İlham Əliyev ölkə gənclərinin bir qrupu ilə görüşüb
29 yanvar 2016, 15:40
Prezident İlham Əliyev Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşüb.
Dövlətimizin başçısı görüşdə nitq söyləyib.
Prezident İlham Əliyevin nitqi
-Bir neçə gündən sonra biz birinci Gənclər Forumunun 20-ci ildönümünü qeyd edəcəyik. Biz bu əlamətdar tarix ərəfəsində görüşürük. 1996-cı il fevralın 2-də Prezident Heydər Əliyevin təşəbbüsü ilə birinci Gənclər Forumu keçirilmişdir. Doğrudan da çox əlamətdar hadisə idi. Məhz o vaxt Azərbaycanın gənclər siyasətinin əsas istiqamətləri müəyyən olundu.
Ümumiyyətlə, 1996-cı il müstəqil tariximizin xüsusi ili idi. Çünki 1996-cı ildən sonra ölkəmizdə inkişaf dövrü başlamışdır. Sabitləşmə dövrü isə xalqın tələbi ilə Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsindən sonra başlamışdır. Ancaq 1996-cı ilə qədər ölkəmizdə gedən proseslər imkan vermirdi ki, ölkə inamla inkişaf dövrünə qədəm qoysun. Əgər statistik göstəricilərə nəzər salsaq görərik ki, 1996-cı ildən sonra iqtisadi artım başlamışdır, iqtisadiyyatda tənəzzül aradan götürülmüşdür, inflyasiyanın səviyyəsi aşağı düşməyə başlamışdır. Ümumiyyətlə, Azərbaycanın müstəqillik tarixinin ilk illəri ölkəmiz, xalqımız üçün çox ağır keçmişdir. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa edəndən sonra çox ağır vəziyyətlə üzləşmişdi. Daha doğrusu, bu vəziyyət ondan əvvəlki dövrdə yaranmışdır. Azərbaycana qarşı erməni iddiaları, torpaq iddiaları və Sovet hökumətinin bu məsələdə ermənilərin tərəfini tutması əlbəttə ki, ölkəmiz üçün böyük problemlər yaratmışdı. Hələ 1980-ci illərin sonlarında Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağda, Dağlıq Qarabağ muxtar vilayətində xüsusi komitə yaradılmışdır və faktiki olaraq Dağlıq Qarabağ Azərbaycan tabeçiliyindən çıxarılmışdır. Bu, əlbəttə ki, xalqımıza qarşı məkrli planların tərkib hissəsi, onun başlanğıcı idi.
Ondan sonra Sovet hökuməti, Sovet ordusu tərəfindən xalqımıza qarşı qanlı cinayət törədilmişdir. Sovet rəhbərliyinin bilavasitə tapşırığı ilə Qanlı Yanvar faciəsi törədilmişdir, günahsız insanlar şəhid olmuşlar. Bildiyiniz kimi, faciədən sonra Heydər Əliyev Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək öz etiraz səsini ucaltmışdır. Sovet hökumətini, Sovet rəhbərliyini, onların hərəkətlərini, cinayətlərini pisləmişdir. Deyə bilərəm ki, Sovet dövründə bu, çox nadir bir hadisə idi. Çünki hələ Sovet İttifaqının dağılmasına 2 il vaxt qalırdı. Sovet hökuməti kifayət qədər güclü idi. Heç kimin ağlına gələ bilməzdi ki, Sovet İttifaqı, kommunist partiyası dağılacaq. Ona görə, Heydər Əliyevin bu addımı çox cəsarətli addım idi. Əsl vətənpərvər, xalqını hər şeydən üstün tutan insanın addımı idi. Təbii ki, o, böyük siyasətçi kimi başa düşürdü ki, ona qarşı təzyiqlər, təqiblər başlanacaq. Belə də oldu. Hətta onun həbsi haqqında da qərar qəbul edilmişdir və o, məcbur olub Moskvadan Bakıya, özü də böyük çətinliklərlə gələ bilmişdi. Bakıda da ona qarşı təxribatlar planlaşdırılırdı. Ona görə Naxçıvana getdi və ondan sonrakı dövrünü siz tarixdən bilirsiniz. Naxçıvan camaatı, əhalisi onu müdafiə etdi. Ondan sonra isə o, Naxçıvanı müdafiə etdi. İmkan vermədi ki, Ermənistan Naxçıvanda da Dağlıq Qarabağda törətdiyi əməlləri törətsin.
Yəni, o illər doğrudan da ağır idi və gələcək inkişafımız üçün həlledici idi. 1991-ci ildə Sovet İttifaqı dağıdıldı, bütün respublikalara sanki tarixi bir şans verildi ki, öz dövlətini qursunlar. Əgər bu gün biz keçmiş müttəfiq respublikaların indiki vəziyyətinə nəzər salsaq görərik ki, bəzi ölkələr bu günə qədər də xarici təsirdən yaxasını qurtara bilməmişlər. Azərbaycan isə müstəqil dövlətdir, güclü dövlətdir, uğurlu inkişaf yolunu keçən dövlətdir.
Müstəqilliyimizin ilk illəri ölkəmiz üçün çox ağır keçmişdir. Erməni işğalı, torpaqlarımızın itirilməsi, Dağlıq Qarabağdan azərbaycanlıların qovulması, 1992-ci ilin may ayında Şuşa və Laçının işğal altına düşməsi əlbəttə ki, bizim böyük faciəmizdir. 1993-cü ilin aprel ayında Kəlbəcərin erməni işğalı altına düşməsi nəticəsində faktiki olaraq, biz Dağlıq Qarabağı Ermənistanla ayıran bölgəni də itirdik və beləliklə, Dağlıq Qarabağla Ermənistan arasında coğrafi əlaqə yaradıldı. Bu da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində əlbəttə ki, çox mənfi rol oynamışdır.
Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. Bu, bizim dədə-baba torpağımızdır. Heç vaxt Azərbaycan xalqı və dövləti bu vəziyyətlə barışmayacaq. Mən tam əminəm ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik, azərbaycanlılar öz doğma torpaqlarına qayıdacaqlar və Dağlıq Qarabağa, eyni zamanda, tarixi Azərbaycan torpaqlarına qayıdacaqlar. İndiki Ermənistan tarixi Azərbaycan torpağıdır. Əgər keçən əsrin əvvəlində dərc edilmiş xəritələrə baxsaq görərik ki, orada şəhərlərin adlarının böyük əksəriyyəti Azərbaycan mənşəlidir. Ermənistan-Azərbaycan müharibəsinin yaranması əlbəttə ki, bizim dövlətçiliyimizə, dövlətimizə, xalqımıza qarşı törədilən böyük cinayətdir. Ermənistanın əlbəttə ki, böyük havadarları var idi, bu gün də var. Siz bunu yaxşı bilirsiniz və məsələnin həll olunmamasının səbəbi məhz bundadır. Çünki Ermənistan təkbaşına deyil, onun böyük havadarları, dəstək verənləri var. Dünya gücləri, - təkcə dünya erməniliyindən söhbət getmir, - böyük dövlətlər müxtəlif səbəblərə görə Ermənistanın işğalçılıq siyasətini faktiki olaraq şərtləndirirlər. Ancaq mən bir daha demək istəyirəm və siz də gənclər kimi bunu bilməlisiniz ki, bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzün bərpasıdır, tarixi torpaqlarımıza qayıtmağımızdır, o cümlədən indiki Ermənistan ərazisinə Azərbaycan əhalisi qayıtmalıdır və qayıdacaq. Əlbəttə ki, bu, zaman aparacaq. Ancaq bu, bizim amalımızdır, müqəddəs amalımızdır. Biz hamımız bu amalla yaşamalıyıq. Bu gün Azərbaycanın uğurlu inkişafı, eyni zamanda, əhalimizin artması əminəm ki, buna gətirib çıxaracaq. Yəni, biz öz işimizlə hər gün bu günü yaxınlaşdırmalıyıq.
O vaxt problemlərimizdən biri də hakimiyyətdə olan adamların təcrübəsizliyi, bəzi hallarda xəyanəti olmuşdur. Çünki siz gənclər təbii ki, o illəri xatırlamırsınız. Əlbəttə ki, bizim nəsil - o illəri yaşamış insanlar kimi biz o dövrü yaxşı xatırlayırıq. Azərbaycan Xalq Cəbhəsi-Müsavat hakimiyyəti xalqımız üçün böyük bəla, böyük biabırçılıq idi. Birincisi, 1992-ci ildə onlar hakimiyyəti qanunsuz yollarla zəbt etmişdilər. O vaxt Dağlıq Qarabağda qanlı döyüşlər gedirdi. Ancaq onların əsas məqsədi nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək idi. Hətta bəziləri sevinirdilər ki, Şuşa, Laçın işğal altına düşüb və bu, tezliklə əvvəlki hakimiyyətin yıxılmasına gətirib çıxaracaqdır. O vaxtkı tarix çox acınacaqlıdır, çox ağırdır, o, tariximizin qara səhifələridir. Hakimiyyəti zəbt edəndən sonra onlar Azərbaycanı faktiki olaraq uçurum kənarına qoymuşdular. Birincisi, əgər o vaxt Azərbaycana rəhbərlik edənlərin şəxsiyyətlərinə nəzər salsaq, heç bir şərhsiz görərik ki, bu adamlar nəinki ölkəni, bir kolxozu da idarə edə bilməzlər. İndi gənclər təbii ki, bu tarixi, əlbəttə bilə bilməzlər. Amma baxın, kimlər Azərbaycanı idarə etmişlər. Parlamentin sədri kiçik elmi işçi idi, 11 il ərzində kiçik bir dissertasiyanı müdafiə edə bilməmişdir. Baş nazir, yumşaq desək, ticarətlə məşğul idi, kiçik ticarətlə, özü də o ticarət mövsümi xarakter daşıyır. Dövlət katibi komsomolçu idi - sonradan flyuger kimi əqidəsini dəyişmiş və xalq hərəkatına qoşulmuş birisi. Ondan sonrakı dövrdə də bir neçə dəfə əqidəsini dəyişmişdi. Hətta 1990-cı illərin ortalarında hakimiyyətlə sıx əlaqədə olaraq parlamentdə də təmsil olunurdu. Ancaq silahdaşları, yoldaşları onu yaxşı tanıyırlar. Ağır vaxtda öz liderinə xəyanət etmiş insan əlbəttə ki, yüksək keyfiyyətlərə malik ola bilməz. Müdafiə nazirinin Şuşanın ermənilərə verilməsində bilavasitə əli, günahı var. Daxili işlər naziri canlı efirdə bir müxalifət nümayəndəsini döymüşdür. Görün, hüquq mühafizə orqanının yüksək vəzifəli şəxsi veriliş gedə-gedə nə isə onun xoşuna gəlməyib, gedib studiyaya onu xalq qarşısında döymüşdür və buna görə heç bir məsuliyyət daşımamışdır. Xarici işlər naziri Fizika İnstitutunun kiçik elmi işçisi idi və belə önəmli vəzifəyə irəli sürülmüşdü. Heç bir xarici dil bilməyən, hətta rus dilində düz əməlli danışa bilməyən, yəni, yumşaq desək, statusuna adekvat olmayan bir adam idi.
Yəni, budur, Azərbaycan Xalq Cəbhəsi-Müsavat hakimiyyətinin öndə gedənləri. Bu adamlar ölkəni necə idarə edə bilərdilər?! Hakimiyyətə gələndən sonra dərhal onlar bir-biri ilə mübarizəyə başlamışlar. Bu mübarizə və eyni zamanda, xalq tərəfindən onlara olan inamsızlıq, mənfi münasibət nəticəsində cəmi 1 il hakimiyyətdə qala bilmişlər. Ondan sonra onlar üçün vəziyyət gərginləşəndə - 1993-cü ilin yaz-yay aylarında onlar bütün vəzifələrdən gedərək bəziləri ölkəni tərk etmişlər, qaçıb gizlənmişlər və onların dırnaqarası cəsarəti artıq aradan getmişdir.
Bax bu ağır vəziyyətdə - 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlmişdir və xalqın dəstəyi, inamı hesabına vəziyyət sabitliyə doğru getməyə başlamışdır. Amma vəziyyət 1996-cı ilə qədər yenə də çox gərgin idi. 1994-cü il sentyabrın 20-də “Əsrin kontraktı” imzalanmışdır və bu gün də bizim inkişafımızın uğurlu olmasında çox mühüm rol oynayır. Bu, çox ciddi bir siyasi və iqtisadi addım idi. Bu, bəzi xarici ölkələri çox narahat etmişdir və iki həftə keçmədən Azərbaycanda dövlət çevrilişinə cəhd göstərilmişdir. Əlbəttə, Azərbaycan xalqı imkan vermədi ki, bu, baş tutsun. Amma bu, xalqımıza, dövlətimizə qarşı çox ciddi bir hərbi əməliyyat idi. 1995-ci ildə artıq digər qruplaşma - xarici oriyentasiyadan olan qruplaşma yenə də dövlət çevrilişinə cəhd göstərmişdi. O cəhd də yatırıldı. Yenə də xalq küçələrə, meydanlara çıxıb hakimiyyəti, Heydər Əliyevi müdafiə etmişdir. 1996-cı il artıq sabitləşmə ili kimi tarixdə qalır. Təsadüfi deyil ki, 1996-cı ilin əvvəlində Gənclər Forumu keçirilmişdir.
Mən bu tarixə nəyə görə qayıdıram? Çünki birincisi, bu, həqiqətdir. Dediyim sözlər və xüsusilə verdiyim qiymətlər ən diplomatik və yumşaq qiymətlərdir. Gənclər bunu bilməlidirlər ki, biz hansı vəziyyətdən çıxıb, hansı vəziyyətə gəlib çıxmışıq. Digər tərəfdən, əgər bu tarixi yaddan çıxarsaq, onda biz öz gələcək planlarımızı düzgün qura bilməyəcəyik.
Biz bu gün güclü dövlət qururuq. O dövlət ki dünya miqyasında böyük hörmətə malikdir. Biz çalışmalıyıq və çalışırıq ki, inkişafımız dayanıqlı olsun. Buna nail olmaq üçün sadəcə güclü iqtisadiyyata malik olmaq kifayət deyil. Dayanıqlı inkişaf üçün gərək gələcəkdə ölkəmizi idarə edəcək insanlar da daim dövlətçiliyə, inkişafa töhfə versinlər. Siz gənclər gələcəkdə ölkəmizi idarə edəcəksiniz. Ölkəmizin taleyi sizdən asılı olacaqdır. Ona görə sizin fəaliyyətiniz, baxışlarınız və fikirləriniz gələcəkdə ölkəmiz üçün həlledici olacaq.
Azərbaycan əsrlər boyu müstəqillikdən məhrum olmuşdur. Xalqımız müstəqillik arzuları ilə yaşamışdır. Bu, tarixi bir şansdır ki, bizə verildi. Sovet İttifaqının dağılmasını heç kim təsəvvür edə bilməzdi. Hətta böyük dövlətlərin analitik mərkəzlərində də belə ssenari nəzərdən keçirilmirdi. Bu fürsət bizə verildi və bu məsuliyyət bizim üzərimizdədir. Biz Azərbaycanda güclü, özünə güvənən, müstəqil dövlət qururuq. Bu dövlət əbədi yaşamalıdır və uğurla yaşamalıdır.
Ona görə son 20 il inkişaf, sabitlik dövrü olmuşdur. Bu dövr ərzində Azərbaycan dünya miqyasında, bir daha demək istəyirəm ki, çox güclü dövlətə çevrilmişdir. Təsadüfi deyil ki, 155 ölkə bizim namizədliyimizi BMT Təhlükəsizlik Şurasına seçilməyimiz zamanı dəstəkləmişdir. Güclü iqtisadiyyat yaratmışıq, güclü sosial siyasət aparılır, güclü ordu qurmuşuq. Hətta beynəlxalq hesablamalarda Azərbaycan Ordusu dünya miqyasında 40 ən qüdrətli ordu sırasındadır. Mən bunu dəfələrlə bəyan etmişəm ki, bizim ordumuz güclü ordular sırasındadır. Mənim təhlilimi beynəlxalq qurumlar da təsdiqləyir.
Biz bu illər ərzində enerji siyasətində tarixi layihələrə imza atdıq, Xəzər dənizini Aralıq dənizi ilə birləşdirdik. Hazırda “Cənub” qaz dəhlizini icra edirik. Bu da bizim təşəbbüsümüzdür. Özü də 1994-cü ildə “Əsrin kontraktı” imzalananda əlbəttə ki, bizim iqtisadi və siyasi vəziyyətimiz indiki kimi deyildi. Bizə hər tərəfdən təzyiqlər göstərilirdi və o vaxt iqtisadiyyatımız demək olar ki, dağılmış vəziyyətdə idi. Ancaq Heydər Əliyevin güclü iradəsi, cəsarəti və gələcəyə olan baxışları bunu mümkün etmişdir. Biz bu illərdə iqtisadi şaxələndirmə ilə məşğul olmuşuq. Amma bu sahə ilə yenə də məşğul olmaq lazımdır. Ancaq bir çox məsələləri həll edə bilmişik. Azərbaycan indi kosmik dövlətə çevrilibdir. Elmin, təhsilin inkişafı, infrastruktur layihələrinin icrası - bütün bunlar ölkəmizi gücləndirir.
Hesab edirəm ki, bu gün ölkəmiz üçün yeni dövr başlayır. Əminəm ki, bu dövr də uğurlu olacaqdır. Bu, postneft dövrüdür. Postneft dövrü bizim hesablamalarımıza görə 2040-cı ildən sonra başlamalı idi. Ancaq neftin qiymətinin kəskin düşməsi nəticəsində artıq biz postneft dövründə yaşayırıq.
Əlbəttə ki, iqtisadi sahədə ciddi islahatların aparılmasına çox böyük ehtiyac var. Bu islahatlar başlayıb və dərinləşəcək. Biz çalışmalıyıq və əminəm, buna nail olacağıq ki, Azərbaycan iqtisadiyyatı inkişaf etmiş ölkələrin iqtisadiyyatlarından fərqlənməsin, o səviyyədə olsun. Çünki gərək bütün mexanizmlər, bütün meyarlar bu tələbləri ehtiva etsin.
Bizim çox güclü intellektual potensialımız var, coğrafi vəziyyətimiz çox əlverişlidir. Bu gün Azərbaycan tranzit ölkə kimi artıq dünya miqyasında böyük hörmətə malikdir. Siz də yəqin izləyirsiniz ki, tranzit yollar artıq Azərbaycandan keçir. Digər üstünlüklərimiz var. Azərbaycanda savadlılıq 100 faizdir. Bu da bizim böyük sərvətimizdir. Ona görə mən ölkəmizin uğurlu inkişafına nəinki inanıram, əminəm ki, belə də olacaq.
Növbəti 2-3 il ərzində, xüsusilə iqtisadi sahədə yeni iqtisadi model artıq işləməyə başlayacaqdır. Birinci mərhələdə, 1990-cı illərin əvvəllərində biz tənəzzülün qabağını almalı idik və almışıq. Bundan sonra Heydər Əliyev neft strategiyasının icrası nəticəsində böyük layihələrə nail ola bilmişik. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum bizə çox böyük imkanlar yaratdı. Neft Fondu yaradıldı. Azərbaycan böyük həcmdə nefti ixrac etməyə və gəlir əldə etməyə başlamışdır. Biz gəliri də ölkəmizin inkişafına yönəltdik. Bölgələrdə, Bakıda yeni infrastruktur layihələri həyata keçirildi, məktəb binaları, xəstəxanalar tikildi, yəni, infrastruktur tamamilə yeniləndi. Hələ ki, görüləsi işlər çoxdur. Amma infrastruktur layihələrinin böyük hissəsi artıq reallaşıb. Buna biz vəsait sərf etdik ki, gələcəkdə neftdən asılılığı daha da azaldaq.
İndiki dövr isə inkişaf etmiş ölkələrdəki kimi, daha çox innovasiya, intellektual inkişaf dövrü olacaq. Onlar nəyin hesabına inkişaf edirlər? İnkişaf etmiş ölkələrdə, onların böyük əksəriyyətində neft-qaz yoxdur. Onların böyük şirkətləri var. Onlar gedib xarici ölkələrdə neft-qaz hasil edirlər və öz büdcələrinə vergi ödəyirlər. Onlar nəyin hesabına inkişaf edirlər? Ancaq texnologiya, bilik və savad hesabına.
Bu gün əlbəttə ki, dünyada bizdən qat-qat çox neft hasil edən, ixrac edən ölkələr var. Ancaq onlar da texnologiyaları Qərbdən alırlar. Bu, bu günün reallıqlarıdır. Əlbəttə, mən çox istərdim ki, Azərbaycanda alimlər ixtiralar ortaya qoysunlar, dünya elminə töhfələr versinlər. Əminəm ki, bu, olacaq.
Amma indiki dövrdə biz Azərbaycana qabaqcıl texnologiyaları gətirməliyik və kadr potensialı da hazırlanmalıdır ki, gələcəkdə texnoloji tərəqqidən kənarda qalmayaq. Bundan sonrakı dövrdə həm siyasi müstəvidə, həm də iqtisadi və hərbi sahələrdə texnologiyalar, bilik, savad hər şeyi həll edəcək. Bu gün artıq hərbi sahədə yeni texnologiyalar hər şeyi dəyişir. O qədər də böyük orduya malik olmayan ölkələr bəlkə də hərbi cəhətdən ən güclü ölkələrə çevrilir. Ona görə biz bu sahəni daim diqqət mərkəzində saxlamalıyıq. Ona görə Azərbaycanda elmin inkişafına, yeni texnologiyaların, İKT-nin, kosmik sənayenin inkişafına böyük diqqət verilir. Təkcə ona görə yox ki, biz bu sahəni yaradaq və onunla öyünək. Ona görə ki, bu, intellektual inkişafa təkan verir.
Xüsusilə bu, gənclərə aiddir. Burada təhsil, bilik ön plandadır. Yəqin, biz hamımız və balaca uşaqlar, tələbələr də tez-tez eşidirlər ki, oxumaq, təhsil almaq lazımdır. Bəziləri buna öyrəşir, amma doğrudan da budur əsas. Bu olmasa, ölkələr inkişaf edə bilməyəcək. Neftlə, qazla zəngin olan ölkələr bundan sonra da texnologiyalar alacaqlar. Xarici şirkətlər gəlib onlar üçün infrastruktur yaradacaqlar və s. Amma nə vaxtsa bu neft, qaz qurtaracaq. Ondan sonra nə olacaq?!
Biz gələcəyə bax, bu prizmadan yanaşmalıyıq. Uzunmüddətli strategiyamızı müəyyən edirik, edəcəyik. Neftdən asılılıq tamamilə aradan götürülməlidir. Biz iqtisadi islahatlar, sahibkarlığın inkişafı, şəffaflığın hesabına buna nail oluruq və olacağıq. Gənclər cəmiyyətimizin fəal üzvləri kimi əlbəttə ki, bütün bu işlərdə fəal rol oynamalıdırlar. Mən buna əminəm ki, belə də olacaq və gənclərdən fəallıq gözləyirəm. Cəmiyyəti narahat edən, incidən məsələlərin ortaya çıxmasında gənclərin də böyük rolu var. Biz çalışmalıyıq ki, bütün qüsurları aradan götürək və hər sahədə ədalət tam təmin edilsin. Çünki ədalət olmasa, inkişaf ola bilməz. Ədalət ailədə də, məişətdə də, siyasətdə də, hər sahədə olmalıdır.
Belə olan halda ölkəmiz uzunmüddətli inkişafa nail olacaq. Mən demişəm, bizim müstəqilliyimiz əbədidir. Amma biz gərək müstəqilliyi möhkəmləndirək. O qədər müstəqil ölkə var ki, müstəqil siyasət apara bilmir. Yəni, müstəqillik şərti xarakter daşıyır. Biz müstəqil siyasət aparırıq. Buna görə bir çox hallarda hədəfə çevrilirik. Bizə qarşı olan təzyiqlər, qarayaxma kampaniyalarının əsas səbəbi də odur ki, biz həmişə özümüzü ləyaqətlə aparırıq. Bütün auditoriyalarda, açıq və qapalı görüşlərdə sözümüzü deyirik, xalqımızın, dövlətimizin maraqlarını müdafiə edirik. Bəzilərinin bundan xoşu gəlmir. Ona görə müxtəlif yollarla bizə təzyiq etməyə başlayırlar. O təzyiq mexanizmləri də çox primitivdir. Burada da hesab edirəm ki, bu təzyiqləri edənlər bir balaca gərək innovasiyalara şərait yaratsınlar, yeni bir üsul icad etsinlər. Çünki eyni, şablon ittihamlara artıq heç kim inanmır.
Amma bu, bizim iradəmizə əlbəttə ki, təsir edə bilməz. Çünki mən həmişə bu fikirdə olmuşam: əgər hesab edirsən ki, sən düzgün yoldasan, gərək bu yola davam edəsən. Əgər şübhən varsa soruş. Əgər nəyisə bilmirsənsə bunu etmə. Bax, budur mənim yanaşmam və bilirəm ki, biz düzgün yoldayıq. Azərbaycan reallıqları bunu göstərir. Bir çox məsələlərdə Azərbaycan başqa ölkələr üçün nümunədir və bu, bizim töhfəmizdir.
Bu il Azərbaycanda Sivilizasiyalar Alyansının Qlobal Forumu keçiriləcək. Çox mötəbər, dünya miqyaslı beynəlxalq tədbirdir. BMT-nin himayəsi altında keçirilən tədbirdir. Nəyə görə? Ona görə ki, biz burada artıq bir neçə ildir buna oxşar tədbirləri keçirmişik. Ona görə ki, bu sahədə Azərbaycan doğrudan da dünya üçün nümunədir və bu, reallıqdır. Bu, cəmiyyətimizin bugünkü statusudur. Həm dövlət siyasətidir, həm cəmiyyətin sifarişidir. Ona görə biz bütün istiqamətlər üzrə fəal işləyəcəyik. İslahatları dərinləşdirəcəyik. O ki qaldı xarici siyasət məsələlərinə, burada əlbəttə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi bizim əsas prioritetimizdir. Əfsuslar olsun ki, bu münaqişə öz həllini tapmır. Mən həmişə demişəm ki, əgər müstəqilliyimizin ilk illərində Heydər Əliyev hakimiyyətdə olsaydı, heç vaxt Dağlıq Qarabağ münaqişəsi yaranmazdı. Çünki mən özüm şəxsən yaxşı xatırlayıram ki, 1980-ci illərdə Heydər Əliyev Dağlıq Qarabağa, Şuşaya, Xankəndiyə gedəndə onu o yerli əhali necə qarşılayırdı - həm azərbaycanlılar, həm də ermənilər. Böyük hörmətlə, böyük sevgi ilə, gurultulu alqışlarla və bu, təbii idi. Çünki mən də o səfərlərdə atamla bərabər olmuşam və görmüşəm ki, doğrudan da orada qarşıdurma üçün heç bir əsas yox idi. Xatırlayıram, Şuşa şəhərində Vaqif məqbərəsinin açılışında qarlı bir hava idi. Orada erməni və Azərbaycan şairlərinin çıxışları olmuşdu. Erməni şairləri Azərbaycan dilində şeir söyləyirdilər. Özləri yazdıqları şeirləri söyləyirdilər. Yəni, doğrudan da heç kimin ağlına gələ bilməzdi ki, bu süni münaqişə yarana bilər. Ancaq yenə də demək istəyirəm ki, bu, xalqımıza qarsı törədilən böyük təxribat idi. Bunu erməni millətçiləri və sovet hökuməti törətdi.
İndi bu məsələni həll etmək üçün bilirsiniz ki, biz çox çalışırıq. Ancaq əfsuslar olsun ki, Ermənistan tərəfi vaxtı uzatmağa çalışır. Çox təəssüf edirəm ki, bu məsələ ilə bilavasitə məşğul olmalı olan Minsk qrupunun həmsədrləri münaqişənin həllinə yox, dondurulmasına çalışırlar. Onların bugünkü fəaliyyəti tamamilə mənasızdır. Onlar nəinki Ermənistana təzyiq etmirlər, hətta Ermənistanı mümkün olan problemlərdən qoruyurlar. Baxın, Avropa Şurasında son dinləmələrdə onların təxribatçı fəaliyyəti nəyə gətirib çıxardı. Sual olunur: onlar özlərini nə sayırlar? Yəni, bütün beynəlxalq təşkilatlara təzyiqmi edəcəklər? Bütün beynəlxalq təşkilatlara göstərişmi verəcəklər? İndi Avropa Şurası bu məsələni gündəliyə çıxarır. Məruzəçi təyin edilibdir. Avropa Şurası beynəlxalq təşkilatdır. Düzdür, Azərbaycan bu təşkilatla əlaqələri 15 ildir ki, qurubdur və münasibətlərdə heç də hər zaman problemsiz dövr olmamışdır. Ancaq Avropa Şurası ilk dəfə olaraq 2005-ci ildə Ermənistanın işğalını pisləyən qətnamə qəbul etmişdir. Həmin sənəddə göstərilir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Əlbəttə, orada müxtəlif adamlar var. Anti-Azərbaycan mövqeyində adamlar var, islamofob adamlar kifayət qədər çoxdur. Ümumiyyətlə, Ermənistanla həmrəy olanlar, erməni lobbisi ilə bağlı olanlar var. Mən orada üzv olmuşam, bunu bilirəm. Ancaq bu təşkilat indi bu məsələni gündəliyə çıxarıb. Minsk qrupunun həmsədrləri onlara təzyiq edirlər ki, bu məsələyə baxılmasın. Məhz bu təxribatçı fəaliyyətə görə bizə 4 səs çatmadı ki, bu qətnamə qəbul olunsun.
Ona görə Minsk qrupunun həmsədrlərinin fəaliyyətinə hansı qiymət vermək olar? Ancaq mənfi. Mən onların üzünə də demişəm və deyirəm. Bu gün bunu açıq deyirəm ki, ictimaiyyət də bilsin. Məsələnin həll olunmamasında onların ən böyük rolu var. Nə üçün? Çünki ikili standartlar var. Səbəb nədir? Soruşanda cavab yoxdur. O da bir taktikadır. Nə vaxt ki, sual sərf etmir, cavab vermirlər. Amma bu cavabı biz bilirik - ikili standartlar. Əlbəttə ki, burada siz də bilməlisiniz, Azərbaycan xalqı da bilməlidir. Daha doğrusu bilir, amma mən bunu deyəcəyəm. Burada din amili rol oynayır. Müsəlman olduğumuza görə bizə ikili standartlar münasibəti göstərilir. Xüsusilə indiki dövrdə ki, Avropada islamofobiya pik həddinə çatıb.
İndi o müharibədən əziyyət çəkənlər Avropaya pənah gətirirlər. Orada onlarla necə rəftar edirlər? Qəfəsə salırlar. Qəfəsin içinə ərzaq tullayırlar. Elə bil ki, onları zooparkda qəfəsə salıblar. Budurmu dəyərlər?! Haradadır mərhəmət, insan haqları, tolerantlıq? Ancaq şüar üçün. Ona görə bu, dünyada gedən real proseslərdir. Avropaya nə qədər çox miqrant üz tutur, Avropada radikal qüvvələrin gücü o qədər də çox artır. Əgər Avropanın aparıcı ölkələrində keçirilmiş seçkilərin nəticələrinə nəzər salsanız, görərsiniz ki, 10 il ərzində radikal islamofob partiyaların faizi nə qədər artıb. Bəlkə də iki dəfə və bu, meyildir. Bu gün onlar əlbəttə ki, siyasətdə söz sahibi deyillər. Amma bu, meyildir. Bu meyil nəyə gətirib çıxaracaq? Ona gətirib çıxaracaq ki, bəlkə də 10 ildən, 15 ildən sonra onlar hakimiyyətə gələcəklər. Onda necə olacaq? Onda müsəlmanlara artıq rəsmi mövqe necə olacaq? Belə olan halda bizim orada yerimiz varmı?
Biz dünyəvi, tolerant ölkəyik, tolerant xalqıq. Biz istəyirik ki, bütün millətlər bir yerdə olsunlar. Biz ona görə bu forumları keçiririk. Bu il “Multikulturalizm ili” elan olunmuşdur ki, sivilizasiyaları, dinləri birləşdirək. Yenə də demək istəyirəm ki, Azərbaycan nümunədir. Amma demək olar ki, biz bu dünyada təkik. Ona görə inteqrasiya məsələsi müzakirə olunanda biz bu reallığı daim nəzərə almalıyıq.
Biz Avropa İttifaqı ilə Assosiasiya Sazişini imzalamadıq. Bunun bir neçə səbəbi var idi. Birinci səbəb, ona görə ki, bizim təkidimizə baxmayaraq, o sənəddə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqe nəzərdə tutulmamışdır. Mən də dedim ki, əgər bu, olmasa biz Assosiasiya Sazişinə qol qoymayacağıq. Hesab edirdilər ki, biz burada, necə deyərlər, şantaj edirik. Amma bu, bizim mövqeyimizdir. Belə də oldu. Başqa səbəblər də var idi. Amma əsas səbəb bu idi. Bu, ikili standartlardır. Bu, dözülməzdir.
Əgər bu gün ikili standartlar dünya miqyasında, dünya siyasətində bir meyardırsa, onda onu bəyan etsinlər. Onda riyakarlığa son qoyulsun. Deməsinlər ki, biz demokratiyanın, bərabərliyin tərəfdarıyıq, bütün xalqlar bərabərdir, insan haqlarının tərəfdarıyıq. Bəs 1 milyon Azərbaycan vətəndaşının insan haqları barədə onlar heç düşünürlərmi? Yox, bu, onları maraqlandırmır! Real vəziyyət bundan ibarətdir. Biz əlbəttə ki, real dünyada yaşayırıq. Bunu nəzərə almalıyıq. Öz siyasətimizdə də nəzərə alırıq. Ancaq, eyni zamanda, öz sözümüzü həmişə demişik və deyəcəyik. Bu təzyiqlərin səbəblərindən biri də budur. Bu, nəyi göstərir? Birincisi onu göstərir ki, dünyada ədalət yoxdur. İkincisi onu göstərir ki, beynəlxalq hüquq normaları dünyada kobudcasına tapdalanır. Elə bil ki, bu normalar kiçik ölkələr üçün yazılıbdır. Böyük ölkələr bunlara məhəl qoymurlar, bu normaları istədikləri kimi yozurlar. Nə vaxt sərf edir ərazi bütövlüyü, nə vaxt sərf edir öz müqəddəratını təyinetmə prinsipi və digər məsələlər də, necə istəyirlər elə də yozurlar. Beynəlxalq hüququ pozan ölkələrə qarşı təzyiq mexanizmi yoxdur. Ancaq kiçik ölkələrə qarşı belə addımlar atılır. Ona görə, o qədər də böyük olmayan ölkə belə vəziyyətdə nə etməlidir, ilk növbədə öz daxili resurslarına arxalanmalıdır. İşlər elə getməlidir ki, ölkə güclənsin, insanlar daha da yaxşı yaşasınlar və təhlükəsizlik təmin edilsin. Biz təhlükəsizliyi özümüz təmin edirik. Azərbaycanda insanlar təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayırlar. Bu gün Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır.
Gənclər isə əlbəttə ki, cəmiyyətimizin fəal üzvləri kimi ölkəmizin güclənməsində əsas rol oynayırlar. Mən gənclərin fəaliyyətini yüksək qiymətləndirirəm. Həm beynəlxalq müstəvidə, həm ölkə daxilində mən görürəm ki, bu gün böyüyən gənclər xalqa, dövlətə bağlıdırlar. Bu, çox önəmlidir. Gənclər gərək milli ruhda tərbiyə alsınlar. Biz milli dəyərlərimizi hər şeydən üstün tutmalıyıq. Hətta sovet dövründə dilimizi, adət-ənələrimizi, bayramlarımızı qorumuşuq. Yadımdadır, Moskvada oxuyanda Novruz bayramında bufetə şəkərbura, paxlava, səməni gətirəndə məni orada tənqid edir, tənbeh edirdilər ki, Əliyev burada dini bayramı qeyd edir. Yəni, o da olub. Amma qorumuşuq və müdafiə etmişik. Baxmayaraq ki, Novruz bayramı dini bayram deyil, indiki şəraitdə əlbəttə, biz onu qorumalıyıq. Çünki indi başqa risklər, başqa çağırışlar var - qloballaşma, digər kənar təsirlər. Bəzi xarici dairələr gənclər arasında iş aparırlar və aydındır ki, bunun məqsədi nədir. Məqsəd özləri üçün dayaq yaratmaqdır. O dayaq ki, nə vaxtsa işə salına bilər. Amma gənclər milli ruhda böyüyəndə əlbəttə ki, xarici təsirin heç bir əhəmiyyəti olmayacaq. Ona görə vətənpərvərliyi, milli dəyərləri, ənənələri qorumalıyıq və biz qoruyuruq. Əsas budur. Bugünkü Azərbaycan iqtidarı bu sahəyə çox böyük diqqət göstərir. Elə etməliyik ki, bu, davamlı olsun. Bizdən sonra hakimiyyətə gələn nəsil də bu amalla yaşasın - dövlətçilik, milli maraqlar, azərbaycançılıq, ləyaqət və güclü dövlət.
Mən qarşıdan gələn tarix münasibətilə sizi bir daha ürəkdən təbrik etmək istəyirəm. Əminəm ki, siz bundan sonra da, - burada əyləşənlər gəncliyin seçilmiş nümayəndələridir, - ölkəmizin inkişafına xidmət edəcəksiniz, öz töhfənizi verəcəksiniz.
X X X
Sonra Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə bir qrup gəncə Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomları təqdim olundu.
X X X
Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin MEHDİYEV gənclərə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkür edərək dedi:
-Möhtərəm cənab Prezident, çox sağ olun. Bu təltifə görə dərin minnətdarlığımızı bildiririk. Azərbaycan gəncliyi, Azərbaycan gənclər təşkilatları, gənclər hərəkatının nümayəndələri hər zaman Sizin diqqət və qayğınızı hiss etmiş, hər zaman bu diqqət və qayğı ilə əhatə olunmuşlar. Azərbaycan gəncləri, gənclər təşkilatları bu etimada görə Sizə minnətdarlığını bildirir. Biz çalışmışıq ki, bu etimadı həmişə doğruldaq. Biz əzmlə çalışacağıq ki, bu etimadı bundan sonra da doğruldaq. Hörmətli cənab Prezident, Sizə bir daha minnətdarıq.
Prezident İlham ƏLİYEV: Sağ olun.
“ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin sədri Fərid SADIXLI çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident, bu gün dəyərli vaxtınızı bizə ayırdığınız üçün Sizə təşəkkür edirik. Bu gün Azərbaycanda 300-dən çox gənclər təşkilatı fəaliyyət göstərir və onlar 30-dan çox beynəlxalq platformada təmsil olunublar. Bundan savayı, diqqətinizə çatdırmaq istəyərdik ki, əksəriyyəti könüllü əsaslarla fəaliyyət göstərir. Sizin də qeyd etdiyiniz kimi, könüllülük nəcib bir fəaliyyətdir və bu gün könüllülər cəmiyyətimizin artıq ayrılmaz bir parçasına çevrilmişdir. Könüllülük hərəkat səviyyəsindən institut səviyyəsinə qədər yüksəlmişdir. Eyni zamanda, biz bunu “Bakı-2015” ilk Avropa Oyunları vaxtı da müşahidə etmişdik. Bundan başqa, bu gün Bakı şəhərində, həmçinin bir sıra regionlarda 6 mindən çox gənci əhatə edən “ASAN” könüllülərini, həmçinin “SABAH” qrupları könüllülərini də qeyd etmək istərdim.
Möhtərəm cənab Prezident, burada gənclər sektorunu təmsil etdiyimə görə icazənizlə bir sıra təkliflərimi bildirərdim. İlk növbədə Gənclər Evi məsələsinə toxunmaq istəyərdik. Bizdə ən yüksək standartlara cavab verən gənclər evləri mövcuddur və Sizin də çıxışınızda qeyd etdiyiniz kimi, gənclər vətənpərvər, bilikli və milli ənənələr ruhunda tərbiyə olunmalıdırlar. Məhz Gənclər evləri gənclərimizin məşğulluq məsələsinin həllində böyük rol oynaya bilər. Bu məsələdə də normativ hüquqi aktların təkmilləşdirilməsi məqsədəuyğun olardı. İkincisi, təhsilimizlə bağlı da bir sıra təkliflər irəli sürmək istəyərdik. Sizin də çıxışınızda qeyd etdiyiniz kimi, postneft erasına daxil olduq və artıq iqtisadiyyatımız daha da şaxələnəcək. Bundan başqa, sırf dar ixtisaslaşmış kadrlara ehtiyac olduğundan bu gün əksər Azərbaycan universitetlərində fakültələr ümumi sahələri əhatə edir, daha dar ixtisaslaşmış fakültələrə də ehtiyac vardır. Həmçinin peşə məktəblərini də diqqətinizə çatdırmaq istəyərdik. Çünki vacib deyil ki, hamı ali təhsil alsın. Bundan öncə Sizin qeyd etdiyiniz kimi, regionlarda xalçaçılıq və digər sənətkarlıq növləri inkişaf etdirilməlidir. Bunun üçün peşə məktəbləri mühüm rol oynaya bilər.
Ümumiyyətlə, son illər ərzində könüllülük fəaliyyəti o səviyyəyə çatmışdır ki, artıq nəinki Bakını, eyni zamanda, regionları da əhatə etmişdir. Artıq biz bir neçə qurumun məhz könüllülük fəaliyyətini əhatə etdiyini görə bilərik. Bunların hamısı Sizin siyasətinizin, diqqət və qayğınızın nəticəsidir. Həmçinin ADA Universitetinin sonuncu kurs tələbəsi olaraq mənim kimi bir çox tələbəni də maraqlandıran bir məsələyə də toxunmaq istərdim. Xaricdə təhsil proqramının perspektivləri haqqında Sizin fikirlərinizi bilmək istərdik.
Bu gün bizi qəbul etdiyinizə görə Sizə bir daha təşəkkür etmək istərdik. Bu, bizim üçün həm böyük qürurverici amildir və eyni zamanda, böyük şərəfdir.
Çox sağ olun, diqqətinizə görə minnətdaram.
Prezident İlham ƏLİYEV: Sağ olun, çox yaxşı. Bu təklifləri mən bəyənirəm. Hesab edirəm ki, Gənclər və İdman Nazirliyi bu təklifləri irəli sürsün. Gənclər evlərinə gəldikdə, bildiyiniz kimi indi bütün regionlarda gənclər evləri yaradılır. Mən də regionlarda olarkən mütləq oraya baş çəkirəm, bir çox açılışlarda da iştirak etmişəm. Əsas məsələ ondan ibarətdir ki, Gənclər evləri işləsin və gəncləri cəlb etsin. Əlbəttə ki, Bakıda da Gənclər evləri yaradılmalıdır. Hesab edirəm ki, bu, çox müsbət addımdır.
Könüllülər hərəkatına gəldikdə, bu, bizim üçün nisbətən yeni bir hərəkatdır. Amma qısa müddət ərzində geniş vüsət almışdır. “ASAN xidmət”dən başlayan könüllülər sonra Avropa Oyunlarında çox fəal işlədilər. Bu hərəkatın çox böyük gələcəyi var. Həm kadrların hazırlanması, eyni zamanda, cəmiyyətdə müsbət meyillərin gücləndirilməsi üçün könüllülər institutu çox mühüm funksiya daşıyır. Çünki bu, insanlara və dövlətə ürəkdən gələn, təmənnasız kömək etmək hərəkatıdır. Mən bunu belə qəbul edirəm və şadam ki, artıq Azərbaycanda könüllülər institutu formalaşıb. Hesab edirəm ki, bunun böyük gələcəyi olacaqdır.
O ki qaldı gənclərin xaricdə təhsilinə, əlbəttə, mənim buna münasibətim çox müsbətdir. Mənim təşəbbüsümlə bir neçə il bundan əvvəl Dövlət Neft Fondundan xüsusi vəsait ayrılmışdır ki, biz gəncləri xarici ölkələrin aparıcı ali məktəblərində oxudaq.
Bildiyiniz kimi, Dövlət Neft Fondunun xətti ilə ancaq ölkəmiz üçün strateji əhəmiyyətli layihələr icra edilir. Onların içində birinci yerdə məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması layihələridir. Son illər ərzində Dövlət Neft Fondunun xətti ilə köçkünlər üçün 90-a yaxın qəsəbə tikilmişdir. Həmçinin strateji infrastruktur layihələri, o cümlədən Taxtakörpü su anbarı, Samur-Abşeron kanalı, Bakı-Tbilisi-Qars dəmir yolu, ən müasir qazma qurğusunun inşası, “Cənub” qaz dəhlizinin yaradılması - bax, bu layihələr bilavasitə Dövlət Neft Fondunun xətti ilə icra edilir. O cümlədən xaricdə tələbələrin oxuması da bu sıradadır. Yəni, bu, bizim üçün prioritetdir. Bu, birinci mərhələ idi və əlbəttə ki, bu mərhələ davam edəcək. Keçən il və bu il bu məqsədlər üçün təqribən 40 milyon manat vəsait nəzərdə tutulub. Ancaq əlbəttə, mən çox istərdim, Azərbaycanda təhsilin səviyyəsi elə olsun ki, buna ehtiyac qalmasın. Ona görə xarici ali məktəblərin Azərbaycanda filiallarının açılması prosesi də başlamışdır. Lomonosov adına Moskva Dövlət Universiteti, Seçenov adına Moskva Dövlət Tibb Universiteti, indi Fransa ilə Təhsil Nazirliyi əməkdaşlıq haqqında saziş imzalayıb və birgə ali məktəb yaradılacaqdır. Biz çox istəyirik, dünyanın aparıcı ali məktəbləri Azərbaycanda filiallar açsınlar ki, daha xaricə getməyə ehtiyac qalmasın.
Siz peşə ixtisası üzrə çox mühüm məsələyə toxundunuz. Artıq həm Təhsil Nazirliyinə, həm İqtisadiyyat Nazirliyinə müvafiq göstərişlər verilmişdir ki, peşə təhsili Azərbaycanda geniş vüsət almalıdır. Çünki bu gün bizə daha çox mühəndis, müxtəlif peşə sahibləri lazımdır. Peşə təhsili elə qurulmalıdır ki, ümumi iqtisadi inkişafımızla uzlaşsın. Çünki biz iqtisadi inkişafımızı, o cümlədən sənaye inkişafımızı planlaşdırırıq. Əlbəttə, dövlət müəyyənləşdirir ki, hansı sahələr inkişaf edəcək və beləliklə, bizə hansı sahələrdə daha çox mütəxəssis lazım olacaq. Bu gün bizdə bəzi hallarda insanların bir hissəsi işsizdir, amma, eyni zamanda, çoxlu vakansiyalar var. Sadəcə olaraq o vakansiyaları doldurmaq üçün bəzi insanlarda peşə qabiliyyəti çatmır. Ona görə peşə təhsilinin inkişafı gələcək illər üçün prioritet olacaqdır və yeni peşə məktəblərinin tikilməsi üçün dövlət büdcəsindən vəsait ayrılacaqdır.
Nazir Azad RƏHİMOV: Cənab Prezident, Sizin tapşırığınıza əsasən Xəzər, Suraxanı, Sabunçu, Qaradağ rayonlarında Gənclər evləri açılıbdır və bu il də Binəqədi rayonunda açılacaq. Bu Gənclər evlərində hər cür şərait yaradılıb, səslənən təkliflərə əsasən orada bu işləri aparmaq olar.
Prezident İlham ƏLİYEV: İndi bizim neçə rayonumuzda artıq Gənclər evi var?
Nazir Azad RƏHİMOV: 31-i var, 32-cisi də olacaq.
Prezident İlham ƏLİYEV: Çox yaxşı. Hər rayonda olmalıdır.
“Tələbələrin İqtisadiyyat və Menecmentlik üzrə Assosiasiyası” İctimai Birliyinin sədri Məryəm MƏCİDOVA qeyri-formal təhsilin inkişafı və intellektual oyunların keçirilməsi ilə bağlı fikirlərini bölüşərək dedi:
-Cənab Prezident, təşkilatımız Azərbaycanda son 10 ildir fəaliyyət göstərir və əsas məqsədimiz gənclər arasında menecment və eyni zamanda, idarəetmə qabiliyyətlərinin artırılmasıdır. Biz bunu beynəlxalq mübadilələr proqramında edirik. Çünki bildiyiniz kimi, bu, beynəlxalq təşkilatdır, 67 ildir bütün dünyada fəaliyyət göstərir. 2025-ci il gənclər siyasətinin strategiyalarından biridir. Məqsədimiz beynəlxalq arenada Azərbaycanın gənc dostlarının sayının artırılması, eyni zamanda, mədəniyyətinin, tarixinin tanıdılmasıdır.
Azərbaycan son 15 ildə müxtəlif beynəlxalq qurumlara üzv olub və onlardan biri də BMT-dir. Bu təşkilat 2015-ci ilin sentyabr ayında dayanıqlı inkişaf məqsədlərini çağırış edib. Üzv ölkə kimi fəxr edirik ki, biz 2017-ci ilin məqsədləri üzərində də çalışacağıq. Məqsədlərdən biri keyfiyyətli təhsildir. Azərbaycanda, Sizin qeyd etdiyiniz kimi, təhsil sahəsində inkişaf gedib. Mənim təklifim qeyri-formal təhsil sahəsində inkişafın artırılmasıdır. Yəni, məsələn, intellektual oyunların və digər bu kimi forumların Azərbaycanda keçirilməsidir. Bilirsiniz, artıq Gənclər və İdman Nazirliyi tərəfindən “Xəmsə” intellektual təşkilatı yaradılıb. Rusdilli əhalisi olan 15 ölkədə artıq bu oyunlar keçirilir. Bunlar onlayn rejimdə həyata keçirilir və bu, həm büdcə, həm də Azərbaycanın tanınması baxımından bilavasitə əhəmiyyətlidir. Məsələn, gələcək illərdə sırf intellektual forumların Azərbaycanda keçirilməsinə necə baxırsınız?
Prezident İlham Əliyev: Çox yaxşı, çox müsbət baxıram. Mən hesab edirəm ki, bu, bizim ümumi intellektual potensialımızı göstərir. İntellektual oyunların Azərbaycanda keçirilməsi və xüsusilə televiziya vasitəsilə göstərilməsi çox böyük effekt verir. Misal üçün, “Nə? Harada? Nə vaxt?”, “Xəmsə”, ondan sonra “Brain Ring” - onları mən indi vaxtaşırı televiziyada izləyirəm. Bundan başqa, “Parlaq zəka”, “Mən azərbaycanlıyam”. Deyə bilərəm ki, bir çox kanallarda intellektual oyunlar keçirilir. Bir çox yaxşı verilişlər var. Onlar həm intellektual səviyyəni qaldırır, eyni zamanda, vətənpərvərlik hisslərini artırır. Ölkəmizin tarixi haqqında həm oyunlarda iştirak edənlər, həm də ki, geniş auditoriya üçün maraqlı məqamları təqdim edir. Hesab edirəm ki, Azərbaycanda bir çox intellektual oyunların beynəlxalq yarışları da keçirilə bilər. Mən bunu dəstəkləyirəm, siz də keçirirsiniz.
Nazir Azad RƏHİMOV: Daim olur, davamı da olacaq.
Prezident İlham ƏLİYEV: Çox yaxşı.
“BMT-nin modeli” layihəsinin əlaqələndiricisi Elmira MƏMMƏDOVA gördükləri işlər və Azərbaycan nümayəndələrinin beynəlxalq təşkilatlarda təmsilçiliyi ilə bağlı məsələyə toxunaraq dedi:
-Cənab Prezident, mən də həm tarixi ekskursa görə, həm qeydlərə görə Sizə təşəkkürümü bildirirəm. Həqiqətən bunu şəxsən Sizdən eşitmək çox maraqlı idi. İcazənizlə, beynəlxalq əməkdaşlıq haqqında qısa məlumat verim. Gənclər və İdman Nazirliyi beynəlxalq əməkdaşlıq sahəsində müxtəlif istiqamətlərdə bir çox layihələrə imza atıb. Burada həm xarici, yəni, fərqli hökumətlərlə, həm qeyri-hökumət təşkilatları ilə, həm gənclər səviyyəsində əməkdaşlıq aparılır. Maraqlı layihələrdən biri “Mən Azərbaycan haqqında nə bilirəm?” layihəsidir. “Azərbaycan gəncləri 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində keçirilən bu layihə nəticəsində Azərbaycana 40 xarici ölkədən 400-ə yaxın gənc səfər edib. Bu səfərlər əslində onlara bir hədiyyə idi. Çünki səfərdən qabaq onlar Azərbaycanın tarixi, mədəniyyəti, enerji resursları ilə bağlı müxtəlif mövzularda maraqlı araşdırma aparmışdılar. Sonra onlara şans verilmişdi ki, onlar araşdırdıqları mövzuları gəlib Azərbaycanda öz gözləri ilə görsünlər.
Başqa bir maraqlı layihə “Univision” layihəsidir. Bu, Azərbaycanın “Eurovision” mahnı müsabiqəsində uğurlarının davamıdır. “Univision” mahnı müsabiqəsinin maraqlı məqamı ondan ibarətdir ki, burada məhz qeyri-peşəkarlar yarışır və onlar tələbələrdir. Yəni, fərqli universitetlərdə, - bu, həkimlər, mühəndislər ola bilər, - onlar öz vokal istedadlarını göstərirlər. Bu da beynəlxalq layihədir və böyük əks-sədaya səbəb olub. Lakin əlbəttə ki, bizim əsas tərəfdaşlarımızdan biri Birləşmiş Millətlər Təşkilatı və onun alt qurumlarıdır. 2014-cü ildə Bakıda gənclər siyasəti üzrə Birinci Qlobal Forum keçirilib. Siz o Forumda şəxsən çıxış etmişdiniz. Forumun ən böyük müsbət nəticəsi Gənclər Siyasəti üzrə Bakı Öhdəlikləri sənədinin qəbul edilməsi olub. Hazırda Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Munun gənclər siyasəti üzrə son hesabatında da həmin öhdəliklər sənədi xüsusən qeyd edilib.
Bundan başqa, bizim maraqlı bir layihəmiz də var. Bu, “BMT modeli” layihəsidir. Layihə çərçivəsində gələcək diplomatlar üçün imkan yaradırıq ki, onlar diplomatiyanı yaşasınlar. Orada onlar müxtəlif ölkələri təmsil edərək, - düzdür, biz hamımız azərbaycanlıyıq və öz kökümüzə bağlıyıq, - bir-iki gün azərbaycanlı olduqlarını unudaraq başqa ölkənin mövqeyindən çıxış etməyi öyrənirlər. Düşünürəm ki, gələcək diplomatları yetişdirmək üçün bu, maraqlı bir təşəbbüsdür.
Son olaraq onu qeyd etmək istəyirəm ki, bizim BMT ilə əməkdaşlığımız çərçivəsində Azərbaycan hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının baş katibinin gənclər siyasəti üzrə xüsusi elçisinin ofisi arasında Anlaşma Memorandumu imzalanıb. Bu da çox önəmli bir sənəddir. Çünki Pan Gi Mun bu ofisi yaradanda bütün ölkələrə müraciət etmiş və bu ofisə dəstək verməyə çağırmışdı. Azərbaycan Sizin təşəbbüsünüzlə bu çağırışa cavab verən ilk ölkələrdən biri olub. Bu memorandumun nəticəsi olaraq bir azərbaycanlı mütəxəssis BMT sistemində yer alıb və hazırda fəaliyyət göstərir. Təəssüf ki, BMT sistemində azərbaycanlı gənclər istisna haldır, baxmayaraq ki, orada “Gənc nümayəndə” və “Gənc peşəkar” kimi proqramlar var. Siz necə düşünürsünüz, Azərbaycan bu istiqamətdə hansı addımlar ata bilər və gənc mütəxəssislərin, gələcək diplomatların beynəlxalq təşkilatların sistemlərinə yerləşdirilməsi üzrə hansı qərarlar qəbul edə bilər?
Təşəkkür edirəm.
Prezident İlham ƏLİYEV: Sağ olun, qaldırdığınız məsələlər doğrudan da çox önəmlidir. Xüsusilə bu son məsələyə toxundunuz. Bu məsələ ilə bağlı mən artıq neçə dəfə müvafiq göstərişlər vermişəm ki, Azərbaycan nümayəndələrinin beynəlxalq təşkilatlardakı sayı çox aşağı səviyyədədir. Bu, o qədər də asan proses deyil. Mənə indi bəziləri deyirlər ki, belə istedadlı mütəxəssisləri bizim bəzi dövlət qurumlarımız buraxmaq istəmirlər. İstəmirlər ki, onları itirsinlər. Mən bunu başa düşürəm. Amma Azərbaycanı dünyada daha da geniş şəkildə təmsil etmək üçün, eyni zamanda, kadrların təcrübə toplamaları baxımından da beynəlxalq təşkilatlarda əlbəttə ki, bizim olmağımız çox önəmlidir. Xarici İşlər Nazirliyinə və Prezident Administrasiyasına göstəriş verilmişdir ki, biz çalışmalıyıq, gənclərimiz, xüsusilə gənc mütəxəssislərimiz bütün beynəlxalq təşkilatlarda təmsil olunsunlar, beynəlxalq məmur statusuna malik olsunlar və orada çalışsınlar. Onlar azərbaycanlıdırlar. Onlar həmişə öz dövlətinə xidmət edəcəklər, eyni zamanda, gözəl təcrübə toplayaraq Vətənə qayıdandan sonra burada daha fəal işlərlə məşğul olacaqlar.
Ümumiyyətlə, bizim beynəlxalq təşkilatlarla əlaqələrimiz kifayət qədər güclüdür. Azərbaycan bir çox beynəlxalq təşkilatların üzvüdür. Onların içində əlbəttə ki, birinci yerdə BMT dayanır. BMT-də də bizim mövqelərimiz kifayət qədər güclüdür. Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş kimi tanınır. Təsadüfi deyil ki, biz Təhlükəsizlik Şurasına 155 ölkənin dəstəyi ilə seçilmişik. Onu da qeyd etməliyəm ki, bu, o qədər də asan olmamışdır. Çünki bizim iki rəqibimiz var idi. Hər iki rəqib həm Avropa İttifaqına, həm NATO-ya üzv dövlət idi. Azərbaycan Şərqi Avropa ölkələri qrupundan namizədliyini vermişdi. Birinci turdan sonra bir rəqib az səs topladığı üçün kənarda qaldı və ondan sonra 15, ya 16 raund səsvermə aparılmışdır. Bu da BMT tarixində nadir bir hadisə idi. Bunun da səbəbi ondan ibarət idi ki, bəzi qüvvələr, Azərbaycanı istəməyən qüvvələr çalışırdılar bizim seçilməyimizi əngəlləsinlər. Səsvermə 3 gün davam etdi. Yadımdadır, bizim xarici işlər nazirimiz Nyu-Yorkda idi və demək olar ki, hər saat mənə zəng edirdi. İki rəqib – Azərbaycan ilə digər ölkə qalanda hər bir səsvermədə biz daha üstün səs toplayırdıq. Getdikcə bu fərq böyüyürdü. Ancaq müəyyən bir səviyyəyə qalxmalı idik ki, ondan sonra seçilək. Orada qaydalar belədir. Yüz neçə səs lazım idi ki, ölkəmiz seçilsin. Rəqib ölkə də öz namizədliyini geri götürmürdü. Baxmayaraq, yaxşı anlayırdılar ki, onların seçilmə şansı yoxdur. Sadəcə olaraq, onlara bəzi ölkələr təlimat vermişdilər ki, siz axıra qədər bu səsvermədə iştirak edin, biz Azərbaycanı Təhlükəsizlik Şurasına buraxmayaq. Ondan sonra bəzi ölkələr belə bir təklif irəli sürdülər ki, bir halda, bu seçkilər nəticə vermir, gəlin, belə təklif irəli sürək - hər iki ölkə öz namizədliyini geri götürsün və üçüncü bir kompromis ölkə seçilsin. Bu da bizə qarşı təxribat planlarının tərkib hissəsi idi. Əlbəttə, biz buna getmədik və mən göstəriş verdim ki, axıra qədər gedəcəyik, bu səsvermə bir ay, bir il çəksə də biz məqsədimizdən dönməyəcəyik. Beşinci gün idi, ondan sonra təxirə saldılar, birinci günə. İki gün ərzində müxtəlif ölkələrlə iş apardılar ki, Azərbaycanın əleyhinə səs versinlər. Amma yenə də nail ola bilmədilər və 16-cı, ya 17-ci turdan sonra Azərbaycan seçildi.
Demək istəyirəm ki, BMT doğrudan da Azərbaycana çox böyük hörmətlə yanaşır. BMT o təşkilatdır ki, beynəlxalq birlik tərəfindən söz deyə bilər. Çünki bəzi hallarda məhdud sayda üzvü olan təşkilat özünü dünya birliyi kimi təqdim etməyə çalışır və deyirlər ki, dünya birliyinin mövqeyi belədir. Amma halbuki, o təşkilatda 20-30 üzv var. Bu, dünya birliyini necə təmsil edə bilər? Dünya birliyi BMT-dir. Azərbaycan BMT-də çox güclü mövqelərə malikdir və mən çox şadam ki, siz də BMT ilə çox sıx əlaqədə işləyirsiniz. Bu, çox müsbət haldır. Çox şadam ki, artıq Azərbaycana gəlmək üçün insanlar müsabiqədən də keçirlər və bu da ölkəmizin önəmini göstərir. Əlbəttə, biz çalışmalıyıq ki, qonaqları, gəncləri, ümumiyyətlə, dünyada, öz ölkələrində söz sahibi olan insanları maksimum dərəcədə Azərbaycana dəvət edək.
Biz xaricdə tariximizlə, mədəniyyətimizlə, siyasətimizlə bağlı çoxsaylı təqdimat mərasimləri keçiririk. Onların əlbəttə ki, böyük səmərəsi var. Amma biz ən böyük səmərəni xarici qonaq Azərbaycana gələndə hasil edirik. Çünki yenə də erməni lobbisi bizi qaralamaq, ləkələmək, bizə şər-böhtan atmaq üçün durmadan çalışır. Anti-Azərbaycan qüvvələr onlara qoşulublar. Bizim müstəqil siyasətimizi həzm edə bilməyənlər də bizi ləkələyirlər. Ona görə bəziləri hesab edə bilər ki, Azərbaycanda vəziyyət çox ağırdır. Hətta bax, dünyada yaşanan böhranlı vəziyyətlə bağlı görün, indi Azərbaycan haqqında həqiqəti əks etdirməyən nə qədər yazılar gedir. Ona görə xarici qonaqları Azərbaycana dəvət edirik. Onlar öz gözləri ilə Azərbaycan reallıqlarını görürlər. Görürlər ki, doğrudan da Azərbaycan çox inkişaf edən, mütərəqqi bir ölkədir.
Dünyada böhran yaşandığı indiki vəziyyətdə neft hasil edən ölkələr müəyyən çətinliklərlə üzləşiblər. Yenə də xarici mətbuatı izləyərkən görürəm ki, anti-Azərbaycan qüvvələr necə də sevinirlər və uydurmalar yayırlar. Əfsuslar olsun ki, mötəbər mətbu orqanlar da bu yalan kampaniyasına qoşulmuşlar. Xüsusilə, bu yaxınlarda “Financial Times” qəzeti iki, ya üç məqalə dərc etmişdi. Tamamilə cəfəng mövzuda olan yazılar ki, guya Azərbaycan beynəlxalq maliyyə qurumlarından yardım istəmişdir. Birincisi, bu, yalandır. Biz heç kimdən yardım istəməmişik. Buna ehtiyac yoxdur. Bizim maliyyə vəziyyətimiz kifayət qədər möhkəmdir. İkincisi, bu yalan məlumatı əgər Azərbaycanın hər hansı bir müxalifət saytı yazsa idi, buna biz heç fikir verməzdik, təəccüb etməzdik. Amma mötəbər, beynəlxalq aləmdə nüfuzlu mətbu orqan belə yalanları dərc edəndə, əlbəttə ki, sual yaranır: Nə üçün? Yəni, bu məsələni yoxlamaq üçün imkanınızmı olmamışdır? Yəni, bu, bizə qarşı növbəti bir kampaniyadır ki, göstərsinlər, Azərbaycanda hər hansı bir çətin vəziyyət yaranıbdır. Heç bir çətin vəziyyət yoxdur. Bizim maliyyə göstəricilərimiz dünya miqyasında ən yüksək səviyyədədir – istər xarici borc olsun, istər valyuta ehtiyatları, istərsə də iqtisadi inkişaf olsun.
İndi bir mövzunu da xarici mətbuat xüsusilə gündən-günə qabardır ki, Azərbaycanda kütləvi etirazlar baş veribdir. İndi sual olunur - bir gün əgər 100, ya 150 nəfər hər hansı bir etiraz edibsə, bu, nə dərəcədə kütləvi etiraz sayıla bilər? Bir gün. Ermənistanda prezident seçkilərində saxtakarlığa görə müxalifət aylarla meydanlarda idi, polis onlara zor tətbiq edirdi, su ilə, qaz ilə onları dağıdırdı. Onlar meydanda kiçik çadırlar qurmuşdular. Bir dənə də olsun xarici mətbu orqan bunu işıqlandırmamışdır. Ondan sonra Ermənistanda “Elektromaydan” hadisəsi baş verdi. Aylarla insanlar meydanları zəbt etmişdilər. Bir dənə də olsun Qərb mətbuatında bu barədə heç bir məlumat getməmişdir. Yəni, bunu görmürsünüzmü? Azərbaycanda bir gün 150 nəfər unun bahalaşmasına görə etiraz edəndə bunu bunlar hər gün, necə deyərlər, çeynəyirlər və təqdim etmək istəyirlər ki, Azərbaycanda bax, vəziyyət belədir. Bu, nəyi göstərir? Yenə də bizə qarşı qərəzli mövqeyi. Anti-Azərbaycan qüvvələr, bizim inkişafımızı istəməyən, son illər ərzində inkişafımıza paxıllıq edənlər hesab edirlər ki, bax, indi bunlar nə isə əldə edə biləcəklər. Heç bir şey əldə edə bilməyəcəklər. Azərbaycan inamla inkişaf edir. Bizim iqtisadi inkişafımız son illər ərzində dünya miqyasında ən sürətli idi. Görüləcək işlər və aparılacaq dərin islahatlar nəticəsində biz tamamilə neft amilindən asılılığı kənara qoyacağıq. Ona görə bir daha demək istəyirəm ki, sizin fəaliyyətinizi mən dəstəkləyirəm. Çalışın bundan sonra da qonaqları Azərbaycana maksimum dərəcədə dəvət edin.
Gənc sahibkar, Davos İqtisadi Forumunun “Global Shapers” təşkilatının üzvü Müşfiq HƏSƏNOV gənc sahibkarlara daha geniş imkanların yaradılması məsələsindən danışaraq dedi:
-Hörmətli cənab Prezident, mən gənc sahibkar olaraq gənclərin məşğulluğu ilə və sahibkarlıqla bağlı fikrimi bölüşmək istərdim. Mənim fikrimcə, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində bir çox effektiv tədbirlər keçirilib və nailiyyətlər əldə edilib. Dövlət Proqramında öz əksini tapmış vacib məqamlardan biri gənclərin məşğulluğunun təmin edilməsi idi və bu illər ərzində bir çox karyera yarmarkaları keçirilib. Bu əmək yarmarkalarında on minlərlə gənc iş yerləri tapıb. Gəncə, Bakı kimi şəhərlərdə Gənclər və İdman Nazirliyi tərəfindən dəstəklənən gənclər üçün karyera mərkəzləri qurulub. Bu mərkəzlərin hər bir ali məktəbdə yaradılması gənclərin işə düzəlmələri üçün güclü dəstək ola bilər.
Dövlət Proqramının digər çox vacib tərəfi gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsidir. 2011-ci ildə Sizinlə görüşdə gənclər tərəfindən bir ideya irəli sürülmüşdü ki, Azərbaycanda biznes inkubasiyaları yaradılsın. Bundan sonra gənc sahibkarlara dəstək daha da gücləndi. İndi Bakıda 9 biznes inkubator fəaliyyət göstərir. Məsələn, Dövlət İqtisad Universitetinin biznes inkubatoru artıq 6 biznes yetişdirib və 6 biznes yaradıb. Bizim “Youth Inc.” proqramı da “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində fəaliyyətə başlayıb. Bu layihə cəmiyyətin, dövlətin və şirkətlərin effektiv əməkdaşlığı sahəsində gənc sahibkarlara dəstək proqramıdır. Biz üç il ərzində beş mindən çox gəncə müxtəlif təlimlər keçmişik və artıq bir neçə biznes yaranıb. Bu nümunələr onu göstərir ki, Azərbaycanda biznesə başlamaq çox asandır. Dünya Bankının biznes qeydiyyatı və başlanılması üzrə dünya reytinqində Azərbaycan 189 ölkə arasında 7-ci yerdədir. Ancaq Dünya Bankının ümumi biznes fəaliyyəti üzrə ölkələr reytinqində orta sıralardayıq. Biz gənc sahibkarlarla işləyərək görürük ki, əsasən bizi geri çəkən səbəblər investisiyalara çıxış problemi və texnoloji transfer çətinliyidir. Azərbaycan gənc sahibkarlar, investorlar, innovasiya və texnologiyalar üçün regional mərkəzə çevrilə bilər və çevrilməlidir. Bu sahədə irəliləyiş üçün Azərbaycanda da əla şərait yaranıb. İlk növbədə bu, strateji əhəmiyyət daşıyan Böyük İpək Yolunun bərpası layihəsidir. Bu layihə ölkəni vacib ticarət və iqtisadi mərkəzə çevirə bilər və gənc sahibkarlara bu sahədə biznes qurmaq imkanı yaradar.
Sizin bu yaxınlarda qeyd etdiyiniz və təməlini qoyduğunuz olduqca vacib digər məsələ “Made in Azerbaijan” brendinin yaranmasıdır. Məsələn, ölkəmizin kənd təsərrüfatının üstün cəhəti ondan ibarətdir ki, Azərbaycanda geni dəyişdirilməmiş məhsullar yetişdirilir. Dünya trendi onu göstərir ki, bu, güclü rəqabət üstünlüyü yaradılmasında vacib amildir. Bizim bu baxımdan güclü rəqabət üstünlüyümüz var. Burada gənc sahibkarlara dəstək vermək lazımdır. Bu sahələrdə biznes dəstəyi üçün Sahibkarlara Kömək Milli Fondu artıq bir çox tədbirlər həyata keçirir. 2011-ci ildən 2015-ci ilədək 3341 gənc sahibkara və fermerə 197 milyon manat güzəştli kredit verilib. Lakin bundan əlavə, innovasiyaları, startupları, texnoloji transferi dəstəkləmək və belə layihələri inkişaf etdirmək üçün gənc sahibkarlarla fəaliyyət göstərən və koordinasiya həyata keçirən effektiv bir alət yaradılması, mənim fikrimcə, zəruridir. Bu istiqamətdə praktiki addımlardan biri Gənc Sahibkarlara Dəstək Fondunun yaradılması ola bilər. Bu Fonda bir neçə ictimai təşkilat, biznes strukturları, investisiya fondları və ölkənin biznes inkubatorları daxil ola bilər. Fondun fəaliyyəti gənc sahibkarların innovativ layihələrinə investisiyalar ayrılması və bu investisiyaların istifadəsinə nəzarətin həyata keçirilməsi, texnoloji transferə dəstək, biznesin inkişafının qanunvericilik əsaslarının yaxşılaşdırılması istiqamətində hökumətə təkliflər verilməsi və digər işlər ola bilər.
Təşəkkür edirəm.
Prezident İlham ƏLİYEV: Sağ olun. Mən hesab edirəm ki, qaldırdığınız məsələlər təqdirəlayiqdir, diqqətəlayiqdir. Onları təklif şəklində tərtib edin və mənə təqdim edin. Hökumətə, İqtisadiyyat Nazirliyinə müvafiq göstərişlər veriləcək.
Qaldırdığınız məsələlər doğrudan da çox vacibdir. Ölkəmizin gələcəyi sahibkarlığın inkişafından asılı olacaqdır. Xüsusilə indi geniş özəlləşdirmə proqramı nəzərdə tutulur. Dövlət ancaq strateji aktivləri öz inhisarında saxlayacaqdır. Bu, ona görə lazımdır ki, dövlətin strateji aktivləri dövlətin nəzarətində olsun. Ancaq geniş özəlləşdirmə sahibkarlığın inkişafına yeni təkan verəcək.
Sahibkarlığın inkişafı üçün siz də qeyd etdiyiniz kimi, çox böyük işlər görülür. Bu günə qədər sahibkarlara güzəştli şərtlərlə 1 milyard 700 milyon manat kredit verilmişdir. Bu il də 250 milyon manat nəzərdə tutulubdur. Bu, iqtisadiyyatın real sektoruna qoyulan birbaşa vəsaitdir, yeni iş yerləri yaradır, idxaldan asılılığı azaldır. Əlbəttə ki, bu gün ixracyönümlü məhsulların istehsalı da prioritetdir.
Biznes inkubatorlarının yaradılması prosesi də gedir. Siz qeyd etdiniz, Bakıda doqquz, amma, eyni zamanda, bölgələrdə də var. Şimal bölgəsində, ondan sonra göstəriş verilmişdir ki, digər bölgələrdə də olsun. Gənc sahibkarların da müəyyən struktur çərçivəsində formalaşması, hesab edirəm ki, yaxşı təklifdir. Əgər gənc sahibkarları dəstəkləmək üçün xüsusi bir mexanizm lazımdırsa onu da təklifinizdə təqdim edin. Mən bunu istisna etmirəm, biz gərək buna baxaq. Əlbəttə ki, orada gərək yaş həddi müəyyən olunsun. Gənclər daha çox yəqin ki, innovasiyalarla bağlı olan sahələrə investisiya cəlb edə bilərlər. Hesab edirəm ki, burada daha çox intellektual sahə, investisiyalar, texnologiya transferti, - necə ki, siz qeyd etdiniz, - mühüm rol oynayacaq. Çünki sahibkarlığın inkişafı müxtəlif istiqamətlərdən ibarətdir. Əlbəttə, biz hesab edirik ki, ilk növbədə, kənd təsərrüfatı, emal sənayesi, yüngül sənaye, ümumiyyətlə, sənayenin inkişafı daha da sürətlə getməlidir. Eyni zamanda, intellektual məhsulların istehsalı, investisiyaların cəlb edilməsi.
Nəzərə alsaq ki, dünya miqyasında böyük firmalar Azərbaycana çox böyük maraq göstərirlər, biz bundan istifadə etməliyik. Bu, Davos Forumunda mənim onuncu iştirakım idi. Hətta Forumun rəhbəri Klaus Şvab bunun əlaməti kimi mənə xüsusi bir nişan təqdim etdi. Yəni, Forumda on dəfə iştirak edən artıq Forumun ailə üzvünə çevrilir. Bütün forumlarda mən həmişə çalışıram ki, Azərbaycana diqqəti daha da artırım. Bu dəfə də çoxsaylı görüşlərim olmuşdur - saat 07:30-dan başlayaraq saat 10-a qədər. Eyni zamanda, İKT şirkətlərinin, böyük transmilli şirkətlərin rəhbərləri də görüşlər əsnasında Azərbaycana böyük maraq olduğunu göstərmişlər. Biz onları cəlb etməliyik. Azərbaycanda bütün istiqamətlər üzrə sahibkarlıq inkişaf etməlidir. Ona görə təklifləri təqdim edin və biz buna baxacağıq.
Mən bir məsələni də qeyd etmək istəyirəm. Bilirsiniz ki, mən Azərbaycanda istifadəyə verilən bir çox müəssisələrin açılışında şəxsən iştirak edirəm - həm Bakıda, həm bölgələrdə. Öz müşahidələrim və eyni zamanda, məndə olan məlumat onu göstərir ki, çox böyük layihələrin həm icrasında, həm də ondan sonra idarə edilməsində daha çox xarici mütəxəssislərə üstünlük verilir. Mən bunu normal qarşılayıram. Çünki Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır. Xarici mütəxəssislər də burada olmalıdırlar, işləməlidirlər. Ancaq hesab edirəm vaxt tez gəlməlidir ki, Azərbaycan menecerləri bu işi öz öhdələrinə götürsünlər. Bizim demək olar ki, bütün 4-5 ulduzlu otellərin menecerləri xarici vətəndaşlardır. Əlbəttə, bu, böyük dünya şəbəkələridir. Onların öz kadrları, öz menecment heyəti var. Onlar ölkədən-ölkəyə miqrasiya edirlər. Amma biz də elə kadr yetişdirməliyik ki, vaxt gəlsin, Azərbaycan menecerləri böyük şirkətlərin qlobal məsələlərində iştirak etsinlər.
Misal üçün sənaye müəssisələrinin açılışlarında görürəm ki, xarici mütəxəssislərdir. Aydındır, ona görə ki, menecment daha da düzgün aparılsın. Amma biz də gərək bu sahəyə çox böyük diqqət verək və 5-10 il ərzində bu strategiyanı düzgün qursaq, ondan sonra artıq bizim bütün şirkətlərimizin başında Azərbaycan vətəndaşları dayanacaq. Əlbəttə ki, burada ümid gənclərədir. Çünki siz xarici dil bilirsiniz, müasir insanlarsınız və idarəetmədə, əlbəttə ki, daha da böyük işlər görə bilərsiniz.
“Gəncə 2016 – Avropa gənclər paytaxtı” İctimai Birliyinin beynəlxalq əlaqələr üzrə katibi Aysun ZEYNALOVA Gəncənin Avropanın gənclər paytaxtı elan edilməsi ilə bağlı görülən işlər barədə məlumat verərək dedi:
-Möhtərəm cənab Prezident, bildiyiniz kimi, 2012-ci ildə Gəncə şəhəri Azərbaycanın ilk gənclər paytaxtı seçilmişdi. Bundan sonrakı hədəf isə “2016-cı il Avropa Gənclər Paytaxtı” seçilmək idi. Ümumiyyətlə, “Avropa Gənclər Paytaxtı” titulu Avropa Gənclər Forumu tərəfindən hər il bir Avropa şəhərinə təqdim olunur. Gəncənin “Avropa Gənclər Paytaxtı” seçilməsi onu göstərir ki, həmin şəhərin gəncləri fəal şəkildə fəaliyyət göstərirlər və orada gənclərin istifadəsi üçün infrastruktur da mövcuddur. 2013-cü ildə Gəncə Avropanın 15 digər şəhərini geridə qoyaraq bu titula layiq görülüb.
İndi biz hazırlıqlar dövründəyik. Fevral ayından sonra “Avropa Gənclər Paytaxtı” ilinin açılış mərasimi planlaşdırılır. Ümumilikdə, bu il ərzində 43 layihənin həyata keçirilməsi planlaşdırılır. Onların 25-i beynəlxalq, 18-i isə yerli layihələrdir. Fəaliyyət planı hazırda bizim gənclərimiz üçün çox önəmli mövzu olan beş prioritet sahəyə ünvanlanıb. Bunlar, məsələn, gənclərin məşğulluğu, gənclərin cəmiyyətdə fəal iştirakı, könüllülük, təhsil və sosial rifah kimi mövzulardır.
Əlbəttə ki, “Avropa Gənclər Paytaxtı” titulu bizim ölkəmiz üçün çox böyük bir imkandır. Düşünürük ki, bu titul Gəncə və digər region gəncləri ilə yanaşı, ümumiyyətlə, respublika gənclərinin Avropaya yaxınlaşmasına kömək göstərəcək. Artıq bizim şəhərimiz böyük, dünya miqyaslı layihələrə ev sahibliyi etmək imkanına malik olacaq. Yüzlərlə avropalı gənc Gəncəyə səfər edəcək, Azərbaycan gənclərinin də Avropada və dünyada keçirilən beynəlxalq layihələrdə iştirakı artacaq.
Xüsusilə qeyd etmək istərdim: Gəncə ilk “Avropa Gənclər Paytaxtı”dır ki, Avropa İttifaqına daxil olmayan ölkəni təmsil edir. Bu, hazırda Azərbaycanda gedən uğurlu gənclər siyasətinin nəticəsidir. Bizim regionda gənclərin istifadəsi üçün mövcud olan infrastruktur buna imkan verir, şərait yaradır ki, biz artıq böyükmiqyaslı layihələrə ev sahibliyi edək və Avropada öz sözümüzü deyək. Əlbəttə ki, bu, böyük imkan olmaqla yanaşı, həmçinin böyük məsuliyyətdir. Ona görə də əlimizdən gələni edəcəyik ki, Avropanın digər şəhərləri üçün nümunəvi bir “Gənclər Paytaxtı” olaq.
Bu gün bizimlə görüşdüyünüz üçün Sizə təşəkkür etmək istərdim. Əminəm ki, bu görüş biz gənclərə regionların da inkişafına töhfəmizi verməyə bir təkan olacaq.
Çox sağ olun.
Prezident İlham ƏLİYEV: Mən çox şadam ki, Gəncə bu şərəfli ada layiq görülüb. Bu, çox böyük hadisədir. Sizi, bütün Gəncə sakinlərini təbrik edirəm. Əminəm ki, Gəncə Avropaya öz inkişafını göstərəcək. Mən çox şadam ki, Gəncə tarixi simasını saxlamaq şərti ilə gözəlləşir, abadlaşır. Gəncə bizim qədim diyarımızdır, Nizami yurdudur. Şadam ki, Avropa gəncləri də Gəncə ilə daha geniş şəkildə tanış olacaqlar.
Bu, bir daha ölkəmizin indiki vəziyyətini və inkişafını göstərir. Bakıda Avropa mahnı müsabiqəsi, Avropa Oyunları, “Gəncə - Avropa Gənclər Paytaxtı” tədbirləri keçirilib və keçiriləcəkdir. Eyni zamanda, Bakı bir neçə il bundan əvvəl “İslam mədəniyyətinin paytaxtı” elan olunmuşdur. 2018-ci ildə Naxçıvan “İslam mədəniyyətinin paytaxtı” olacaqdır. Gələn il İslam Həmrəylik Oyunları keçiriləcək. Doğrudan da bunlar bizim nadir vəziyyətimizi əks etdirir. Təbii ki, bunun tarixi əsasları, tarixi səbəbləri var. Ancaq burada daha çox bizim apardığımız siyasət öz rolunu oynayır. Çünki biz dünyada özümüzü müasir, dünyaya açıq, qitələrin birləşmə yeri olan ölkə kimi təqdim etmişik. Burada, əlbəttə ki, bir neçə amil öz rolunu oynayıb. Əsrlər boyu Azərbaycan xalqı öz tolerantlığı, dözümlülüyü ilə fərqlənmişdir. Əsrlər boyu ölkəmizdə yaşayan bütün xalqlar, bütün dinlərin nümayəndələri heç vaxt ayrı-seçkiliyə, diskriminasiyaya məruz qalmamışlar. Dini, etnik zəmində heç vaxt qarşıdurma olmamışdır, yoxdur və olmayacaqdır. Həm bir neçə əsr bundan əvvəl, təbii ki, həm də sovet dövründə və postsovet dövründə. Bu, bizim böyük sərvətimizdir. Xüsusilə indiki şəraitdə ki, dünyada qarşılıqlı inamsızlıq, aqressiya, mənfi münasibət artır. Müsəlman ölkəsinin Gəncə şəhərinin “Avropa Gənclər Paytaxtı” elan olunması çox önəmli hadisədir. Necə ki, Avropa Oyunlarının Bakıda keçirilməsi təkcə idman yarışı kimi deyil, eyni zamanda, çox ciddi bir siyasi addım idi.
Biz göstərəcəyik ki, öz milli dəyərlərimizi qoruyuruq. Bizim zəngin mədəniyyətimiz, tariximiz, ədəbiyyatımız, musiqimiz var. Biz müsəlman aləminin ayrılmaz hissəsiyik, eyni zamanda, müsəlman ölkələri arasında bəlkə də Avropaya ən yaxın olan ölkəyik. Bu iki amil bir-birini inkar etmir. Biz dünyəvi dövlətik, cəmiyyətin statusu da dünyəvidir. Əhalimizin mütləq əksəriyyəti dərin milli köklər üzərində müasirlik prinsiplərinə sadiqdir. Mən hesab edirəm ki, bizim gələcək inkişaf modelimiz, yəni, ideoloji inkişaf modelimiz bax, bu əsas üzərində qurulub və inkişaf etməlidir. Biz milli köklərə bağlılıq, dünyaya açıq olmağımız, Avropa və digər qitələrlə sıx əməkdaşlıq formatında inkişaf edəcəyik.
Əminəm ki, Gəncə bu yüksək statusu şərəflə daşıyacaq və ölkəmizi daha da yüksəklərə qaldıracaqdır. Mən Gəncədə on dəfədən çox olmuşam. Hər il oluram və olacağam.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad HACIYEV fond tərəfindən həyata keçirilən layihələrdən danışaraq dedi:
-Cənab Prezident, icazənizlə, Sizin tapşırığınızla yaradılmış Gənclər Fondu haqqında məlumat vermək istərdim.
Siz bu Fondu yaradanda tapşırdınız ki, hər bir gəncin bu Fondla əməkdaşlıq etmək imkanı olsun. Biz də tam şəffaf formada internet resurs yaratdıq və bütün layihələr bizə yalnız internet vasitəsilə daxil olur. Bu da bir növ şəffaflığın və operativliyin həyata keçirilməsi üçün çox müsbət bir təkan oldu. Eyni zamanda, biz ümumiyyətlə, Avropada belə tətbiq olunmayan bir təcrübəyə başladıq. Azərbaycanın hər bir gənc vətəndaşı Gənclər Fonduna müraciət edib bizdən birbaşa dövlət dəstəyi alır. Yəni, bu, bir daha göstərir ki, Azərbaycan dövləti öz vətəndaşına nə qədər inanır və onun inkişafına nə qədər investisiya qoyur.
Ümumilikdə, 5 mindən artıq layihə qəbul olunub və 2333 layihə dəstəklənib. Çox maraqlı məqamdır ki, bu yaxınlarda Ağsunun bir kəndindən bizə məktub gəlmişdi ki, biz layihə həyata keçiririk, xahiş edirik, nümayəndənizi göndərin monitorinq etsin. Artıq bölgələrdə də Gənclər Fondunun layihələri icra olunmaqdadır.
Fondun layihələri çərçivəsində dörd mindən artıq gənc müvəqqəti işlə təmin olunub: mühasib, koordinator, ekspert, təlimçi, hüquqşünas. Biz öz təcrübəmizi bu mərhələdə artıq beynəlxalq səviyyəyə keçirmişik. İstəyirik ki, Gənclər Fondu beynəlxalq təşkilatlar arasında da tanınsın. Avropa Şurasında biz Gənclər Fondunun təqdimatını edəndə onlar çox təəccüblənmişdilər ki, Azərbaycanda fərdə qrant verilir. Yəni, bu, onlar üçün böyük bir yenilik idi.
İcazənizlə, cənab Prezident, iki təklifim də var. Burada gənclər artıq səsləndirdi, Arzu xanım bu yaxınlarda Topçubaşovun nümayəndə heyətinin Parisə səfəri haqqında “Əbədi ezamiyyət” adlı çox gözəl bir film təqdim etdi. Orada çox maraqlı bir məqam var idi. Topçubaşovun nümayəndə heyətinə Parisə getməyə viza vermirdilər və o, Bakıya, hökumətə yazır ki, ermənilər artıq 50 il bundan öncə Avropada çalışırlar və bizim oraya getməyimizi əngəlləyirlər. Amma indi artıq elə bir şərait yaranıb ki, biz ermənilərdən də öncə bir çox prosesləri həyata keçiririk. Bu da təbii ki, Sizin həyata keçirdiyiniz uğurlu siyasətin nəticəsidir. Burada Elmira artıq bu təcrübə proqramını qeyd etdi. Cənab Prezident, bu, çox gözəl imkandır ki, bizim gənclər beynəlxalq təşkilatlarda təcrübə keçsinlər. Düzdür, bu, bir az maliyyə vəsaiti tələb edən məsələdir. Amma biz onu yaxşı təqdim etsək, qura bilsək, Azərbaycan gənclərinin hətta xarici ölkələrin parlamentlərində təcrübə keçmək imkanı yaranar. Avropa strukturlarında, BMT-də təcrübə keçmək imkanı çoxdur. Biz Gənclər Fondu tərəfindən bunu edə bilərik.
Bir təklifim də startuplarla bağlıdır. Bizim Gənclər Fondu sosial layihələrə dəstək verir. Əgər icazə versəniz, biz startuplara kiçik maliyyələr də ayırardıq ki, Müşfiqin dediyi gənclərin layihələrinə dəstək göstərə bilək.
Diqqətinizə görə bir daha təşəkkür edirəm. Çox sağ olun.
Prezident İlham ƏLİYEV: Sağ olun. Mən bunu dəstəkləyirəm. Siz təkliflər formasında təqdim edin. Biz onların hamısını həll edəcəyik. Bu, doğrudan da çox önəmli bir təşəbbüsdür. Bu, imkan verir ki, - sən də qeyd etdiyin kimi, - fərdi qaydada qrantlar verilsin. Həm gənclər öz istedadını ortaya qoysunlar, eyni zamanda, əlbəttə ki, ölkəmiz üçün faydalı layihələri icra etsinlər. Mən çox istəyirəm ki, bu, daha da kütləvi xarakter alsın. Əgər lazım olarsa, bu məsələni qaldırın. Biz Fonda əlavə vəsait də ayırarıq.
Heydər Əliyev Mərkəzinin baş mütəxəssisi, hüquq üzrə fəlsəfə doktoru Zafiq XƏLİLOVgənclərin elmi tədqiqatlara daha çox cəlb olunması məsələsini qaldıraraq dedi:
- Qeyd edim ki, mən özüm spesifik bir elm sahəsini araşdırıram. Beynəlxalq hüququn hava hüququ və kosmos hüququ sahəsini. 2014-cü ildə də Milli Aviasiya Akademiyasında “Beynəlxalq hava hüququnda hava azadlıqlarının nəzəri və praktiki problemləri” adlı dissertasiya işimi müdafiə etmişəm.
Siz Milli Elmlər Akademiyasının 70 illik yubileyindəki çıxışınızda, ümumiyyətlə, bütün çıxışlarınızda qeyd etmisiniz ki, Azərbaycanda kosmik sənaye inkişaf edir. Bu sahədə tədbirlərin həyata keçirilməsi təbii ki, gənc alimlərə yeni bir müstəvidə imkanlar açır. Bu baxımdan mən fikirləşirəm ki, artıq elmlər doktorluğu dissertasiyamı “Azərbaycan Respublikasında beynəlxalq kosmos hüququnun aktual problemləri və inkişaf perspektivləri” mövzusuna həsr edim.
Ümumiyyətlə, bu gün Azərbaycanda tədqiq olunmamış elm sahələri var və təbii ki, bu da aktual bir məsələdir. Elə elm sahələri var ki, o sahədə elmi dissertasiyalar, tədqiqat işləri yazılmamışdır. Bu baxımdan da yaxşı olar ki, gələcəkdə və ümumiyyətlə, inkişaf etmiş ölkələrin təcrübəsinə istinad etməklə magistratura və doktorantura səviyyəsində dar ixtisaslaşma modeli aparılsın. Hətta belə bir imkan yaradıla bilər ki, müxtəlif ali təhsil müəssisələrində müəyyən elm sahələrinin yarımsahələri üzrə dar ixtisaslaşma olsun və bu ixtisasların sayəsində həmin ali təhsil müəssisələrində gənclərin işlə təminat imkanı yaransın.
Mən Azərbaycanda sosiologiya və psixologiya elmlərinin inkişafı məsələsini xüsusi qeyd etmək istəyirəm. Məsələn, biz inkişaf etmiş ölkələrin təcrübəsinə əsasən görürük ki, orada müxtəlif sosioloji, yaxud da ki, psixoloji təhlillər aparılır. Bunun sayəsində həmin ölkədə uğurlu rəylər, təkliflər, proqnozlar verilir ki, bu da müvafiq dövlət orqanlarının işinə, ümumiyyətlə, dövlətdə, cəmiyyətdə gedən proseslərə müsbət təsir göstərir.
Azərbaycanda isə bu gün biz görürük ki, sosiologiya və psixologiya elmləri sahələrində araşdırmalar, məsələn, Elmlər Akademiyasında, yaxud da ali təhsil müəssisələrində sadəcə şöbə və ya hər hansı bir kafedra çərçivəsində aparılır və tədris prosesinə yönəldilir. Bu baxımdan Azərbaycanda bu işin vahid qurumda, mərkəzdə təşkil edilməsi yaxşı olardı. Ümumiyyətlə, bu sahədə mərkəzləşdirilmiş ayrıca elmi-tədqiqat institutunun yaradılması çox vacib, əhəmiyyətli sayıla bilər. Bu, həm də Azərbaycanın inkişaf perspektivlərinə böyük bir təkan vermiş olar. Diqqətinizə görə minnətdaram. Çox sağ olun.
Prezident İlham ƏLİYEV: Çox sağ olun. Bu təkliflərə də baxılacaq. Əlbəttə, biz çalışmalıyıq ki, elmin bütün istiqamətləri inkişaf etsin, o cümlədən qeyd etdiyiniz sosiologiya, psixologiya sahələri. Sosiologiyanın əlbəttə ki, çox böyük mənası və iqtisadiyyat üçün də çox böyük faydası var. Çünki bu, o sahədir ki, insanların həm rəyini öyrənərkən, eyni zamanda, cəmiyyətin sosioloji durumunu təhlil edərkən düzgün tövsiyələr verə bilər. Xüsusilə indiki şəraitdə buna daha da böyük ehtiyac var.
Əziz dostlar, sizə uğurlar diləyirəm. Əminəm ki, siz ölkənin inkişafında bundan sonra da öz dəyərli sözünüzü deyəcəksiniz. Bir daha təbrik edirəm. Sağ olun.
X X X
Sonda xatirə şəkli çəkdirildi.