Tovuz rayonunun Qovlar-Əyyublu-Alakol-İbrahimhacılı-Yanıqlı-Ağacqala- Qoçdərə-Çobansığnaq-Yoğunbulaq-Sarıtala avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
19 fevral 2016, 17:55
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Əlli min nəfərə yaxın əhalinin yaşadığı 16 yaşayış məntəqəsini birləşdirən Qovlar-Əyyublu-Alakol-İbrahimhacılı-Yanıqlı-Ağacqala-Qoçdərə-Çobansığnaq-Yoğunbulaq-Sarıtala avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 4,0 (dörd) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 fevral 2016-cı il.