İlham Əliyev Masallıda yenidən qurulmuş Nizami Gəncəvi parkı ilə tanış olmuşdur
14 aprel 2011, 20:10
Prezident İlham Əliyev Masallı şəhərinin Talışxanov küçəsində yenidən qurulmuş Nizami Gəncəvi parkı ilə tanış olmuşdur.
Rayon ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev dövlətimizin başçısına məlumat verdi ki, 1967-ci ildə salınmış park uzun müddət təmir işləri aparılmadığından acınacaqlı vəziyyətə düşmüş, görkəmini itirmişdi. Ümumi sahəsi 4,5 min kvadratmetr olan parkda bu ilin əvvəlindən yenidənqurma və genişləndirmə işlərinə başlanmışdır.
Bildirildi ki, bərpa işləri ilə əlaqədar parkda böyük Azərbaycan şairi Nizami Gəncəvinin heykəli yenisi ilə əvəz edilmiş, 4500 kvadratmetr sahəyə tamet plitə döşənmiş, yeni yaşıllıq zolaqları salınmış, dekorativ ağaclar və kollar əkilmişdir. Burada müasir işıqlandırma sistemi quraşdırılmış və yeni fəvvarə tikilmişdir.
Prezident İlham Əliyevə məlumat verildi ki, parkın ətrafı milli memarlıq üslubunda 280 metr uzunluqda hasarla əhatə olunmuşdur. Parkda mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün səhnə qurulmuş, rahat skamyalar qoyulmuşdur. Parkın ərazisində yerləşən rayon mədəniyyət evinin fasadı yenilənmiş, İdeoloji Mərkəzdə yenidənqurma işləri aparılmışdır. Yaxınlıqdakı binaların fasadlarında aparılan təmir işləri tamamlanmaq üzrədir.
Dövlət başçısı rayonda aparılacaq genişmiqyaslı quruculuq-abadlıq işlərini, Masallı şəhərində və kəndlərdə su, kanalizasiya və digər xidmət sahələrinin yaxşılaşdırılması ilə bağlı tədbirləri, istifadə olunacaq texnikanı əks etdirən fotostendlərə baxdı.
Sonra Prezident İlham Əliyev parkda dahi Azərbaycan şairi Nizami Gəncəvinin heykəlinin üzərindən ağ örtüyü götürdü.
Bildirildi ki, heykəlin hündürlüyü 3,6 metrdir.
Heykəl kompleksinin arxasında Azərbaycan klassik şeirinin görkəmli nümayəndəsi Nizami Gəncəvinin əsərlərinin motivlərindən ibarət kompozisiya yaradılmışdır.
Dövlət başçısı abidənin önünə gül dəstəsi qoydu.
Sonra Prezident İlham Əliyev ictimaiyyətin nümayəndələri ilə görüşdü.
Sonda xatirə şəkli çəkdirildi.