Aliyə Cahangirovadan, Bakı, Azərbaycan


27 aprel 2016, 20:10
Cənab Ali Baş Komandan.
Aprelin əvvəlində ön cəbhədə Milli Ordumuzun şücaəti xalqımızı sanki qəflət yuxusundan oyatdı... Bütün dünya Azərbaycan xalqının müsəlləh əsgər kimi Ali Baş Komandanın əmrinə necə müntəzir olduğunu görüb heyrətə gəldi. Buna görə şəxsən Sizə dərin təşəkkürümü bildirir, Vətənə sevginizə, Qarabağın azad edilməsi istiqamətində qətiyyətli mövqeyinizə görə qarşınızda baş əyirəm. Bu uğurlarımız Qarabağın xan nəsli - Cavanşirlər nəslinin bir nümayəndəsi kimi məni də sevindirməyə bilməzdi.
Aprelin 1-dən 4-dək sevinc göz yaşları içində, şəhidlərimizin ruhuna dualar oxumaqla "Zəfər çalsın Ordumuz!" adlı dastan-poema yazıldı.
Cənab Ali Baş Komandan, xalqın Sizə inam, sevgisi sonsuzdur. Qüdrətli Ordumuzun sayəsində bayrağımızı tezliklə Xankəndidə ucaldacağınıza qəti əminəm. Torpaqlarımızın azadlığı yolunda Sizə Allahdan güc-qüvvət, bu haqlı mübarizəmizdə böyük qələbə arzulayıram. Tanrı Sizi, xalqımızı, dövlətimizi və Ordumuzu qorusun.
Sizə və qüdrətli Ordumuza, əsgərlərimizə ulu nənəm Xurşidbanu Natəvanın adından qələbəyə çağırış olaraq yazdığım bu kiçik şeirimi təqdim etmək istəyirəm.
ZƏFƏR ÇALSIN ORDUMUZ!
Qələbəyə Çağırış Dastanı
Bu gün qəlbində Vətən sevgisi yaşadan hər kəsin, xüsusilə anaların ürəyi cəbhədə, səngərlərdə döyünür... Gecə-gündüz əllərini göyə açıb Ordumuza itkisiz qələbə, xalqımıza Qarabağımıza tezliklə qovuşmaq sevincini arzulayırlar.
Harada olsam, hara getsəm qüdrətli Ordumuzdan, Vətən uğrunda qəhrəmanlıqla şəhid olan oğullarımızdan danışırlar...
Torpaqlarımızın azadlığı uğrunda şəhid olan igidlərimizin ruhu qarşısında baş əyir, səngərlərdə vuruşan cəngavərlərimizin əllərindən öpürəm.
Cənab Ali Baş Komandanımızın qətiyyəti, yüksək peşəkarlığı sayəsində igid Azərbaycan oğullarının şücaətini görən düşmənin bu məğlubiyyətdən nəticə çıxararaq torpaqlarımızı qeyd-şərtsiz tərk edəcəklərinə əminəm. Əks təqdirdə, “Zəfər çalsın Ordumuz, azad olsun yurdumuz!..” deyib düşmən üzərinə getməyə hazırıq. Qoy, bu qələbəyə çağırış dastanı ön cəbhədə Vətənin keşiyini çəkən igid Azərbaycan oğullarına arxa cəbhədən bütün analar, bacılar adından ərməğan olsun.
“Yetər artıq tökülən qan!
Əmr etdi Baş Komutan:
“Hazır olsun Ordumuz,
Azad olsun Yurdumuz!!!”
“Oldu, Baş Komutanım!
Ali Baş Komandanım!”...
Baş Komandan,
əsgərlərin vuran qolu.
Qələbəyə ruhlandırdı el-obanı,
İlhamlandı yurdumuzun oğulları.
Şığıdılar düşmən üstə,
Qaladılar leş-leş üstə...
Natəvanın məzarından gəldi səda:
“Əhsən Sizə, əhsən, oğlum!
Bilirdim ki, sinəmizə çəkilən dağ,
heç vaxt yerdə qalmayacaq...
Torpaq altda inildəyən
Xocalılı anan qurban,
körpə, fidan balasını
tanklar altda əzilərək ölən görən
Anaların al qisasın!!! –
qoyma bu qan yerdə qalsın!!!
Namus üstə sıldırımlı qayalardan
özün atan, saçlarıyla özün asan,
yandırılan qız-gəlinin,
sinələri çarpaz dağlı Anaların
al qisasın! –
qoyma bu qan yerdə qalsın!!!
Tarix sənə aman verib, aman, oğlum!
Haqqı sənə halal südlü Anan verib!
Anan oğlum! –
Anaların, al qisasın!
Qoyma bu qan yerdə qalsın!!!
Xocalının al qisasın! –
Qoyma qalsın Qiyamətə!..
Belə fürsət düşməyəcək bir də ələ!
Başın uca, yolun açıq olsun, oğlum!
Qarabağın al qisasın! –
Dönsün Yurda yurddaşların!
Qoy yayılsın eldən-elə,
dildən-dilə şərəf-şanın!
Çingiz Xandan, Əmir Teymur,
Cavanşirlər ocağından: –
Pənah Xandan, İbrahim Xan,
Behbud Xandan, Məhəmməd Bəy,
Əbdüssəməd Cavanşirdən,
Cavad bəydən, Xosrov bəydən
gəlsin nida:
Əhsən Sizə, əhsən oğlum!
Vətən haqqı halal olsun,
halal, oğlum!
İlham Heydəroğlu gəlib
Üçrəngli al Bayrağımı
Özü sancsın Xankəndidə
yüksək yerə!!!”
Himnimizin sədasıdır...
Qalx ayağa, uca millət!
Qoy uca olsun başın!
“Bir kərə yüksələn bayraq
bir daha enməz!” deyən
Rəsulzadə qoy göylərdən
bizə baxıb gülümsəsin!
* * *
“Havalansın xanın səsi –
Qarabağın şikəstəsi!!!”
“Ağabəyim ağa gəlsin! –
Araz üstdən –
Xudafərin körpüsündən
bir karvanla – qoy sevincək...
Qarabağdan Ordubada –
Xanağaya sürgün olan
Xanım-xatın Nənəm gəlsin –
qoy sevincək...
Ordubaddan – Zəngəzura –
Zəngəzurdan eldən-elə, –
son mənzilə köç eyləyən
Yurd nisgilli Anam gəlsin –
qoy sevincək...
Gövhərağa məscidində
Şəhidlərə ehsan verək!
Ruhlar gəlsin gülə-gülə Qarabağa –
El-obanın xoş gününə – şadlanmağa...
Qalxın! Qalxın! Gör kim gəlir! –
Bizdən ötrü canlarını fəda edən
Şəhidlərdir...
Təzim edin, təzim edin,
Yer göstərin –
Məclisin lap baş yerində...
Mənim şəhid balalarım!
Özlərini bizdən ötrü
şəhid edən balalarım, –
aydın olsun gözünüz!..
Zəfər çaldıq, bayraq asdıq, –
Xankəndidə!
Biz analar qurban sizə,
Böyük Vətən sevginizə!
İndi gedin rahat yatın,
dincəlin siz!
İllərdir ki, dinclik nədir,
yuxu nədir bilmədiniz!!!
Bilin ki, siz – qəlbimizin
Zirvəsindədir yeriniz!!!
* * *
“Vətən bağı al-əlvandır”...
Yox içində xarı, bülbül!
Ömür sürməli dövrandır...
Səsin gəlsin barı, Bülbül...
Pənah xanın yaratdığı
O xanlıqda – Baş Sarayda
Böyük bir məclis qurulsun –
Baş Komandan bu məclisdə
İbrahim xan əyləşdiyi
Qızıl taxtda qoy otursun!
Tarixçilər məcmeyidə gətirsinlər hüzuruna
Aleksandr imzalayan bir Fərmanı...
Oxu, oğlum, gör ki, orda –
Aleksandr imzalayan o Fərmanda
varmı Babam Cavanşirdən özgə bir ad?
Yüz illərdir erməninin
haray-həşir eyləyərək
nədir bəs etdiyi fəryad?
Mən yazmadım bu Fərmanı –
xain düşmən sığındığı
bir ölkənin çarı yazdı:
“Bu ocaqdan çıxanlar,
Qoy, hökmran olsunlar
Qarabağda əbədi!”
Bu Fərmanı yazıb çar –
İmzasını qoyub çar...
Fərman durur, tarix durur,
Axtaran – tapar...
“Tapılmasa” – məndə var!!!
Qoy Məclisə
“yarasından” qanı axan
Xocalılı Anan gəlsin!
Ver Fərmanı o Anaya:
Qoy car çəksin dünyaya!
Haqqı var o Ananın
tüpürməyə bu “haqq” deyən,
“sülh” bağıran dünyaya.
Budurmu haqq-ədalət?!
Yetər artıq xəyanət!
* * *
“İrəvanda xal qalmadı,
O xal nə xaldı, qoşa düzdürmüsən?”
Səninkidir, yoxa mənim? –
gözlərinin içinədək
sən yalan uydurmusan!
Qan qusacaq –
Oğuz Yurdu bu torpağa,
Halal südlü bu millətə
xəyanət eyləyənlər...
Qoy sonuncu dərsin olsun! –
ağlın varsa, ağlın olsun!
Düş bu xalqın ayağına,
köçəri bir tayfasan sən, –
saxlaya bilmədin daha,
Dövlət sənlik deyil, anla!!!
Ulu baban babamızın mehtəridir,
nənən nənəmizin yun darayanı...
Narazısan? Onda çıx get Suriyaya,
orda gərmə yandırmağa...
İşdi, getsən, xəbər eylə...
“Tərəkəmə” havasıyla qarşıladıq –
yadındadır, – o vaxt səni?
Qara zurna qoy eləcə yola salsın yenə səni...
Adətimiz-ənənəmiz var bizim:
yaxşı, yaman – qonaqdırsa,
gəldiyi tək, razılıqla getməlidir
bu yerlərdən...
* * *
Göy titrəsin, Yer titrəsin...
Dədəm Qorqud qonaq gəlsin
bu məclisə qopuzuyla –
Təzim etsin hamı bir-bir...
Qolça Qopuz dilə gəlsin:
Dədəm Qorqud sığal çəksin
Vətən başın uca edən
igidlərin başına...
Qoy gəlsinlər
İlk qələbə bayrağını
24 il qan ağlayan yurd yerimdə
dalğalandıran igidlər!
2 Aprel tarixində
ilk Qələbə müjdəsini
bizə gətirən igidlər...
Şükür gəlsin, Mais gəlsin –
Baş Komandan təltif etdiyi igidlər! –
Qaçaq Nəbi haqq uğrunda
vuruşduğu bir obanın –
Qubadlının igidləri...
El-obamız qoy ürəkdən
alqışlasın bu zəfəri!..
Dostlarımız qoy şadlansın,
düşmən baxıb qoy odlansın!
Darvazalar bağlanmasın!
Yurdumuzun adəti var:
40 gün yeyib-içməliyik,
şənlik edib gülməliyik.
Sonra keçib iş başına
Torpağı dirçəltməliyik!
Dədəm Qorqud nəsihətin salın yada:
“Torpaq əgər qorunmursa, əkilməsin!
Əgər Torpaq əkilmirsə, qorunmasın!
Torpaq üstdə Şəhid gedən ilk İgidin
Yadigarı çıxsın uca dağ başına –
qoy yandırsın ÜÇ OCAĞI –
Ərşə qalxsın tüstüsü...
Bunu duyan türk dünyası
qoy axışıb tökülsün.
Yurdumuzu abad edək,
sərhədləri bərkidək...
Bir də heç vaxt toxunmasın
namərd-xain düşmən izi...
Azərbaycan şairi –
İbrahim Xan Cavanşirin Baş vəziri, –
Yaxın dostu, həm sirdaşı, etibarlı silahdaşı
Molla Pənah Vaqif gəlsin məclisə...
Xan Babama sədaqətin qurbanı o,
Qarşılayın – haqq etdiyi ehtiramla.
Gözəlləmə söyləsin qoy –
vəsf eyləsin Qarabağın gözəllərin...
Üzeyir bəy qonaq gəlsin “CƏNGİ”siylə...
Biz əl-ələ sıx düzülək,
bir ağızdan söyləyək:
Vətən haqqı halal olsun,
Halal oğlum!!!
Əhsən sizə! əhsən, oğlum!
Cahangirova Aliyə Qabil qızı (Aliyə Cavanşir), yazıçı, jurnalist.
Azərbaycan Respublikası, Bakı şəhəri.