İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
14 mart 2011, 18:00
Prezideni İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri, Litva Respublikasının xarici işlər naziri Audronyus Ajubalisin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Regiona səfərinə Azərbaycandan başladığını vurğulayan ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis ölkəmizin regionda əhəmiyyətli rol oynadığını və gələcəkdə bu rolun daha da artacağını bildirdi. Azərbaycanın güclü iqtisadiyyata malik olduğunu vurğulayan ATƏT sədri ölkəmizdə demokratik islahatların da güclü şəkildə həyata keçirildiyini və bunun həmişə aktual bir məsələ olduğunu dedi. Audronyus Ajubalis keçirdiyi görüşlər və apardığı müzakirələr barədə dövlətimizin başçısına məlumat verdi.
Prezident İlham Əliyev regional inkişaf və o cümlədən ölkənin ümumi inkişafı istiqamətində görüləcək işlərlə bağlı bütün məsələləri açıq müzakirə etməyin önəmini qeyd etdi. Dövlətimizin başçısı güclü iqtisadiyyat və güclü siyasi sistem qurmaqla ölkəmizi inkişaf etdirmək və müasirləşdirmək üçün siyasi, iqtisadi və sosial sahələrdə uğurlu islahatlar aparıldığını bildirdi.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında geniş fikir mübadiləsi aparıldı.