İlham Əliyev Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin ilk iclasında iştirak edib
24 noyabr 2015, 12:00
Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin ilk iclası keçirilib.
Prezident İlham Əliyev iclasda iştirak edib.
İclası Milli Məclis Aparatının rəhbəri Səfa MİRZƏYEV açaraq dedi:
-Zati-aliləri, möhtərəm cənab Prezident.
Sizi Milli Məclisdə salamlamaqdan qürur duyuruq, Milli Məclisə xoş gəlmisiniz.
Hörmətli deputatlar, hörmətli qonaqlar. Xanımlar və cənablar.
Azad, ədalətli və şəffaf seçkilər nəticəsində formalaşmış beşinci çağırış Milli Məclis fəaliyyətinə başlayır. Ulu öndər, müasir müstəqil Azərbaycan dövlətinin yaradıcısı böyük Heydər Əliyevin bizə miras qoyduğu dövlətçilik strategiyası uğurla yerinə yetirilib. Bu seçkilər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bütün sahələrdə həyata keçirdiyi uğurlu siyasətin yeni, böyük qələbəsi olmuşdur.
Zati-aliləri, gördüyünüz əzəmətli işlərə görə Sizə dərin minnətdarlığımızı bildiririk, gələcək fəaliyyətinizdə böyük uğurlar arzulayırıq.
Hörmətli deputatlar, Milli Məclisə seçilməyiniz münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm. Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə görə, Milli Məclisin ilk iclasını ən yaşlı deputat aparır. Bu şərəfli missiya Milli Məclisin deputatı, hörmətli Fəttah Heydərova nəsib olub.
Hörmətli Fəttah müəllim, xahiş edirəm, iclası başlayasınız.
İclasa sədrlik edən Fəttah Heydərov beşinci çağırış Milli Məclisin ilk iclasını açıq elan etdi.
Azərbaycan Respublikasının dövlət himni səsləndi.
Fəttah Heydərov dedi:
- Möhtərəm cənab Prezident, Sizi səmimi qəlbdən salamlayır, Sizə möhkəm cansağlığı, uzun ömür, müstəqil Azərbaycanımızın və bütövlükdə Azərbaycan xalqının rifahı naminə gördüyünüz böyük işlərdə, Heydər Əliyev yolunun davam etdirilməsində yeni-yeni uğurlar və qələbələr arzulayırıq.
Fəttah Heydərov bildirdi ki, Daxili Nizamnaməyə əsasən yeni çağırış Milli Məclisin ilk iclasında seçilən deputatların siyahısı oxunmalı, Hesablayıcı Komissiya və Milli Məclisin sədri seçilməlidir.
Sonra F.Heydərov beşinci çağırış Milli Məclisə seçilmiş deputatların siyahısını oxudu.
Prezident İlham Əliyev beşinci çağırış Milli Məclisin birinci iclasında nitq söylədi.
Azərbaycan Prezidenti İlham Əliyevin nitqi
-Hörmətli deputatlar, xanımlar və cənablar.
Beşinci çağırış Milli Məclis bu gün öz işinə başlayır. Bu münasibətlə sizin hamınızı ürəkdən təbrik edirəm. Əminəm ki, deputatlar ölkəmizin hərtərəfli inkişafına öz dəyərli töhfəsini verəcəklər, Milli Məclisin işi çox səmərəli olacaq və Azərbaycanın uğurlu inkişafı davam edəcəkdir.
Noyabrın 1-də keçirilmiş seçkilər Azərbaycan xalqının iradəsini tam ifadə etmişdir. Seçkilər şəffaf, ədalətli şəkildə, yüksək rəqabət şəraitində keçirilmişdir. Beynəlxalq və yerli müşahidəçilər bunu təsdiq etmişlər. Beş yüzdən çox beynəlxalq, on minlərlə yerli müşahidəçi seçki prosesini və seçkilər gününü izləmiş, müşahidələr aparmışdır. Ümumi fikir belə olmuşdur ki, bu seçkilər ən yüksək beynəlxalq standartlara cavab verir, Azərbaycan xalqı bu seçkilərdə öz iradəsini azad şəkildə ifadə etmişdir. Mən xüsusilə Avropa Şurası Parlament Assambleyasının, MDB-nin və əlbəttə ki, digər beynəlxalq təşkilatların rəyini qeyd etmək istəyirəm. Seçkilərin nəticələrini eyni zamanda beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları da təsdiqləyir.
Bir sözlə, bu seçkilərdə Azərbaycan demokratiya yolunda növbəti uğurlu addım atmışdır və bir daha sübut etmişdir ki, Azərbaycan demokratiyaya sadiqdir. Azərbaycanda bütün demokratik təsisatlar uğurla fəaliyyət göstərir, ölkədə bütün azadlıqlar - söz azadlığı, siyasi fəaliyyət azadlığı, mətbuat azadlığı, sərbəst toplaşma azadlığı, vicdan-din azadlığı təmin edilir, bütün azadlıqlar mövcuddur. Bu seçkilərdə əlbəttə ki, bütün bu azadlıqlar bir daha özünü büruzə vermişdir.
Eyni zamanda, onu da qeyd etməliyəm ki, son illər ərzində ölkədə gedən quruculuq prosesi də seçkilərin nəticələrinə öz müsbət təsirini göstərmişdir. Son illər ərzində Azərbaycan uğurla, sürətlə və hərtərəfli inkişaf edir. Əlbəttə ki, Azərbaycan vətəndaşları bu reallıqları nəzərə alaraq seçkilərdə həm fəallıq göstərmiş, eyni zamanda, ölkədə aparılan siyasətə bir daha öz səslərini vermişlər.
Azərbaycanın son illərdəki nailiyyətləri artıq nəinki ölkə daxilində, xaricdə də böyük rəğbətlə qeyd edilir. Ölkəmizin beynəlxalq nüfuzu yüksəlir, Azərbaycan etibarlı tərəfdaş kimi tanınır, dostlarımızın, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır. Əlbəttə ki, bir neçə il bundan əvvəl böyük beynəlxalq dəstəklə, 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimiz ölkəmizin beynəlxalq nüfuzunu əyani şəkildə əks etdirir.
Son illərdə dünya miqyasında iqtisadi inkişaf baxımından ən sürətlə inkişaf edən ölkə də Azərbaycandır. Əlbəttə, biz bunu böyük uğur kimi qəbul edirik. Bu gün bütün mötəbər beynəlxalq maliyyə-iqtisadi qurumlar bu reallıqları təsdiq edir və Azərbaycanı bəzi ölkələr üçün nümunə kimi göstərir. Bu, doğrudan da böyük uğurumuzdur. Təkcə ona görə yox ki, biz özümüzü dünyaya sürətlə inkişaf edən ölkə kimi təqdim edirik. İlk növbədə, ona görə ki, sürətli iqtisadi inkişaf insanların real həyatında da öz müsbət təsirini göstərir. Bizim apardığımız uğurlu iqtisadi islahatlar eyni zamanda güclü sosial siyasətlə tamamlanır. Məhz bunun nəticəsidir ki, son illər ərzində ölkəmiz yoxsulluğun və işsizliyin azaldılması sahəsində böyük uğurlara imza atıbdır. Bu gün Azərbaycanda həm yoxsulluq, həm işsizlik 5 faiz səviyyəsindədir və bu, dünya miqyasında ən gözəl göstəricilərdən biridir.
Ölkəmizdə sabitlik təmin edilir, möhkəmlənir. Hər bir ölkə üçün sabitlik başlıca şərtdir. Sabitlik pozulduqda əlbəttə ki, ölkə inkişaf edə bilməz, ölkəyə sərmayə cəlb etmək mümkün olmaz və ölkə öz etibarlılığını itirə bilər. Azərbaycanda sabitlik xalqın iradəsi ilə təmin edilir. Xalq tərəfindən bizim siyasətimizə verilən dəstək ölkəmizdə, cəmiyyətimizdə bu gözəl ab-havanı yaradıbdır. Bu gün Azərbaycan sabitlik baxımından dünyada seçilən ölkələrdəndir, xüsusilə indiki şəraitdə. Biz görürük ki, müxtəlif yerlərdə, müxtəlif bölgələrdə, bizim bölgədə, Yaxın Şərqdə, Avropada, MDB məkanında sabitlik pozulur. Çox xoşagəlməz proseslər gedir. Azərbaycan düşünülmüş siyasət apararaq sabitliyi möhkəmləndirir. Bu, əlbəttə ki, bizim uğurlu inkişafımız, gələcək uğurlu inkişafımız üçün də əsas şərt olaraq qalır.
Ölkəmizdə millətlərarası, dinlərarası münasibətlər ən yüksək səviyyədə həll olunur. Artıq sirr deyil ki, bütün beynəlxalq qurumlar, mötəbər təşkilatlar Azərbaycanı bu sahədə nümunə kimi göstərirlər. Bu, reallıqdır, bu, həqiqətdir. Bu, bizim siyasətimizin təzahürüdür. Eyni zamanda, bu, cəmiyyətimizdə olan vəziyyətin əlamətidir və burada dövlət siyasəti, ictimai dəstək vəhdət təşkil edir. Əminəm ki, bundan sonra da Azərbaycanda dinlərarası, millətlərarası münasibətlər ən yüksək səviyyədə tənzimlənəcək. Azərbaycan bundan sonra da nümunəvi ölkə kimi özünü göstərəcəkdir. Azərbaycanda bütün dinlərin, bütün millətlərin nümayəndələri qardaşlıq şəraitində bir ailə kimi yaşayacaqlar. Bu, bizi daha da gücləndirir. Bu, hər bir ölkənin uğurlu inkişafı üçün başlıca şərtdir. Xüsusilə son aylar ərzində Avropada müşahidə olunan mənzərə dediklərimi bir daha sübut edir. Harada ki, bu sahəyə diqqət verilməmişdir, harada da ki, bu sahə diqqətdən kənarda qalmışdır, yaxud da başqa siyasi meyillər üstünlük təşkil etmişdir, orada indi çox böyük problemlər yaranır.
Bir sözlə, seçkilərin nəticələrinə, əlbəttə, dediyim bu amillər öz müsbət təsirini göstərmişdir. Bu gün öz işinə başlayan beşinci çağırış Milli Məclisin qarşısında da çox ciddi məsələlər durur. Əminəm ki, Milli Məclis ölkəmizin hərtərəfli inkişafına səmərəli şəkildə xidmət edəcəkdir. Bizim bütün planlarımız, bütün təşəbbüslərimiz Milli Məclis tərəfindən dəstəklənəcək və beləliklə, ölkəmizin uğurlu inkişafı təmin ediləcək. Eyni zamanda, deputatlar tərəfindən irəli sürüləcək təşəbbüslər, qanun layihələri ölkəmizin hərtərəfli inkişafına xidmət edəcəkdir.
Bu gün mən qarşıda duran bəzi vəzifələr haqqında fikirlərimi bildirmək istəyirəm. Baxmayaraq ki, son illər ərzində böyük uğurlar əldə edilib, həll olunmamış, həllini gözləyən problemlər var. Biz öz fəaliyyətimizi bu problemlərin həllinə yönəltməliyik. Problemlərin arasında birinci məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır. Əlbəttə ki, son illər ərzində bu sahədə heç bir irəliləyiş yoxdur. Ona görə ki, Ermənistan tərəfi sülh istəmir, münaqişəni həll etmək istəmir. Vaxt uzatmaq istəyir, müxtəlif bəhanələrlə danışıqlardan boyun qaçırır, təmas xəttində törədilən təxribatları da, Azərbaycanın bu təxribatlara adekvat cavabını da bəhanə kimi gətirir ki, danışıqlar prosesini pozsun.
Bu, reallıqdır. Biz real dünyada yaşayırıq. Beynəlxalq hüququn norma və prinsipləri əlbəttə ki, bizim mövqeyimizi dəstəkləyir. Əlbəttə, tarixi ədalət də bizim tərəfimizdədir. Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. Azərbaycan xalqı bu torpaqlarda əsrlər boyu yaşamış, yaratmışdır. Ermənilər Dağlıq Qarabağ ərazisinə XIX əsrdə köçürülmüşdür. Bu tarixi biz yaxşı bilirik və bütün dünya da bu tarixi bilməlidir. Son illər ərzində aparılan siyasət, o cümlədən deputatlar tərəfindən görülən işlər nəticəsində artıq geniş beynəlxalq ictimaiyyət bilir ki, bu, bizim tarixi torpağımızdır. Nəinki Dağlıq Qarabağ, eyni zamanda, indiki Ermənistanın ərazisi tarixi Azərbaycan torpağıdır və bunu sübut edən kifayət qədər dəlillər, tarixi faktlar var. Biz sadəcə olaraq bu faktları dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq, çatdırırıq və çatdıracağıq.
Bugünkü Ermənistan süni dövlətdir, tarixi Azərbaycan torpağında yaradılıb. Bir daha demək istəyirəm ki, bu həqiqətləri bütün dünya bilməlidir. Çünki münaqişənin həlli üçün əlbəttə, tarixi əsaslar da mühüm rol oynayır. Uzun illər erməni təbliğatı sübut etməyə çalışırdı ki, Dağlıq Qarabağ onların tarixi torpağıdır. Lobbi qrupları vasitəsilə müəyyən dərəcədə ictimai rəyi çaşdıra bilmişdi. Ancaq son illər ərzində Azərbaycanın diplomatik səyləri, eyni zamanda, ictimai təşkilatların fəaliyyəti, dövlət siyasəti əlbəttə ki, real mənzərəni dünya ictimaiyyətinin diqqətinə çatdırır və çatdıracaq.
Münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi əsas rol oynayır. Bu qətnamələrdə birmənalı şəkildə göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz və dərhal çıxarılmalıdır. Bu qətnamələr yerinə yetirilməlidir. Bu münaqişənin həlli üçün başqa sənəd ola da bilməz. Çünki BMT Təhlükəsizlik Şurası dünyanın ən mötəbər beynəlxalq qurumudur.
Digər beynəlxalq təşkilatlar, bildiyiniz kimi, o cümlədən deputatların səyi nəticəsində oxşar qərar və qətnamələr qəbul etmişlər. Onların arasında ATƏT-in qərarlarını, Avropa Şurası Parlament Assambleyasının qətnaməsini xüsusilə qeyd etmək istərdim. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı da Azərbaycanın haqlı mövqeyini dəstəkləyir.
Münaqişə bu əsaslar üzərində öz həllini tapa bilər. Azərbaycan xalqı və dövləti heç vaxt imkan verə bilməz ki, Azərbaycan ərazisində ikinci qondarma “erməni dövləti” yaradılsın. Bizim bütün səylərimiz bu gün bu məqsədə xidmət edir. Biz bu məsələni bütün beynəlxalq təşkilatlarda müzakirə edirik. Bu məsələ bütün mötəbər tribunalardan səslənir və səslənməlidir. Mənim çıxışlarımda, deputatların çıxışlarında, bizim bütün digər ictimai xadimlərin çıxışlarında, xarici auditoriyalarda bu məsələ səslənməlidir.
Bununla bərabər, əlbəttə ki, diplomatik və siyasi səylər davam etdiriləcək. Minsk qrupunun fəaliyyəti əfsuslar olsun ki, bu günə qədər heç bir səmərə verməyib. Ancaq buna baxmayaraq, biz bütün beynəlxalq təşkilatlarda bu məsələni qaldırmalıyıq və qaldırırıq. Bu yaxınlarda Avropa Şurası Parlament Assambleyasında çox dəyərli qərarlar qəbul edilibdir, digər təşkilatlarda bu fəaliyyət davam etdirilməlidir.
Minsk qrupunun həmsədrləri dünyanın aparıcı ölkələridir, BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Onlar əlbəttə ki, ilk növbədə öz qərarlarına hörmətlə yanaşmalıdırlar. Məhz onlar BMT Təhlükəsizlik Şurasının qətnamələrini qəbul etmişlər ki, orada erməni qüvvələrinin torpaqlarımızdan çıxarılması məsələsi qoyulubdur. Onlar ilk növbədə öz qərarlarına hörmət etməlidirlər. Biz onlardan bunu gözləyirik. Burada balanslı yanaşmadan söhbət gedə bilməz. Çünki işğalçını və işğala məruz olan ölkəni bir tərəziyə qoymaq olmaz.
Əlbəttə ki, biz başqa sahələrdə olduğu kimi, bu sahədə də ikili standartlarla üzləşirik. İkili standartlar bu gün reallıqdır. Yenə də demək istəyirəm ki, biz real dünyada yaşayırıq və bu reallıqları nəzərə almalıyıq. Ancaq, eyni zamanda, öz prinsipial mövqeyimizi daim ifadə edəcəyik. Bir daha demək istəyirəm ki, münaqişənin həlli ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkün ola bilər. Bu məqsədə nail olmaq üçün Azərbaycan daha da güclü olmalıdır.
Bu gün əfsuslar olsun ki, dünyada beynəlxalq hüquq normaları arxa plana keçibdir. İndi güc amili əsas rol oynayır. Kim güclüdür, o da haqlıdır. Biz daha da güclü olmalıyıq. Biz ölkəmizi gücləndiririk. Uzun illər iqtisadi islahatlarla, - burada digər amillər də rol oynayır, - hərbi potensialın möhkəmləndirilməsi ilə məşğuluq. Biz daha da güclü olmalıyıq. Həm siyasi, həm iqtisadi, həm hərbi gücümüz daha da artmalıdır.
Əlbəttə, əgər bu gün Ermənistanın arxasında güclü himayədarlar olmasa idi, bu məsələ çoxdan öz həllini tapardı. Ermənistan təkbaşına, xarici yardım almadan bizim qabağımızda duruş gətirə bilməzdi. Əlbəttə, bu gün Azərbaycan Ermənistandan bir neçə dəfə güclüdür, üstündür. Ancaq o da həqiqətdir ki, erməni lobbisi və müxtəlif ölkələrdə fəaliyyət göstərən erməni təşkilatları öz rolunu oynayır. Bu təşkilatlar müvafiq ölkələrin hökumətlərinə də təsir göstərir. Bax, bu amil bu gün münaqişənin həllində ən böyük əngəldir. Çünki Ermənistan təkbaşına beynəlxalq hüququ kobudcasına, bu dərəcədə kobud şəkildə poza bilməzdi.
Yenə də deyirəm, Azərbaycan öz yolu ilə gedəcək. Heç bir ölkə qondarma “Dağlıq Qarabağ qurumu”nu tanımır, tanımayacaqdır. Biz buna heç vaxt imkan verməyəcəyik, öz diplomatik, siyasi səylərimizi gücləndirəcəyik.
Eyni zamanda, hərbi potensialın gücləndirilməsi də bizim üçün prioritetdir. Son illərdə bu sahədə də böyük uğurlar əldə edilib. Ordumuzun döyüş qabiliyyəti artır. Ən müasir texnika, silah-sursat alınır. Bu gün beynəlxalq müstəvidə Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bu proses davam etdirilir. Baxmayaraq, bizim təbii ki, büdcə gəlirlərimiz azalıbdır. Ancaq hərbi xərclər ən prioritet məsələdir. Çünki, bir daha demək istəyirəm ki, bu, həm Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və ümumiyyətlə, ölkəmizin təhlükəsizliyini təmin etmək üçün lazımdır.
Daxili siyasətlə bağlı. İndiki şəraitdə, əlbəttə, ilk növbədə təhlükəsizlik məsələləri bundan sonra da yüksək səviyyədə öz həllini tapmalıdır. Bu gün dünyada gedən proseslər təbii olaraq bizi də narahat edir və bu gün təhlükəsizlik məsələləri hər bir ölkə üçün ön plana çıxır. Azərbaycan da bu sahədə böyük təcrübəyə malik olan ölkədir. Azərbaycan xalqı uzun illərdir ki, təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Əlbəttə ki, bundan sonra da bu sahəyə lazımi səviyyədə diqqət göstəriləcəkdir.
Eyni zamanda, ölkəmizin uğurlu inkişafı üçün xoşagəlməz hallarla mübarizə daha da gücləndirilməlidir. Bu sahədə də böyük uğurlar vardır, xüsusilə korrupsiyaya, rüşvətxorluğa qarşı həm cəza tədbirləri, inzibati tədbirlər, sistem xarakterli tədbirlər görülür, həm də islahatlar aparılır. Bu islahatlar daha da dərinləşməlidir. Əminəm ki, Milli Məclis tərəfindən qəbul ediləcək yeni qanunlar bu məqsədə çatmaq üçün daha da yaxşı baza yaradacaqdır.
İqtisadi siyasətlə bağlı. Təbii ki, biz əvvəlki illərdə aparılan islahatları növbəti illərdə davam etdirəcəyik. Eyni zamanda, əlbəttə, qeyri-neft sektorunun inkişafına daha çox diqqət göstəriləcəkdir. Qeyri-neft sektoru bu gün Azərbaycanın ümumi daxili məhsulunda təqribən 70 faiz təşkil edir, daha da artmalıdır və əlbəttə, bu, ölkəmizin uzunmüddətli inkişafını təmin edəcəkdir. Şaxələndirmə, qeyri-neft sektorunun inkişafı, biznes mühitinin yaxşılaşdırılması, xarici investisiyaların cəlb edilməsi, süni əngəllərin aradan qaldırılması, inhisarçılığa qarşı mübarizə - bütün bu amillər bizim iqtisadi inkişafımızı təmin edəcək.
Bununla bərabər, bölgələrdə infrastruktur layihələrinin icrası davam etdirilməlidir. Əlbəttə, əvvəlki illərdə bu sahəyə qoyulan sərmayələri biz bu gün yatıra bilmərik. Ancaq görülən işlər nəticəsində bölgələrdə əsas infrastruktur layihələri ya başa çatıb, ya da ki, başa çatmaq üzrədir. Xüsusilə elektrik enerjisi, qazlaşdırma layihələrini nəzərdə tuturam. Hazırda əsas prioritet içməli su layihələrinə, kənd yollarının çəkilişinə yönəlibdir və bu sahədə hələ görüləsi işlər çoxdur. Növbəti illər ərzində bütün infrastruktur layihələri öz həllini tapmalıdır, o cümlədən sosial infrastruktur layihələri. Gələn il də dövlət büdcəsində tibb müəssisələrinin, məktəblərin, uşaq bağçalarının tikintisi və təmiri nəzərdə tutulur.
Sosial sahədə. Qeyd etməliyəm ki, bütün sosial proqramlar icra ediləcək. Bu sahədə heç bir ixtisar ola bilməz. Çünki bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Məhz güclü sosial siyasət bizə imkan verdi ki, biz bu illərdə yaşanan böhrandan ən az itkilərlə çıxa bilək. Çünki bəzi hallarda əsaslı iqtisadi islahatlar sosial problemlərə gətirib çıxarır. Azərbaycanda bu sahəyə daim böyük diqqət göstərilmişdir, bu gün də diqqət yüksək səviyyədədir. Bu yaxınlarda qəbul edilmiş qərarlar əsasında dərman preparatları bazarında dövlət öz rolunu ortaya qoydu. Bu bazar artıq dövlət tərəfindən tənzimlənir və tədricən yüzlərlə, minlərlə adda dərman preparatının qiyməti kəskin şəkildə aşağı düşür, bəzi hallarda iki dəfə, bəzi hallarda üç dəfə. Əlbəttə ki, bu da bizim sosial siyasətimizin təzahürüdür.
Məcburi köçkünlərin, qaçqınların məişət problemlərinin həlli də daim diqqət mərkəzində olmalıdır. Gələn il də bu məqsədə çatmaq üçün kifayət qədər böyük vəsait nəzərdə tutulubdur. Son illər ərzində yüz minlərlə köçkün yeni evlərə, mənzillərə köçürülübdür. Bu, gələcək fəaliyyətimiz üçün də daim prioritet olaraq qalmalıdır.
Energetika sektorunda. Azərbaycan nəinki regionda, artıq Avropa qitəsində enerji təhlükəsizliyi ilə bağlı öz dəyərli töhfəsini verməkdədir. Bizim rolumuz artır. Rolumuz artdıqca əlbəttə ki, ölkəmizin imkanları da, beynəlxalq nüfuzu da, təsir imkanlarımız da genişlənir. Biz əlbəttə ki, bunu yaxşı bilirik və bundan istifadə etməliyik. Çünki bu gün bəzi ölkələrin enerji təhlükəsizliyi Azərbaycandan asılıdır. Getdikcə biz tərəfdaşlarımızın coğrafiyasını genişləndirəcəyik, artıq genişləndirmişik. İmzalanan kontraktlar artıq yeni bir vəziyyətə gətirib çıxarıbdır. Azərbaycan liderlik göstərərək Avropanın enerji xəritəsini yenidən tərtib edir. Qeyd etməliyəm ki, burada, ilk növbədə, ölkəmiz bu təşəbbüsləri irəli sürərək liderlik göstərib. Bu gün geniş beynəlxalq əməkdaşlıq formatı da məhz ölkəmizin təşəbbüsü ilə formalaşıbdır. “Cənub” qaz dəhlizinin reallaşması bizim imkanlarımızı daha da genişləndirəcək, həm iqtisadi, həm siyasi imkanlarımız böyük dərəcədə artacaqdır. Beləliklə, ölkəmizin gücü artacaq və bölgədə, qitədə gedən proseslərə təsir imkanlarımız da təbii ki, daha da güclü olacaqdır. “Cənub” qaz dəhlizi layihəsi bizim üçün strateji layihədir. Bu layihənin icrası işinə Azərbaycan əvəzolunmaz töhfə verib və verməkdədir.
Nəqliyyat sektorunda. Biz indi tərəfdaş ölkələrlə çox önəmli layihələr üzərində işləyirik, bir neçə ildir ki, işləyirik. Azərbaycanı nəinki regionda, dünya miqyasında nəqliyyat mərkəzinə çevirmək üçün biz konkret addımlar atmışıq. Bu gün Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri reallaşır. Azərbaycan hər iki layihədə çox ciddi rol oynayır. Şərq-Qərb nəqliyyat dəhlizinin yaradılması üçün ölkəmiz yüz milyonlarla dollar vəsait sərf edibdir. Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşması üçün yenə də biz maliyyə vəsaitimizi səfərbər etmişik və tərəfdaş ölkələrlə bu layihə üzərində indi çox ciddi işləyirik. Bu layihələr başa çatandan sonra ölkəmizə böyük həcmdə vəsait gətirəcəkdir. Eyni zamanda, Azərbaycan nəqliyyat sahəsində əvəzolunmaz rola malik olacaqdır. Coğrafi vəziyyətimiz bizə bu imkanları yaradır. Ancaq biz bu coğrafi vəziyyətə infrastruktur layihələrini əlavə edirik, böyük vəsait qoyulur. Nəqliyyat infrastrukturu Azərbaycanda bu gün ən çox sərmayə alan sahədir və bu, ölkəmiz üçün çox lazımdır, biz bunu etməliyik.
Əminəm ki, Azərbaycanın uğurlu inkişafı təmin ediləcəkdir. Çünki biz düşünülmüş siyasət aparırıq, Azərbaycan xalqının maraqlarına söykənən siyasət aparırıq. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır və Azərbaycan maraqlarıdır. Bu maraqlar hər şeydən üstündür. Beynəlxalq arenada da biz daim öz maraqlarımızı müdafiə edirik. Bəlkə də buna görə bəzi hallarda əsassız tənqidə, bəzi hallarda təxribatlara məruz qalırıq. Ancaq bu, bizim siyasətimizə heç bir təsir edə bilməz. Çünki biz öz yolumuzla gedirik və güclü iqtisadiyyat, sabitlik, xalq-iqtidar birliyi Azərbaycanda bu şəraiti yaradıb ki, heç bir kənar qüvvə bizim siyasətimizə təsir edə bilməz. Belə cəhdlər olub, var və istisna edilmir ki, olacaq. Bu cəhdləri etmək istəyənlər də artıq başa düşməlidir ki, bu səylər əbəsdir. Ancaq biz buna hazır olmalıyıq və ölkəmizə qarşı aparılan kampaniyalara ən gözəl cavabımız Azərbaycan reallıqlarıdır. Antiazərbaycan qüvvələr, erməni lobbisi ilə idarə olunan bəzi xarici riyakar siyasətçilər də Azərbaycan reallıqlarını görüb əlbəttə ki, məyus olurlar. Biz öz yolumuzla gedirik, bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmuşuq. Heç bir ölkə qarşısında bizim öhdəliyimiz yoxdur, ola da bilməz. Beynəlxalq ikitərəfli və çoxtərəfli əlaqələrdə daim öz mövqeyimizi ifadə edirik. Bəlkə bu da bəzi xarici dairələrin xoşuna gəlmir. Bəlkə kimsə gözləyir ki, Azərbaycan susacaq, yaxud da öz mövqeyini bildirməyəcək. Xeyr! Görürük ki, harada ədalət pozulur, görürük ki, təkcə bizə qarşı yox, ümumiyyətlə, harada ikili standartlar mövcuddur biz sözümüzü deyəcəyik.
Azərbaycan nadir ölkələrdəndir ki, son vaxtlar miqrantlar böhranı ilə bağlı öz səsini ucaldır. Bəziləri susmağa üstünlük verirlər, ancaq biz sözümüzü deyirik. Çünki bu ədalətsizliyə dözmək mümkün deyil. İndi buna miqrantlar böhranı deyirlər. Ancaq miqrantlar üçün bu böhran humanitar fəlakət böhranıdır. Neçə ildir ki, onlar bu fəlakətdən əziyyət çəkirlər. Onların ölkələri dağıdılır, evləri yerlə-yeksan edilir. Onlar yaxınlarını, qohumlarını itirirlər, işgəncələrə məruz qalırlar, onların ləyaqəti alçaldılır və bu adamlar nicat tapmaq, yəni, bu bəladan xilas olmaq üçün Avropaya üz tuturlar. Görün, onları necə qarşılayırlar - yenə də təhqir, işgəncə, onların ləyaqəti alçaldılır. Onları indi günahkar kimi təqdim etməyə çalışırlar. Onların heç bir günahı yoxdur. Əgər onların ölkələri dağıdılmasaydı, onlar öz ölkələrində yaşayardılar. Ancaq bu gün, görün, nələr baş verir. Biz buna necə susaq?! Biz ona görə öz sözümüzü deyirik. Hesab edirəm ki, əgər başqa ölkələr də bizim kimi öz səsini ucaltsalar bəlkə də bu siyasətə düzəlişlər edə bilərlər.
Deputatlar da yaxşı bilirlər, ictimaiyyət də bilir ki, bir çox hallarda Azərbaycan əsassız ittihamlarla üzləşir. Guya ki, Azərbaycanda demokratiya, insan hüquqları pozulur. Guya Azərbaycan hansısa, - kim tərəfindən müəyyən edilibdir bunu biz bilmirik, - meyarlara cavab vermir. Ancaq bu miqrantlar böhranı dəyərləri təbliğ edən ölkələr üçün bir sınaqdır. Siz göstərin öz meyarlarınızı, göstərin öz bəyan etdiyiniz dəyərlərə sədaqətinizi. Biz bunu görmürük. Belə çıxır ki, bu dəyərlər ancaq başqaları üçündür. Bunlar başqalarını əzmək, təhqir etmək, öz iradəsini onlara tətbiq etmək üçündürmü? Haradadır bu dəyərlər, mərhəmət, insan hüquqları, ləyaqət? Biz bunu görmürük.
Ona görə bu hadisələr və bu vəziyyət bir daha onu göstərir ki, biz nə qədər haqlı olmuşuq, öz yolumuzla getmişik, heç kimdən asılı olmamışıq, olmaq da istəmirik. Buna ehtiyac da yoxdur. Biz öz hesabımıza yaşayırıq, beynəlxalq məsələlərlə bağlı öz sözümüzü deyirik.
Azərbaycan beynəlxalq təşkilatlarda, əlbəttə ki, üzv olduğu təşkilatlarda bundan sonra da fəal iştirak edəcək. Bizim deputatlar da fəal iştirak etməlidirlər. Üzv olmadığımız beynəlxalq təşkilatlar qarşısında bizim heç bir öhdəliyimiz yoxdur, ola da bilməz. Üzv olduğumuz təşkilatlarda fəaliyyətimiz də yüksək qiymətə layiqdir. Üzərimizə götürdüyümüz bütün öhdəlikləri yerinə yetiririk və ölkəmizin maraqlarını müdafiə edirik.
Mən əminəm ki, biz qarşıda duran vəzifələri uğurla icra edəcəyik. Dünyada vəziyyət dəyişir, güclər nisbəti dəyişir. Əfsuslar olsun ki, nikbinliyə əsas yoxdur, dünyadakı vəziyyət daha da pisləşə bilər. Ona görə biz buna hazır olmalıyıq. İlk növbədə, təhlükəsizlik. Qeyd etdiyim kimi, Azərbaycanda təhlükəsizlik təmin edilir. Ölkəmizdə daxili təhlükə mənbələri yoxdur. Biz özümüzü xarici müdaxilədən qoruya bilirik, qoruya bilmişik. Öz seçimimizi müdafiə edirik, heç kimin işinə qarışmırıq, amma heç kimə imkan vermirik ki, bizim işimizə qarışsın və bizə ziyan vursun. Çünki bizim işimizə qarışmaq istəyən ancaq bu məqsədlə qarışmaq istəyir. Bəzi hallarda elə ifadələr işlədilir ki, Azərbaycana kimsə kömək etmək istəyir. Mən həmişə öz tərəfdaşlarımla görüşlər əsnasında deyirəm ki, bizə kömək etmək lazım deyil. Əgər lazım olarsa biz xahiş edərik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində bizə heç kim kömək etmir, baxmayaraq, gün kimi aydındır ki, kimdir günahkar, kimdir bu işğalın qurbanı. Ona görə biz daxili təhlükəsizliyi təmin edəcəyik. Heç bir kənar qüvvənin təsiri Azərbaycanda mümkün deyil. Bunu bütün ictimaiyyət bilməlidir və bilir. Gələcəkdə belə cəhdlər olarsa, əlbəttə ki, ciddi cavab, adekvat cavab veriləcəkdir.
Biz iqtisadi inkişafı daha da sürətləndirməliyik. Neftin qiymətinin aşağı düşməsi əlbəttə ki, bizim gəlirlərimizə və xərclərimizə mənfi təsir göstərir. Ancaq digər tərəfdən hesab edirəm, bu, bizim iqtisadiyyat üçün, məmurlar üçün bir stressdir ki, indiki şəraitdə də nəyə qadir olduğumuzu göstərməliyik.
Bu ilin iqtisadi və sosial göstəriciləri bunu göstərir ki, hətta böhranlı illərdə Azərbaycan iqtisadiyyatı sürətlə və uğurla inkişaf edə bilər. Təhlükəsizlik, fəal xarici siyasət, iqtisadi islahatlar, xoşagəlməz hallara qarşı mübarizə, güclü hərbi potensial və əsas dəyərlərə sədaqətimiz, sadiqliyimiz - bizim üçün gələcəyə gedən yol budur. Azərbaycan müasir dövlətdir, ancaq dərin milli mənəvi dəyərlər üzərində qurulan bir dövlətdir. Milli dəyərlərimiz, Azərbaycan dəyərləri bizim üçün hər şeydən üstündür. Azərbaycan müstəqillik yolu ilə gedir və gedəcək. Biz müstəqilliyimizi qoruyuruq və qoruyacağıq. Sağ olun.
X X X
Deputatlar adından Prezident İlham Əliyevə minnətdarlığını bildirən iclasın sədri Fəttah Heydərov dövlət başçısını əmin etdi ki, qarşıya qoyulan bütün məsələlər Milli Məclis tərəfindən uğurla yerinə yetiriləcək.
İclasın sədri Hesablayıcı Komissiyanın tərkibinə namizədlərin adlarını elan etdi.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən namizədlər bütövlükdə səsə qoyularaq təsdiq edildilər.
Sonra Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq parlamentin sədri vəzifəsinə deputat Oqtay Əsədovun namizədliyi irəli sürüldü.
Oqtay Əsədov dedi:
-Zati-aliləri möhtərəm cənab Prezident.
Hörmətli deputatlar, xanımlar və cənablar.
Əvvəlcə icazə verin, Azərbaycan Respublikası Milli Məclisinin sədri vəzifəsinə namizədliyimi irəli sürmüş Yeni Azərbaycan Partiyasının Sədri möhtərəm cənab İlham Əliyevə və deputat həmkarlarıma öz dərin minnətdarlığımı bildirim.
Mən Milli Məclisin qarşısında duran başlıca vəzifəni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən uzaqgörən və müdrik dövlət siyasətinin parlament meyarını etibarlı surətdə təmin etməkdə və xalqın mənafelərini dəstəkləməkdə görürəm. Hesab edirəm ki, Milli Məclis cənab Prezidentin apardığı daxili və xarici siyasəti həmişə dəstəkləyəcək, beynəlxalq təşkilatlar, eləcə də dünya ölkələrinin parlamentləri ilə əlaqələrin inkişafına öz töhfəsini verəcək.
Sizi əmin etmək istəyirəm ki, əgər Milli Məclis mənə etimad göstərərsə, bütün bilik və bacarığımı sərf edərək, bu şərəfli missiyanı layiqincə yerinə yetirməyə çalışacağam.
Diqqətinizə görə təşəkkür edirəm.
Hesablayıcı Komissiyanın sədri İsa Həbibbəyli Milli Məclis sədrinin seçilməsi ilə bağlı səsvermənin qaydaları haqqında məlumat verdikdən sonra gizli səsvermə keçirildi.
Səsvermə başa çatdıqdan sonra İsa Həbibbəyli bildirdi ki, 124 deputat Oqtay Əsədovun lehinə səs verib. Beləliklə, Oqtay Əsədov Azərbaycan Respublikası Milli Məclisinin sədri seçildi.
Milli Məclisin sədri Oqtay ƏSƏDOV çıxış edərək dedi:
- Zati-aliləri möhtərəm cənab Prezident.
Hörmətli deputatlar.
Etimad göstərib məni Azərbaycan Respublikası Milli Məclisinin sədri seçdiyinizə görə sizə səmimi minnətdarlığımı bildirirəm.
Fəxr edirəm ki, ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ardıcıl inkişaf edən Yeni Azərbaycan Partiyasının nümayəndəsiyəm.
Hörmətli deputatlar, 2015-ci ilin parlament seçkiləri ölkəmizin demokratik inkişafı yolunda mühüm bir addım oldu.
Milli Məclisə seçkilərin azad, ədalətli və şəffaf şəraitdə keçirilməsi üçün Azərbaycan dövləti və onun başçısı tərəfindən bütün zəruri tədbirlər görülmüşdü.
Demokratik mühitdə keçirilmiş seçkilər yolu ilə xalqın etimadını qazanan namizədlər parlamentin üzvü mandatını qazanmışlar.
Seçkilər nəticəsində Yeni Azərbaycan Partiyasının üzvləri parlamentdə yerlərin əksəriyyətini qazanmışlar.
Bu fakt möhtərəm Prezidentimiz İlham Əliyev başda olmaqla partiyamızın xalq arasında çox böyük nüfuza malik olduğunu bir daha nümayiş etdirmişdir.
Beləliklə, beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisi fəaliyyətə başlayır.
Bu münasibətlə icazə verin, mən də siz həmkarlarımı ürəkdən təbrik edim və gələcək fəaliyyətinizdə sizə uğurlar arzulayım.
Hörmətli deputatlar, dördüncü çağırış Milli Məclis artıq tarixdə qalmışdır.
Ötən dövrdə parlamentin fəaliyyəti səmərəli olmuşdur.
Milli Məclis Konstitusiya ilə müəyyən edilmiş səlahiyyətlərini tam həcmdə yerinə yetirmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin qanunvericilik bazası daha da möhkəmləndirilmiş və təkmilləşdirilmişdir.
Milli Məclis öz fəaliyyətini demokratiya, çoxpartiyalılıq, plüralizm, qanunun aliliyi prinsipləri üzərində qurmuşdur.
Parlament qanunyaratma prosesində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Nazirlər Kabineti, Konstitusiya Məhkəməsi, Аli Məhkəmə, digər icra və məhkəmə hakimiyyəti orqanları, ölkənin aparıcı elm, təhsil, yaradıcılıq mərkəzləri ilə sıx qarşılıqlı əməkdaşlıq etmişdir.
Dördüncü çağırış Milli Məclisin 116 iclası keçirilmiş, ümumən 1410 akt, o cümlədən 1267 qanun və 143 qərar qəbul edilmişdir. Parlamentdə qanun layihələri hazırlanarkən milli dəyərlərimiz əsas götürülməklə, qabaqcıl dünya ölkələrinin təcrübəsindən istifadə edilmişdir. Bu isə qanun yaradıcılığı prosesinin səmərəliliyini artırmağa imkan vermişdir.
Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dinamik iqtisadi inkişafını nümayiş etdirən dövlət büdcəsi və büdcə zərfinə daxil olan digər sənədlər vaxtında müzakirə edilərək qəbul olunmuşdur. Bundan əlavə, hər il dövlət büdcəsinin icrası haqqında məsələ parlamentin müzakirəsinə çıxarılmışdır.
Nazirlər Kabinetinin, Hesablama Palatasının, İnsan hüquqları üzrə müvəkkilin, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən qurumun və insan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik hesabatı, məruzə və məlumatları dinlənilmiş və qəbul edilmişdir.
Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən layihəsi təqdim edilən 1 amnistiya aktı qəbul olunmuşdur. Bu amnistiya aktı təqribən 9 min insana şamil edilmişdir.
Ötən dövrdə Milli Məclisə əhalidən 27 minə qədər təklif, ərizə və şikayət daxil olmuş, 20 mindən çox vətəndaş deputatlar və parlamentin rəhbərliyi tərəfindən qəbul edilmişdir. İnsanlar parlamentə internet vasitəsilə müraciət etmək imkanına malik olmuşlar.
Son 5 ildə Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı sahəsində mühüm işlər görülmüşdür. Deputatlar tərəfindən 80-dən çox ölkəyə 700-ə qədər səfər həyata keçirilmiş, 85-dən çox xarici dövlətin və beynəlxalq təşkilatın 850-dək nümayəndə heyəti Milli Məclisdə olmuşdur.
Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli məsələsində Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması üçün sistemli iş aparılmışdır. Bütün ikitərəfli və çoxtərəfli görüşlərdə və danışıqlarda müzakirəyə çıxarılan əsas mövzu bu münaqişənin ədalətli şəkildə həll edilməsi olmuşdur.
Ümumiyyətlə, Milli Məclis beynəlxalq fəaliyyətində dövlətimizin xarici siyasətinin həyata keçirilməsinə parlament diplomatiyası yolu ilə öz töhfəsini verməyə çalışmışdır. Bu sahədə görülən işlərin müsbət nəticələri də vardır. İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Macarıstan, Panama və Honduras parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətliamın soyqırımı aktı olduğu təsdiq edilmişdir. Rumıniya, Bosniya və Herseqovina, İordaniya parlamentləri, eləcə də Amerika Birləşmiş Ştatlarının 15 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qərar çıxarmışlar.
Bütün bunlar ilk növbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin nəticəsidir. Eyni zamanda, bu uğurlu siyasətə parlament səviyyəsində də dəstək verilmişdir.
Milli Məclisin vəzifələrindən biri də bəzi qüvvələrin Azərbaycana qarşı qərəzli fəaliyyətinin qarşısını almaqdan ibarət olmuşdur. Parlament bir neçə müraciət, bəyanat və qərar qəbul edərək, ölkəmiz barəsində həyata keçirilən qarayaxma və böhtan kampaniyasına, ikili standartlar siyasətinə qəti etirazını bildirmiş və adekvat tədbirlər görmüşdür.
Dördüncü çağırış Milli Məclisin fəaliyyəti Azərbaycan dövlətinin daxili və xarici siyasətində çox böyük uğurların əldə edilməsi ilə eyni vaxta təsadüf etmişdir. Ölkə daxilində ardıcıl və dinamik inkişaf dövlətimizin yüksək beynəlxalq nüfuzunu nümayiş etdirən hadisələrlə müşayiət olunmuşdur.
Azərbaycanın tarixdə ilk dəfə olaraq dünyanın 155 ölkəsinin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi və müəyyən müddət ərzində həmin təşkilata sədrlik etməsi, Avropa Şurası Nazirlər Komitəsinin sədri vəzifəsini yerinə yetirməsi, nüfuzlu beynəlxalq qurumların müxtəlif toplantılarının, tarixdə ilk Avropa Oyunlarının, “Eurovision” mahnı müsabiqəsinin, digər möhtəşəm mədəniyyət və idman tədbirlərinin Bakıda təşkil edilməsi ölkə daxilində həyata keçirilən uzaqgörən siyasətin məntiqi davamı və nəticəsi olmuşdur.
Hörmətli xanımlar və cənablar, Milli Məclisin son 5 ildə yerinə yetirdiyi işlərin təhlili göstərir ki, özünün fəaliyyəti ilə parlament möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi sahəsində öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirmişdir.
Ötən dövrdə parlamentin fəaliyyətində biz dövlətimizin başçısının böyük qayğı və diqqətini həmişə hiss etmişik. Azərbaycan Prezidenti Konstitusiyada təsbit edilmiş qanunvericilik təşəbbüsü hüququna əsaslanaraq müasir standartlara uyğun qanunların hazırlanıb qəbul edilməsi işinə dəyərli töhfələr vermişdir. Buna görə möhtərəm Prezidentimizə Milli Məclisin bütün deputatları adından səmimi minnətdarlığımı bildirirəm.
Hörmətli cənab Prezident.
Hörmətli deputatlar.
Dördüncü çağırış Milli Məclisin fəaliyyəti qarşıdakı dövrdə də parlamentin səmərəli işləməsi üçün əlverişli zəmin yaratmışdır.
Dövlətimizin başçısının dəstəyi ilə Azərbaycan parlamenti qabaqcıl dünya ölkələrinin parlamentləri səviyyəsinə yüksəlmək yolunda uğurlu addımlar atmışdır. Son beş ildə Milli Məclisin fəaliyyəti bu məqsədə yönəlmişdir. Hesab edirəm ki, bundan sonra da biz bu istiqamətdə hərəkət etməliyik.
Parlament qanunvericilik və qanunyaratma fəaliyyətində həmişəki kimi yenə də qabaqcıl dünya təcrübəsindən bəhrələnəcəkdir. Milli Məclisin fəaliyyətində demokratiya, çoxpartiyalılıq, plüralizm, qanunun aliliyi prinsipləri daha da genişlənəcəkdir.
Milli Məclis ən böyük dərdimiz olan Dağlıq Qarabağ problemini, qaçqınların və məcburi köçkünlərin güzəranının daha da yaxşılaşdırılması məsələlərini diqqət mərkəzində saxlamalıdır. Parlament dövlətimizin xarici siyasətinin həyata keçirilməsinə parlament vasitələrinin verdiyi imkanlar daxilində kömək göstərməkdə davam etməlidir.
Parlamentlərarası İttifaq, Avropa Şurasının Parlament Assambleyası, ATƏT-in Parlament Assambleyası, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisi, MDB Parlamentlərarası Assambleyası, İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı, Türkdilli Ölkələrin Parlament Assambleyası, NATO Parlament Assambleyası ilə qarşılıqlı əlaqə daha da gücləndirilməlidir. Asiya Parlament Assambleyası ilə münasibətləri dərinləşdirməli və inkişaf etdirməliyik.
Hörmətli deputatlar, bu beynəlxalq təşkilatlarla münasibətləri quranda Azərbaycan dövlətinin maraqları öndə durmalıdır. Bu istiqamətdə ikitərəfli qarşılıqlı əməkdaşlığı inkişaf etdirə bilərik.
Əminəm ki, möhtərəm Prezidentimiz İlham Əliyevin tövsiyələri və dəstəyi sayəsində sizinlə birlikdə səmərəli fəaliyyət göstərəcək, Azərbaycan parlamentinin üzvü adını şərəflə qoruyacağıq.
Diqqətinizə görə çox sağ olun.
X X X
Sonra Milli Məclis sədrinin müavinləri seçildi.
Deputat Ziyafət Əsgərov Milli Məclis sədrinin birinci müavini, Bahar Muradova və Valeh Ələsgərov sədrin müavinləri seçildilər.
Prezident İlham Əliyev parlamentin sədrini və müavinləri təbrik etdi, Milli Məclisə qarşıdakı fəaliyyəti dövründə uğurlar arzuladı.
Fasilədən sonra Milli Məclis komitələrinin sədrləri seçildi.
Deputat Əli Hüseynli Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Ziyafət Əsgərov müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Ziyad Səmədzadə iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Valeh Ələsgərov təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Eldar İbrahimov aqrar siyasət komitəsinin, Hadi Rəcəbli əmək və sosial siyasət komitəsinin, Arif Rəhimzadə regional məsələlər komitəsinin, İsa Həbibbəyli elm və təhsil komitəsinin, Rafael Hüseynov mədəniyyət komitəsinin, Bahar Muradova insan hüquqları komitəsinin, Səməd Seyidov beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədrləri təsdiq edildilər.
Beşinci çağırış Milli Məclisdə yeni komitələr də fəaliyyətə başladı.
Əhliman Əmiraslanov səhiyyə komitəsinin, Aqiyə Naxçıvanlı ailə, qadın və uşaq məsələləri komitəsinin, Siyavuş Novruzov ictimai birliklər və dini qurumlar komitəsinin, Fuad Muradov isə gənclər və idman komitəsinin sədrləri təsdiq olundular.
Bununla da beşinci çağırış Milli Məclisin ilk iclası başa çatdı.