Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) V Sammitində İlham Əliyevin nitqi
11 sentyabr 2015, 18:50
- Hörmətli Nursultan Abişoviç.
Hörmətli nümayəndə heyətlərinin üzvləri.
Xanımlar və cənablar.
İlk növbədə, Nursultan Abişoviç, bizə göstərdiyiniz yüksək qonaqpərvərliyə görə Sizə minnətdaram. Yenidən qardaş Qazax torpağında olmağımdan çox məmnunam.
Nursultan Abişoviç, Siz bu gün bizi Qazax xanlığının 550 illik yubiley tədbirinə dəvət etmisiniz. Buna görə də Sizə minnətdaram. Qazax xalqının böyük tarixi, mədəniyyəti var. Siz bu gün öz çıxışınızda bu barədə geniş fikir söyləmisiniz.
Əslində, Türkdilli ölkələrin əməkdaşlığının təməlində bizim ortaq tariximizdir, ortaq mədəniyyətimizdir, etnik köklərdir. Budur bizi birləşdirən amillər və biz öz fəaliyyətimizi bu təməl üzərində qururuq. Bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası artıq beynəlxalq aləmdə də özünə layiq yer tuta bilib. Əminəm ki, gələcəkdə Şuranın fəaliyyəti daha da uğurlu olacaq.
Bizim humanitar sahə ilə bağlı çox böyük planlarımız var. Humanitar sahə əslində bizi birləşdirən əsas sahədir. Bu baxımdan mən xüsusilə TÜRKSOY-un fəaliyyətini yüksək qiymətləndirmək istəyirəm. TÜRKSOY nəinki bizim dövlətlərimizi, bütün türk xalqlarını birləşdirir. Əminəm ki, biz gələcəkdə də bu təşkilatın fəaliyyətinə öz dəstəyimizi verəcəyik.
Eyni zamanda, TÜRKSOY ilə yanaşı, yeni qurumlar da yaranır. Onların içərisində Türk Akademiyasını xüsusilə qeyd etmək istəyirəm. Türk Mədəniyyəti və İrsi Fondunun yaradılması, hesab edirəm ki, gələcəkdə müxtəlif konkret layihələrin icrası üçün gözəl imkan yaradacaqdır. Ortaq televiziya kanalının yaradılması da bizim həm niyyətimizi ifadə edir, həm də siyasətimizi göstərir. Bir neçə il ərzində bu məsələ ilə bağlı danışıqlar aparılmışdır. Artıq bu qərar da qəbul olundu. Hesab edirəm ki, həm xalqlarımız, həm dünya üçün bizim mədəniyyətimiz, tariximiz, milli dəyərlərimiz, o cümlədən bugünkü həyatımız böyük maraq doğuracaqdır.
Əminəm ki, ortaq televiziya kanalı qısa müddət ərzində beynəlxalq auditoriyaya çıxacaq və böyük maraq doğuran, bizim siyasətimizi əks etdirən kanala çevriləcəkdir. Çünki bu gün dünyada informasiya təhlükəsizliyi xüsusi yer tutur və hər bir ölkə buna hazır olmalıdır. Biz öz informasiya təhlükəsizliyimizi təmin etməliyik, eyni zamanda, ölkələrimiz haqqında həqiqətləri dünyaya olduğu kimi çatdırmalıyıq.
Regional təhlükəsizlik məsələləri də böyük əhəmiyyət daşıyır. Bu gün qəbul edəcəyimiz Bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox dəyərli fikirlər var. Bu sənəddə beynəlxalq hüququn norma və prinsipləri öz əksini tapır.
Bildiyiniz kimi, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşamışdır, yaratmışdır. Nəinki Dağlıq Qarabağ, eyni zamanda, qədim türk torpağı olan Zəngəzur da bizim əzəli torpağımızdır. XX əsrin əvvəllərində Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana verməklə əslində bütün türk dünyasının coğrafi bağlılığını artıq aradan götürüblər. Bizim bağlılığımız təbii ki, gündən-günə güclənir. Amma coğrafi baxımdan biz bir-birimizdən ayrıyıq.
Azərbaycan xalqına qarşı ədalətsizliklər olmuşdur və XX əsrin sonlarında da ədalətsizliklər olmuşdur. Bu gün beynəlxalq birlik tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınan Dağlıq Qarabağ və ətraf yeddi bölgə erməni işğalı altındadır. Ermənistan bütün hüquq normalarını kobudcasına pozub, bu bölgələrdə etnik təmizləmə siyasəti aparıb, bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın, köçkün vəziyyətinə düşüb.
Beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz fikirlərini bildirmişlər. BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir ki, orada Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması tələb edilir. Əfsuslar olsun ki, Ermənistan buna məhəl qoymur, işğalı davam etdirir, danışıqlar prosesində özünü səmimi və konstruktiv aparmır. Bu münaqişə və bütün başqa münaqişələr ancaq beynəlxalq hüququn norma və prinsipləri, ölkələrin suverenliyi, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü əsasında öz həllini tapmalıdır.
Biz, eyni zamanda, iqtisadi əməkdaşlığımıza da çox böyük önəm veririk. Azərbaycan qonşu ölkələrə, Türkdilli dövlətlərə investisiyaları təmin edir və bizim ölkəyə də investisiyalar qoyulur. Azərbaycan Qazaxıstan, Türkmənistan üçün artıq tranzit ölkəyə çevrilibdir. Həm enerji daşıyıcıları, həm digər yüklər Azərbaycan ərazisindən keçir. Nəqliyyat təhlükəsizliyi Şuraya üzv olan hər bir ölkə üçün böyük əhəmiyyət daşıyır. Azərbaycan çalışır ki, müasir infrastrukturun yaradılması ilə bu işə töhfəsini versin. Hazırda Bakıda yeni böyük Beynəlxalq Dəniz Ticarəti Limanı inşa edilir. Bu limanın ümumi yükaşırma qabiliyyəti 25 milyon tona bərabər olacaqdır. Eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi davam edir. Azərbaycan üzərinə götürdüyü bütün öhdəlikləri əminəm ki, yaxın aylarda yerinə yetirəcək. Bu dəmir yolu əslində Asiyanı Avropa ilə birləşdirən dəmir yoludur. Qeyd etməliyəm ki, keçən ay Çindən Qazaxıstan ərazisindən Azərbaycana birinci sınaq konteyner qatarı da yola salınmışdır və hesab edirəm ki, artıq bu birinci addım çox uğurlu olmuşdur. Əminəm ki, Bakı-Tbilisi-Qars dəmir yolunun inşası başa çatandan sonra on milyonlarla yeni yük bizim ərazimizdən keçəcək və beləliklə, həm iqtisadi, həm siyasi maraqlarımızı təmin edəcək.
Bir sözlə, əziz dostlar, əməkdaşlıq üçün kifayət qədər geniş imkanlar var. Enerji təhlükəsizliyi məsələləri də xüsusi əhəmiyyət daşıyır. Bu gün hər bir ölkənin təhlükəsizliyi, o cümlədən və bəlkə də ilk növbədə enerji təhlükəsizliyi ilə bağlıdır. Burada da artıq çoxformatlı əməkdaşlıq yaranıbdır. Azərbaycan, Qazaxıstan, Türkmənistan Xəzər dənizində uğurlu fəaliyyət göstərirlər. Eyni zamanda, bizim əsas ixrac yollarımız Türkiyə ərazisindən keçir və beləliklə, bu amillər bizi bir-birimizlə daha da sıx bağlayır.
Ancaq yenə də qayıtmaq istəyirəm çıxışımın əvvəlindəki sözlərə. Bizim əsas birləşdirici amilimiz birliyimizdir, etnik köklərdir, ortaq tarixdir, mədəniyyətdir. Budur bu gün bizi birlikdə gücləndirən amillər. Əminəm ki, gələcək nəsillər də bu amallarla yaşayacaq və bizim birliyimiz daimi olacaqdır. Sağ olun.