Azərbaycan Respublikası Konstitusiyasının 20 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransın iştirakçılarına
02 oktyabr 2015, 17:15
Hörmətli konfrans iştirakçıları!
Azərbaycan Respublikası Konstitusiyasının 20 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda sizi salamlayır və işinizdə uğurlar arzulayıram.
1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstitusiya Azərbaycan xalqının inkişafı naminə müasir, demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu mərhələsinə keçidi təsbit etmişdir. Bu tarixi sənədin müəllifi xalqımızın ümummilli lideri Heydər Əliyev olmuşdur.
Konstitusiyanın qüvvədə olduğu 20 illik dövr ərzində onun müddəalarının həyata keçirilməsində böyük təcrübə toplanmış, bu sənəddə əks olunmuş konsepsiyalar inkişaf etdirilərək güclü sosial dövlətin, yüksəkrəqabətli iqtisadiyyatın qurulmasına, insan hüquqlarının effektiv müdafiəsi mexanizmlərinin tətbiqinə təkan verən çoxsaylı normativ hüquqi aktlar qəbul edilmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının xarakterik cəhətlərindən biri onun sabit olmasıdır. Bununla belə, cəmiyyətimizin sürətli inkişafı ölkənin əsas qanununun da təkmilləşdirilməsini şərtləndirmişdir. Belə ki, 2002-ci və 2009-cu illərdə keçirilmiş referendumlar, habelə qəbul edilmiş bir sıra konstitusiya qanunları vasitəsilə Konstitusiyaya insan hüquqlarının qorunmasının və dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasına yönəlmiş mühüm dəyişiklik və əlavələr edilmişdir.
Konstitusiya müddəalarının aliliyinin və onların təkamülünün təmin edilməsində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi mühüm rol oynayır. Ali konstitusiya ədalət mühakiməsi orqanı qismində Konstitusiya Məhkəməsi ölkəmizin hüquq sisteminin inkişafına öz töhfəsini verir, hüquqi tənzimləmə məsələləri üzrə müsbət təcrübə formalaşdırır, konstitusiya nəzarəti funksiyalarını yerinə yetirməklə Konstitusiyanın birbaşa tətbiqini həyata keçirir.
Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir.
Hörmətli konfrans iştirakçıları!
Bir daha sizin hamınızı Azərbaycanda ürəkdən salamlayır, xalqımızı Azərbaycan Respublikası Konstitusiyasının 20 illik yubileyi münasibətilə təbrik edirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 oktyabr 2015-ci il.