logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 18 mart tarixli 95-IVQD nömrəli Qanununun tətbiqi və “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Text size icon-size icon-size

09 aprel 2011, 17:00

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 18 mart tarixli 95-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram: 

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində: 

1.1. qüvvədə olan Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 

1.3. müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin. 

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qüvvədə olan normativ xarakterli aktların “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı müvafiq tədbirlər görsün. 

3. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 6, maddə 405; 2002-ci il, № 8, maddə 478; 2003-cü il, № 10, maddə 585; 2004-cü il, № 1, maddə 19; 2005-ci il, № 4, maddə 299; 2006-cı il, № 2, maddə 92; 2010-cu il, № 4, maddə 289) I bəndində aşağıdakı dəyişikliklər edilsin: 

3.1. birinci abzasda “Xüsusi Dövlət Mühafizə Xidməti” sözlərindən sonra “, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi” sözləri əlavə edilsin; 

3.2. səkkizinci abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin bəndə aşağıdakı məzmunda doqquzuncu abzas əlavə edilsin: 

“korrupsiya ilə bağlı cinayətlər üzrə əməliyyat-axtarış fəaliyyətini Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi həyata keçirir.”.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 aprel 2011-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi