İlham Əliyev “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısında iştirak edib
29 fevral 2016, 10:50
Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edib.
Dövlətimizin başçısı tədbirdə nitq söylədi.
Prezident İlham Əliyevin nitqi
- Hörmətli xanımlar və cənablar.
Hörmətli qonaqlar.
Sizin hamınızı Azərbaycanda salamlamaq istərdim və “Cənub Qaz Dəhlizi” layihəsi Məşvərət Şurasının ikinci toplantısında iştirak etdiyinizə görə sizə minnətdarlığımı bildirirəm.
Bu gün keçirilən görüş böyük əhəmiyyətə malikdir. Biz ötən il görülmüş işləri nəzərdən keçirəcəyik və 2016-cı il üçün proqramımızı planlaşdıracağıq.
Bakıda bir il əvvəl keçirilmiş “Cənub Qaz Dəhlizi” layihəsi Məşvərət Şurasının birinci toplantısı bütün layihə üzvləri arasında əlaqələndirməni yaratmaq məqsədilə göstərilmiş səylərin təzahürü idi. Həmin səylər böyük uğurla nəticələndi.
Bir il ərzində ikitərəfli və çoxtərəfli formatda çoxsaylı görüşlərimiz olub. Bu gün aparılan əlaqələndirmənin və əməkdaşlığın səviyyəsi bizim düzgün yolda olduğumuzu nümayiş etdirir. 2015-ci ildə əldə edilmiş mühüm nailiyyətlərdən biri təməlqoyma mərasimi və TANAP layihəsinin həyata keçirilməsinin başlanması oldu. Ötən il Türkiyənin Qars vilayətində Türkiyə, Gürcüstan və Azərbaycan prezidentlərinin iştirakı ilə TANAP-ın təməlqoyma mərasimi keçirildi. Bildiyiniz kimi, TANAP layihəsi “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasında olduqca əhəmiyyətli idi.
Hər şey cədvələ uyğun gedir. Biz düzgün istiqamətdəyik. Eyni zamanda, mən 2015-ci ilin nailiyyətləri sırasında səylərimizin əlaqələndirilməsini qeyd etmək istərdim. Hazırda biz böyük komanda kimi çalışırıq. Bu heyət bir çox ölkələrdən ibarətdir. Əlbəttə, əməkdaşlıq və əlaqələndirmə səviyyəsi, qarşılıqlı etimad həmin genişmiqyaslı layihənin həyata keçirilməsində vacibdir.
“Cənub Qaz Dəhlizi” layihəsi Avropanın genişmiqyaslı infrastruktur və enerji layihəsidir. Azərbaycanın nəhəng qaz ehtiyatları, xüsusən də “Şahdəniz” yatağı hazırda “Cənub” qaz dəhlizi üçün yeganə resurs mənbəyidir. Həmin yataq dünyada ən iri qaz yataqlarından biridir.
Lakin ümidvaram ki, təchizatın digər mənbələri də olacaq. Biz böyük həcmdə təbii qazı nəql edəcək boru kəmərini çəkirik. Zənnimcə, gələcək planlar və nailiyyətlər aramızda qarşılıqlı etimadın səviyyəsindən asılı olacaq.
Hesab edirəm ki, bu gün bizim artıq olduqca möhkəm əməkdaşlıq formatımız var. Mən layihədə iştirak edən bütün ölkələrin hökumətlərinə minnətdarlığımı bildirmək istəyirəm. Avropa Komissiyasına, Birləşmiş Ştatların hökumətinə bu layihənin həyata keçirilməsinə verdikləri dəyərli töhfəyə görə təşəkkürümü bildirmək istəyirəm.
“Cənub Qaz Dəhlizi” layihəsi enerji təhlükəsizliyi layihəsidir. Bu gün enerji təhlükəsizliyi haqqında danışanda, biz anlayırıq ki, o, ölkələrin milli təhlükəsizliyinin bir hissəsidir. Enerji resursları, şaxələndirmə hər hansı ölkənin sənaye və iqtisadi inkişafında əsas amillərdir. Zəngin təbii ehtiyatları olan ölkələr, əlbəttə ki, təhlükəsiz vəziyyətdədirlər, çünki onlar kənar təchizatdan asılı deyillər. Lakin, eyni zamanda, onların bazarlara ehtiyacı var. Onlara qanunvericiliklə tənzimlənən, hasilatçıların təmin etdiyi həcmləri qəbul edə biləcək uzun perspektivli bazarlar lazımdır.
Fikrimcə, biz burada “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində hasilatçılar, tranzit ölkələr və eyni zamanda, istehlakçılar arasında maraqların çox yaxşı tarazlığına malikik. Həmçinin hesab edirəm, gələn iki–üç il ərzində planlarımızın uğurla həyata keçirilməsi göstərəcək ki, bu layihənin gələcək üçün çox yaxşı potensialı var.
Xatirimdədir, Azərbaycan hələ 1994-cü ildə “Azəri-Çıraq-Günəşli” kimi böyük neft yatağının işlənilməsi ilə bağlı dünyanın əsas neft şirkətləri ilə müqavilə imzalayanda hesab edirdik ki, bu layihənin həyata keçirilməsi, Qara və Aralıq dənizlərinə neft boru kəmərinin çəkilməsi ilə biz öz işimizi başa çatdıracağıq.
Lakin indi - həmin tarixi gündən 22 il keçəndən sonra görürük ki, proses yenə də davam edir. Nailiyyətlərimiz çoxdur. Hətta deyərdim ki, enerji sektorunda Azərbaycan hökuməti bütün vədlərini yerinə yetirdi və planlaşdırdıqlarının hamısına nail oldu. Lakin bu proses yenə də davam edir. Çünki bir layihənin arxasınca digər layihə yaranır. Biz artıq dəhlizi yaratmışıq və ondan, həmçinin digər layihələr üçün istifadə edirik. Gürcüstan və Türkiyəyə təbii qazın nəqlini nəzərdə tutan layihə məhz belə başladı. Biz bu layihəyə Azərbaycan, Gürcüstan və Türkiyə arasında dəmir yolu xətti layihəsini əlavə etmişik. Ümid edirəm ki, həmin layihənin bu il açılışı baş tutacaq. Bütün bunlar Avrasiyanın müxtəlif ölkələri arasında regional əməkdaşlığa, geniş işbirliyinə yol açır.
Enerji təhlükəsizliyi bu gün dünya siyasətinin, eləcə də beynəlxalq təşkilatların əsas gündəliyində yer tutur. Cari ilin əvvəlində mən Davos İqtisadi Forumunda və Münxen Təhlükəsizlik Konfransında iştirak etdim. Enerji təhlükəsizliyi məsələsi hər iki tədbirdə - dünyanın həmin iki ən mühüm toplantısının gündəliyində idi.
Əlbəttə ki, öz enerji siyasətinə qəti surətdə sadiq qalan, hər zaman azad rəqabəti, bazar iqtisadiyyatını, enerji sahəsində toqquşmanı deyil, əməkdaşlığı təşviq edən Azərbaycan enerji şaxələndirilməsində, enerji təhlükəsizliyində mühüm rol oynayır. Eyni zamanda, hesab edirəm ki, ölkəmiz bu layihənin həyata keçirilməsində düşünülmüş siyasət nümayiş etdirir.
Enerji amili heç zaman siyasi təşəbbüs və ya siyasi tələb vasitəsi olmalı deyil. Biz enerji əməkdaşlığını siyasi formatdan ayırmalıyıq. Yalnız bu halda biz uğur qazana bilərik. Fikrimcə, bu şəkildə qurduğumuz əməkdaşlıq bunu nümayiş etdirir. Biz “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsinə sadiqik. Azərbaycan üçün bu, o deməkdir ki, gələn bir neçə il, onilliklər ərzində ölkəmiz hasil edə biləcək həcmə uyğun təbii qazın satışından yararlanacaq. Eyni zamanda, biz layihə üzvləri arasında olduqca möhkəm əməkdaşlıq quracağıq və bu işbirliyi iqtisadiyyatın digər sektorlarına aid olan sahələrdə də nailiyyətlərə imkan açacaq.
Bu layihə, həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər baxımından vacibdir. Enerji təhlükəsizliyi əməkdaşlığımızın mühüm elementidir.
Beləliklə, ölkəmiz üçün bu layihənin faydası aydındır. Əminəm ki, bundan, həmçinin bu zalda təmsil olunan bütün ölkələr faydalanacaqlar. Biz istədiyimizə yaxşı dostluq və tərəfdaşlıq şəraitində nail olacağıq. Fikrimcə, dostluq və tərəfdaşlıq dəhlizin reallaşması üçün olduqca vacibdir.
Eyni zamanda, əminəm ki, Məşvərət Şurasının bu gün keçirilən toplantısında siz, həmçinin 2016-cı ildə həllini gözləyən məsələləri qaldıracaqsınız. 2016-cı il bu layihənin həyata keçirilməsində mühüm ildir. Biz, əlbəttə ki, layihənin həyata keçirilməsində bu məsələlərə vaxt baxımından diqqət yetirməliyik. Bəzi yubanmalar, daxili maneələr ola bilər. Lakin hesab edirəm ki, ölkələrimizin hökumətləri bu maneələri keçmək üçün bütün imkanlarından istifadə edəcəklər.
Hər ölkə layihənin öz ərazisində reallaşmasında məsuliyyət daşıyır. Fikrimcə, 2016-cı il bu baxımdan mühüm il olacaq. Ötən il biz artıq gözəçarpan irəliləyişə nail olduq. Hesab edirəm ki, ölkələrimizdəki ictimai rəy bu layihənin vacibliyini bütövlükdə müsbət dəyərləndirir. Hesab edirəm ki, biz güclü tərəfdaşlıq və əməkdaşlıqla bu məqsədlərə nail olacağıq. TANAP layihəsinin həyata keçirilməsi hazırda olduqca fəal mərhələdədir. Əminəm ki, o, vaxtında, hətta cədvəldən əvvəl icra ediləcək. Əlbəttə, istərdim ki, eyni yanaşma Trans-Adriatik layihəsinin həyata keçirilməsində də olsun. Ümid edirəm ki, bu il tikinti işləri başlayacaq və hasilatçılarla əlaqələndirmə sayəsində “Cənub” qaz boru kəmərinin çəkilməsində məqsədlərimizə nail olacağıq.
Biz bu layihənin həyata keçirilməsində həmrəyik. Qonaqlarımızın tərkibi, bu gün burada yüksək siyasi səviyyədə təmsil olunma göstərir ki, bütün hökumətlər və tərəfdaşlarımız eyni məqsədə xidmət edirlər. Biz XXI əsrin tarixi layihəsini – “Cənub” qaz dəhlizini vaxtında və bütün iştirakçılar üçün maksimal fayda ilə icra edəcəyik.
Mən bu gün keçirilən toplantıya verdiyiniz töhfəyə və iştirakınıza görə sizə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, biz bu gün böyük uğurlara və gözəçarpan irəliləyişə imza atacağıq.
Sağ olun.
X X X
Azərbaycanın energetika naziri Natiq ƏLİYEV Prezident İlham Əliyevin “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasına verdiyi dəstəyin işlərin daha səmərəli həyata keçirilməsinə imkan yaradacağını vurğuladı.
X X X
Xəzər dənizinin təbii resurslarının Avropa bazarlarına çatdırılmasının əhəmiyyətindən danışan Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş ŞEVÇOVİÇ dedi:
- Hörmətli Prezident İlham Əliyevə, nazirlərə, xüsusi nümayəndə Amos Hokştayna, beynəlxalq maliyyə qurumlarının nümayəndələrinə, xüsusilə Konsorsiumun nümayəndəsinə təşəkkür edirəm.
Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyevə bizi Bakıda Məşvərət Şurasının ikinci toplantısına dəvət etdiyinə görə minnətdarlığımızı bildirmək istərdik. Çünki cənab Prezidentin qeyd etdiyi kimi, ötən il bir çoxlarımız üçün olduqca çətin il olub. Lakin buna baxmayaraq, biz bu çox strateji layihə ilə bağlı olduqca yaxşı nəticələr əldə etmişik. Düşünürəm ki, nələri tamamladığımıza nəzər salmaq və bu çox iddialı layihənin başa çatdırılmasında, əminəm, həlledici olacaq bu il üzrə planlar hazırlamaq üçün yaxşı vaxtdır.
Prezident İlham Əliyev artıq ötən ilin bəzi nailiyyətlərini qeyd etdi. Mən vurğulamaq istərdim ki, bizim üçün Xəzər dənizinin karbohidrogen ehtiyatlarının Avropa bazarına çıxışına nail olunması uzun illər müzakirə mövzusu olub. Lakin biz heç vaxt buna indiki qədər yaxın olmamışıq. Müqavilə üzrə Azərbaycan, Gürcüstan və Türkiyədə davam edən tikinti işlərinə 10 milyard dollar vəsaitin ayrılması faktı əlamətdar bir hadisədir. Bu, olduqca güclü irəliləyişdir. Mən sizin hamınıza minnətdarlığımı bildirmək istərdim, çünki siz - hökumətlərin burada iştirak edən nümayəndələri, nazirlər, aparıcı şirkətlərin rəhbərləri, xüsusilə də ev sahibliyi edən Azərbaycanın təmsilçiləri bu uğura öz töhfənizi vermisiniz. Çünki onların səyləri, konstruktiv və güclü dəstəyi olmasaydı, layihə bu qədər sürətlə irəli gedə bilməzdi.
Mən ötən il Prezident İlham Əliyev ilə birlikdə Türkiyənin Qars vilayətində idim. Biz layihənin necə konkretləşdiyini, tikintinin necə başlandığını gördük. Mən əminəm ki, biz boru kəmərinin digər hissələrinin tikintisində də eyni irəliləyişin şahidi olacağıq. Bu səbəbdən də inanıram ki, bu il çox həlledici il olacaq.
Prezident İlham Əliyev enerji təhlükəsizliyinin əhəmiyyətini qeyd etdi. Biz də ölkələrimiz, vətəndaşlarımız üçün Avropada enerji təhlükəsizliyini təkmilləşdirməyə ehtiyac olduğunu hiss etdik. Ötən il bizim enerji birliyi layihəsini təqdim etməyimizin səbəblərindən biri məhz bu idi. Biz şaxələndirmə vasitəsilə enerji və təchizat təhlükəsizliyinin təkmilləşdirilməsinə nail olmaq istədik. Buna görə də biz “Cənub” qaz dəhlizini Avropanın öz enerji ehtiyatlarını necə şaxələndirilməsinin bariz nümunəsi kimi görürük. Söhbət yeni ünvandan gələn yeni təchizatçı, yeni marşrut, yeni qazdan gedir. Bu, Avropanın enerji təhlükəsizliyinə həqiqətən yeni elementlər gətirir və bu da Avropa İttifaqına üzv ölkələr üçün çox vacibdir.
Maroş Şevçoviç Cənub-Şərqi Avropa, həmçinin Balkan ölkələrində layihəyə böyük marağın olduğunu dedi. Beynəlxalq maliyyə təşkilatlarının bu layihəyə marağını və dəstəyini yüksək qiymətləndirən Maroş Şevçoviç “Cənub Qaz Dəhlizi” layihəsinə Avropa İttifaqının dəstəyini ifadə etdi.
X X X
Qısa fasilədən sonra Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı öz işini davam etdirdi.
Energetika naziri Natiq ƏLİYEV texniki cəhətdən mürəkkəb layihə olan “Cənub Qaz Dəhlizi” ilə bağlı ötən dövrdə görülən işlərdən danışdı, tədarük olunacaq qazın Avropa ölkələrinin təchizatında mühüm rol oynayacağını dedi. Fransa, İspaniya, İtaliya, Yunanıstan kimi iri Avropa ölkələrinin layihəyə böyük maraq göstərdiyini deyən Natiq Əliyev bu layihənin reallaşmasının yeni iş yerlərinin açılmasına imkan yaratdığını bildirdi.
Türkiyənin enerji və təbii ehtiyatlar naziri Berat ALBAYRAK TANAP layihəsinin əhəmiyyətindən danışdı. O, “Cənub Qaz Dəhlizi” layihəsinin mühüm qolu olan TANAP-ın reallaşmasında Türkiyənin siyasi, iqtisadi və texniki dəstəyinin davam etdiriləcəyini bildirdi.
ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos HOKŞTAYN bu layihənin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını dedi. Amos Hokstayn enerji təhlükəsizliyi sahəsində mövcud çətinliklərdən və onların aradan qaldırılması yollarından danışdı. ABŞ təmsilçisi Birləşmiş Ştatların “Cənub Qaz Dəhlizi” layihəsini dəstəkləməkdə davam edəcəyini diqqətə çatdırdı.
Böyük Britaniyanın Enerji və İqlim Dəyişikliyi Nazirliyinin beynəlxalq enerji departamentinin baş direktoru Edmund HOSKER bu toplantını təşkil etdiyinə görə Azərbaycan hökumətinə təbriklərini çatdırdı. Ölkəsinin “Cənub Qaz Dəhlizi” layihəsini dəstəklədiyini deyən Edmund Hosker Birləşmiş Krallıq ilə Azərbaycan arasında uğurlu işbirliyindən danışdı, bu layihənin reallaşmasında ölkəmizin rolunu vurğuladı.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon BİRRELL “Cənub Qaz Dəhlizi” layihəsinin icrası ilə bağlı bütün işlərin cədvələ uyğun yerinə yetirildiyini bildirdi, 2016-cı ilin layihənin icrasında mühüm dövr olacağını diqqətə çatdırdı.
Trans-Anadolu qaz kəməri layihəsinin baş meneceri Saltuk DÜZYOL TANAP kəməri üçün ilk qazın 2018-ci ildə tədarük olunacağını, 2020-ci ildən isə qazın axınının başlanacağını bildirdi. TANAP-ın baş direktoru layihənin texniki göstəriciləri barədə toplantı iştirakçılarına ətraflı məlumat verdi.
Sonra TANAP layihəsi ilə bağlı qazanılan nailiyyətləri əks etdirən videoçarx nümayiş olundu.
Trans-Adriatik qaz kəməri layihəsinin icraçı direktoru İn BRADŞAV TAP-ın tikintisinə 2016-cı ildə başlanılacağını bildirdi. O, slaydlar vasitəsilə layihə çərçivəsində görülən işlərdən danışdı.
“Cənub Qaz Dəhlizi” QSC-nin baş direktoru Əfqan İSAYEV, Asiya İnkişaf Bankının özəl sektor əməliyyatları üzrə baş direktoru Tod FRİLYAND, Avropa İnvestisiya Bankı Qrupunun nümayəndəsi Massimo DEUFEMİA, Avropa Yenidənqurma və İnkişaf Bankının baş rezident-əlaqələndiricisi Nil MAKKEYN, Beynəlxalq Maliyyə Korporasiyasının Cənubi Qafqaz üzrə regional meneceri Jan Van BİLSEN “Cənub” qaz dəhlizinin strateji baxımdan önəmindən danışdılar.
Növbəti fasilədən sonra toplantı öz işini davam etdirdi.
Gürcüstanın Baş nazirinin müavini, energetika naziri Kaxa KALADZE layihənin həyata keçirilməsində bu toplantının əhəmiyyətindən danışdı, ölkəsinin “Cənub” qaz dəhlizinə dəstək verdiyini bildirdi.
Türkiyənin energetika və təbii ehtiyatlar naziri Berat ALBAYRAK qısa vaxtda layihə ilə bağlı müəyyən uğurlara nail olunduğunu və ölkəsi tərəfindən növbəti addımların atılacağını dedi.
Yunanıstanın Ətraf Mühit və Energetika Nazirliyinin enerji və mineral ehtiyatlar üzrə baş katibi Mixail VERROİOPOULOS əsas diqqəti layihə çərçivəsində şirkətlər arasında əlaqələrə çəkdi, layihənin icrası zamanı ətraf mühitin qiymətləndirilməsinə dair işlərdən danışdı.
Albaniyanın energetika və sənaye naziri Damian GJİKNURİ bildirdi ki, ölkəsi enerji strukturunu təkmilləşdirmək və müasirləşdirmək niyyətindədir, bu baxımdan “Cənub” qaz dəhlizi Albaniya üçün xüsusi önəm daşıyır.
İtaliya Nazirlər Şurasının dövlət katibi Klaudio De VİNÇENTİ ölkəsinin bu layihəyə dəstəyindən məmnunluğunu ifadə etdi, “Cənub” qaz dəhlizinin reallaşmasının Avropa qaz siyasəti üçün önəmini vurğuladı.
Bolqarıstanın energetika naziri xanım Temenujka PETKOVA birləşdirici kəmərlər, texniki-iqtisadi əsaslandırmalar barədə danışdı, ölkəsində və Yunanıstan ərazisində ətraf mühitin və mülkiyyət məsələlərinin qiymətləndirilməsi ilə bağlı işlərin görüldüyünü dedi. Layihənin icrasına dair Türkiyə ilə müştərək qrupun yaradılacağını deyən bolqarıstanlı nazir “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasının ölkəsinə öz təbii ehtiyatlarını şaxələndirməyə imkan yaradacağını diqqətə çatdırdı.
Monteneqronun iqtisadiyyat naziri Vladimir KAVARİÇ Albaniya və Monteneqro ərazisində texniki dəstək məsələlərinin müzakirəsindən və bu layihənin Avropa Komissiyasının maraqlarına cavab verməsi üçün lazımi işlərin həyata keçirilməsindən danışdı.
Xorvatiyanın iqtisadiyyat naziri Tomislav PANENİÇ enerji təhlükəsizliyinin milli təhlükəsizliyin ayrılmaz hissəsi olduğunu deyərək bildirdi ki, bu layihə Xəzər dənizinin təbii ehtiyatlarının bir çox ölkələrə çatdırılmasına mühüm töhfə verəcək.
X X X
Avropa Komissiyasının vitse-prezidenti və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika MOQERİNİ bu tədbirin təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirərək dedi:
- İcazə verin, Sizə və Azərbaycan tərəfinə, cənab Prezidentə bu çox vacib toplantının təşkilinə və ona ev sahibliyi etməsinə görə minnətdarlığımı bildirim, hamınıza üzərinizə götürdüyünüz öhdəlik və bu səhər görülmüş yaxşı işlərə görə ünvanlanmış alqışlara mən də qoşulum.
Bu, mənə bütün işlərin görülməsi üçün “gəlin, yolumuza davam edək” fikrini söyləmək imkanı verir. Bu təşəbbüsə və həmçinin bu toplantıya Avropa İttifaqında verdiyimiz dəyər açıq-aşkardır. Həm Maroş Şevçoviç, həm də mən bu layihənin Avropa İttifaqının enerji təhlükəsizliyi strategiyasının zəruri elementi olduğunu və energetika diplomatiyasının bizim xarici işlər və təhlükəsizlik siyasətimizin əsas hissəsini təşkil etdiyini bildirmək üçün buradayıq.
Biz keçən il Maroş Şevçoviç ilə birlikdə fəaliyyətə Avropa İttifaqı daxilində enerji siyasətinin heç də həmişə xarici siyasətlə bağlı olmamasına dair fikirlərimizi paylaşmaqla başladıq. Biz Komissiya daxilində bütün 28 üzv ölkə ilə bu siyasətləri bir-birinə daha da bağlamaq üçün çalışırıq. Çünki bu gün dünyada biz enerjinin pisə və yaxşıya doğru aparmasına baxmayaraq, təhlükəsizliyin və bizim xarici əlaqələrimizin, regional şəbəkənin bir hissəsi olduğunu görürük.
Ötən ilin iyul ayında Maroş Şevçoviç ilə birlikdə mənim Avropa İttifaqının xarici işlər nazirlərinin görüşü oldu. Bu toplantıda biz bütün üzv ölkələrin bir-biri ilə paylaşdığı nəticələr dəstini qəbul etdik. Eyni zamanda, biz burada energetika diplomatiyası üzrə tədbirlər planı üzərində razılığa gəldik. Razılaşdıq ki, Avropa İttifaqının xarici siyasətində bizim enerji mənbələrimizin daha da şaxələndirilməsi üçün əhəmiyyət kəsb edən tərəfdaşlarımıza və təşəbbüslərimizə xüsusi prioritet verilsin.
“Cənub” qaz dəhlizinin və Xəzər regionunun bizim əsas prioritetlərimiz sırasında olması açıq-aşkardır. Beləliklə, buraya açıq, yaxşı müəyyən olunmuş bir mandatla gəlmişəm. Bu isə ondan ibarətdir ki, biz “Cənub” qaz dəhlizinə ciddi şəkildə dəstək göstəririk və layihənin vaxtında tamamlanması, daha da irəliləməsi üçün hamımızın birgə hərəkətini təmin etməkdən ötrü üzərimizə düşən və xüsusilə şəxsən mənim üzərimə düşən öhdəliyi mümkün olduğu qədər yerinə yetirmək əzmindəyik.
“Cənub” qaz dəhlizi layihəsi bizim üçün enerjinin şaxələndirilməsindən daha böyük anlam kəsb edir, eyni zamanda, bu layihə Avropa İttifaqının enerji təhlükəsizliyindən daha böyükdür. Bu layihə daha geniş regionda onun icrasına töhfə verə bilən bir sıra tərəfdaşlarla siyasi, iqtisadi və sosial əlaqələrin genişlənməsi və dərinləşməsindən ibarətdir.
Xanım Federika Moqerini “Cənub” qaz dəhlizinin Avropa İttifaqı ilə Azərbaycan arasında yeni mərhələ olduğunu bildirdi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini vurğulayan Federika Moqerini dedi ki, regionda sabitliyin bərqərar olunması zəruridir və Avropa İttifaqı Cənubi Qafqazda davamlı sülhün qorunmasındakı səyləri davam etdirir.
X X X
Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş ŞEVÇOVİÇ aparılan müzakirələrin səmərəli olduğunu bildirdi. Qeyd etdi ki, bütün ölkələrdə layihənin gedişatı ilə bağlı tərəqqi var. “Cənub” qaz dəhlizinin çox vacib regionda reallaşdırıldığını deyən Maroş Şevçoviç bu toplantını növbəti dəfə təşkil etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
X X X
Toplantıya yekun vuran dövlətimizin başçısı çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
- Əvvəlcə, mən xanım Moqerinini salamlamaq istəyirəm və “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının bağlanış sessiyasında bizə qoşulduğuna görə minnətdarlığımı bildirirəm. Bu gün səhər biz vitse-prezident Şevçoviç ilə müzakirələri açıq elan etdik. İndi isə Avropa Komissiyasının iki vitse-prezidenti ilə onları başa çatdırırıq. Bu, Avropa İttifaqının həmin layihəyə və enerji təhlükəsizliyinə aid məsələlərə verdiyi əhəmiyyətin bariz nümunəsidir.
Bu gün xanım vitse-prezidentlə geniş şəkildə müzakirə edəcəyimiz Avropa İttifaqı ilə əlaqələrimizin yaxşı tarixi və inkişafı üçün çox əhəmiyyətli potensialı var. Söhbət yalnız enerji təhlükəsizliyindən getmir. Biz siyasi dialoqa, iqtisadi əməkdaşlığa aid bir çox məsələlər üzərində işləyirik. Avropa İttifaqı əsas ticari tərəfdaşımızdır. Demək olar ki, ticarət dövriyyəmizin yarısı Avropa İttifaqının üzv dövlətlərinin payına düşür. Biz regionda təhlükəsizlik məsələləri, proqnozlaşdırma, multikulturalizm və mədəni müxtəliflik ilə bağlı sıx işləyirik. Fikrimcə, Azərbaycan əməkdaşlığın uzun illəri ərzində özünü etibarlı tərəfdaş kimi doğruldub. Biz üzv dövlətlərlə və bütövlükdə, Avropa İttifaqı ilə ikitərəfli münasibətlərimizi gücləndirmək istəyirik.
Yeri gəlmişkən, bildirmək istəyirəm ki, Avropa İttifaqına üzv olan dövlətlərin üçdə bir hissəsi ilə Azərbaycan strateji tərəfdaşlıq haqqında bəyannamələri, yaxud sazişləri artıq imzalayıb və ya qəbul edib. Bu, əslində əməkdaşlığımızın mahiyyətini əks etdirir.
Bu gün mən vitse-prezident Şevçoviçə “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsinə verdiyi mühüm şəxsi töhfəsinə görə xüsusi minnətdarlığımı bildirmək istəyirəm.
Bir il əvvəl Bakıda biz Məşvərət Şurasının ilk toplantısını keçirdik. Çox şadam ki, bir il sonra - hazırda şuranın ikinci toplantısı baş tutur və bu, göstərir ki, proses davam edəcək. Əminəm ki, həmin görüşlər bu cür genişmiqyaslı layihənin həyata keçirilməsi ərzində ənənəvi xarakter daşıyacaq. Həmçinin fürsətdən istifadə edərək, mən Birləşmiş Ştatların hökumətinə və verdiyi töhfəsinə görə şəxsən cənab Hokstayna təşəkkürümü bildirmək istəyirəm. İyirmi ildən çox müddət əvvəl bütün enerji təşəbbüslərimizin reallaşmasında ABŞ hökumətinə Azərbaycana verdiyi davamlı dəstəyə görə minnətdaram. Bu gün bu layihənin həyata keçirilməsinə yardım etmək məqsədilə ABŞ-ın oynadığı rol çox əhəmiyyətlidir. Əminəm ki, məhsuldar əməkdaşlıq davam edəcək və gələcəkdə onun müsbət nəticələrini də görəcəyik.
Mən Məşvərət Şurasının bütün üzvlərinə fəal iştirakına, bu gün aparılmış müzakirələrə verdikləri töhfəyə və nəhayət, bir azdan sonra imzalanacaq Bəyannaməni, eləcə də Azərbaycanın “Cənub” qaz dəhlizinin əsas aparıcısı kimi strateji rolunu qeyd etdiklərinə görə təşəkkürümü bildirmək istəyirəm. Fəaliyyətimizi bu cür dəyərləndirdiyinizə görə olduqca minnətdarıq. Şadıq ki, bu Məşvərət Şurası formatını qurmaq məqsədilə irəli sürdüyümüz təşəbbüslər tərəfdaşlarımız, Avropa Komissiyası tərəfindən dəstəkləndi. Əməkdaşlığın bu formatının praktiki, yaxşı nəticələrini görürük.
Son bir il ərzində biz mühüm məsələlərin həllinə ikitərəfli və çoxtərəfli formatda çox vaxt sərf etdik. Bu nadir formatdır ki, “Cənub” qaz dəhlizinin bütün üzvləri, maliyyə təsisatları, Avropa Komissiyası, Birləşmiş Ştatlar bir araya gələrək görülmüş işləri nəzərdən keçirirlər və gələcək üçün planlar hazırlayırlar. Ötən 2015-ci il layihənin həyata keçirilməsində uğurlu il oldu. Biz səhər bu barədə danışdıq. Əminəm ki, 2016-cı il bu layihənin reallaşmasında çox mühüm və əhəmiyyətli il olacaq. İnanıram ki, bu layihənin uğurlu və vaxtında icrası üçün şərait yaratmaq məqsədilə qarşıda duran bütün məsələləri həll edəcəyik.
“Cənub” qaz dəhlizi Avropada ən iri infrastruktur və enerji layihələrindən biridir. Çoxmilyardlıq - 40 milyard dollardan artıq vəsait layihənin bütün dörd seqmentinə yatırılacaq. “Cənub” qaz dəhlizinin bütün dörd seqmentində çox yaxşı irəliləyişə nail olmuşuq. Bu, tərəfdaşlıq, əməkdaşlıq layihəsidir. Biz güclü tərəfdaşlıq qurmuşuq. Xanım Moqerininin qeyd etdiyi kimi, söhbət yalnız enerjidən getmir. Bu gün biz gələn bir neçə il üçün əsl tərəfdaşlıq yaratmışıq. Əməkdaşlığımız layihə başa çatdıqdan sonra bitməyəcək, davam edəcək. Əminəm ki, daha fəal əməkdaşlıq layihə başa çatdıqdan sonra reallaşacaq. Çünki hamımız bir-birimizlə bağlı və bir-birimizdən asılı olacağıq. “Cənub Qaz Dəhlizi” layihəsi bir çox illər ərzində hamımıza - hasilatçılara, tranzit ölkələrə və istehlakçılara fayda verəcək. Bu, enerji təhlükəsizliyi layihəsidir.
Bu gün səhər söylədim ki, enerji təhlükəsizliyi indi ölkələrin milli təhlükəsizliyinin ən mühüm elementlərindən biridir. Bu, enerji şaxələndirilməsi layihəsidir. “Cənub Qaz Dəhlizi” layihəsində biz nəinki marşrutların, o cümlədən mənbələrin şaxələndirilməsini görürük. Bu isə daha əhəmiyyətlidir.
Bu, aramızda səmimi əməkdaşlıq və tərəfdaşlıq layihəsidir. Bu vaxta qədər “Cənub Qaz Dəhlizi” layihəsinin yeganə resurs mənbəyi “Şahdəniz” qazı hesab edilib. Bu yataqda bir trilyon kubmetrdən artıq qaz mövcuddur. Lakin bildiyiniz kimi, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,5 trilyon kubmetrdən çoxdur. Buna görə əminəm ki, icrasını tərəfdaşlarımızla birgə planlaşdırdığımız gələcək layihələr bu layihəyə əlavə həcmləri təmin edəcək. Biz 4–5 il ərzində planlaşdırdığımız hasilatdan qat-qat çox həcmdə qazı nəql edə biləcək boru kəmərini çəkirik. Bu səbəbdən bu, uzunmüddətli enerji əməkdaşlığı, şaxələndirmə, sabitlik, proqnozlaşdırma layihəsidir.
“Cənub” qaz dəhlizi layihəsi Avropanın enerji xəritəsini dəyişir. Azərbaycan qaydalarla, təcrübə və qanunvericiliklə tənzimlənən böyük bazarlara çıxışı əldə edəcək. Avropa istehlakçıları etibarlı, dost mənbədən, yeni mənbədən qaz alacaqlar. Bu, elə mənbədir ki, onilliklər boyu etibarlı təchizatı təmin edə bilər. Əminəm ki, bu, belə də olacaq, çünki Azərbaycanın son iyirmi il ərzində başladığı bütün layihələr uğurlu layihələr olmuşdur.
Azərbaycan XIX əsrin ortalarında dünyada ilk dəfə neft hasil edən ölkə olub. Sonra, XX əsrin ortalarında dənizdə platforma vasitəsilə neft ilk dəfə məhz Azərbaycanda hasil edilib. Müstəqilliyin bərpasından cəmi üç il sonra Azərbaycan “Əsrin Müqaviləsi” kimi tanınan müqaviləyə imza atdı. Dünyada ilk dəfə olaraq, biz Xəzər dənizinin ehtiyatlarını xarici sərmayələr üçün açıq elan etdik və xarici şirkətləri tərəfdaş kimi ölkəmizə dəvət etdik. Bu gün mən əsas sərmayədar və strateji tərəfdaş olan BP-yə minnətdarlığımı bildirmək istəyirəm. Bu şirkət Azərbaycana qəti surətdə sadiqdir və bizimlə artıq iyirmi ildən çoxdur ki, işləyir. Həmçinin həmin beynəlxalq əməkdaşlıq nəticəsində dünyanın ən mühüm enerji şirkətlərindən birinə çevrilmiş Dövlət Neft Şirkətini də qeyd edirəm.
1994-cü ildə biz cəmi üç il idi ki, müstəqil idik. Xanım Moqerini qeyd etdi ki, bu gün apardığımız müzakirələrin bir hissəsi Ermənistan ilə Azərbaycan arasında münaqişənin həllinə aid olacaq. Biz “Əsrin Müqaviləsi”ni Ermənistan ilə Azərbaycan arasında atəşkəs rejimi əldə olunduqdan cəmi dörd ay sonra - 1994-cü ilin sentyabrında imzaladıq. Əfsuslar olsun ki, ötən illər ərzində münaqişə öz həllini tapmayıb, çünki Ermənistan öz qoşunlarını işğal edilmiş ərazilərdən çıxarmaq, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsini icra etmək istəmir.
1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi gedirdi, iqtisadiyyat dağılmışdı. Tənəzzül, min faizdən artıq inflyasiya mövcud idi. Bu cür şəraitdə xarici neft şirkətləri gələcəyimizə inandı. Azərbaycanın etibarlı tərəfdaş olduğuna inandılar və 1994-cü ildə müqaviləni imzaladılar. Bu, əslində bugünkü layihə üçün əsas yaratdı. Əgər nailiyyətlərin tarixinə nəzər salsaq görərik ki, 1994-cü ildə dünyada ən iri neft yataqlarından biri sayılan “Azəri-Çıraq-Günəşli” ilə bağlı müqavilə imzalandı. İki il sonra, 1996-cı ildə Dövlət Neft Şirkəti ilə BP-nin rəhbərlik etdiyi konsorsium arasında bu gün “Cənub” qaz dəhlizi üçün resurs bazası olan “Şahdəniz” layihəsi ilə bağlı saziş imzalandı. Sonra Xəzər dənizini Qara dəniz ilə ilk dəfə boru xətti vasitəsilə birləşdirən Bakı–Supsa neft kəməri çəkilməyə başladı. 1997-ci ildə BP-nin əməliyyatçı olduğu konsorsium dənizdəki “Çıraq” yatağında ilk neft hasil etdi. Sonra fəal əməkdaşlıq və sərmayələr dövrü başladı. 2003-cü ildə Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin təməlqoyma mərasimi keçirildi. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışı oldu. İlk dəfə olaraq, Xəzər və Aralıq dənizləri neft boru kəməri ilə birləşdirildi. Həmin boru kəməri olmasaydı, Azərbaycanın iqtisadi inkişafı bugünkü inkişafdan xeyli fərqli ola bilərdi.
2007-ci ildə Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən qaz boru kəmərinin açılışı oldu. Bu gün həmin boru kəməri genişləndirilir. O, “Cənub” qaz dəhlizinin mühüm hissəsidir. 2011-ci ildə şaxələndirməni stimullaşdırmaq məqsədilə çox mühüm sənəd hesab edilən Avropa Komissiyası ilə Azərbaycan arasında strateji əməkdaşlıq və enerji sahəsində Anlaşma Memorandumu imzalandı. 2012-ci ildə TANAP - Trans-Anadolu boru kəmərinin çəkilməsinə dair Türkiyə ilə Azərbaycan arasında tarixi Saziş imzalandı. O, hazırda uğurla icra olunur. Səmimi desək, həmin saziş olmadan bu gün bu layihə ilə bağlı vəziyyət tamamilə başqa cür olardı. Həmin sazişdən sonra sərmayədarlar “Şahdəniz-2” layihəsinə investisiya qoyuluşuna aid yekun qərar üzərində razılığa gəldilər. Bu, 2013-cü ildə baş verdi. 2014-cü ildə “Cənub” qaz dəhlizi ilə bağlı Bakıda təməlqoyma mərasimi keçirildi. 2015-ci ildə Türkiyənin Qars vilayətində TANAP-ın təməlqoyma mərasimi baş tutdu. Nəhayət, ümid edirik ki, 2016-cı ildə TAP layihəsinin təməlqoyma mərasimi olacaq. Sonra isə, 2018-ci ildə TANAP başa çatdırılacaq. Yəni, bir il və ya bir il yarımdan sonra layihə başa çatacaq.
Bir sözlə, siz layihəyə bu nöqteyi-nəzərdən baxsanız görərsiniz ki, əməkdaşlıq və sərmayə tarixi olmadan bu gün nailiyyətlərimiz mümkünsüz olardı. Hazırda planlaşdırdığımız bütün işlər möhkəm bünövrəyə əsaslanır. Bütün bu müddət ərzində Azərbaycan özünü çox etibarlı və bacarıqlı tərəfdaş kimi göstərdi.
Biz qonşularımız, Avropa İttifaqının bir çox ölkələri ilə çox sıx münasibətlər qurmuşuq. Bu gün biz çox səmərəli, açıq və səmimi əməkdaşlığı görürük. Məşvərət Şurası formatının yaradılmasının əsas məqsədi əlaqələndirmə ilə bağlı idi. Çünki hazırda hamımız bir komandayıq: Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya. Çox şadam ki, Xorvatiya və Monteneqro nümayəndələri bugünkü görüşdə iştirak edirlər. Bu, onu göstərir ki, “Cənub” qaz dəhlizi daha da genişlənəcək. Azərbaycanın qaz ehtiyatları və potensial əlavə ehtiyatlar, tikintisini planlaşdırdığımız infrastruktur bizə təbii sərvətlərimizi bir çox ölkələrə çatdırmaq imkanı yaradacaq. Biz layihəni uğurla icra etməliyik. Fikrimcə, bugünkü nailiyyət göstərir ki, bu, vaxtında mümkün olacaq. Sonra isə uzunmüddətli strategiyamızı həmin layihə üzərində quracağıq. Bu məqsədlə, əlbəttə ki, bu əməkdaşlıq və əlaqələndirmə davam etməlidir. Əminəm ki, bu, davam edəcək.
Fürsətdən istifadə edərək, sizi “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının üçüncü toplantısında iştirak etmək üçün gələn il Azərbaycana dəvət edirəm. Əminəm ki, həmin vaxt bizim yaxşı hesabatlarımız olacaq. Sizin hamınıza uğurlar arzulayıram. İştirakınıza görə sağ olun.
X X X
Sonra “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısının Birgə Bəyannaməsi imzalandı. Birgə Bəyannaməni “Cənub” qaz dəhlizi layihəsinin iştirakçısı olan ölkələrin nazirləri və xüsusi nümayəndələri imzaladılar.
Daha sonra birgə foto çəkdirildi.
Bununla da “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı işini başa çatdırdı.