İlham Əliyev “Huawei” şirkətinin Pekindəki Sərgi Mərkəzində olub
10 dekabr 2015, 09:15
Prezident İlham Əliyev dekabrın “Huawei” şirkətinin Pekindəki Sərgi Mərkəzində olub.
Dövlətimizin başçısına məlumat verildi ki, bu mərkəz yüksək səviyyəli strateji dialoq məkanıdır. Burada “Huawei”in gələcək meyilləri, çağırışları və strategiyaları barədə müştərilərə geniş məlumat verilir, onların maraqlarına uyğun olaraq həll yolları izah edilir.
Mərkəzdə dörd sərgi bölməsi var. Bu bölmələrdə gələcək strateji danışıqlar, rəqəmsal fərd, rəqəmsal ev, çevik rəqəmsal biznes, mərkəzi əməliyyatlar təcrübəsi, informasiya texnologiyaları infrastrukturu, rəqəmsal müəssisə və innovasiyalar barədə məlumat verilir. Bundan əlavə, “Huawei”in 2020-ci il üçün strategiyaları barədə də mərkəzdə ətraflı informasiya təqdim olunur.
Burada “Huawei”in Azərbaycandakı nümayəndəliyinin əməkdaşları ilə canlı bağlantı yaradıldı.
Prezident İlham ƏLİYEV dedi:
-Mən sizi salamlayıram. Sizi görməyimə şadam. Bu gün sizinlə Pekindən, “Huawei”in ofisindən danışıram. Çox şadam ki, “Huawei” Azərbaycanda uğurlu fəaliyyət göstərir, öz fəaliyyətini genişləndirir.
Bu yaxınlarda mən “Bakutel” sərgisində “Huawei”in stendində də olmuşam. Burada da indi yeniliklərlə tanış oluram və gördüklərim mənə çox xoş təəssürat bağışlayır. Əminəm ki, gələcəkdə “Huawei” Azərbaycanda fəaliyyətini daha da genişləndirəcək. Sizə uğurlar arzulayıram.
Dövlətimizin başçısı Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafına çox böyük diqqət yetirildiyini dedi və yaxşı nəticələr əldə olunduğunu bildirdi. Prezident İlham Əliyev vurğuladı ki, “Huawei” şirkətini Bakıda təmsil edən çox gənc komanda var. Şirkətin Azərbaycan nümayəndəliyində həm yerli, həm də Çin mütəxəssisləri çalışır və onlar xalqlarımız arasında dostluq münasibətlərini daha da möhkəmləndirirlər.
Şirkətin Azərbaycan nümayəndəliyinin əməkdaşları dövlətimizin başçısına ölkəmizdəki fəaliyyətləri və həyata keçirdikləri layihələr barədə məlumat verdilər.
Qeyd edək ki, “Huawei” Çində ən inkişaf etmiş böyük şirkətlərdən biridir. 1978-ci ildə yaradılan “Huawei” şirkətinin həlləri və məhsullarına naqilsiz, baza və nəqliyyat şəbəkələri avadanlıqları, şəbəkə cihazları, optik cihazlar, marşrutizatorlar, şəbəkə kommutatorları, tətbiqi proqramlar, aparat təminatı, terminallar və sair daxildir. Şirkət ildən-ilə uğurlarını artırır. Dünyada telekommunikasiya sahəsindəki yenilikləri fəaliyyətində tətbiq edən və bu sahəyə xüsusi töhfələrini verən “Huawei” 2006-cı ildə 3G daxil olmaqla yeni nəsil şəbəkələri seqmenti üzrə artım nümayiş etdirib. Məhz buna görə də “Huawei” dünyada telekommunikasiya avadanlıqları istehsal edən ən böyük şirkət hesab olunur. İndi şirkətin müxtəlif ölkələrdə 20 elmi-tədqiqat mərkəzi fəaliyyət göstərir. “Huawei”in 170 mindən artıq əməkdaşı var. Onlardan 76 mini tədqiqatla məşğuldur. Şirkətin dünyada böyük populyarlığa malik olan məhsul və xidmətləri 140-dan çox ölkədə tətbiq edilir. Bu şirkət hazırda dünyanın 50 ən böyük telekommunikasiya operatorlarından 45-nə xidmət göstərir.
“Huawei” dünyada sosial layihələri ilə də məşhurdur. Şirkət müxtəlif ölkələrdə bir çox qurumlarla bağlı sosial layihələrin icrasında yaxından iştirak edib. “Huawei” bir çox transmilli şirkətlərə təhlükəsizlik xidmətləri də göstərir. Bir sözlə, “Huawei”in məhsulları böyük maraqla qarşılanır və bu məhsullara dünya bazarında böyük tələbat var.