İlham Əliyev Astara qaz-kompressor stansiyasının açılışında iştirak etmişdir
15 aprel 2011, 16:20
Prezident İlham Əliyev Astara qaz-kompressor stansiyasının açılışında iştirak etmişdir.
Stansiyanın kollektivi dövlətimizin başçısını hərarətlə qarşıladı.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Prezident İlham Əliyevə məlumat verdi ki, Astara rayonundakı qaz-kompressor stansiyasının tikinti işləri uğurla başa çatdırılmış və Dövlət Komissiyası tərəfindən istismara qəbul edilmişdir. Stansiyada müasir avtomat sistemlər və avadanlıqdan istifadə etməklə giriş qazının təmizlənməsi, kompressorlarda iki pillədə sıxılması, sıxılmış qazın soyudulması, həcminin ölçülməsi və qazın magistral kəmərə vurulması üzrə bütün zəruri işlər görülmüşdür.
Dövlət başçısı stansiyanın fəaliyyəti ilə yaxından tanış oldu və müəssisəni işə saldı.
Bildirildi ki, mövcud Astara qaz-kompressor stansiyası Naxçıvan Muxtar Respublikasının təbii qazla təchizatı məqsədilə 2005-ci ildə iki qaz-turbin mühərrikli kompressor və köməkçi avadanlıqla komplektləşdirilərək tikilib istismara verilmişdir. Naxçıvan Muxtar Respublikasının təbii qazla təchizatının daha etibarlı təmin edilməsi və Azərbaycan ilə İran arasında bağlanmış müqaviləyə uyğun olaraq, qonşu ölkəyə təbii qazın ixracı məqsədilə yeni kompressor stansiyasının tikilməsi qarşıya aktual vəzifə kimi qoyulmuşdu. Layihənin iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulmuşdu. Birinci mərhələdə 6 “10 QKNAM” markalı qaz mühərrikli kompressor aqreqatı quraşdırılmaqla mövcud kompressor stansiyası ilə birlikdə nəql edilən qazın gündəlik həcmi 3,5 milyon kubmetr səviyyəsinə çatdırılmışdır. İkinci mərhələdə isə kompressor aqreqatlarının sayını 10-dək artırmaqla hər iki kompressor stansiyasının gücünun 5 milyon kubmetrə çatdırılması nəzərdə tutulur.
Qeyd edildi ki, tikinti işləri ARDNŞ-in “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında “Azəriqaz” İstehsalat Birliyinin sifarişi ilə “Neftqaztikinti” Tresti tərəfindən həyata keçirilmişdir. Stansiyada 108 nəfər daimi işlə təmin olunmuşdur.
Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, stansiya ərazisində tikilən inzibati binada işçilərin fəaliyyəti üçün hər cür şərait yaradılmış, otaqlar müasir avadanlıqla təchiz olunmuşdur.
Dövlət başçısı görülmüş işlərdən razılığını bildirdi, stansiyanın kollektivinə uğurlar arzuladı.