İlham Əliyev Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumun açılış mərasimində iştirak etmişdir
07 aprel 2011, 11:00
Bakıda, “Gülüstan” sarayında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlamışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Forumun “Sərhədsiz dünyaya doğru” mövzusunda açılış sessiyasında iştirak etmişlər.
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın irəli sürdüyü və BMT-nin Sivilizasiyalar Alyansı, YUNESKO, Avropa Şurası, AŞ-nin Şimal-Cənub Mərkəzi və İSESKO-nun dəstəklədiyi təşəbbüsdür. Bu təşəbbüs mədəniyyətlərarası dialoqun dünyada ən təxirəsalınmaz vəzifələrdən biri olduğunu göstərir.
Bakı Forumunda mədəniyyətlərarası dialoqun konseptual, idarəçilik, siyasi və praktiki aspektləri müzakirə olunacaq, dialoqa yönələn maneələr nəzərdən keçiriləcək və onun müxtəlif mühitdə ən yaxşı formada aparılması konkret şəkildə müzakirə ediləcəkdir. Forum, həmçinin təcrübə mübadiləsi, eləcə də yeni təşəbbüslərin irəli sürülməsi baxımından əlverişli imkanlar yaradacaqdır.
Dünyanın bütün qitələrindən gəlmiş insanların təmsil olunduğu forumda siyasi liderlər və ictimai xadimlər, beynəlxalq təşkilatların rəhbərləri, dövlət və hökumət nümayəndələri, mədəniyyət nazirləri və mədəniyyət məsələləri üzrə səfirlər, deputatlar, diplomatlar, merlər və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, jurnalistlər, mədəniyyət üzrə ekspertlər və tanınmış ziyalılar iştirak edirlər.
“Euronews” telekanalı media tərəfdaşı kimi öz yayım şəbəkələri ilə forumu təşviq edir.
Forum Azərbaycana həsr olunmuş videofilmin nümayişi ilə başladı.
Dövlət başçısı açılış sessiyasında nitq söylədi.
Azərbaycan Prezidenti İlham Əliyevin nitqi
- Hörmətli xanımlar və cənablar!
Əziz qonaqlar!
Mən sizin hamınızı ürəkdən salamlayıram. Forumun iştirakçılarına Azərbaycana “Xoş gəlmisiniz!” deyirəm.
Mədəniyyətlərarası forumun Azərbaycanda keçirilməsi böyük əhəmiyyət kəsb edir. Mən çox şadam ki, bizim qonaqlarımız dəvətimizi qəbul edib Azərbaycana gəlmişlər və hesab edirəm ki, bu gün, sabah çox səmimi, açıq şəkildə geniş fikir mübadiləsi aparılacaqdır. Ümid edirəm ki, forumun nəticələri çox müsbət olacaq və mədəniyyətlərarası dialoqun inkişafı üçün yeni imkanlar yaranacaqdır.
Təsadüfi deyil ki, bu forum məhz Azərbaycanda keçirilir. İki ildən artıqdır ki, “Bakı prosesi” gedir. “Bakı prosesi”nin təməli Azərbaycanda qoyulmuşdur. 2008-ci ildə Avropa Şurasına üzv olan ölkələrin mədəniyyət nazirlərinin toplantısında Azərbaycan tərəfindən İslam ölkələrinin nümayəndələri dəvət olunmuş və birgə keçirilmiş tədbirdə çox səmimi və açıq fikir mübadiləsi aparılmışdır. O tədbirin sonunda “Bakı bəyannaməsi” qəbul edilmişdir. İlk dəfə olaraq, bu formatda beynəlxalq tədbir keçirilmişdir. 2009-cu ildə isə İslam Konfransı Təşkilatına üzv olan ölkələrin mədəniyyət nazirlərinin Bakıda keçirilmiş toplantısında Avropa ölkələrinin nümayəndələri dəvət olunmuş və bir daha bu formatda görüş keçirilmişdir. Keçən il - 2010-cu ildə Bakıda dünya dinləri liderlərinin zirvə görüşü keçirilmişdir. Həmin zirvə görüşünün çox böyük əhəmiyyəti olmuşdur və o toplantının müsbət nəticələrini biz bu gün də görürük.
Bu il – 2011-ci ildə Mədəniyyətlərarası Dialoq Forumu Bakıda keçirilir. Bu ilin payızında Azərbaycanda birinci beynəlxalq humanitar forum keçiriləcəkdir. Yəni bütün bu tədbirlər onu göstərir ki, güclü iradə olan yerdə mədəniyyətlərarası dialoqun məzmunu da dolğun olur və bu görüşlər bütün xalqları bir-birinə daha da yaxınlaşdırır və bizi daha da birləşdirir. Bizim niyyətimiz bundan ibarətdir.
Biz istəyirik ki, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir-biri ilə sıx təmasda olsunlar, bütün problemləri açıq şəkildə müzakirə etsinlər, öz fikirlərini bildirsinlər. Bakı, Azərbaycan belə mötəbər tədbirlərin keçirilməsi üçün artıq ənənəvi bir məkana çevrilmişdir. Əlbəttə, bunun həm coğrafi, həm tarixi, həm də mədəni əsasları vardır. Çünki əsrlər boyu Azərbaycanda bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşamışlar. İctimai-siyasi quruluşdan asılı olmayaraq, heç vaxt Azərbaycanda milli, ya dini zəmində nəinki qarşıdurma, heç anlaşılmazlıq da olmamışdır. Bütün dövrlərdə Azərbaycanda xalqlar bir ailə kimi yaşamışlar, onları həmişə dostluq münasibətləri bağlamışdır. Biz çox şadıq ki, indi, Azərbaycanın müstəqil ölkə kimi inkişaf etdiyi dövrdə bu müsbət meyillər daha da güclənir.
Azərbaycanda bütün xalqların nümayəndələri bərabərhüquqlu vətəndaşlardır, bütün tarixi və dini abidələr qorunur. Azərbaycanda din azadlığı, vicdan azadlığı tam şəkildə bərqərar olunubdur. Müstəqillik dövründə dövlət tərəfindən yüzlərlə dini abidə – məscidlər, kilsələr, sinaqoqlar tikilib və təmir edilmişdir və bu proses indi də davam edir.
Yəni Azərbaycanda milli və dini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması artıq faktdır və bu, bizim güc mənbəyimizdir. Hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyindədir. Biz tam əminik ki, dini və milli amildən asılı olmayaraq, istənilən cəmiyyətdə normal münasibətlər qurmaq mümkündür. Əlbəttə, bunun üçün ənənələr lazımdır, eyni zamanda, dövlət siyasəti də lazımi səviyyədə aparılmalıdır. Azərbaycanda hər iki amil mövcuddur. Həm tarixi keçmişimiz bugünkü şəraiti bizim üçün yaradır, həm də bu sahədə dövlət siyasətimiz birmənalıdır. Bir daha demək istəyirəm ki, bizim gücümüz birliyimizdədir. Milli və dini mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan hər bir kəs bizim dəyərli vətəndaşımızdır. Mən şübhə etmirəm ki, Azərbaycanda milli və dini dözümlülük məsələləri bundan sonra da uğurla öz həllini tapacaq, Azərbaycan vətəndaşları bundan sonra da bir ailə kimi yaşayacaqlar.
Biz istəyirik ki, ölkəmizdə yaranmış bu təcrübə həm öyrənilsin, həm bəlkə başqa ölkələr üçün də maraq doğursun. Çünki bu, həqiqətən nadir bir təcrübədir və “Bakı prosesi”nin başlanması və uğurla davam etdirilməsi onu göstərir ki, biz ortaya siyasi iradə qoyduqda, məqsədə nail ola bilirik.
Mən ümid edirəm ki, Mədəniyyətlərarası Dialoq Forumu ənənəvi xarakter alacaqdır. Bundan sonrakı illərdə də Azərbaycanda belə tədbirlər keçiriləcək və mən tam əminəm ki, hər bir belə tədbir böyük məna daşıyır. Sadəcə olaraq, görüşüb fikir mübadiləsi aparmaq kifayətdir ki, artıq müsbət bir impuls verilsin. Nəzərə alsaq ki, bugünkü tədbirin çox dəqiq və konkret nəticələri olacaq, mən buna əminəm, əlbəttə ki, bu, xalqları daha da birləşdirəcək və insanlar arasında dostluq, mehriban qonşuluq əlaqələrini daha da gücləndirəcəkdir.
Azərbaycan islam dünyasının tərkib hissəsidir. İslam bizim dinimizdir, islam dəyərləri, milli dəyərlər bizim üçün çox əzizdir. Müstəqillik dövründə Azərbaycan çox böyük və uğurlu yol keçmişdir. Müstəqillikdən əvvəlki dövrdə milli mənsubiyyətimizi, milli xarakterimizi qoruyub saxlamaq üçün bizim tariximiz, mədəniyyətimiz, dilimiz, dinimiz müstəsna rol oynamışdır.
Azərbaycan İslam Konfransı Təşkilatının üzvüdür və müsəlman ölkələri ilə bizim çox sıx əlaqələrimiz vardır. 2009-cu ildə Bakı İslam mədəniyyətinin paytaxtı elan edilmişdi. 2018-ci il üçün isə bu şərəfli ada Azərbaycanın qədim şəhəri Naxçıvan layiq görülmüşdür.
Eyni zamanda, Azərbaycan bütün dövrlərdə Qərb dünyasına da çox bağlı, çox yaxın olubdur. Müsəlman Şərqində ilk demokratik respublika 1918-ci ildə Azərbaycanda yaradılmışdır. Müsəlman Şərqində ilk teatr, məhz Azərbaycanda yaranmış, ilk opera burada səhnəyə qoyulmuşdur.
Qadınların səs vermək hüququ müsəlman aləmində ilk dəfə məhz Azərbaycanda təmin edilmişdir. Yəni bizdə dünyəvi dövlətin bu ənənələri var, baxmayaraq ki, uzun illər, əsrlər boyu Azərbaycan müstəqillikdən məhrum edilmişdi. Buna baxmayaraq, o vaxt qısamüddətli müstəqil həyatımız o qədər gücli ənənələr qoymuşdur ki, bunlar bu gün də yaşayır və cəmiyyətimizin inkişafı üçün o ənənələrin müstəsna rolu var.
Azərbaycan, eyni zamanda Avropa Şurasının üzvüdür. İslam Konfransı Təşkilatının və Avropa Şurasının üzvlərinin sayı yüzdən artıqdır. Yəni bu, özlüyündə nadir bir təcrübədir. Təsadüfi deyil ki, mədəniyyətlərarası dialoqun keçirilməsi üçün məhz Azərbaycan həm coğrafi, həm tarixi baxımdan, həm bugünkü reallıqlar baxımından mərkəzə çevrilir. Biz bunu çox alqışlayırıq. Əlbəttə, təkcə bizim təşəbbüslərimiz bu məsələyə nail olmaq üçün kifayət etməzdi. Bizim qonaqlarımız, Azərbaycana xoş münasibət bəsləyən, bu gün forumda iştirak edən bütün qonaqlar Bakının bu sahədə mərkəzə çevrilməsi üçün öz dəstəyini vermiş olurlar.
Ölkəmiz 20 ilə yaxındır ki, müstəqil həyat yaşayır. Bu illər ərzində dövlətçiliyimizin əsasları qoyulmuşdur. Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi uğurla gedir, iqtisadi və siyasi islahatlar uğurla aparılır. Ölkəmiz müstəqillik dövründə böyük və şərəfli yol keçmişdir. Bu gün bütün qonşularımızla gözəl, səmimi münasibətlərimiz var. Biz bütün ölkələrlə qarşılıqlı maraqlar, qarşılıqlı hörmət əsasında qurulmuş ikitərəfli və çoxtərəfli münasibətlərimizin inkişafında maraqlıyıq.
Azərbaycanda hökm sürən sabitlik və müşahidə olunan inkişaf ölkəmizi gücləndirir. Son illərdə Azərbaycan dünya miqyasında iqtisadi inkişaf baxımından ən sürətlə inkişaf etmiş ölkə olmuşdur. Son yeddi il ərzində ölkə iqtisadiyyatı təxminən üç dəfə artmışdır. Bütün sosial proqramlar uğurla icra edilir. İnsanların yaşayış səviyyəsi artır. Ölkədə böyük infrastruktur layihələri keçirilir. Yəni bu gün Azərbaycan müstəqil ölkə kimi tam şəkildə özünü təmin edir və şübhə etmirəm ki, bizim uğurlu inkişafımız gələcəkdə də özünü göstərəcəkdir. Bütün iqtisadi və siyasi islahatlarla bərabər, ölkəmizin güclənməsi işində görülmüş işlərlə bərabər, cəmiyyətdə mövcud olan ab-hava, hökm sürən meyillər bizi daha da gücləndirir. Millətlərarası münasibətlər xüsusi əhəmiyyət daşıyır. Bu, bütün dövrlərdə belə olmuşdur. Xüsusilə də indiki zəmanədə bu məsələlərə xüsusi diqqət verilməlidir. Mən hesab edirəm ki, hər bir cəmiyyətdə, hər bir dövlətdə bu məsələ ilə bağlı çox geniş proqramlar icra olunmalıdır. Siyasət düzgün aparılmalıdır. Yenə də deyirəm, Azərbaycandakı milli və dini dözümlülük bizim tarixi ənənələrimizə əsaslanır. Bu, cəmiyyətin tələbidir. Eyni zamanda, düzgün dövlət siyasəti aparılmasa, bu işlər lazımi səviyyədə təşkil oluna bilməz. Hər bir cəmiyyətdə düzgün siyasət aparılmalıdır. İnsanlar bir-birinə daha da yaxın olmalıdır, dini zəmində qarşıdurmaya yol verilməməlidir. Hər bir məsuliyyətli iqtidar bu məsələlərə çox böyük həssaslıqla yanaşmalıdır. Bəzi hallarda süni şəkildə yaradılmış problemlər aradan qaldırılmalıdır. Bəzi hallarda təxribat xarakterli addımlar, hərəkətlər daha da böyük faciələrə gətirib çıxarır.
Yəni hər bir məsuliyyətli siyasətçi, ictimai xadim, vətəndaş öz əməyi ilə, öz sözü ilə müsbət meyilləri gücləndirməlidir. Bu gün dünyada qloballaşma haqqında, mədəniyyətlərarası dialoq haqqında, multikulturalizm haqqında geniş diskussiyalar aparılır. Mən bunu müsbət hal kimi qiymətləndirirəm. Çünki bu məsələlər ətrafında daim fikir mübadiləsi aparılmalıdır. Ancaq bir məqsədlə - necə edək ki, xalqlar bir-birinə daha da yaxın olsunlar. Necə edək ki, dünyada dini zəmində qarşıdurma olmasın, xalqlar, sivilizasiyalararası məsələlər müsbət istiqamətdə inkişaf etsin. Qarşılıqlı inam artsın, qarşılıqlı hörmət artsın. Başqa dinin nümayəndələrinə hörmət, başqa dinin tarixi və dini abidələrinə hörmət, ilk növbədə, öz dininə olan hörmətin əlamətidir. Bizim gücümüz milli və dini müxtəlifliyimizdədir. Biz Azərbaycanda bunu belə başa düşürük. Ona görə hər bir yerdə bu məsələlərə xüsusi diqqət göstərilməlidir. Azərbaycanın təcrübəsi həm keçmiş dövrdəki, həm də artıq iyirmi illik müstəqillik təcrübəsi onu göstərir ki, multikulturalizm çox müsbət nəticələri var. Multikulturalizm qarşı çıxış edənlər bu məsələni daha da geniş təhlil etməlidirlər. Müsbət təcrübəyə malik olan ölkələrin təcrübəsi öyrənilməlidir. Əgər bu gün multikulturalizmə qarşı müəyyən fikirlər səslənirsə, sual verilməlidir: Bəs bunun əvəzinə nə təklif olunur? Özünütəcridmi? Yoxsa, başqa dinlərin nümayəndələrinə qarşı ayrı-seçkilikmi?
Bunlar çox ciddi məsələlərdir və böyük müzakirəyə ehtiyac var. Biz çalışırıq ki, forum çərçivəsində bu məsələlər ətrafında fikir mübadiləsi aparılsın, təkliflər verilsin. Təkliflər, sadəcə olaraq, şüar xarakteri daşımasın, artıq mövcud olan təcrübəyə əsaslansın. Harada problemlər varsa, o problemlər aşkarlanmalı, aradan qaldırılmalıdır. Əgər biz hamımız istəyiriksə ki, millətlərarası, dinlərarası münasibətlər sağlam zəmində qurulsun, buna böyük ehtiyac var. Xüsusilə indiki zəmanədə. Çünki qloballaşan dünyada informasiya mübadiləsi də daha da sürətlə aparılır. İstənilən yerdə deyilən söz dərhal dünyaya yayılır, düşünülməmiş, yaxud da təxribat xarakterli hər hansı bir addım dərhal adekvat reaksiya ilə üzləşir. Ona görə bu məsələlər, məsuliyyət, xoş niyyət və müsbət təcrübə əsasında aparılan siyasət xüsusi əhəmiyyət daşıyır.
Mən heç də demək istəmirəm ki, Azərbaycanda bütün işlər ən yüksək səviyyədə görülür. Əlbəttə ki, cəmiyyətdə problemlər var, çətinliklər var. Biz müstəqillik dövründə böyük yol keçmişik. Yolumuz çox çətin olub, biz müharibə də görmüşük, işğal da görmüşük. Torpaqlarımız hələ də işğal altındadır. Beynəlxalq təşkilatların qətnamələrinə baxmayaraq, Ermənistan hələ də Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış torpaqlarını işğal altında saxlayır.
Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Bir milyon azərbaycanlı öz doğma torpağından qaçqın-köçkün düşmüşdür. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra edilmir. Baxmayaraq, orada göstərilib ki, işğalçı qüvvələr Azərbaycanın zəbt edilmiş torpaqlarından çıxarılmalıdır. İslam Konfransı Təşkilatı, Avropa Şurası, Avropa Parlamenti, ATƏT də oxşar qətnamə və qərarlar qəbul etmişdir. Ancaq əfsuslar olsun ki, hələ də işğal davam edir. Biz ümid edirik ki, danışıqlar prosesi müsbət nəticə verəcək, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq və işğaldan əziyyət çəkən soydaşlarımız öz doğma torpaqlarına qayıdacaqlar. Biz müstəqilliyimizin ilk illərində vətəndaş müharibəsini də görmüşük. Böyük çətinliklə əldə edilmiş müstəqillik faktik olaraq əldən gedirdi və vətəndaş müharibəsi ölkəmizi uçurum kənarına qoymuşdu. Biz iqtisadi tənəzzül görmüşük, inflyasiya min faizlərlə ölçülürdü, sənaye istehsalı, demək olar ki, iflic vəziyyətə düşmüşdü. Ölkədə qanunsuz silahlı birləşmələr fəaliyyət göstərirdi. Bütün bunlar müstəqillik dövrünün ilk illərinə təsadüf edən hadisələrdir. Azərbaycan xalqının yaddaşı çox möhkəmdir, biz o illəri xatırlayırıq.
Bu gün Azərbaycan sürətlə inkişaf edən, sabit ölkədir. İqtisadi cəhətdən tam şəkildə öz daxili resurslarına arxalanır. Azərbaycan siyasi cəhətdən müasir inkişaf yolunu seçmiş bir ölkədir, güclü milli ənənələr üzərində müasir dünyəvi dövlət qurulur. Bütün azadlıqlar var, insanlar təhlükəsizlik şəraitində yaşayırlar. Son yeddi il ərzində 900 mindən artıq iş yeri açılmışdır və işsizliyin, demək olar ki, əsas hissəsi aradan qaldırılmışdır. Son yeddi il ərzində Azərbaycanda yoxsulluq şəraitində yaşayanların sayı 4,5 dəfə azalmışdır. Yəni ölkədə aparılan iqtisadi islahatlar, siyasi islahatlar və sosial ədalət siyasəti bax, bu vəziyyətə gətirib çıxarmışdır.
Bizim müstəqillik tariximiz qısa olsa da, özlüyündə bir göstəricidir. Dağılmış vəziyyətdə olan, demək olar ki, parçalanan ölkədən bu gün müasir, inkişaf edən və bölgədə öz rolunu artıran ölkəyə çevrilmişik. Bunu Azərbaycan xalqı edibdir. Azərbaycan xalqının istedadı, zəhməti hesabına buna nail olmuşuq. Bu gün biz təkcə ölkədaxili məsələlərlə məşğul deyilik və bu forumun keçirilməsi daha çox beynəlxalq məna daşıyır. Sadəcə, biz istəyirik ki, Bakıda keçirilən və gələcəkdə keçiriləcək belə mötəbər tədbirlər ənənəvi xarakter alsın və burada müzakirə edilən və ediləcək məsələlər müsbət nəticəyə gətirib çıxarsın.
Bu foruma gəlmiş bütün qonaqları səmimiyyətlə salamlayıram. Bir daha sizə öz minnətdarlığımı bildirmək istəyirəm ki, bu gün bizimlə bərabərsiniz. Forumun iştirakçılarının əksər hissəsi ilk dəfədir ki, Azərbaycana gəlir. Hesab edirəm ki, sizin üçün də ölkəmizlə tanışlıq maraqlı olacaqdır. Mən foruma uğurlar arzulayıram. Ümid edirəm ki, forumun çox gözəl nəticələri olacaq və belə mötəbər tədbirlər gələcəkdə Azərbaycanda ənənəvi olaraq keçiriləcəkdir. Sağ olun.
X X X
AŞPA-nın sədri Mövlud ÇAVUŞOĞLU Forumda çıxış edərək dedi:
- Belə bir mötəbər, yüksək səviyyəli beynəlxalq tədbir hazırda cəmiyyətlərimizin üzləşdiyi ən təxirəsalınmaz vəzifələrdən biri olan mədəniyyətlərarası dialoq məsələsini müzakirə etmək məqsədilə bütün dünyadan nazirləri, siyasətçiləri, yüksək rütbəli rəsmiləri Bakıda bir araya gətirmişdir.
Prezident İlham Əliyevin bu Forumda iştirakı Azərbaycanın mədəniyyətlərarası dialoqun təşviqinə siyasi sadiqliyini nümayiş etdirir. Avropa Şurası bunu yüksək dəyərləndirir.
Mən bu Foruma bu qədər beynəlxalq tərəfdaşların dəstək verməsi faktından məmnunam. YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, İSESKO, Avropa Şurası və şərəflə sədrlik etdiyim Parlament Assambleyası Foruma dəstək vermişlər.
Bu gün dünyada mədəniyyətlərarası dialoq sahəsində mövcud olan çoxsaylı ideyaların, perspektivlərin və yanaşmaların müzakirə ediləcəyi bu forumun miqyası olduqca böyükdür.
Xanımlar və cənablar, Forumumuz “Sərhədsiz dünyaya doğru” devizi altında keçirilir. Avropa əsrlər boyu bu məqsədə xidmət etmişdir və mən çox şadam ki, bu gün sizinlə həmin təcrübəmizi bölüşürəm.
Hörmətli dostlar, tarixən Avropa modeli hər zaman çoxmədəniyyətli olub. Bununla belə, ötən əsrlərdə Avropa istər dil, etnik, dini, istərsə də ideoloji fərqlərin rədd edilməsindən irəli gələn dəhşətli müharibələr arenası olmuşdur. Bu gün bütöv və çoxmədəniyyətli cəmiyyətlərin qurulmasında bir çox nailiyyətləri əldə etməyimizə baxmayaraq, bu ahəngdar inkişaf hələ də ədavət, anlaşmanın çatışmaması, münasibətlərdə böyük gərginliyin olması, ayrı-seçkilik, ksenofobiya və zorakılıq kimi vəhşi hərəkətlərlə daim təhlükə altına salınır. Bu çağırışa Avropanın cavabı nədən ibarətdir?!
Cənab Prezident!
Xanımlar və cənablar!
Bu gün təmsil etdiyim təşkilat – Avropa Şurası demək olar ki, bütün Avropa ölkələrini ümumi dəyərlər və prinsiplər ətrafında birləşdirir. Siyasi ideyalar, mədəniyyətlər, dillər və dinlərin müxtəlifliyi Avropa Şurasında təmsil olunur. Uğurumuza aparan yol məhz müxtəlifliyə əsaslanan birlikdir. Müxtəlifliyimiz bizə bir çox ideyaları və yaxşı təcrübəni öyrədir. Biz ümumi dəyərlərdən çıxış edərək irəliyə doğru addımlar atırıq. Bizim ümumi dəyərlərimiz demokratiya, insan hüquqları və qanunun aliliyidir. Bu dəyərlər Avropa İnsan Hüquqları Konvensiyasının əsasında dayanır. Bu dəyərlər, eyni zamanda, bir çox qanunvericilik normalarına, standartlara, mexanizmlərə və yaxşı təcrübəyə əsaslanırlar. Həmin fundamental dəyərlər nəinki Avropanın və ümumiyyətlə universal xarakter daşıyan dəyərlərdir. Onların həyata keçirilməsi mədəniyyətlərarası dialoqun aparılması üçün ilkin şərtdir. Siyasi plüralizm, fikir və ifadə azadlığı, insanlar arasında bərabərlik, ayrı-seçkiliyin aradan qaldırılması, hakimiyyətlərin bölünməsi, cəmiyyət daxilində tarazlı münasibət, qanunverici əsaslar – bütün bunlar fundamental elementlərdir ki, bizim mədəniyyətlərarası dialoqun çiçəklənməsi üçün mühit yaradır.
M.Çavuşoğlu qeyd etdi ki, mədəniyyətlərarası dialoqun yaradılması üçün mühit zəruridir və bu mühitin yaradılması ilə bağlı məqsədə çatmaq əsas şərtdir. AŞPA sədri mədəniyyətlərarası dialoqun əldə edilməsi yolunda parlamentlərin də roluna diqqət çəkərək bildirdi:
- Demokratik qaydada seçilən parlamentlər öz mahiyyəti ilə siyasi, etnik, mədəni və dini müxtəlifliyin qorunması üçün addımlar atmalıdırlar. Bu da bizim cəmiyyətlərdə mövcuddur. Məhz bundan irəli gələrək biz siyasətçilər çalışmalıyıq ki, bu, daim həm bizim, həm də seçicilərin marağında olsun. İkincisi, biz çalışırıq ki, milli tədbirlər planının tərtibi üçün müəyyən addımlar atılsın və bu tədbirlər planında mədəniyyətlərarası dialoq xüsusi yer tutsun. Bundan əlavə, əlimizdən gələni etməliyik ki, hökumətlər öz siyasi və iqtisadi strategiyalarının formalaşdırılmasında mədəniyyətlərarası amili xüsusi olaraq nəzərə alsınlar. Üçüncüsü və ən vacibi ondan ibarətdir ki, biz bütün cəmiyyətin üzvlərinin, o cümlədən milli azlıq qrupları, etnik və dini icmalar, vətəndaş cəmiyyətinin üzvlərinin bu proseslərdə hər hansı bir ayrı-seçkilik olmadan iştirakını təmin etməliyik. Bu, hamımızın marağındadır.
Əlbəttə ki, beynəlxalq və parlamentlərarası əməkdaşlıq bu prosesdə xüsusi əhəmiyyət daşıyır. Son bir neçə il ərzində Avropa Şurası Parlament Assambleyası mədəniyyətlərarası dialoqa aid bir sıra məruzələri dinləmişdir. O cümlədən hökumətlər və parlamentlər üçün tövsiyələr hazırlamış və təqdim etmişdir. Bizim ən sonuncu hesabatlarımızda xüsusən Avropada islamla bağlı vəziyyət, islamizm və islamofobiya, ekstremizmə qarşı mübarizə kimi mühüm məsələlər və milli təhlükəsizliyə aid olan digər suallar əksini tapmışdır. Mən sizin hamınızı bu məruzələrlə tanış olmağa dəvət edirəm və əminəm ki, siz orada bir çox maraqlı ideyalar və konkret təşəbbüslərlə tanış olacaqsınız.
Növbəti həftə Assambleyamızda mühüm bir debat keçiriləcəkdir. Bu debatın mövzusu mədəniyyətlərarası dialoqun dini elementlərinə aid olacaqdır. Debatda Avropada bir çox dini qurumların, konfessiyaların nümayəndələri iştirak edəcəklər.
Onu qeyd etmək istəyirəm ki, 2011-ci ilin iyun ayında Assambleyanın sessiyasında digər bir debat keçiriləcəkdir. Debatın mövzusu “XXI əsrdə birgə yaşama” mövzusu olacaqdır və bu, bizim ekspertlərdən ibarət qrupumuzun məruzəsinə əsaslanan və həmin məruzədən irəli gələn bir yığıncaq olacaqdır. Bu məruzə may ayında İstanbulda nazirlər səviyyəsində keçiriləcək növbəti sessiyada müzakirə olunacaqdır. Əminəm ki, bu debat da, həmçinin sizin üçün bir çox imkanlar açacaqdır.
X X X
İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-TÜVEYCRİ çıxış edərək dedi:
- Bizim bugünkü forumumuz mədəniyyətlərarası dialoq mövzusuna həsr olunmuşdur. Bu fürsətdən istifadə edərək, sizə öz minnətdarlığımı bildirirəm. Azərbaycan Respublikasının Prezidentinə və onun rəhbərliyi altında bu forumu təşkil edənlərə dərin təşəkkürümü bildirirəm. Sivilizasiyalararası alyansın və mədəniyyətlərarası dialoqun təşviq edilməsi üçün Azərbaycan Respublikası tərəfindən davamlı şəkildə göstərilən səylərə görə öz dərin təşəkkürümü bildirirəm. Biz bilirik ki, xalqlar və millətlər arasında dözümlülüyün və birgə yaşamanın gücləndirilməsi üçün bu cür tədbirlərin çox böyük mənası vardır. Mən bu ölkənin çiçəklənməsini və tərəqqisini arzulayıram. Belə müdrik Prezidentin rəhbərliyi altında sizin ölkənizə böyük inkişaf diləyirəm.
Mən bu mövzunu bir çox tədbirlər çərçivəsində qaldırmışdım. İndi isə istərdim ki, qeyd edilmiş bu məqamları daha ümumi şəkildə sizin qarşınızda bildirim. Çünki hesab edirik ki, mədəni müxtəliflik bizə bir çox üstünlüklər gətirir. Biz bundan bəhrələnməliyik. Əgər bu gün biz müxtəliflikdən və mədəniyyətlərarası dialoqdan danışırıqsa, bu, bizim ümumi şəkildə qəbul etdiyimiz dəyərlərə əsaslanan bir məsələdir.
Beləliklə, biz xüsusilə qeyd etməliyik ki, qloballaşma artıq bütün dünyada gedir. Qloballaşma artıq qaçılmaz bir prosesə çevrilib və hüdudları çox genişdir. Bu o deməkdir ki, qloballaşma müxtəlif mədəniyyətlərin nümayəndələri arasında təmasları artırmış, mədəni müxtəlifliyi daha da genişləndirmişdir. Artıq bu proses ləngiyə bilməz. Beynəlxalq ictimaiyyət artıq bu məsələni öz gündəliyində vacib, mühüm bir məsələyə çevirərək, öz müzakirələrinin əsas mövzusu kimi qəbul edir.
Bu gün mən xüsusi olaraq bildirmək istəyirəm ki, biz mədəniyyətlərarası dialoqun qarşılıqlı hörmət prinsiplərinə əsaslanmasını olduqca mühüm hesab edirik. Çünki bəzi hallarda dünyanın bir çox yerində baş qaldıran ekstremizm, irqçilik və ayrı-seçkilik kimi mənfi təzahürlərin qarşısı məhz bu cür addımlar vasitəsilə alına bilər. Biz hamımız o faktla razılaşırıq ki, mədəniyyətlərarası dialoqun, sivilizasiyalararası alyansın təşviq edilməsi hər bir ölkənin milli təhlükəsizliyi üçün də vacibdir. Qarşıya qoyduğumuz bu məqsədlərə nail olmaqdan ötrü, ksenofobiyanın aradan qaldırılması, etnik qarşıdurmanın, ayrı-seçkiliyin tam ləğv edilməsi üçün bu cür dialoqun, bu cür mədəni müxtəlifliyin təmin olunması xüsusi əhəmiyyət kəsb edir. Dünyada hamı bunu yaxşı dərk edir.
Baş direktor 2001-ci ildə BMT Baş Məclisindən başlanan və Azərbaycan tərəfindən daha çox dəstəklənən bu prosesin real nəticələrinin özünü tədricən göstərdiyini bildirdi. Belə olan halda isə sivilizasiyaların mədəni zənginliklərinin qorunub saxlanmasına nail olmaq mümkündür.
Əbdüləziz bin Osman əl-Tüveycri mədəniyyətlərarası dialoqun genişləndirilməsinin vacib olmasına diqqət çəkərək dedi ki, birgə yaşama, dözümlülük kimi dəyərlər beynəlxalq səviyyədə bu dialoqa, sülhün bərqərar olmasına öz töhfəsini verə bilər. Yalnız bu yolla cəmiyyətlər arasında ümumi anlaşmanın təmin olunacağını bildirən baş direktor dedi:
- Mən böyük məmnuniyyət hissi ilə demək istəyirəm ki, Azərbaycan Respublikası mədəniyyətlərarası təmasların, dialoqun təşviq edilməsi üçün indiyə qədər bir çox tədbirlər keçirmişdir. Özü də bu tədbirlər beynəlxalq səviyyədə keçirilmişdir. Buna görə mən Azərbaycan Prezidentinə, habelə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə öz təşəkkürümü bildirirəm ki, onlar bu işin irəliyə doğru aparılmasında çox fəal olmuşlar.
Mən hesab edirəm ki, bizim forum artıq beynəlxalq səviyyədə yeni bir başlanğıc nöqtəsinə çevrilə bilər. Beləliklə, biz mövcud olan bütün böhranların, qeyri-sabitliyin aradan qaldırılmasına nail ola bilərik.
X X X
YUNESKO-nun strateji planlaşdırma üzrə baş direktorunun müavini Hans D`Orvil təşkilatın baş direktoru İrina Bokovanın forum iştirakçılarına təbriklərini çatdırdı.
Hans D`Orvil bu forumun mövzusunun YUNESKO üçün də vacib olduğunu bildirərək dedi:
- Bakıda bu forumun keçirilməsinin vaxtı çoxdan yetişmişdi və bu, zəruri idi.
Hazırda dünyanın qarşılaşdığı, üzləşdiyi çağırışların çətinliyini və mürəkkəbliyini nəzərə alaraq, biz hesab edirik ki, bu kimi problemlərin aradan qaldırılması yalnız birgə səylər vasitəsilə mümkündür.
Beləliklə, mən öz səmimi təbriklərimi əsas təşkilatçı olmuş Azərbaycan hökumətinə ünvanlamaqla yanaşı, YUNESKO ilə tərəfdaş olan BMT-nin Sivilizasiyalararası Alyansına, Avropa Şurasına və İSESKO-ya da öz təşəkkürümü bildirirəm.
Azərbaycan özü nadir bir məkandır və bu məkanda çox sivilizasiyalar, mədəniyyətlər bir-biri ilə qovuşur. Biz özümüzü sanki dinamik bir mədəni məkanda hiss edirik. Burada müxtəlif mədəni təsirlər, ümumi tarixi irs mövcuddur. Bütün bunlar bizim müştərək gələcəyimiz üçün yol açır.
Cənab Prezident!
Xanımlar və cənablar!
Bizim gündəliyimizdə duran məsələlər nədən ibarətdir? Biz ilk öncə konseptual siyasəti və onun çərçivəsini nəzərdən keçirməliyik, mədəniyyətlərarası dialoqa qarşı duran çağırışları nəzərə almalıyıq. Bu, eyni zamanda, maneələrin nəzərdən keçirilməsi və aradan qaldırılması yollarının araşdırılması üçün vacib olacaqdır. Biz hesab edirik ki, mədəniyyətlərarası dialoq YUNESKO-nun onurğa sütununu təşkil edən əsas elementdən biridir. Sülh qarşılıqlı anlaşmaya əsaslanmalıdır və bu sülh dünyanın hər bir guşəsində və qitəsində olmalıdır.
Bu prosesdə əsas idealların gerçəkləşdirilməsi, müharibə və bəşəriyyət üçün digər təhlükələrin aradan qaldırılması vacibliyini vurğulayan H.D`Orvil qeyd etdi ki, mədəniyyətlərarası dialoq universal xarakter daşıdığına görə bu proses həm də sülhün, mədəni anlaşmanın, yoxsulluğun aradan qaldırılmasının hərəkətverici amilidir.
O, mədəniyyətlərarası dialoqun əldə edilməsində YUNESKO-nun uşaqlarla bağlı yeni platforma müəyyən etdiyini, bu prosesdə təhsil və mədəni irs məsələsinə xüsusi diqqət yetirilməsinin vacibliyini bildirdi.
X X X
BMT-nin Sivilizasiyalar Alyansı Katibliyinin icraçı direktoru Mark ŞUER çıxış edərək dedi:
- Mədəniyyətlərarası dialoq qlobal gündəlikdə hər zaman yüksək yerdə olmalıdır ki, biz insanları səfərbər edə bilək. Məhz Bakı Forumunun sessiyalarının birində müzakirə edilən mövzu ondan ibarətdir ki, biz bir tərəfdən müxtəlifliyi, mədəniyyətlərarası dialoqu, sülh və inkişafı, digər tərəfdən bunlar arasında əlaqəni təmin etməliyik.
2011-ci ilin dekabrında alyansın növbəti forumunu təşkil edəcək Qətər dövləti bu yanaşmanın inkişaf etdirilməsində aparıcı rol oynayır.
Biz hazırda Bakıda görüşmək imkanının yaradılmasına görə təşəkkürümüzü bildiririk. Çünki burada bir çox şəxsiyyətlər, bizim çox sevimli, dəyərli tərəfdaşlarımız əyləşiblər. Bizi bu tədbirə Azərbaycan dəvət edib. Biz xüsusi olaraq ona görə təşəkkürümüzü bildiririk ki, məhz bu forum çox münasib bir vaxtda keçirilir. Bir çox tərəfdaşlar, çoxlu dostlarımız, dünyanın müxtəlif yerlərindən bu sahədə mühüm rol oynayan şəxslər Bakıda bir araya gəliblər. Məhz Azərbaycan bu Forumun baş tutması üçün böyük səylər göstərmişdir.
Gənclər dəyişiklikləri irəliyə doğru aparan əsas qüvvədir. Biz inanırıq ki, onlar öz enerjisindən, gücündən istifadə edərək, bizim qarşımızda duran bu paradiqmanın həllinə də öz töhfələrini verəcəklər. Bir çox hallarda onlar ümumi dəyərləri daha yaxşı görür, anlayırlar və etiraf edirlər ki, müxtəliflikdən heç də qorxmaq, çəkinmək lazım deyildir. Əslində, bu özü gözəl bir məfhumdur. O, plüralizmi yarada, yeni perspektivləri aça, ehkamları aradan qaldıra bilər. O, eyni zamanda, sürətlə dəyişən dünyaya bizim uyğunlaşmağımıza yardım edə bilər. Mən qeyd etmək istəyirəm ki, dünyada müxtəliflik mövcuddur. Lakin hesab edirik ki, bu Forumun keçirilməsi aramızda olan əməkdaşlığı daha da gücləndirəcəkdir.
M.Şuer bu Forumdan irəli gələrək bir çox işlərin görülməsinin zəruriliyini bildirdi. Qeyd etdi ki, qlobal sivilizasiyalarla bağlı məlumatlar daha da geniş arealda yayılmalı, qarşıya qoyulan məqsədlərə nail olunması üçün hər bir fərd əlindən gələni etməlidir. Vətəndaş cəmiyyətləri arasında anlaşma təmin edilməli, bu prosesdə incəsənətin rolu artırılmalıdır. M.Şuer bildirdi ki, bu tədbir mədəniyyətlərarası təmasların genişləndirilməsi üçün yeni üfüqlər açacaqdır. Eyni zamanda, Bakı forumunun universal dəyərlərə əsaslanan qlobal sivilizasiyanın yeni elementlərini müəyyən etməkdə mühüm rolu olacaqdır.
X X X
Krans Montana Forumunun təsisçisi və prezidenti Jan Pol KERTERON Forumun yüksək səviyyədə təşkil edildiyinə görə, Azərbaycan Prezidentinə təşəkkürünü bildirərək dedi:
- Çox yaxşıdır ki, bu tədbir məhz burada, Azərbaycanda keçirilir. Çox yaxşıdır ki, Siz bu ölkənin Prezidentisiniz.
Cənab Prezident, mən çıxışıma ilk növbədə Prezident Heydər Əliyevin rolunu qeyd etmədən başlamazdım. Mən bilirəm ki, o, bu ölkəyə bir çox uğurlar gətirdi. Biz bu uğurları yüksək dəyərləndirir və daim xatırlayırıq.
Jan Pol Kerteron mədəniyyətlərarası dialoqun qurulma formaları barədə düşünməyin vacibliyindən danışaraq dedi ki, mövcud dəyərlərdən bəhrələnməklə XXI əsrdə qarşıda duran çağırışlar nəzərə alınmalı, cəmiyyətin qurucularına xüsusi şərait yaradılmalıdır. “Biz müasir, müsbət, şəffaf formada əməkdaşlığın qurulması barədə düşünməliyik”, - deyən Jan Pol Kerteron bu məsələdə səlahiyyətli orqanların üzərinə böyük vəzifələrin düşdüyünü bildirdi, bir daha diqqəti dünya əhəmiyyətli bu Forumun keçirilməsində böyük xidmətləri olan Azərbaycana yönəldərək dedi:
- Azərbaycan bu sahədə artıq fəal rol oynayır, irəlidə gedir və biz bu səylərə dəstək verməliyik.
Cənab Prezident, Sizinlə burada olmağımızdan çox şadıq, şərəf hissi duyuruq və inanıram ki, Sizin liderlik məharətiniz, apardığınız quruculuq işləri Azərbaycanı böyük bir körpüyə çevirir. Coğrafi yerləşməsini nəzərə alaraq, Azərbaycan özü bir körpüdür. Cənab Prezident, Siz sabit, sosial, siyasi, iqtisadi baxımdan güclü ölkə qurursunuz və bu, nümunə ola bilər.
Biz bundan sonra səylərimizi davam etdirmək istəyirik ki, Azərbaycan bu sahədə öz körpü rolunu oynasın. Azərbaycan həm iqtisadi baxımdan irəliyə doğru addımlar atsın və bu ayırıcı xətlərin, boşluqların doldurulması üçün və xüsusən də Cənuba yardımın göstərilməsi üçün işlər görülsün.
X X X
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları “Gülüstan” sarayının foyesində təşkil olunmuş fotosərgiyə baxdılar.
X X X
Sonra Forum iştirakçıları xatirə şəkli çəkdirdilər.
X X X
Forum öz işini müxtəlif mövzularda sessiyalarla davam etdirdi.