İlham Əliyev Tovuzçay su anbarının açılışını edib
16 fevral 2016, 19:50
Prezident İlham Əliyev Tovuz rayonuna səfəri çərçivəsində Tovuzçay su anbarının açılışında iştirak edib.
Ölkəmizdə meliorasiya sahəsində də mühüm layihələr reallaşdırılır, yeni infrastruktur obyektləri tikilib istifadəyə verilir. Əsasını ulu öndər Heydər Əliyevin qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkənin su və meliorasiya təsərrüfatının daha da möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Bu da ondan irəli gəlir ki, meliorasiya və su təsərrüfatı həmişə olduğu kimi, bu gün də ölkəmizin iqtisadiyyatında aparıcı rolunu qoruyub saxlayır və bu sahə regionların sosial-iqtisadi inkişafında mühüm əhəmiyyətə malikdir. Meliorasiya və su təsərrüfatının daha da təkmilləşməsi ərzaq təhlükəsizliyinin təmin olunmasında da həlledici rol oynayır. Prezident İlham Əliyevin bu sahənin inkişafına yetirdiyi diqqətin nəticəsidir ki, Azərbaycanda nəhəng Şəmkir, Taxtakörpü su anbarları, Samur-Abşeron kanalı tikilib istismara verilib və digər iri layihələr icra edilib. Bu layihələrin tam icrası nəticəsində on minlərlə hektar torpaq dövriyyəyə buraxılacaq və minlərlə fermer bundan bəhrələnəcək. Həmçinin regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində də ölkədə meliorasiya və su təsərrüfatının yenilənməsi sahəsində ciddi nailiyyətlər qazanılıb. Tovuzçay su anbarının istifadəyə verilməsi də bu sahənin inkişafına dövlət qayğısının göstəricisidir.
“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə dövlətimizin başçısına həyata keçirilən işlər barədə ətraflı məlumat verdi. Bildirildi ki, Tovuzçay su anbarı respublikanın qərbində, Tovuzçay və Axıncaçay çaylarının birləşdiyi ərazidə, Tovuz şəhərinin yaxınlığında yerləşir. Anbarın tikintisinə 1982-ci ildə “Azərdövlətsulayihə” İnstitutu tərəfindən hazırlanan layihə əsasında 1986-cı ildə başlanılıb. Layihəyə uyğun olaraq, bəndin nüvəsinə gil, onun sol sahilinin bir hissəsinə torpaq tökülüb, qülləli suburaxıcı tikilib. Lakin vəsait çatışmazlığı üzündən tikinti işləri 1992-ci ildən dayandırılıb. İnşası yarımçıq qalan Tovuzçay su anbarının tikintisinin davam etdirilməsi Azərbaycan Prezidentinin 2004-cü il 11 fevral tarixli Fərmanı ilə təsdiq edilən və 2004-2008-ci illəri əhatə edən “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na və 2005-ci il 14 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunan “Tədbirlər Planı”na daxil edilib. 2006-cı ildə isə tikinti işlərinə başlanılıb. Ümumi su tutumu 20 milyon kubmetr, faydalı həcmi 18 milyon kubmetr olan Tovuzçay su anbarının gil nüvəli torpaq bəndinin hündürlüyü 45 metr, üstdən eni 10 metr, uzunluğu isə 1340 metrdir. Anbarın su hövzəsinin sahəsi 160 hektar, uzunluğu 2,6 kilometrdir. Layihəyə uyğun olaraq, anbarda suburaxma qabiliyyəti saniyədə 250 kubmetr və uzunluğu 731 metr olan qəza sutullayıcısı, maksimum suburaxma qabiliyyəti saniyədə 125 kubmetr olan dəmir-beton borulu qülləli suburaxıcı, saniyədə 6 kubmetr suvarma suyunun verilməsi üçün uzunluğu 468,8 metr olan nov-kanal inşa olunub. Su anbarının inşası zamanı tarixi abidələrin mühafizəsi, köçürülməsi, avtomobil yolunun və körpülərin tikintisi, eləcə də digər tədbirlər həyata keçirilib. Belə ki, Qazqulu qəbiristanlığı, Şərif Sultan və Məhəmməd-Hüseyn Sultan türbələri köçürülüb. XVII əsr memarlıq abidəsi olan Sultan körpüsünün mühafizəsi üçün uzunluğu 344 metr olan torpaq damba tikilib. Həmçinin Vahidli kənd qəbiristanlığının mühafizəsi məqsədilə suyığıcı kanalın və mühafizə dambasının tikintisi həyata keçirilib. Bundan başqa, layihənin icrası zamanı Tovuzçay çayı üzərində 8 aşırımlı avtomobil körpüsü tikilib, bəndə və ətraf kəndlərə gedən, ümumi uzunluğu 6800 metr olan avtomobil yolu yenidən qurulub. Uzunluğu 86 metrdən çox olan Axıncaçay çayı üzərində körpünün tikintisi də başa çatdırılıb.
Görülən mühüm işlərdən biri də Tovuz və Şəmkir rayonlarının mövcud əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə bu sahələri suvarma suyu ilə təmin edən Ağstafaçay sağ sahil kanalına əlavə su verilməsi üçün sərfi saniyədə 1,5 kubmetr, uzunluğu 7004 metr olan polad boru kəmərinin tikintisidir.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev Tovuz rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham ƏLİYEV dedi:
-Mən sizi ürəkdən salamlayıram. Tovuz rayonunda yenidən olmağımdan çox məmnunam. Artıq neçə dəfədir ki, Tovuza səfər edirəm. Hər səfər zamanı biz önəmli açılışlarda görüşürük, açılışları qeyd edirik.
Tovuz rayonu uğurla inkişaf edir. Rayonun sosial-iqtisadi inkişafı çox sürətlidir. Bir çox sosial obyektlər istismara verilmişdir - Olimpiya Kompleksi, Diaqnostika Mərkəzi, Mərkəzi Xəstəxana. Gözəl parklar, istirahət zonaları salınır, otellər tikilir, şəhər gözəlləşir, abadlaşır.
Eyni zamanda, Tovuz rayonunda kənd təsərrüfatının inkişafı da bizi sevindirir. Kənd təsərrüfatının inkişafı üçün bugünkü mərasim xüsusi əhəmiyyət kəsb edir. Çünki Tovuzçay su anbarının istismara verilməsindən sonra əminəm ki, kənd təsərrüfatının inkişafı daha da sürətlə gedəcək.
Bildiyiniz kimi, bu su anbarının layihəsi hələ sovet dövründə işlənmişdir, ancaq müəyyən səbəblərə görə icra edilməmişdir. 1992-ci ildə layihənin icrası dayandırılmışdır. Ancaq indiki dövrdə biz bu layihəni icra edə bildik. Layihənin icrası üçün xüsusi Sərəncam imzalandı, dövlət büdcəsindən vəsait ayrıldı. Artıq bu layihə istifadəyə verilir. Beləliklə, 20 min hektar torpaq sahəsində suvarma yaxşılaşacaq və 300 hektar yeni suvarılan torpaqlar dövriyyəyə buraxılacaqdır.
Əlbəttə, su olan yerdə kənd təsərrüfatı da inkişaf edəcək. Bizim əsas arzumuz ondan ibarətdir ki, bütün bölgələrdə kənd təsərrüfatı daha da sürətlə inkişaf etsin. Çünki kənd təsərrüfatının inkişafı iş yerlərinin açılması, yerli istehsalın yaradılması deməkdir. Eyni zamanda, hesab edirəm ki, kənd təsərrüfatı neft və qazdan sonra bizim əsas ixrac məhsulumuz olmalıdır və olacaqdır.
Kənd təsərrüfatının inkişafı üçün buna oxşar iki layihə icra edilmişdir – Taxtakörpü və Şəmkirçay su anbarları. Şəmkirçay su anbarı yaxınlıqda yerləşir. Artıq həmin layihələrin ətrafında yeni inkişaf layihələri icra edilir. Şəmkir Aqroparkı, Şabran, Xızı, Siyəzən rayonlarında yeni kənd təsərrüfatı layihələrinin icrası gözlənilir və tezliklə icra ediləcək. Beləliklə, dövlət bu sahəyə investisiya qoymaqla bir neçə məqsədi güdür. İlk növbədə, bunlar su ehtiyatlarımızdan səmərəli istifadə etmək üçün çox önəmli layihələrdir. Su təhlükəsizliyi məsələləri burada öz həllini tapır. Bu da Azərbaycan kimi xarici su mənbələrindən daha çox asılı olan ölkə üçün xüsusi əhəmiyyət kəsb edir. Biz su ehtiyatlarımızdan maksimum səmərə ilə istifadə etməliyik. Eyni zamanda, kənd təsərrüfatının sürətli inkişafı bundan sonra da təmin olunacaqdır.
Keçən il kənd təsərrüfatı 6 faizdən çox artmışdır və ümid edirəm ki, bu il də sürətlə artacaq. Bütün bölgələrdə ixtisaslaşma aparılmalıdır. Tovuz rayonunun ənənəvi kənd təsərrüfatı məhsulları vardır. Onların inkişafı, yeni əkin sahələrinin yaradılması, xüsusilə üzümçülüyün inkişafı mühüm əhəmiyyət daşıyır. İnsanların yaşayış səviyyəsi yaxşılaşacaq. Biz öz ərzaq təhlükəsizliyimizi təmin edəcəyik. Bizim əsas vəzifəmiz nəinki özümüzü bütün ərzaq məhsulları ilə təmin etməkdir, eyni zamanda, xarici bazarlara da keyfiyyətli məhsulla çıxmaqdır. Bu istiqamətdə önəmli addımlar atılır. Tovuzçay su anbarının istismara verilməsi onların arasında xüsusi yer tutur.
Əminəm ki, 2016-cı il Azərbaycanda sosial-iqtisadi inkişaf baxımından uğurlu il olacaqdır. Dünya iqtisadiyyatı böhran içindədir, böhran davam edir. Bu ilin əvvəlində iştirak etdiyim beynəlxalq iqtisadi və təhlükəsizlik forumlarında mənim əldə etdiyim nəticə ondan ibarətdir ki, bu böhranın hələ sonu görünmür. Bölgəmizdə iqtisadi böhran, bəzi hallarda hərbi və siyasi böhran yaşanır. Azərbaycan isə sabitlik məkanıdır, inkişaf ölkəsidir. Baxmayaraq ki, gəlirlərimiz əhəmiyyətli dərəcədə azalıb, ancaq biz daha da səmərəli işləməliyik. Əminəm ki, biz xüsusilə aqrar, emal, sənaye sektorlarının inkişafı hesabına iqtisadi yüksəlişə nail olacağıq. Əminəm ki, 2016-cı il ölkəmiz üçün uğurlu olacaq. Büdcəyə dəyişiklik olunacaq və biz neftin qiymətinin minimum səviyyəsi - 25 dollar səviyyəsi ilə lazım olan bütün sosial və investisiya layihələrini icra edəcəyik.
Neftin qiyməti dörd dəfə düşmüşdür. Əlbəttə ki, bu, neft hasil edən ölkələr üçün böyük sınaqdır. Ancaq təbii resurslara malik olmayan ölkələr də çətinlik çəkir. Çünki onlar üçün ənənəvi bazarlar indi onların məhsulunu əvvəlki illərdəki kimi ala bilmir. Əlbəttə ki, neftin qiymətinin düşməsi təbii resurslarla zəngin olmayan ölkələri də narahat edir. Ona görə, mən hesab edirəm ki, biz artıq öz iqtisadi inkişafımızı ancaq qeyri-neft sektorunun əsasında qururuq və qurmalıyıq.
Belə olan halda biz istənilən böhrandan üzüağ çıxacağıq və ölkəmizin uğurlu, dayanıqlı inkişafı təmin ediləcəkdir. Ona görə, indiki dövrdə xüsusilə sahibkarlığın inkişafı, əsaslı islahatların dərinləşməsi prioritet məsələlərdir. Keçən ilin sonundan və bu ilin əvvəlindən müəyyən edilmiş yeni islahatlar, əminəm ki, yaxın zamanlarda öz sözünü deyəcək.
Azərbaycanda bütün maliyyə, iqtisadi mexanizmlər dünyanın aparıcı ölkələrinin təcrübəsinə əsaslanmalıdır. Maliyyə və iqtisadi sektorun inkişafı imkan verəcək ki, biz neftin qiymətindən asılı olmayaq. Bizim əsas vəzifəmiz bundan ibarətdir.
Regionların inkişafı, əlbəttə ki, burada əsas rol oynayır. 2004-cü ildə birinci regional inkişaf proqramı qəbul olunanda mən demişdim ki, ölkəmizin inkişafı qeyri-neft sektorundan asılı olmalıdır. Həmin vaxtdan bu günədək bütün bölgələrdə, o cümlədən qərb bölgəsində bir çox önəmli layihələr icra edilmişdir. Əgər biz regional inkişaf proqramlarını qəbul etməsəydik, bu gün vəziyyətimiz çox ağır ola bilərdi. Ona görə, mən əminəm ki, 2016-cı ili biz uğurla başa vurmalıyıq. Buna nail olmaq üçün bütün imkanlar var. Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik, xalq-iqtidar birliyi, düşünülmüş iqtisadi siyasət və dərinləşən islahatlar, əminəm, imkan verəcək ki, biz bu ili də uğurla başa vuraq.
Qarşıya vəzifə qoyulub ki, biz bir neçə ildən sonra neft amilindən asılılığı tamamilə aradan qaldırmalıyıq. Əminəm ki, buna nail olacağıq.
Mən Tovuz ictimaiyyətini bir daha salamlayıram, əldə olunmuş bütün uğurlara görə təbrik edirəm. Şadam ki, rayon uğurla inkişaf edir, gözəl layihələr icra edilir. Sizə yeni uğurlar arzulayıram. Sağ olun.
X X X
Tovuz rayon ictimaiyyətinin nümayəndəsi Zirəddin ƏHMƏDOV dedi:
-Möhtərəm cənab Prezident, Tovuza xoş gəlmisiniz.
Siz tovuzluları həmişə diqqətdə saxlamısınız, onlara qayğı göstərmisiniz. Bu gün Tovuz rayonu abadlaşıb, gözəlləşib, iqtisadi cəhətdən daha da möhkəmlənib. Bu gün açılışını etdiyiniz Tovuzçay su anbarı tovuzlular üçün böyük töhfədir. Bu, ruzidir, bərəkətdir, bolluqdur. Hesab edirəm ki, tovuzlular bu fürsətdən tam yararlanacaqlar. Onlar Tovuzda ərzaq istehsalını daha da artıracaqlar, öz maddi imkanlarını gücləndirəcəklər, eyni zamanda, respublikamızın ərzaq təminatına öz töhfələrini verəcəklər. Siz buna tam əmin ola bilərsiniz.
Cənab Prezident, biz çox xoşbəxt insanlarıq. Bizim xalq xoşbəxt xalqdır. Biz dünyada gedən qlobal məsələləri çox gözəl görürük. Bizim respublikada isə sabitlikdir, əmin-amanlıqdır. İnsanlar özlərini çox rahat hiss edirlər. Çünki onların xalqa daim qayğı göstərən, onları diqqət mərkəzində saxlayan Sizin kimi Prezidenti var. Çox sağ olun. Sizə öz minnətdarlığımızı bildiririk. İnanırıq ki, bundan sonra da Azərbaycan xalqı naminə, ölkəmiz naminə əlinizdən gələn bütün işləri görəcəksiniz. Biz Sizin arxanızda möhkəm dayanmışıq. Sağ olun. Sizə uğurlar olsun.
Prezident İlham ƏLİYEV: Sağ olun.
X X X
Gənc sahibkar Əhməd MURADOV dedi:
-Cənab Prezident, mən də Sizi rayonumuzun gənc sahibkarları adından salamlayıram. Rayonumuza xoş gəlmisiniz.
Siz sahibkarlara elə diqqətlə yanaşırsınız ki, biz yeni ruhla, həvəslə işləməyə başlamışıq. Hər yerə yolumuz açıqdır. Bunun üçün rayon sahibkarları adından Sizə minnətdarlığımızı bildirirəm.
Biz kənd təsərrüfatı məhsulu istehsalı ilə məşğuluq. Təsərrüfatımız - 3,5 hektar sahədə istixanamız var. Dörd hektar meyvə bağı salmışıq. Burada 35 daimi işçi çalışır. Orta aylıq əməkhaqqı 300 manatdan yuxarıdır. Biz daxili bazarla yanaşı, xarici bazara da məhsul çıxara bilirik. Keçən il Rusiya bazarlarına 300 tona yaxın xiyar, 500 ton pomidor göndərmişik.
Möhtərəm cənab Prezident, Sizi rayon sahibkarları adından əmin edirəm ki, biz yaradılan çox əlverişli imkanlardan səmərəli istifadə edəcəyik. Çox sağ olun, cənab Prezident.
X X X
Prezident İlham ƏLİYEV: Sağ olun. Mən fikir verdim ki, yol boyunca çoxlu istixanalar var. Hamısı da son vaxtlar yaradılıb. Bəlkə də yüzlərlə istixana. Bu, onu göstərir ki, sürətli inkişaf var. Şəmkir rayonundan başlayaraq, ta Tovuz rayonuna qədər yolun sağı, solu da istixanalardır. Çox yaxşı, sevindirici haldır. Çünki bu, onu göstərir ki, insanlar işləyir, iş yerləri açılır, məhsul yetişdirilir. Əlbəttə ki, biz məhsulu həm daxili, həm də xarici bazarlara çıxarmalıyıq. Ona görə, mən sahibkarları həmişə dəstəkləmişəm. Şadam ki, gənclər də sahibkarlığa həvəslə qoşulurlar. Sahibkarlığın inkişafı üçün Azərbaycanda bütün şərait var. Dövlət isə öz tərəfindən əlavə tədbirlər görəcəkdir. Xüsusilə xaricə ixrac edilən məhsullara təşviq sistemi tətbiq olunacaq. Məhsulu xaricə satan sahibkar dövlət tərəfindən vəsait alacaqdır ki, bu işə daha da həvəs göstərsin, daha da keyfiyyətli məhsul yetişdirsin və ölkəmizə valyuta gəlsin. Çünki bizim əsas valyuta mənbəyimiz neft və qazdır, bu da azalıbdır. Ona görə, biz gərək qeyri-neft sektoru hesabına ölkəmizə valyuta axınını təmin edək və bu sahədə əlbəttə ki, kənd təsərrüfatı birinci yerdədir. Mən sizə yeni uğurlar arzulayıram. Sağ olun.
X X X
Dövlət başçısı su anbarını işə saldı.
Bildirildi ki, “Tovuzçay su anbarının tikintisinin davam etdirilməsi” layihəsində nəzərdə tutulan tədbirlərin tam başa çatdırılması nəticəsində Tovuzda 16886 hektar, Şəmkirdə isə 2939 hektar olmaqla ümumilikdə 19825 hektar mövcud torpaq sahələrinin su təminatı yaxşılaşdırılacaq. Eyni zamanda, Tovuz rayonunda 300 hektar yeni suvarılan torpaqlar suvarma suyu ilə təmin olunacaq. Bu da həmin ərazidə becərilən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasına müsbət təsir göstərəcək. Qeyd olundu ki, sululuğunun əsas hissəsi yaz dövrünə düşən Tovuzçay çayının axını tənzimlənmədiyindən bu sulardan səmərəli istifadə etmək mümkün olmur və Kür çayına axır. Kənd təsərrüfatı bitkilərinin suya ehtiyacı çox olan ilin isti aylarında isə Tovuzçay çayının su ehtiyatları kəskin azalır və tamamilə quruyur. Su anbarının tikintisi isə Tovuzçay çayının su ehtiyatlarının nizamlanması nəticəsində onun ehtiyatlarından səmərəli istifadə etməklə Tovuz və Şəmkir rayonlarının əkin sahələrinin su təminatının yaxşılaşdırılması mümkün olacaq.
Layihədə anbarda yığılan suyun Tovuz və Şəmkir rayonlarının əkin sahələrinin təminatının yaxşılaşdırılması üçün bu sahələri suvarma suyu ilə təmin edən Ağstafaçay sağ sahil kanalına öz axını ilə və Xunamarx kanalına isə su verilməsi nəzərdə tutulub ki, bu işlər də tam başa çatdırılıb.
Sonda xatirə şəkli çəkdirildi.