Sosial müavinətlərin məbləğinin artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
19 yanvar 2016, 17:42
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, əhalinin rifah halını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:
1. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 916; 2014, № 3, maddə 251) ilə müəyyən edilmiş sosial müavinətlərin məbləği 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 yanvar 2016-cı il.