Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası keçirilib
15 mart 2016, 15:40
Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası keçirilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib ƏRDOĞAN iclasda çıxış edərək dedi:
- Əziz qardaşım, cənab Prezident Əliyev.
Nümayəndə heyətinin dəyərli üzvləri.
Sizi ən səmimi hisslərimlə, məhəbbətlə, hörmətlə salamlayıram. Sizi ikinci vətəniniz olan Türkiyədə qonaq qəbul etməkdən böyük məmnuniyyət hissi keçirdiyimi xüsusilə vurğulamaq istəyirəm. Millətimizin və ölkəmizin bu çətin günündə - Ankaranın mərkəzində, Kızılayda tamamilə mülki əhaliyə qarşı həqiqətən çox ciddi terror aktı – terrorçu-intiharçının törətdiyi hücumla bağlı göstərdiyiniz həmrəyliyə görə öz adımdan və millətimiz adından təşəkkür edirəm. Bu gün Siz mərhum Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını yaşayaraq bunu açıq-aşkar nümayiş etdirdiniz. Bu səfərinizlə bütün dünyaya, xüsusilə də dünyadakı bütün terror təşkilatlarına və onların arxasındakı qüvvələrə çox güclü və dəqiq mesaj verdiyinizə əminəm. Sizə millətim adından bir daha təşəkkürümü bildirirəm.
Builki iclasımızın Azərbaycanın müstəqilliyinin bərpasının 25-ci ilində keçirilməsi xüsusi bir məna daşıyır. Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olaraq, ötən 25 ildə keçdiyiniz inkişaf yolu və əldə etdiyiniz müvəffəqiyyətlərlə bağlı biz də ən azı sizin qədər qurur duyuruq. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasına dəyərli qardaşım, hörmətli Əliyev ilə birlikdə sədrlik etməkdən böyük məmnuniyyət duyuram. Bu gün apardığımız və aparacağımız müzakirələrin ölkələrimiz üçün xeyirli olmasını arzu edirəm.
Sizinlə təkbətək görüşümüzdə ətraflı fikir mübadiləsi apardıq. Eyni zamanda, heyətlərimizin üzvləri də həmkarları ilə görüşlər keçirdilər. Hörmətli nazirlərimiz bu görüşlərin nəticələrini bir azdan sonra Şuraya təqdim edəcəklər. Dünya iqtisadiyyatındakı böhranların hələ də davam etdiyini, maliyyə sabitliyinin hələ də təmin olunmadığını hamımız görürük. Bu mənzərə qarşısında bugünkü iclasımız çox böyük önəm və dəyər daşıyır.
Türkiyə bütün sahələrdə Azərbaycanın ən yaxın strateji müttəfiqidir. Şükürlər olsun ki, ikitərəfli əlaqələrimiz bir çox ölkənin qibtə etdiyi və nümunə götürdüyü səviyyədə davam edir. Bu iclasımız, inşallah, mövcud əməkdaşlığımızı daha da inkişaf etdirəcək və möhkəmləndirəcək. İclasımızın əsas mövzuları enerji, nəqliyyat, iqtisadiyyat və hərbi təhlükəsizlik, yəni, müdafiə sahəsində əməkdaşlıq olaraq müəyyənləşdirilib. Dünyadakı hazırkı iqtisadi və siyasi vəziyyəti nəzərə aldıqda mən bu məsələlərin çox dəqiq seçildiyini vurğulamaq istəyirəm.
Əziz qardaşım, son illərdə Azərbaycan bütün sahələrdə sürətlə inkişaf edir. Ötən il ilk Avropa Oyunlarının açılışını möhtəşəm təşkil etdiniz. Açılışda ən az sizin qədər biz də qürur duyduq, iftixar hissi keçirdik. İnşallah, bu il də BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmək üçün Bakıya səfər edəcəyik. Həmçinin Sizin 2016-cı ili “Multikulturalizm ili” elan etdiyinizi bilirəm. Məlumdur ki, diskriminasiya, ksenofobiya və İslamafobiya kimi irqçi meyillər dünyada yenidən fəallaşıb. Bu baxımdan ev sahibliyi edəcəyiniz BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun çox mühüm əhəmiyyət daşıdığını düşünürəm. Forumun uğur qazanması üçün Sizinlə sıx əməkdaşlıq və əlaqələndirmə şəraitində çalışacağıq. Bilirsiniz ki, biz də ilk dəfə təşkil ediləcək Dünya Humanitar Zirvə Toplantısına mayın 23-24-də İstanbulda ev sahibliyi edəcəyik. İnşallah, Sizi orada qəbul edəcəyimə ümidvaram. Aprelin 14-15-də İslam Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə Toplantısı İstanbulda keçiriləcək. Sizi həmin Zirvə Toplantısında da görməkdən böyük məmnunluq duyacağam. Çünki builki Zirvə Toplantısında müzakirə olunacaq məsələlər mühüm əhəmiyyət kəsb edir.
Əhəmiyyət verdiyim digər məqam isə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətinin və təsir dairəsinin daha da artırılmasıdır. Asiya iqtisadi və ticari baxımdan XXI əsrin mərkəzinə çevrilir. Qafqaz bölgəsi isə Asiya ilə Avropa arasında ən mühüm nəqliyyat, ticarət və enerji marşrutlarından biri kimi get-gedə daha çox diqqət mərkəzinə çevrilir. Bu baxımdan tarixi “İpək yolu”nun bərpası və təkmilləşdirilməsi məqsədilə həyata keçirilən işlər qətiyyətlə davam etdirilməlidir. Azərbaycanın həmin layihələr üzrə qovşaq və yolların kəsişməsində yerləşməsi baxımından mühüm rolu var. Başda Bakı və Ələt limanlarında aparılan işlər olmaqla, logistik dəhlizi əhatə edən bütün layihələrdə Azərbaycan tərəfi ilə sıx əməkdaşlıq və əlaqələndirmə şəraitində işləmək istəyirik.
Digər mühüm məsələ isə Azərbaycanın enerji resurslarının təhlükəsiz şəkildə Avropaya çatdırılmasıdır. “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi üçün TANAP layihəsi üzrə səmərəli əməkdaşlığımız var. Hazırkı dövrdə “Cənub” qaz dəhlizinin əhəmiyyəti daha da artıb. Bu dəhlizin onurğa sütununu isə TANAP təşkil edir. Bu baxımdan layihə mümkün qədər qısa vaxtda həyata keçirilməlidir.
Biz vətəndaşlarımızın təhlükəsizliyinə qəsd edən, ölkəmizi təhdid edən bütün terror təşkilatlarına qarşı mübarizəmizi davam etdirəcəyik. Bu məsələdə Azərbaycanın bizi dəstəklədiyini bilirik. Bu gün buraya gələrək bunu sübut etdiniz. Həm də əsl dostluğun və qardaşlığın nə demək olduğunu bizə göstərdiniz. Millətimiz bunu heç vaxt unutmayacaq. Bu düşüncələrlə Sizi və nümayəndə heyətinizin üzvlərini bir daha salamlayıram və sözü Prezident, əziz qardaşım İlham Əliyevə verirəm.
X X X
Azərbaycan Prezidenti İlham ƏLİYEV çıxış edərək dedi:
-Hörmətli cənab Prezident, əziz qardaşım.
Mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm.
İlk növbədə iki gün əvvəl Ankarada törədilmiş dəhşətli terror aktı nəticəsində həlak olanlara Allahdan rəhmət diləmək istəyirəm. Həlak olanların yaxınlarına Allahdan səbir diləyirəm. Bu dəhşətli terror aktı bizi də sarsıtdı. Azərbaycan xalqı həmişə olduğu kimi, bu gün də türk xalqı ilə birlikdədir. Biz həmrəyik, dostuq, qardaşıq. Bizim əlaqələrimizin təməlində xalqlarımızın birliyi, qardaşlığı dayanır. Yaxşı günlərdə də, ağır günlərdə də biz hər zaman bir-birimizin yanındayıq.
Siz də qeyd etdiyiniz kimi, bu il Azərbaycan müstəqilliyinin bərpasının 25-ci ildönümünü qeyd edəcək. Bizim müstəqilliyimizi tanıyan ilk ölkə Türkiyə olmuşdur. O gündən bu günə qədər bizim əməkdaşlığımız dərinləşir, inkişaf edir və bu gün strateji tərəfdaşlıq səviyyəsinə qalxmışdır. Bu gün Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir.
Biz bir çox sahələr üzrə ciddi fəaliyyət göstəririk. Siz qeyd etdiyiniz kimi, təhlükəsizlik, terrora qarşı mübarizə sahələrində, enerji, nəqliyyat, hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığımızın çox gözəl tarixi var və əminəm ki, bu əməkdaşlıq getdikcə daha da dərinləşəcək.
Türkiyənin son illər ərzində sürətli inkişafı da bizi sevindirir. Türkiyə bu gün dünya miqyasında güclü ölkələr sırasındadır. Türkiyənin bütün dostları buna sevinirlər, ilk növbədə Azərbaycan xalqı buna sevinir.
Keçən ilin noyabr ayında Sizin rəhbərliyinizlə G20 toplantısı keçirilmişdir. Bu da ölkənizin növbəti böyük zəfəri idi. Biz fəxr edirik ki, Azərbaycan bu toplantıya dəvət olunmuşdur. Siz bir daha öz qardaşlığınızı göstərdiniz. Çünki Siz bir ölkəni dəvət edə bilərdiniz, o ölkə də Azərbaycan oldu. Azərbaycan xalqı bunu yüksək qiymətləndirir.
Bir sözlə, bizim əlaqələrimizin gələcək inkişafı üçün bütün imkanlar vardır. Bu gün birgə icra etdiyimiz layihələr bizi daha da möhkəmləndirir. Enerji sahəsində, qeyd etdiyiniz kimi, TANAP layihəsinin icrası artıq reallaşıb və əminəm ki, vaxtında icra ediləcək. Biz TANAP layihəsinə sizinlə bərabər 2012-ci ildə İstanbulda start verdik. Ondan sonra TANAP layihəsi əsasında “Cənub Qaz Dəhlizi” layihəsi də yaranmışdır.
X X X
İclasda ölkələrimiz arasında həyata keçirilən enerji, nəqliyyat layihələrinin icrası, qarşılıqlı investisiya, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparıldı.