İlham Əliyevin və İsveçrə Prezidenti Mişelin Kalmi-Reyin geniş tərkibdə görüşü olmuşdur
14 mart 2011, 13:00
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti Mişelin Kalmi-Reyin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olmuşdur.
Azərbaycan Prezidenti İlham ƏLİYEV qonaqları salamlayaraq dedi:
-Xanım Prezident!
Bir daha Azərbaycana xoş gəlmisiniz. Sizi görməyimə çox şadam. Bizim indicə ikitərəfli əlaqələrimizin müxtəlif sahələri ilə bağlı, o cümlədən regional müstəvidə maraqlı müzakirələrimiz oldu. Xatirimdədir, biz sonuncu dəfə Davosda görüşmüşük. Biz dəfələrlə görüşmüşük. Hesab edirəm ki, bu səfər çox vacib səfərdir. Çünki İsveçrə Prezidentinin ölkəmizə rəsmi səfəridir. Bu da ikitərəfli əlaqələrimizin inkişafına nə qədər böyük diqqət yetirdiyimizi nümayiş etdirir. Deyə bilərəm ki, əlaqələrimiz uğurla inkişaf edir. Siyasi dialoq və məsləhətləşmələrimiz yüksək səviyyədədir. İkitərəfli iqtisadi sahədə yaxşı perspektivlərimiz vardır. Enerji təhlükəsizliyi məsələləri daim müzakirələrimizin bir hissəsidir. Biz İsveçrəni Azərbaycan üçün vacib tərəfdaş, dost ölkə hesab edirik. Biz əlaqələrimizi daha sürətlə inkişaf etdirmək, ikitərəfli gündəliyimizi genişləndirmək üçün əlimizdən gələni edirik. Bir daha qeyd etmək istəyirəm ki, siyasi əlaqələrimiz çox yüksək səviyyədədir.
Bu əlaqələrin həyatımızın digər sahələrinə də təsir göstərdiyini deyən dövlətimizin başçısı əmin olduğunu bildirdi ki, yaxın illərdə iqtisadi, qarşılıqlı investisiyaların yatırılması, mədəniyyət mübadiləsi və təbii ki, dünya gündəliyi, xüsusilə də regionumuzda və Avropada, o cümlədən regional inkişaf üçün əsas məsələlərdən hesab edilən enerji sahəsində daha böyük inkişafın şahidi olacağıq.
İsveçrə Prezidenti Mişelin KALMİ-REY minnətdarlığını bildirərək dedi:
-Təşəkkür edirəm, cənab Prezident! Mənə göstərdiyiniz səmimi qəbula görə Sizə minnətdarlığımı bildirirəm. Mən ikitərəfli əlaqələrimizin səviyyəsindən məmnunam. Ötən il ərzində biz bu əlaqələrimizi inkişaf etdirmişik. Müxtəlif sahələrdə, o cümlədən mədəniyyət, iqtisadiyyat və enerji sahələrində ikitərəfli əlaqələrimizi indiki səviyyədən daha yaxşı inkişaf etdirməliyik. Düşünürəm ki, ölkələrimiz arasında xüsusi tərəfdaşlıq mövcuddur. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edirik.
İsveçrə dövlətinin başçısı ölkələrimizin “Bretton Woods” təsisatlarının eyni regional qrupunda təmsil olunduğunu da dedi və oradakı yaxşı tərəfdaşlığa görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirdi.