İlham Əliyev Ərkivan qəsəbəsi ərazisində aparılan tikinti işləri ilə tanış olmuşdur
14 aprel 2011, 20:30
Prezident İlham Əliyev Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun Masallı-Astara hissəsinin Ərkivan qəsəbəsi ərazisində aparılan tikinti işləri ilə tanış olmuşdur.
Dövlət başçısı Ələt-Astara avtomobil yolunun sxemini əks etdirən fotostendlərə baxdı.
Nəqliyyat naziri Ziya Məmmədov Prezident İlham Əliyevə məlumat verdi ki, Masallı və Astara rayonlarının ərazisindən keçəcək birinci dərəcəli yolun bu hissəsinin ümumi uzunluğu 22 kilometr, eni 27,5 metrdir. Yolun dördtərəfli aparıcı zolağının eni 5 metr olacaqdır. Yolun bu hissəsində 6 körpünün, 4 yolötürücünün və 133 suötürücünün inşası nəzərdə tutulmuşdur. Beynəlxalq standartlara tam cavab verəcək yolda müasir işıqlandırma sistemi, nəqliyyatın və piyadaların maneəsiz hərəkəti üçün lazımi şərait yaradılacaqdır.
Dövlət başçısının diqqətinə çatdırıldı ki, yeni yolun istifadəyə verilməsindən sonra Masallı və Astara rayonlarını birləşdirən köhnə yolun istismarı da davam etdiriləcəkdir. Köhnə və yeni yolun qovşağında isə ötürücü yol keçidi inşa olunacaqdır. Bu yolun istifadəyə verilməsi Masallı və Astara ilə yanaşı, Yardımlı, Lənkəran, Biləsuvar və digər rayonların əhalisi üçün rahatlıq yaradacaqdır.
Bildirildi ki, magistral avtomobil yolu rayon mərkəzlərinin kənarından keçəcəkdir. Bu isə avtomobillərin sərbəst və maneəsiz hərəkətinə imkan verəcəkdir.
Sonra Prezident İlham Əliyev Ələt-Astara avtomobil yolunun Kür çayı üzərindən keçən hissəsində inşası davam etdirilən yeni körpü kompleksini əks etdirən fotostendlərə baxdı.
Məlumat verildi ki, körpünün ümumi uzunluğu 370 metr, eni isə 30 metr olacaqdır. Körpüdə yanaşma yolunun ümumi uzunluğu isə 1 kilometrdən çoxdur.
Dövlət başçısı yolun tikintisində istifadə olunan texnikaya baxdı.
Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi, tövsiyə və tapşırıqlarını verdi.