İlham Əliyev NATO baş katibinin xüsusi nümayəndəsini qəbul edib
16 fevral 2016, 12:10
Prezident İlham Əliyev NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayı qəbul edib.
NATO-nun baş katibi Yens Stoltenberqin salamlarını dövlətimizin başçısına çatdıran xüsusi nümayəndə Ceyms Appaturay Prezident İlham Əliyevin NATO-nun mənzil-qərargahına son səfərini və keçirdiyi görüşləri xatırladı.
Dövlət başçısı NATO-nun baş katibi Yens Stoltenberqlə Davosda keçirdiyi müzakirələr zamanı görüşdüyünü məmnunluqla qeyd etdi.
Söhbət zamanı Azərbaycan ilə NATO arasında uğurlu əməkdaşlıq əlaqələrinin mövcud olmasının razılıq doğurduğu vurğulandı, Azərbaycanın Əfqanıstanda həyata keçirilən sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq təhlükəsizliyə verdiyi töhfə yüksək qiymətləndirildi. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyətinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı, NATO-nun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün daim dəstəklənməsindən məmnunluq ifadə olundu.
Prezident İlham Əliyev NATO-nun baş katibi Yens Stoltenberqin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını NATO-nun baş katibinə çatdırmağı xahiş etdi.