Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17 mart 2016, 18:28
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət ümumi təhsil müəssisələrində çalışan işçilərin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:
1. “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 yanvar tarixli 994 nömrəli Sərəncamının 1-ci hissəsinə uyğun olaraq müəyyən edilmiş aylıq vəzifə maaşları 2016-cı il aprelin 1-dən orta hesabla 10 faiz artırılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. bilik və bacarıqların diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxemi və məbləğlərini, vəzifə maaşlarına əlavələrin məbləğlərini 2016-cı il aprelin 1-dək təsdiq etsin;
2.2. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 mart 2016-cı il.