Ucar şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
08 oktyabr 2015, 17:40
Son illər Ucar şəhərində geniş abadlıq-quruculuq işləri aparılmış, mühüm infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən Rayon Mərkəzi Xəstəxanası, Gənclər Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Şahmat Məktəbi, əlil və şəhid ailələri üçün 48 mənzilli 2 yaşayış binası inşa edilmiş, şəhərin su təchizatı sistemi yenidən qurulmuş, mərkəzi küçələrdə müasir işıqlandırma sistemi quraşdırılmış, şəhərdaxili avtomobil yolları əsaslı təmir olunmuş, parklar salınmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Ucarda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 25 çoxmənzilli binanın əsaslı təmiri məqsədi ilə qərara alıram:
1. Ucar şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Ucar Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,0 (üç) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 oktyabr 2015-ci il.