Şəhid ailələrinin və yaralıların yaxınlarının bir qrupu ilə görüşü zamanı İlham Əliyevin nitqi
05 aprel 2016, 14:45
Bildiyiniz kimi, aprelin 2-də erməni işğalçıları dövlətimizə qarşı növbəti silahlı təxribat törətmişlər. Hərbi mövqelərimizə hücum çəkmişlər. Mülki əhalini, kəndlərimizi atəşə tutmuşlar. Qəhrəman Azərbaycan Ordusu, qəhrəman əsgərlərimiz, zabitlərimiz düşmənin təxribatının qarşısını aldılar, düşmənə layiqli cavab verdilər və təmas xəttində öz üstünlüklərini daha da möhkəmləndirdilər. Birinci dəfə deyil ki, erməni işğalçıları bu təxribatlara əl atırlar. Mən dəfələrlə demişəm ki, onlar işğal edilmiş torpaqları daim öz nəzarətində saxlamaq istəyirlər, sülh istəmirlər. Danışıqlar prosesində özlərini qeyri-səmimi aparırlar. Beynəlxalq hüququn bütün normalarını, əxlaqi normaları pozublar. Mülki əhaliyə atəş açırlar. Bu hadisələrdən bir neçə gün əvvəl Azərbaycan-Ermənistan sərhədində - Qazax istiqamətində təxribat törətmişlər. Orada hərbiçilərimiz həlak olmuşdur. Bu hadisələr zamanı bizim kəndlərimizi daim atəşə tuturlar. Mülki əhalidən həlak olanlar var. Üç yüzə yaxın evə ziyan vurulub. Yəni, budur onların hərəkətləri. Azərbaycan əsgəri, Azərbaycan zabiti heç vaxt mülki əhaliyə qarşı vuruşmamışdır, vuruşmur və vuruşmayacaqdır. Biz öz torpağımızda vuruşuruq, öz torpağımızı qoruyuruq. Bizim işimiz haqq işidir.
Azərbaycan Ordusu bu dəfə də düşmənə yerini göstərdi, onu yerinə oturtdu. Bu gün də biz tam üstünlüyü əldə etmişik. Buna baxmayaraq, biz bəyan etmişdik ki, birtərəfli qaydada atəşkəsi bərpa etməyə hazırıq, bir şərtlə, qarşı tərəf də atəşkəsə əməl etsin. Biz müharibə istəmirik. Biz istəyirik ki, məsələ sülh yolu ilə həll olunsun. Düzdür, bu, çətin prosesdir. Ancaq bilin ki, bütün əsas beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini dəstəkləyir. BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası - bütün bunlar həqiqəti əks etdirən, bizim mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul etmişlər. Düzdür, hələ ki, bu qərarlar nəticəyə gətirib çıxarmayıb. Ancaq bu, məsələnin həlli üçün hüquqi əsasdır. Digər tərəfdən, Azərbaycan siyasi, iqtisadi cəhətdən bölgədə Ermənistan ilə müqayisədə böyük dərəcədə irəliyə getmişdir.
Bir daha demək istəyirəm, baxmayaraq ki, danışıqlar nəticə vermir, biz yenə də bu danışıqlar prosesinə hazırıq. Bu təxribatı erməni tərəfi ona görə törədib ki, onlara beynəlxalq ictimaiyyət, bu məsələ ilə məşğul olan vasitəçilər tərəfindən təzyiqlər artır. Artıq heç kimə sirr deyil ki, vəziyyət nədən ibarətdir. Kim işğalçıdır, kim işğalın qurbanıdır. Ona görə, danışıqlar prosesini pozmaq üçün onlar bu təxribata əl atdılar. Bu təxribat nəticəsində biz şəhidlər verdik. Şəhidlərimiz olubdur, yaralılar var. Ancaq onu da bilməlisiniz, Azərbaycan xalqı bilir ki, düşmənə çox böyük sarsıdıcı zərbə vurulubdur. Bunun günahkarı onlar özləridir.
Bu gün mən döyüşlərdə qəhrəmancasına vuruşmuş hərbiçilərlə, yaralı uşaqlarımızla görüşdüm, onları təbrik etdim. Bir vətəndaş, Ali Baş Komandan, Prezident kimi onlara Azərbaycan xalqı, dövləti adından təşəkkürümü bildirdim. Biz onlarla fəxr edirik.
Sizə də öz minnətdarlığımı bildirmək istəyirəm ki, belə gözəl, vətənpərvər, bacarıqlı, cəsarətli övladlar böyütmüsünüz. Bax, onlar indi yaralı vəziyyətdə uzanıblar, yenə də deyirlər ki, istəyirik tezliklə buradan çıxaq gedək döyüş bölgələrinə. Bu, Azərbaycan xalqının ucalığıdır. Bu göstərir ki, bizim xalqımız nə qədər dəyərlidir, mətindir, vətənpərvərdir.
Uşaqlar müstəqillik dövründə formalaşıblar. Onlar müstəqil Azərbaycan bayrağı altında böyüyüblər. Onlarda milli qürur hissi, milli ləyaqət hissi çox yüksəkdir. Mən həmişə demişəm ki, bizim bütün gənclərimiz vətənpərvər, Vətənə bağlı olmalıdırlar. Bax, sizin övladlarınız, yaxınlarınız o gənclərdəndir, onlar nümunədir.
Mən bir daha sizə təşəkkürümü bildirmək istəyirəm ki, Vətən üçün belə övladlar böyütmüsünüz. Onların çox gözəl gələcəyi olacaqdır. Onlar artıq sübut ediblər ki, dövlətimizin dəyərli vətəndaşlarıdır. Onlar gələcəkdə müxtəlif sahələrdə işləyəcəklər, kimi hərbi sahədə, kimi mülki sahədə. Ancaq onlar artıq sübut ediblər ki, doğrudan da layiqli vətəndaş kimi gələcəkdə Azərbaycanda özləri üçün yaxşı həyat qurmalıdırlar, quracaqlar. Biz onlarla, onları böyüdən valideynlərlə fəxr edirik. Həkimlər mənə deyirlər ki, yaralananların hamısı sağalacaq. Onların sağlamlığı tam bərpa olunmalıdır və tam bərpa olunacaqdır. Həkimlər əllərindən gələni edirlər və edəcəklər. Mən gəlmişəm ki, onlara və sizə təşəkkürümü bildirim. Bir daha deyim ki, ölkəmizin ərazi bütövlüyü Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Ölkəmizin ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaqdır. Əgər bu gün yenə də Ermənistan rəhbərliyi öz səhvlərini başa düşüb danışıqlar masasında özünü səmimi apararsa, əminəm ki, məsələnin sülh yolu ilə həlli üçün imkanlar var. Hər halda biz bunu istəyirik.
Bir daha demək istəyirəm, Azərbaycan bu gün də bəyan edir ki, birtərəfli qaydada bütün döyüş əməliyyatlarını dayandırır, amma bir şərtlə ki, qarşı tərəf bundan istifadə etməsin. Onlar da dayandırsınlar, oturduğu yerlərdə də qalsınlar, tərpənməsinlər. Biz öz torpağımızdayıq. Bizim başqa ölkənin torpağında gözümüz yoxdur. Heç bir başqa ölkənin torpağını işğal etməmişik. Amma heç kimə imkan verməyəcəyik ki, bizim torpağımızda hökmranlıq etsin. Artıq Azərbaycan dövləti də güclü dövlətdir, ordusu da güclü ordudur. Bax, bizim burada müalicə alan qəhrəman uşaqlarımız bunun ən gözəl sübutudur, təzahürüdür.
Bir daha sizə minnətdarlığımı bildirirəm. Allah sizə səbir versin. Yaxınlarınız, uşaqlarınız tezliklə sağalsınlar.
Şəhid ailələrinin və yaralıların yaxınları: Cənab Prezident, lazım gəlsə biz övladlarımızla bərabər özümüz də Vətənimizin müdafiəsi uğrunda döyüşməyə hazırıq. Biz həmişə Sizinləyik, Sizi dəstəkləyirik. Fəxr edirik ki, Sizin kimi Prezidentimiz var. Hamımız bir nəfər kimi Sizin arxanızda dayanmışıq. Qələbə bizimdir. Biz övladlarımızı Vətən üçün böyütmüşük.
Prezident İlham Əliyev: Sağ olun.