Türkiyə Respublikasının Baş naziri Zati-aliləri cənab Binəli Yıldırıma
25 may 2016, 16:05
Hörmətli cənab Baş nazir,
Qardaş Türkiyənin aparıcı siyasi qüvvəsi olan Ədalət və İnkişaf Partiyasının Sədri seçilməyiniz və Türkiyə Respublikasının Baş naziri təyin edilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Başçılıq etdiyiniz və təmsilçisi olduğunuz partiyanın hakimiyyətə gəlişindən sonra qardaş Türkiyə güclü inkişaf etmiş və beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır.
Tarixən qırılmaz tellərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsi ilə bu dövrdə Azərbaycan-Türkiyə birliyi, strateji tərəfdaşlığı və müttəfiqliyi daha da möhkəmlənmiş, inkişaf etmiş və hazırkı ən yüksək səviyyəsinə çatmışdır.
İnanıram ki, bütün sahələrdə genişmiqyaslı, səmərəli və fəal əməkdaşlığımız, beynəlxalq məsələlərdə qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan ardıcıl mövqeyimiz və fəaliyyətimiz bundan sonra da ölkələrimizin tərəqqisinə və xalqlarımızın rifahına xidmət edəcəkdir.
Başçılıq etdiyiniz 65-ci hökumətin fəaliyyətinin qardaş Türkiyə dövləti və xalqı üçün xeyirli olmasını arzulayır, qarşıdakı məsul işinizdə Sizə uğurlar diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 25 may 2016-cı il.