İlham Əliyev İspaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
11 mart 2011, 13:30
Prezident İlham Əliyev İspaniya Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kristobal Qonsales-Aller Xuradonun etimadnaməsini qəbul etmişdir.
Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Kristobal Qonsales-Aller Xurado etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.
Azərbaycan Respublikasının İspaniya Krallığı ilə ikitərəfli əlaqələrə böyük əhəmiyyət verdiyini deyən Prezident İlham Əliyev səfir Kristobal Qonsales-Aller Xuradonun ölkəmizdəki fəaliyyəti dövründə əlaqələrimizin uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi. Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinin zəruriliyini qeyd etdi. Prezident İlham Əliyev Azərbaycan-İspaniya münasibətlərinin ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığının möhkəmlənməsi baxımından da önəmini vurğuladı. Dövlətimizin başçısı səfirə gələcək fəaliyyətində uğurlar arzuladı.
Səfir Kristobal Qonsales-Aller Xurado ölkələrimiz arasında münasibətlərin, o cümlədən iqtisadi, siyasi sahələrdə əlaqələrin mühüm əhəmiyyət daşıdığını qeyd etdi. Azərbaycanın İspaniyada səfirliyinin fəaliyyət göstərməsinin önəmini vurğulayan Kristobal Qonsales-Aller Xurado ölkəsinin yaxın zamanlarda iqamətgahı Azərbaycanda olmaqla diplomatik nümayəndəliyinin fəaliyyət göstərəcəyinə ümidvar olduğunu bildirdi.
İspaniyalı diplomat ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsi işində səylərini əsirgəməyəcəyinə əminliyini ifadə etdi.