İlham Əliyev İranın informasiya texnologiyaları və kommunikasiya nazirini qəbul etmişdir
17 fevral 2011, 18:20
Prezident İlham Əliyev İran İslam Respublikasının informasiya texnologiyaları və kommunikasiya naziri Reza Tağıpur Ənvərinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Nazir Reza Tağıpur Ənvəri İran Prezidenti Mahmud Əhmədinejadın salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. O, İranın dövlət başçısının ölkəmizə son səfəri zamanı göstərilən yüksək diqqətə və qonaqpərvərliyə görə Azərbaycan Prezidentinə minnətdarlıq etməyi Prezident Mahmud Əhmədinejadın ona şəxsən tapşırdığını dedi. Nazir bildirdi ki, İran Prezidenti əmindir ki, belə yüksək səviyyəli qarşılıqlı səfərlər ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsi işinə xidmət edəcəkdir. Reza Tağıpur Ənvəri İran Prezidenti Mahmud Əhmədinejadın məktubunu dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın ölkəmizə səfərinin uğurlu olduğunu və yaxşı nəticələr verdiyini dedi.
Dövlət başçısı Prezident Mahmud Əhmədinejadın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş etdi.