Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində İlham Əliyevin nitqi
19 mart 2011, 14:10
Əziz dostlar, hörmətli xanımlar və cənablar!
Mən sizi və bütün Azərbaycan xalqını Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm, hər bir Azərbaycan vətəndaşına bu bayram günlərində xoşbəxtlik, cansağlığı arzulayıram.
Novruz bizim sevimli bayramımızdır. Əsrlər boyu Azərbaycan xalqı bu bayramı qeyd etmiş, bu bayramı öz qəlbində yaşatmışdır. Biz 20 ildir ki, bu bayramı dövlət bayramı kimi qeyd edirik. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Novruz bayramını çox geniş şəkildə - rəsmi dövlət bayramı kimi qeyd edir. Son illərdə biz Novruz bayramını bir neçə gün ərzində qeyd edirik. Bu il isə 9 gün istirahət günüdür. Mən əminəm ki, hər bir Azərbaycan ailəsi bu günlərdən səmərəli şəkildə istifadə edəcək, hər bir ailə bu gözəl bayramı bir yerdə qeyd edəcəkdir.
Azərbaycan xalqı milli dəyərlərə, milli ənənələrə sadiqdir. Bu gün Azərbaycan dövləti bu dəyərlər üzərində qurulubdur. Biz müstəqilliyi bərpa etdikdən sonra birinci iki ili istisna şərti ilə uğurlu inkişaf yolu keçmişik. Müstəqilliyimizin birinci illəri ölkəmiz və xalqımız üçün çox ağır keçmişdir. O illər xaos, böhran, anarxiya illəri kimi yadda qalmışdır. O illərdə Azərbaycanın, ümumiyyətlə, gələcək inkişafı və müstəqil ölkə kimi mövcudluğu sual altında idi. Yalnız 1993-cü ildə xalqın tələbi ilə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə vəziyyət sabitləşdi, vətəndaş müharibəsinə son qoyuldu, inkişaf və tərəqqi yolu başlandı.
Bu gün biz bu yola sadiqik. Bu gün Azərbaycan sözün əsl mənasında öz inkişaf dövrünü yaşayır, ölkəmiz sürətlə irəliyə gedir. Şübhə etmirəm ki, bundan sonrakı illərdə də Azərbaycanda bütün müsbət meyillər daha da güclənəcəkdir.
Bu il biz müstəqilliyimizin bərpasının 20 illik yubileyini qeyd edirik. 20 il həm tarix baxımından qısa bir müddətdir, eyni zamanda, 20 il ərzində çox iş də görmək olar. Azərbaycanın bugünkü reallıqlarına nəzər salaraq görmək olar ki, bu gün Azərbaycan sözün əsl mənasında müstəqil dövlət kimi dünya xəritəsində öz yerini tuta bilmişdir.
Biz bütün regional məsələlərdə fəal iştirak edirik. Azərbaycan regional sabitlik və inkişaf amilinə çevrilibdir. Bizim təşəbbüslərimiz həm ölkəmizi gücləndirir, həm də regionda gedən proseslərə çox müsbət təsir göstərir.
Biz müasir dövlət qururuq. Dövlət quruculuğu Azərbaycanda əslində 1993-cü ildən sonra başlamışdır. Dövlətçiliyin əsasları qoyulmuşdur, Azərbaycanda hüquqi dövlətin yaradılması istiqamətində çox önəmli addımlar atılmışdır, islahatlar aparılmışdır. Bu gün bu islahatlar davam etdirilir. İstər siyasi sahədə, istərsə də iqtisadi sahədə islahatların davam etdirilməsi hər bir cəmiyyət üçün inkişafa gedən yoldur. Azərbaycan dövləti müasirliyə, inkişafa sadiq olduğunu islahatların davam etdirilməsində nümayiş etdirir.
Biz elə etməliyik ki, ölkə qarşısında duran bütün vəzifələr öz həllini tapsın, insanlar daha da yaxşı yaşasınlar, ölkəmizdə qanunun aliliyi tam şəkildə bərqərar olunsun. Azərbaycanda xoşagəlməz hallara qarşı çox ciddi mübarizə aparılır və biz bu mübarizənin gözəl nəticələrini görürük. Qanunun aliliyi, sosial ədalət prinsiplərinin tətbiq olunması, korrupsiyaya, rüşvətxorluğa qarşı geniş mübarizə öz bəhrəsini verir. Təbii sərvətlərimizi və ölkədə çox düşünülmüş iqtisadi siyasəti nəzərə alaraq Azərbaycan dövləti və Azərbaycan cəmiyyəti yalnız və yalnız inkişaf və tərəqqi yolu ilə gedə bilər.
Hazırda əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Biz bu uğurları həm statistik rəqəmlərdə, həm də gözəlləşən şəhərlərimizdə görürük. Azərbaycan son illərdə sözün əsl mənasında intibah dövrünü yaşayır. İqtisadi və maliyyə böhranına baxmayaraq, həm iqtisadiyyatımız artıb, həm də insanların sosial vəziyyəti yaxşılaşır, uğurlu sosial siyasət aparılır.
Ancaq əldə edilmiş uğurlar, sadəcə, bizim üçün gələcək addımların atılması üzrə bir stimul olmalıdır. Həyat yerində durmur, ölkə qarşısında yeni vəzifələr çıxır, yeni çağırışlarla üzləşirik və biz hazır olmalıyıq. Bunu etmək üçün güclü iqtisadiyyat və güclü siyasi sistem olmalıdır.
Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması prosesi uğurla gedir, xalqla iqtidar arasında birlik vardır. Bütün təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir, əks təqdirdə biz bu inkişafa nail ola bilməzdik.
Biz gələcəyimizi çox açıq və aydın şəkildə görürük. Biz hara gedirik, gələcəkdə bizi nələr gözləyəcək?! Yəni bütün bu məsələləri, ölkə qarşısında duran vəzifələri uğurla həll etmək üçün əlbəttə, biz çalışmalıyıq ki, gələcəyi də proqnozlaşdıra bilək. Bir daha demək istəyirəm ki, bu məqsədlə aparılan və aparılacaq islahatların xüsusi əhəmiyyəti vardır.
Bu gün Azərbaycan regionda iqtisadi cəhətdən aparıcı dövlətdir. Cənubi Qafqaz iqtisadiyyatının 75 faizi Azərbaycanda formalaşır. Azərbaycanda iqtisadi sahədə, enerji sahəsində atılan addımlar nəinki ölkənin inkişafını şərtləndirir, regional proseslərə də çox güclü təsir göstərir. Getdikcə regiondakı rolumuz artacaqdır. Artıq Azərbaycan tərəfindən icra edilən layihələr hətta region müstəvisindən çıxıbdır və o layihələrin, təşəbbüslərin böyük beynəlxalq əhəmiyyəti vardır.
Biz, bir daha demək istəyirəm ki, müasir dövlət quruculuğunda ilk növbədə milli dəyərlərimizə arxalanırıq. Bu dəyərlər bizim üçün ən vacib dəyərlərdir. Təbii ki, biz ümumbəşəri dəyərləri bölüşürük, Avropa dəyərlərinə hörmətlə yanaşırıq, ancaq bizim üçün əsas dəyərlər Azərbaycan dəyərləridir. Biz elə etməliyik ki, gənc nəsil də milli ruhda böyüsün, tərbiyə alsın. Gənc nəsil vətənpərvər olsun, Vətəni sevsin, Vətənə ləyaqətlə xidmət etsin, peşəkar, bilikli, savadlı olsun. Bu məqsədlə ölkəmizdə aparılan işlər artıq öz nəticəsini verir. Gələcəkdə biz bu nəticələri daha da geniş şəkildə görəcəyik.
Ölkə qarşısında duran vəzifələr icra edilir. Bir daha demək istəyirəm ki, biz siyasi və iqtisadi islahatları davam etdirəcəyik. Sosial sahədə siyasətimizi daha da gücləndirəcəyik və beləliklə biz müasir dövlətin yaradılması üçün uğurla irəliyə gedəcəyik.
Şəhərlərimiz gözəlləşir, abadlaşır, regionlarda işlər yaxşı gedir, regional inkişaf proqramı uğurla icra edilir. Biz proqramın ikinci mərhələsinin yekunlarını bu yaxınlarda müzakirə etmişik və görürük ki, hər bir vəzifə öz həllini tapır, qarşıya qoyulmuş hər bir məsələ həll olunur.
Bu yaxınlarda Bakının, şəhərətrafı kənd və qəsəbələrin sosial-iqtisadi inkişafı proqramı qəbul ediləcəkdir. Bir neçə gün bundan əvvəl bu məsələ ilə bağlı geniş müşavirə keçirilmişdir. Bu il və gələn illərdə Bakıətrafı qəsəbələrin inkişafı üçün əlavə vəsait nəzərdə tutulacaqdır. Beləliklə, kəndlərin sosial və iqtisadi məsələlərinin həlli üçün bu yaxınlarda çox geniş və müfəssəl proqram qəbul ediləcəkdir.
Yəni, hər bir sahə diqqət mərkəzindədir. Ölkədə elə bir məsələ yoxdur ki, orada irəliləyiş, inkişaf olmasın. Bütün bu müsbət meyillərlə yanaşı, bir də demək istəyirəm ki, hər bir yerdə bütün vəzifəli şəxslər, bütün məmurlar vətəndaşlara ləyaqətlə xidmət etməlidirlər, vətəndaşlara kömək göstərməlidirlər, onların qayğıları ilə yaşamalıdırlar. Biz elə etməliyik ki, ölkədə yaranan hər bir məsələ tezliklə həllini tapsın və beləliklə, Azərbaycan xalqı daha da yaxşı və firavan yaşasın.
Ölkə qarşısında duran vəzifələrdən ən başlıcası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Bu məsələ ilə bağlı bildiyiniz kimi, Azərbaycan öz siyasətini aparır, həm danışıqlar prosesində konstruktivlik göstərir, eyni zamanda, ölkəmizin güclənməsi və regionda təsir dairəmizin genişlənməsi əlbəttə ki, mövqeyimizi daha da gücləndirir. Hamımız yaxşı bilirik ki, bütün beynəlxalq təşkilatların qərarları, qətnamələri Azərbaycanın mövqeyini dəstəkləyir. Hüquqi cəhətdən bu məsələ ilə bağlı həll yolları hamımız üçün aydındır. Bu məsələ ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Məsələnin başqa həll variantı yoxdur və mən şübhə etmirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Biz çalışırıq ki, bunu sülh yolu ilə həll edək. Amma eyni zamanda, ordu quruculuğumuza da böyük diqqət göstəririk. Bəzi hallarda bu, bəzi xarici dairələri narahat edir. Hesab edirəm ki, narahatçılığa heç bir əsas yoxdur. Əgər məsələ öz həllini sülh yolu ilə taparsa əlbəttə ki, hərbi variantdan söhbət gedə bilməz. Ancaq artıq 20 ildən çoxdur ki, Azərbaycan torpaqları işğal altındadır. Azərbaycan vətəndaşları bu işğaldan, etnik təmizləmə siyasətindən əziyyət çəkirlər. Bu gün güclənən Azərbaycan tam əmindir ki, bu məsələ istənilən yolla öz həllini tapa bilər.
Ordu quruculuğumuza göstərdiyimiz diqqət, hərbi xərclərin artırılması, yeni hərbi texnikanın Azərbaycanda istehsal olunması əlbəttə, məsələnin ədalətli həlli üçün hesab edirəm ki, əlavə imkanlar yaradacaqdır. Bu gün Azərbaycanda ən müasir döyüş texnikası istehsal olunur. Artan iqtisadi imkanlarımız, enerji layihələrinin icrası nəticəsində əldə ediləcək əlavə gəlirlər əlbəttə ki, Azərbaycanı bu cəhətdən daha da gücləndirəcəkdir.
Biz hələ ümid edirik ki, məsələ həllini sülh yolu ilə tapa bilər. Bunu etmək üçün sadəcə olaraq, Ermənistan tərəfi beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrini qeyd-şərtsiz icra etməlidir, işğal olunmuş torpaqlardan çıxmalıdır, Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıtmalıdırlar. Ondan sonra bölgədə sülh və sabitlik yarana bilər.
Hazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bölgə üçün ən böyük təhlükə mənbəyidir. Hamı yaxşı bilir ki, bu təhlükəni biz yaratmamışıq və bu münaqişədən ən çox əziyyət çəkən Azərbaycan tərəfidir. Mən ümid edirəm və əminəm ki, məsələ öz həllini tapacaq, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bu məsələnin həlli üçün başqa yol yoxdur, ola da bilməz. Azərbaycan xalqı və Azərbaycan dövləti öz tarixi torpaqlarında ikinci erməni dövlətinin yaranmasına heç vaxt icazə verməyəcəkdir. Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcəkdir. Dağlıq Qarabağda hazırda yaşayan insanlar və oraya mütləq qayıdacaq azərbaycanlılar muxtariyyət şəraitində yaşamalıdırlar. Bu, dünya praktikasında bəlli olan yanaşmadır və bütün məsələlər vahid Azərbaycan dövləti çərçivəsində öz həllini muxtariyyət statusu ilə tapmalıdır. Bir də demək istəyirəm ki, Azərbaycan bu prinsipial mövqedən dönməyəcəkdir.
Bu məsələdən başqa digər məsələlər, bir də demək istəyirəm ki, Azərbaycanda uğurla icra edilir. Biz gələcəyə çox böyük ümidlərlə və nikbinliklə baxırıq. Biz elə etməliyik ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli olsun. Biz öz müstəqil həyatımızı qoruyuruq və qoruyacağıq. Bizim üçün müstəqillik ən böyük sərvətdir, ən böyük nemətdir, ən böyük dəyərdir. Əsrlər boyu Azərbaycan xalqı müstəqillik arzuları ilə yaşamışdır. Bu gün müstəqil ölkə kimi biz müstəqil siyasət aparırıq və bu siyasət Azərbaycan xalqının maraqlarına tam şəkildə cavab verir. Biz müstəqil seçimimizi, həyat tərzimizi qorumalıyıq. Bir də demək istəyirəm ki, Azərbaycan cəmiyyəti möhkəm milli, mənəvi dəyərlər üzərində qurulubdur. Eyni zamanda, Azərbaycan dövləti müasir, dünyəvi dövlətdir və dünyada gedən bütün müsbət proseslər Azərbaycana da müsbət təsir göstərir.
Biz gələcəkdə də bu siyasəti davam etdirəcəyik. Bir daha demək istəyirəm ki, müstəqilliyimiz bizim üçün ən böyük dəyərdir. Bu müstəqilliyi gücləndirmək üçün biz hər gün, hər an işləməliyik və işləyirik. Bu məsələdə cəmiyyətdə tam şəkildə həmrəylik vardır. Biz bilirik hara gedirik, bilirik gələcəyimiz necə olacaqdır. Bizim gələcəyimiz öz əlimizdədir. Azərbaycanın gələcəkdə hansı yollarla inkişaf edəcəyi bizdən asılı olacaqdır.
Mən hesab edirəm ki, son illər, son 17 il ərzində ölkəmizdə dövlətçiliyin əsasları o qədər möhkəm qoyulmuşdur ki, gələcək illərdə də bu yoldan dönmək mümkün olmayacaqdır. Bu, yeganə seçimdir və bu gün Azərbaycanın uğurlu inkişafı bunu bir daha sübut edir. Yəni, 1993-cü ildə ölkəmizin inkişafı müxtəlif istiqamətlərdə gedə bilərdi. Yalnız bu yol, inkişaf yolu, müstəqillik yolu, öz gücümüzə arxalanmaq əzmimiz bugünkü reallıqları bizim üçün yaradıbdır. Son illər ərzində Azərbaycan dünya miqyasında ən sürətli inkişaf yolu keçmişdir. Bunu bütün statistik göstəricilər də göstərir.
Azərbaycan iqtisadiyyatı böhran illərində də artır, Azərbaycan gözəlləşir, abadlaşır, möhkəmlənir. Bu gün Azərbaycana gələn hər bir xarici vətəndaş, hər bir qonaq, - əgər o qərəzsizdirsə, - bu reallıqları görür, təqdir edir və qiymətləndirir.
Bu əziz gündə, hamımız üçün əziz Novruz bayramı ərəfəsində bir daha bütün Azərbaycan xalqını ürəkdən təbrik etmək istəyirəm, hər bir Azərbaycan vətəndaşına cansağlığı, xoşbəxtlik və yeni uğurlar arzulayıram!
Bayramınız mübarək olsun!