İlham Əliyev Kürdəmirdə körpələr evi-uşaq bağçasının açılışını edib
17 sentyabr 2015, 14:55
Prezident İlham Əliyev Kürdəmirdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan 100 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.
Bu gün dövlətimizin həyata keçirdiyi sosial-iqtisadi siyasətdə uşaqların təlim-tərbiyəsinin təşkili, onların sağlamlığının qorunması da xüsusi diqqət mərkəzindədir. Bu məsələdə dövlətin həyata keçirdiyi layihələrə Heydər Əliyev Fondu mühüm töhfələr verir. Bunu Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı bir daha təsdiqləyir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Fondun təhsillə bağlı fəaliyyət dairəsində məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulmasına, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə nail olunmasına geniş yer ayrılıb və mühüm nəticələr əldə edilib. Kürdəmirdə inşa olunan uşaq bağçası da Fondun həyata keçirdiyi bu cür layihələrin ardıcıl xarakter aldığını bir daha aydın göstərir.
Dövlət başçısı əvvəlcə binanın rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, ikimərtəbəli binanın foyesində ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən fotoguşələr yaradılıb. Burada geyinib-soyunma, oyun, yataq, kompyuter otaqları, idman, musiqi və gimnastika zalları fəaliyyət göstərəcək. Bundan başqa, binada tibb və müəllimlər otaqları da var. Körpələr evi-uşaq bağçasında 30 nəfər pedaqoji işçi çalışacaq.
Bir sözlə, binada uşaqların gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hərtərəfli şərait qurulub. Burada qruplar yaradılarkən müasir təlim-tərbiyə qaydaları rəhbər tutulub. Uşaqların istirahəti və əyləncəsi üçün geniş imkanlar açılıb. Təhsil ocağındakı bütün otaqlar lazımi avadanlıqla təchiz edilib.
Burada balacaların intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanacaq. Bağçanın ərazisində dekorativ hasar çəkilib, yaşıllıq zolağı salınıb, gül kolları əkilib, 2 yay çardağı, attraksion meydançası quraşdırılıb. Ümumi sahəsi 1200 kvadratmetr olan bina havalandırma sistemləri, camaşırxana, transformator yarımstansiyası, nasosxana ilə təchiz olunub.