İlham Əliyev Tovuz şəhərindəki Heydər Əliyev Parkında aparılan yenidənqurma işləri ilə tanış olub
16 fevral 2016, 19:20
Prezident İlham Əliyev Tovuz şəhərindəki Heydər Əliyev Parkında aparılan yenidənqurma işləri ilə tanış olub.
Son illərdə ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası bölgələrin daha da gözəlləşməsi ilə müşayiət olunur. Ölkəmizin şəhər və rayonlarında aparılan quruculuq işləri çərçivəsində park və xiyabanların salınması, mövcud olanların yenidən qurulması da diqqətdən kənarda qalmır. Bu sahədə həyata keçirilən işlər çərçivəsində Tovuz şəhərindəki Heydər Əliyev Parkının yenidən qurulması da xüsusi əhəmiyyət kəsb edir.
Şəhərin girişində yerləşən bu parkda yenidənqurma işləri yüksək səviyyədə həyata keçirilib. Prezident İlham Əliyevin park və xiyabanların əsaslı təmiri və abadlaşdırılması ilə bağlı tapşırığına əsasən yenilənən bu park ilk növbədə rayon sakinlərinin istirahətinin yüksək səviyyədə təşkilinə xidmət edir.
Dövlət başçısına məlumat verildi ki, 2011-ci ildən fəaliyyət göstərən bu parkda kafe, restoran, uşaq əyləncə mərkəzi var. Ərazisi 10 hektar olan Heydər Əliyev Parkında ardıcıl olaraq yenidənqurma və tikinti-quraşdırma işləri aparılır. Ötən dövrdə bu parkda aparılan yenidənqurma işləri zamanı milli memarlıq üslubu ilə müasirlik tam uzlaşdırılıb. Yenidənqurma işlərindən sonra Heydər Əliyev Parkı özünəməxsus elementlər və formalarla zənginləşdirilib. 2014-2015-ci illərdə parkın ərazisi genişləndirilib, yeni park-bulvar salınıb. Burada yaradılan və sahəsi 4 min kvadratmetr olan yeni göl parkın gözəlliyini daha da artırır. Ətrafında səkilər, yaşıllıqlar salınan, ağac və dekorativ gül kolları əkilən, idman qurğuları quraşdırılan gölün ərazisində buta şəklində ada yaradılıb. İstirahətə gələnlərin rahatlığı üçün geniş ərazidə avtomobil dayanacağı da istifadəyə verilib.
Sonra Prezident İlham Əliyev parkdakı əyləncə mərkəzində yaradılan şəraitlə tanış oldu.
Dövlət başçısı görülən işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.