Azərbaycanın yəhudi icmasına
10 sentyabr 2015, 18:56
Hörmətli həmvətənlər!
Sizi – Azərbaycanın yəhudi icmasını yeni il bayramınız Roş-Ha-Şana münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm.
Ölkəmizdə yaşayan bütün xalqlar və etnik azlıqlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibətlərinin, etnik-mədəni müxtəlifliyin, zəngin multikultural ənənələrin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi bu gün Azərbaycanda həyata keçirilən dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Belə düşünülmüş siyasətin nəticəsidir ki, müasir Azərbaycan cəmiyyəti dünyada tolerantlığın, sivilizasiyalararası və mədəniyyətlərarası dialoq mühitinin uğurlu örnəyi kimi qəbul edilir. Məmnuniyyətlə qeyd etmək istərdim ki, yəhudi icması ölkəmizin ictimai-siyasi və mədəni həyatında özünəməxsus koloriti ilə seçilir və hazırda Azərbaycanda gedən böyük tərəqqi və inkişaf prosesində, vətəndaş cəmiyyəti quruculuğunda fəal mövqe nümayiş etdirir.
Əziz dostlar!
Hər il Azərbaycanda böyük təntənə ilə qeyd etdiyiniz Roş-Ha-Şana yeniliyi, mənəvi saflığı, xeyirxahlıq və həmrəylik duyğularını təcəssüm etdirir. Qoy bu əziz bayram həyatınıza sevinc və səadət, süfrənizə xeyir və bərəkət gətirsin.
Bayramınız mübarək olsun!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 sentyabr 2015-ci il.