göndərmək üçün yardım formasında məhsulu almağa da hazırdır.
Yəni, dövlət hər şey edir. Hansı başqa ölkədə fermerlərə bu qədər dəstək göstərilir?! Fermerlər vergilərdən ancaq torpaq vergisi verirlər, bütün başqa vergilərdən azaddırlar. Yəni, ikinci belə ölkə tapmaq mümkün deyil ki, dövlət bu qədər dəstək göstərir. Əlbəttə ki, biz nəticə gözləyirik. Nəticə də elə fermerlərin xeyridir. Qoy, onlar daha da yaxşı yaşasınlar, daha da çox pul qazansınlar, iş görsünlər, investisiya qoysunlar və ixrac potensialımızı artırsınlar. Əminəm ki, biz bu yolla Azərbaycanı müasir kənd təsərrüfatı məhsullarının ixracını təşkil edən bir ölkə kimi dünyada təqdim edəcəyik. Əlbəttə ki, biz yeni bazarlara çıxmalıyıq. Ənənəvi bazarlar var, çox yaxşıdır. Biz çalışmalıyıq ki, inkişaf etmiş ölkələrin bazarlarına çıxaq. Buna da nail olmaq üçün əlbəttə ki, keyfiyyət və standartlaşma ən yüksək səviyyədə olmalıdır.
Valyuta gətirən sahələrdən biri də turizmdir. Biz burada da çox böyük nəticələr gözləyirik. Xüsusilə nəzərə alsaq ki, son illər ərzində Azərbaycanın dünyada tanıdılması istiqamətində çox böyük işlər görülüb. Azərbaycanda dünyanın diqqətini cəlb edən beynəlxalq tədbirlər keçirilir. Misal üçün, bu il BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçirilmişdir. Dünya miqyaslı tədbirdir. Bir neçə il bundan əvvəl “Eurovision”, keçən il Avropa Oyunları böyük marağa səbəb olmuşdur. Yəni, Azərbaycanı artıq tanıyırlar. Əlbəttə ki, ölkəmizin tanıdılmasında Formula-1 yarışının xüsusi yeri var. Çünki bu yarışın auditoriyası 500 milyon insandır. Formula-1 yarışı futbol üzrə dünya çempionatı və Yay Olimpiya Oyunlarının səviyyəsində olan tədbirdir, onlardan geri qalmır. Əgər dünya çempionatı və Olimpiya Oyunları bir şəhərdə bir dəfə keçirilirsə, yaxud da ki, indi bəlkə də əlli ildə iki dəfə keçirilirsə, Formula-1 yarışı Azərbaycanda ən azı bundan sonra dörd il keçiriləcəkdir. Bizim üstünlüyümüz ondan ibarətdir ki, bu, şəhər yarışıdır və Bakının gözəlliyi 500 milyon insan üçün artıq təqdim olunub.
Bu, turizmin inkişafına çox böyük təkan verəcək və verməlidir. Biz də buna hazır olmalıyıq. Bu tədbirləri biz keçiririk. Ölkəmizi dünyada tanıtdırmaq üçün tədbirlər görülür. Biz vizalarla bağlı problemləri də bu yaxınlarda aradan götürmüşük. “ASAN viza” xidməti yaradılır. Üç gün ərzində Bakıya turist kimi gəlmək istəyən heç bir maneəsiz, problemsiz və başqa bir iddiasız vizanı alıb gələcək.
Əsas məsələ turizm sənayesini yaratmaqdır - həm daxili turizm, həm də xarici qonaqları qəbul etmək üçün. Bizim gözəl iqlimimiz, yay aylarında Xəzər sahili, qış aylarında dağlar, xizək kurortları var. Bizim çoxlu tarixi abidələrimiz var. Nəinki Bakıda, bütün bölgələrdə müasir infrastruktur, otellər, yollar var. Ona görə bu istiqamətdə görüləsi işlər hələ çoxdur.
Mən “ASAN viza”nı qeyd etdim. Qeyd etməliyəm ki, “ASAN xidmət” mərkəzlərinə bu illər ərzində 10 milyon müraciət olub. Bu 10 milyon müraciət artıq özlüyündə bir göstəricidir. Mən bunu şərh etmək istəmirəm. Hamımız yaxşı bilirik ki, “ASAN xidmət”lərdə ən yüksək səviyyədə xidmət göstərilir. Bürokratiya, süründürməçilik, rüşvət almaq yoxdur. Təmiz, şəffaf, mədəni xidmət göstərilir. Bu, ictimai xidmətlər sahəsində bir inqilab olub. Artıq 9 mərkəz yaradılıb, beşi Bakıda, dördü bölgələrdə - Sumqayıtda, Gəncədə, Sabirabadda və Bərdədə. Bu il iki yeni mərkəz yaradılacaq - Masallıda və Qəbələdə. On səyyar avtobus fəaliyyət göstərir. Artıq yeni bir layihə - “ASAN qatar” sistemi də fəaliyyətə başlayacaq, yəni, qatarlar vasitəsilə xidmət göstəriləcək.
Ümumiyyətlə, bu sahədə aparılan islahatlar öz səmərəsini verir. Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə öz nəticəsini verir. Həm inzibati tədbirlər, cəza tədbirləri və struktur xarakterli tədbirlər də görüləcək.
Mən bir rəqəmi də ictimaiyyətin diqqətinə çatdırmaq istəyirəm. Bildiyiniz kimi, yoxlamalarla bağlı mənim çox ciddi tapşırıqlarım olmuşdur. Bu yoxlamalar insanları demək olar ki, bezdirmişdi, imkan vermirdi ki, sahibkarlar rahat nəfəs alsınlar. Çox ciddi göstərişlər, tapşırıqlar verilmişdir. Bu ilin altı ayında vergi yoxlamaları istisna olmaqla cəmi 56 yoxlama keçirilmişdir. Müqayisə üçün deyim ki, keçən il 40 min yoxlama keçirilmişdir. Baxın, 40 min və 56. Burada da heç bir şərhə ehtiyac yoxdur. Bax, belə olmalıdır. Amma bu 40 min yoxlamanın arxasında nələr dayanır?! Bunu bu yoxlamalara məruz qalmış insanlar yaxşı bilirlər. Biz onların canını bu işlərdən qurtardıq.
Ona görə, hər bir sahədə belə olmalıdır. Şəffaflıq, dürüstlük, təmizlik - bu, norma olmalıdır. Mən indi bunu, sözün düzü, qürur hissi ilə qeyd edirəm. Amma bu, norma olmalıdır. Norma bu olmalıdır, 40 min yoxlama norma olmamalıdır.
Bu il daha bir ciddi sosial təşəbbüs irəli sürüldü. Aztəminatlı ailələr üçün ucuz mənzillərin inşası prosesi artıq başlayır. Mənzil İnşaatı Dövlət Agentliyi - MİDA yaradıldı. İndi təşkilati məsələlər öz həllini tapmaqdadır. Torpaq sahələri ayrılır və tezliklə MİDA öz işinə başlamalıdır, mənzillər tikilməlidir. Bu mənzillər uzunmüddətli güzəştli şərtlərlə aztəminatlı vətəndaşlara veriləcək. Bu, çox ciddi sosial təşəbbüsdür. Bu, geniş vüsət almalıdır. Hər bir bölgədə, hər bir rayonda buna ehtiyac var. Eyni zamanda, bu təşəbbüs, bu layihə inşaat sektoruna da çox ciddi təsir göstərəcək. Çünki inşaat sektorunda çox böyük geriləmə var və iş yerlərinin itirilməsi də məhz inşaat sektorunda baş vermişdir.
Ona görə geniş tikinti layihələri gözlənilir. Bunun çox müsbət təsiri olacaq, məşğulluq artacaq və inşaat materialları sektoru da canlanacaq. Ona görə o sahibkarlar da buna hazır olmalıdırlar. Bu, uzunmüddətli bir layihədir. Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti bu il başlayır və davam edəcək. Ona görə bütün inşaat materialları Azərbaycanda istehsal olunmalıdır. Onların böyük hissəsi istehsal olunur. Ancaq indi həcm, tələbat artacaq. Özəl sektor da hazır olsun və öz işlərini elə qursun ki, bizim bu inkişaf planlarımızı təmin edə bilsin. Yoxsa, belə olmasa, onda biz gərək inşaat materiallarını xaricdən alaq. Ona da əlbəttə ki, biz getmək istəmirik.
Bu ilin əvvəlindən infrastruktur layihələri icra edilir. Qeyd etməliyəm ki, magistral yollarda işlər gedir. Gəncə-Gürcüstan sərhədi yolu dörd zolağa çevrilir. Genişlənmə işləri gedir. Bu il Rusiya sərhədinə qədər magistral yolda böyük işlər görülməlidir. Bizim qurumlar çalışmalıdırlar ki, bu yolu da başa çatdırsınlar. Bakı-Şamaxı yolunun dörd zolağa çevrilməsi prosesi gedir və Bakı-İran sərhədi magistral yolunda da tikinti işləri davam edir.
Bununla bərabər, kənd yollarının tikintisi çox sürətlə aparılır. Bu məqsədlər üçün dövlət büdcəsindən 200 milyon manat vəsait ayrılıb. Təxminən 60-70 kənd yolu layihəsi o cümlədən Bakı qəsəbələrində icra edilir və ediləcək. Bunun da çox böyük təsiri olacaq. Həm infrastruktur yaradılır, həm də iş yerləri. Bu layihələrdə on minlərlə insan işlə təmin edilir. Bu proses gələn il də davam etdiriləcək. Artıq yəqin ki, bir neçə aydan sonra gələn ilin layihələri mənə təqdim edilməlidir.
İçməli su layihələrinin icrası bütün ölkəmizdə aparılır. Bir çox rayonlarda artıq bu, həll olunub. Hər bir rayon mərkəzində içməli su və kanalizasiya layihəsi tam icra edilməlidir.
Qarşımızda duran əsas vəzifələr bundan ibarətdir. Mən bir daha demək istəyirəm ki, 2016-cı ilin birinci yarısının yekunları məni qane edir. Biz böhran şəraitində inkişaf edirik. Əsas məsələ ondan ibarətdir ki, bizim hər bir sahədə çox aydın proqramlarımız var. Hələ bir çox sahələr var ki, sadəcə olaraq, vaxt yoxdur bu barədə danışım. Amma hər bir sahədə konkret proqramlar var. Amma gələcək fəaliyyətimiz üçün əsas sənaye istehsalı və kənd təsərrüfatıdır. Əminəm ki, verdiyim bütün tapşırıqlar yerinə yetiriləcək, biz bu ili də uğurla başa vuracağıq. Sağ olun.