Heyvandarlığın maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
30 iyun 2016, 18:10
Ölkədə qeyri-neft sektorunun tərkib hissəsi kimi heyvandarlığın inkişaf etdirilməsi prioritet vəzifələrdən biridir. Bu sahədə yeni yaradılan və müasir avadanlıqla təchiz edilmiş infrastrukturlar, o cümlədən hazırda yenidən qurulmaqda olan Respublika Süni Mayalanma Mərkəzi və respublikanın 12 bölgəsində regional süni mayalanma mərkəzləri heyvandarlığın inkişafında mühüm rol oynayacaqdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, mal-qaranın cins tərkibini yaxşılaşdırmaq və süni mayalanma tədbirlərinin həyata keçirilməsini sürətləndirmək məqsədi ilə qərara alıram:
1. Respublika Süni Mayalanma Mərkəzinin tikintisinin başa çatdırılması və müasir avadanlıqla təchiz olunması üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə 8,4 milyon (səkkiz milyon dörd yüz min) manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 iyun 2016-cı il.