İlham Əliyev Göyçay rayonuna gəlib
06 oktyabr 2015, 20:13
Prezident İlham Əliyev Ucara səfərini başa çatdıraraq Göyçay rayonuna gəlib.
Dövlət başçısı əvvəlcə Göyçay şəhərinin mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoydu.
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev rayonda görülən abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə məlumat verdi.
Bildirildi ki, Göyçay şəhəri öz simasını sürətlə dəyişir. Xüsusilə son vaxtlar şəhərin ən görməli hissəsində yerləşən Heydər Əliyev Mərkəzinin ətrafındakı ərazidə böyük tikinti və abadlıq işləri görülüb. Mərkəzin yerləşdiyi ərazinin ümumi sahəsi 3 hektara çatdırılıb. Qısa müddətdə burada Gənclər Mərkəzi, Bayraq Meydanı və Bayraq Muzeyi, fəvvarə kompleksləri tikilib, mərkəzin qarşısında Ulu Öndərin ağ mərmərdən abidəsi ucaldılıb. Mərkəzin qarşısındakı ərazi başdan-başa abadlaşdırılıb. Burada genişmiqyaslı yaşıllaşdırma işləri görülüb.
Abidənin ətrafında yeni işıqlandırma sistemi qurulub, 500-dən artıq ağac, 10 mindən artıq gül və bəzək kolu əkilib, yaşıllıq zolağı salınıb. Parkda böyük monitor da quraşdırılıb. Burada ana və uşaq kafesi inşa edilib, uşaqlar üçün müxtəlif attraksionlar qurulub. Bir sözlə, burada rayon sakinləri və qonaqların istirahəti üçün hərtərəfli imkan yaradılıb.