Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamadan
27 may 2016, 16:00
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Sizi və Azərbaycan xalqını dünyada əhalisinin əksəriyyəti müsəlman olan ilk dünyəvi demokratik dövlətin yaranmasının 98-ci ildönümü münasibətilə Amerika Birləşmiş Ştatları adından təbrik edirəm. Həmçinin Sizi qarşıdan gələn əlamətdar hadisə - Azərbaycanın müstəqilliyinin yenidən bərpa olunmasının 25 illiyi münasibətilə təbrik edirəm.
Azərbaycan son 25 ildə, xüsusilə, Avropanın enerji şaxələndirilməsini və təhlükəsizliyini dəstəkləyən enerji lideri kimi böyük uğur qazanıb. Biz terrorçuluğa qarşı mübarizə səyləri də daxil olmaqla, Azərbaycanın təhlükəsizlik üzrə əməkdaşlığını yüksək qiymətləndirir və Azərbaycan ilə birlikdə NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək Missiyasında xidmət etməkdən şərəf duyuruq. Azərbaycan bütün vətəndaşları üçün təhlükəsizlik, firavanlıq və ifadə azadlığını daha da möhkəmləndirdikcə biz ona yardım etməyə hazırıq. Biz, həmçinin ölkənizin və qonşularının əmin-amanlıq və sabitlik şəraitində yaşamaları üçün Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Azərbaycan ilə işləməyə davam edəcəyik.
Azərbaycanın və Birləşmiş Ştatların xalqları sıx əlaqələrə malikdir. Biz mədəni, siyasi və iqtisadi əlaqələrimizin daha da möhkəmləndirilməsini arzu edirik.
Cənab Prezident, xahiş edirəm Respublika Günü münasibətilə ən xoş arzularımı qəbul edin.
Səmimiyyətlə,
Barak Obama
Amerika Birləşmiş Ştatlarının Prezidenti