Astara rayonu ictimaiyyətinin nümayəndələri ilə görüş zamanı İlham Əliyevin nitqi
15 aprel 2011, 13:35
- Salam, sabahınız xeyir. Sizi təzə yolun açılışı münasibətilə təbrik etmək istəyirəm. Çox gözəl yoldur, bir neçə kəndi birləşdirir, 19 kilometr uzunluğu vardır. Astara sakinlərinin müraciətinə müsbət cavab verərək bu yolun inşasına Prezidentin ehtiyat fondundan vəsait ayrılmışdır və bu yol tikilmişdir. Baxmayaraq ki, bu, kənd yoludur, gözəldir, bütün beynəlxalq standartlara cavab verir. İndi bütün kənd yollarımız bu səviyyədə olmalıdır. İndi kənd yollarının tikintisi ilə bağlı xüsusi proqram hazırlanır. Həm Bakıətrafı qəsəbələrdə, həm də bütün bölgələrdə buna böyük ehtiyac vardır. Çünki kənd yollarımız hələ ki, istədiyimiz səviyyədə deyildir.
Çox şadam ki, Astarada birinci belə layihələrdən biri həll olunub, icra edilib. Hesab edirəm ki, biz gələcəkdə digər kənd yollarına da əl gəzdirməliyik. Biz onları gözəl etməliyik.
Mən birinci dəfə deyil ki, Astarada səfərdəyəm. Əvvəlki illərdə də Astarada bir neçə dəfə olmuşam və bu gün burada bir neçə tədbirin keçirilməsi nəzərdə tutulur. Astarada böyük qaz-kompressor stansiyasının yenidən qurulması prosesi başa çatmışdır. Bu da həm Astara, həm ümumiyyətlə Azərbaycanın qaz potensialının inkişafı üçün çox vacib layihədir, həm də yeni iş yerlərinin açılmasına xidmət göstərəcəkdir. Su elektrik stansiyasının təməl daşı qoyulacaqdır. Bu da Azərbaycanda bu gün həll olunan məsələlərdən biridir. Çünki hər bir rayonda, harada imkanlar vardır, kiçik su elektrik stansiyaları tikilməlidir ki, biz özümüzü enerji ilə daha da böyük həcmlə təmin edək.
Digər layihələr icra olunur, Gənclər evi tikilib, qazlaşdırma gedir. Bu gün bu məsələ ilə bağlı mənə məlumat veriləcəkdir. Elə etməliyik ki, bütün yaşayış məntəqələri qazlaşsın. Bu istiqamətdə işlər aparılır. Su, kanalizasiya məsələlərinin həlli gözlənilir. Bu da çox vacib olan məsələdir. Hər bir rayon üzrə xüsusi proqramlar vardır. Bütün bu proqramlar regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının tərkib hissəsidir. O proqram ki, artıq Azərbaycanda bir neçə ildir, icra edilir və uğurla icra edilir. Ölkəmizdə aparılan işlər və bölgələrin inkişafı, bölgələrdə sosial infrastrukturun yaradılması məsələləri proqramda öz həllini tapır. Astarada son illərdə istehsal artıb, yeni müəssisələr istismara verilib, məktəb tikintisi gedir, bir neçə məktəb tikilir. Yəni, işlər yaxşı gedir. Bu işləri daha da sürətlə aparmalıyıq. Çünki Azərbaycanın hazırkı uğurlu və sürətli inkişafı hər bir bölgədə və hər bir kənddə özünü göstərməlidir. Bizim məqsədimiz bundan ibarətdir.
Beş il bundan əvvəl Astarada yeni elektrik stansiyası tikilmişdir. Mən xatırlayıram, bu stansiyanın açılışında olmuşdum. Bu stansiya nəinki Astaranı enerji ilə təmin edir, bütün bölgəyə elektrik enerjisi verir. Artıq o stansiyanın istismara verilməsindən beş il vaxt keçir. O vaxt birinci belə stansiya məhz Astarada tikilmişdir. Ondan sonra digər bölgələrdə. Biz artıq enerji qıtlığı ilə çoxdandır ki, üzləşmirik. Əksinə, xaricə enerji ixrac edirik. Bütün bu müsbət təcrübəni biz başqa sahələrdə də görməliyik.
Yenə də deməliyəm ki, qaz təchizatı, içməli su, kanalizasiya, suvarma şəbəkəsi, sosial infrastruktur, xəstəxanalar, məktəblər, yollar və əlbəttə ki, iş yerləri. Bu problem Azərbaycanda tədricən həll olunur, ancaq hələ ki, işsizlər vardır. Onların işlə təmin edilməsi gündəlikdə duran vacib məsələlərdəndir. Son illərdə yüz minlərlə iş yeri açılmışdır. Ancaq hələ ki, işsizlər vardır. Azərbaycan əhalisi artır. Bu çox müsbət haldır. Hər il təxminən 150-160 min körpə dünyaya gəlir. Biz elə etməliyik ki, yəni iş yerlərinin açılması da bax bu artımla uzlaşsın. Hər bir iş yerinin açılması böyük vəsait, investisiya tələb edir, kreditlər verilməlidir. Biz bunu edirik və edəcəyik. Eyni zamanda, sosial məsələlər, maaşların, təqaüdlərin artırılması məsələləri də yaxın zamanlarda öz həllini tapacaqdır. Bütün bu məsələlər deyə bilərəm ki, Azərbaycanda mütəmadi qaydada həll olunur. Son illərdə maaşlar və pensiyalar bir neçə dəfə qaldırılmışdır. Növbəti artım bir neçə aydan sonra gözlənilir.
Bir daha sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm. Sizə cansağlığı, uğurlar arzulayıram.
- Doğrudan da, bu gün Azərbaycanda bütün sahələrdə sürətli inkişaf vardır. Siz 1990-cı illərin əvvəllərini xatırlayırsınız. Biz də o illəri yaxşı xatırlayırıq. O vaxt doğrudan da, Azərbaycanın taleyi həll olunurdu. Biz müstəqilliyimizi 1991-ci ildə bərpa etdik. Ancaq 1993-cü ildə ölkəmizdə gedən xoşagəlməz proseslər və yaşanan gərginlik, böhran faktiki olaraq müstəqilliyimizi də sual altına qoymuşdur. O vaxt Azərbaycana rəhbərlik etmiş şəxslər vəzifə borcunu layiqincə yerinə yetirə bilməmişlər və çətin vəziyyətlə üzləşərək vəzifələrini dondurdular, ölkədən də qaçdılar. Əlbəttə, Azərbaycan xalqı o günləri yaxşı xatırlayır. Hazırda o adamların yenə də hansısa işi görmək cəhdləri hesab edirəm ki, böyük diqqətə layiq deyildir. Siz bunlara heç əhəmiyyət də verməyin. Bunlar, sadəcə olaraq, görüntü naminə atılan addımlardır və Azərbaycanda nə sabitliyi sarsıda, nə də Azərbaycanın uğurlu inkişafına xələl gətirə bilər. Çünki o hadisələrdə - 1990-cı illərin əvvəllərində Azərbaycanda vətəndaş müharibəsini başlamış, ondan sonra qorxaqcasına ölkədən qaçmış insanlara ölkəmizin siyasi səhnəsində yer yoxdur. O adamlar artıq tarixin arxivindədir. Sadəcə olaraq, vaxtaşırı hər hansı bir ölkədə baş verən bir hadisə bunları da nisbətən canlandırır, ruhlandırır. Biz bunu 2005-ci ildə görmüşük. O vaxt MDB məkanında baş vermiş hadisələr bunları da bir növ hərəkətə gətirmişdi. O vaxt da onlar kiminsə təcrübəsini yamsılamaqla məşğul idilər. Narıncı lentləri, bantları biz yaxşı xatırlayırıq. O vaxt da həmin cəhdlər iflasa uğradı. Çünki Azərbaycan xalqı onların hərəkətlərini dəstəkləmədi. Bu dəfə də ümumiyyətlə, bu məsələ ilə bağlı heç danışmağa ehtiyac yoxdur. Çünki Azərbaycan dövləti o qədər güclüdür, Azərbaycanda ictimai-siyasi sabitlik o qədər möhkəmdir ki, bizim işimizə mane olmaq, Azərbaycanın uğurlu inkişafına zərbə vurmaq istəyən, bəzi hallarda xarici dairələrdən göstərişlər alan ünsürlərə Azərbaycan xalqı çoxdan yox deyib!
Bizim taleyimiz öz əlimizdədir. Bizim ən böyük sərvətimiz müstəqilliyimizdir. Biz hər an müstəqilliyimizi bu konkret işlərlə, proqramlarla, quruculuq, abadlıq işləri ilə möhkəmləndirməliyik.
Bu gün Azərbaycan sözün əsl mənasında nəinki öz müqəddəratını, öz taleyini özü müəyyən edir, bölgədə gedən proseslərə də təsir imkanlarımız artır. Bu gün Azərbaycanı, bizim maraqları nəzərə almadan bölgədə heç bir məsələ öz həllini tapa bilməz. Mən bu barədə bir neçə dəfə fikirlərimi bildirmişdim və həyat göstərir ki, bu, sadəcə olaraq sözlər deyildir. Bu, reallığı əks etdirən vəziyyətdir. Əgər nə vaxtsa Azərbaycanın maraqlarını kimsə kənara qoymaq istəyirsə, sonra görürlər ki, maraqlarımız təmin edilmədən bölgədə heç bir məsələ öz həllini tapa bilməz, nə siyasi sahədə, nə regional əməkdaşlıq baxımından, nə də ki, iqtisadi sahədə. Bu gün Azərbaycan regional amilə çevrilib və artan gücümüz əlbəttə ki, ölkə vətəndaşlarını, dostlarımızı sevindirir, amma bizə pis münasibət bəsləyən qüvvələri əlbəttə ki, qıcıqlandırır. Əfsuslar olsun ki, ölkə daxilində hələ də elə qüvvələr vardır. Onlara heç qüvvə də deyə bilmərəm.
Bu gün hər bir yenilik – yolun çəkilişi, məktəbin açılışı, elektrik stansiyasının tikilməsi, ümumiyyətlə görülən çoxsaylı işlər hər bir vətəndaşı sevindirir, təkcə onlardan başqa. Vəziyyət nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır. Yəni, onlar bir növ bədbəxt adamlardır, bütün ömrünü Azərbaycanın xoşbəxt gələcəyinə qarşı işə həsr ediblər. Əgər belə demək mümkünsə, öz mübarizə cəhdlərini Azərbaycanın maraqlarına zərbə vurmaq üçün təşkil edirlər. Yəni, bunlar antimilli qüvvələrdir. Bilirsiniz, iqtidar-müxalifət münasibətləri normal müstəvidə öz həllini tapmalıdır. Bu münasibətlər əslində lazımdır. Hər bir inkişaf etmiş ölkədə bu münasibətlər normal qaydada tənzimlənir. Baxmayaraq ki, ölkəmiz 20 ildir müstəqil həyat yaşayır və böyük yol keçibdir, əfsuslar olsun ki, Azərbaycanda bu sahədə vəziyyət normal deyildir. Ancaq yenə də deyirəm, bu işlərə, bu cəhdlərə nə biz, nə də ki, Azərbaycan cəmiyyəti əhəmiyyət vermir. Biz öz yolumuzla gedirik və gedəcəyik. Heç kim bizə mane ola bilməz. Nə ölkə daxilindəki bu qüvvələr, bir qrup adam, nə də ki, ölkənin kənarında olan dairələr. Çünki bizim yolumuz inkişaf və ədalət yoludur.
Biz istəyirik ki, ölkəmizdə və bölgədə sülh olsun, inkişaf olsun, insanlar yaxşı yaşasınlar və bizim bütün maraqlarımız təmin edilsin,
ilk növbədə, Qarabağ məsələsi tezliklə və ədalətli həllini tapsın. Yəni, bu, bizim təbii tələbimizdir. Çünki bütün beynəlxalq hüquq normaları bizim mövqeyimizi müdafiə edir və məsələ ancaq beynəlxalq hüquq əsasında həllini tapmalıdır. Bizim mövqeyimiz qətidir və mən bu barədə bu yaxınlarda bir daha fikirlərimi bildirmişəm. O ki qaldı ölkəmizin sosial-iqtisadi inkişafına, yenə də demək istəyirəm ki, bütün istiqamətlər üzrə konkret proqramlar və o proqramların nəticələri vardır, istər sosial təminat məsələlərində, infrastruktur layihələrinin icrası ilə bağlı olan məsələlərdə, qəsəbələrin, kəndlərin abadlaşması, yolların çəkilməsi məsələlərində.
Siz qeyd etdiniz ki, Astarada böyük olimpiya kompleksi tikilir. Bu da gözəl bir töhfə olacaq gənclərə. Gənclər evi tikilir. Gənclərimiz həm fiziki, həm mənəvi cəhətdən güclü olmalıdırlar, Vətəni sevməlidirlər, vətənpərvər olmalıdırlar. Yaşlı nəsil, veteranlar, ağsaqqallar onlar üçün örnəkdir. Ona görə biz veteranlara, ağsaqqallara həmişə böyük hörmətlə yanaşmışıq və yanaşacağıq. Onların da maddi təminatı yaxşılaşdırılmalıdır. Bir neçə gün bundan əvvəl mənim tərəfimdən verilmiş tapşırıq hazırda icra olunmağa başlanır. Pensiya təminatı da yaxşılaşdırılmalıdır. İnsanlar yaxşı yaşamalıdırlar, ölkədə sülh, sabitlik, inkişaf olmalıdır, bütün sosial məsələlər həll edilməlidir. Biz belə ölkə qururuq və bu quruculuq uğurludur. Bu sahədə əlbəttə ki, hər bir bölgədə gedən işlər xüsusi əhəmiyyət daşıyır. Xüsusilə sərhədyanı rayonlarda gedən işlərə daha da böyük diqqət göstərilməlidir. Azərbaycan xəritəsində Astara rayonunun çox vacib yeri vardır. Astarada bütün işlər yüksək səviyyədə görülməlidir.
Əminəm ki, gələcəkdə belə kənd yollarının tikintisi davam edəcək və rayonda olan bütün sosial və iqtisadi məsələlər öz həllini tapacaqdır.
Bir daha sizi salamlayıram.