İlham Əliyev İtaliya Senatının Avropa İttifaqının siyasəti daimi komissiyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
26 may 2016, 13:25
Prezident İlham Əliyev İtaliya Respublikası Senatının Avropa İttifaqının siyasəti daimi komissiyasının sədri, senator Vanino Kitinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
İtaliya-Azərbaycan əlaqələrinin çoxşaxəli olduğunu və ölkələrimizin bir sıra sahələrdə uğurlu əməkdaşlıq etdiyini vurğulayan dövlətimizin başçısı bu əlaqələrin daha da inkişaf etdirilməsində parlamentlərarası əməkdaşlığın mühüm yer tutduğunu qeyd etdi. Azərbaycan ilə Avropa İttifaqı arasında da səmərəli əməkdaşlığın həyata keçirildiyini qeyd edən dövlətimizin başçısı Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun və Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerininin Azərbaycana uğurlu səfərlərini və Federika Moqerini ilə Vyanada keçirdiyi görüşü məmnunluqla xatırladı. Azərbaycanın Avropa İttifaqına üzv olan 8 ölkə ilə artıq strateji tərəfdaşlıq haqqında sənədlərin imzalandığını və qəbul edildiyini bildirən Prezident İlham Əliyev bu ölkələrdən birinin də İtaliya olduğunu vurğuladı. Bunu əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirən dövlətimizin başçısı Avropa İttifaqının, İttifaqa üzv olan ölkələrin və Azərbaycanın bu əməkdaşlığa böyük əhəmiyyət verdiyini dedi. İtaliya Respublikası Senatının Avropa İttifaqının siyasəti daimi komissiyasının sədri, senator Vanino Kitinin ölkəmizə səfərinin uğurlu keçəcəyinə əminliyini ifadə edən dövlətimizin başçısı səfərin ikitərəfli və Avropa İttifaqı-Azərbaycan əlaqələrinin müzakirə edilməsi baxımından önəmli olacağını dedi.
Senator Vanino Kiti Azərbaycanın həm Avropa İttifaqı, həm də İtaliya üçün mühüm ölkələrdən biri olduğunu vurğuladı. Vanino Kiti dedi: “Azərbaycanın əhəmiyyəti yalnız təbii sərvətləri ilə bağlı deyil. Azərbaycan müsəlman ölkəsidir və dünyəvi dövlətdir, bunun çox böyük əhəmiyyəti var”. O, eyni zamanda, bildirdi ki, Azərbaycan terrorizmə, ekstremizmə və radikalizmə qarşı qətiyyətlə mübarizə aparan bir dövlətdir. Vanino Kiti ikitərəfli əlaqələrimizin yaxşı nümunəsi kimi İtaliya ilə Azərbaycan arasında mövcud olan dostluq əlaqələrini xüsusi qeyd etdi.