İlham Əliyev Paraqvayın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
10 mart 2011, 16:30
Prezident İlham Əliyev Paraqvay Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Marsial Bobadilya Qilyenin etimadnaməsini qəbul etmişdir.
Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Səfir Marsial Bobadilya Qilyen etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.
Səfir Marsial Bobadilya Qilyen Paraqvay Respublikasının Prezidenti Fernando Luqonun salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkəsinin Azərbaycan hökuməti və xalqı ilə işləmək arzusunda olduğunu dedi.
Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi. Bu vaxta qədər əlaqələrimizin o qədər də fəal olmadığını deyən dövlətimizin başçısı Azərbaycan ilə Paraqvay arasında əməkdaşlıq sahələrinin müəyyənləşdiriləcəyinə və münasibətlərimizin möhkəmləndiriləcəyinə əminliyini bildirdi. Prezident İlham Əliyev əlaqələrimizi inkişaf etdirmək üçün xalqlarımızın və ayrı-ayrı biznes strukturlarının bir-birini yaxından tanımalarının vacibliyini dedi, Paraqvayın ölkəmizdəki səfirliyinin münasibətlərimizin genişləndirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu vurğuladı.
Dövlət başçısı Prezident Fernando Luqonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Paraqvay dövlətinin başçısına çatdırmağı xahiş etdi.