İlham Əliyev paytaxtın Yasamal rayonundakı Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin binasında təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub
03 sentyabr 2015, 15:50
Prezident İlham Əliyev paytaxtın Yasamal rayonundakı Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin binasında təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
Dövlətimizin başçısına məlumat verildi ki, istedadlı uşaqların seçilməsi üçün keçmiş Sovet İttifaqında SSRİ Maarif Nazirliyinin qərarı ilə Azərbaycanda internat məktəbləri təşkil edilib. Onların yaradılmasında respublikamızın ayrı-ayrı rayonlarından istedadlı uşaqları müsabiqə yolu ilə qəbul etmək, dövlət hesabına yataqxana və yeməkxana ilə təmin etmək, əsas fənlərdən dərinləşdirilmiş proqramla dərslər keçmək başlıca məqsəd kimi qarşıya qoyulub.
Bildirildi ki, bu məktəb üçün 1963-cü ildə bina inşa olunub. 1964-cü ildə 1 nömrəli internat məktəbinin bazasında 1 nömrəli fizika-riyaziyyat və kimya-biologiya təmayüllü internat məktəbi yaradılıb. 1969-cu ildə kimya-biologiya bu bazadan ayrılıb. Bu bazada isə 1 nömrəli fizika-riyaziyyat təmayüllü internat məktəbi fəaliyyətini davam etdirib. 1991-ci ildə Nazirlər Kabinetinin qərarı ilə məktəbin adı dəyişdirilib, Respublika Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Lisey adlandırılıb. Hazırda Lisey bu adla fəaliyyət göstərir.
Diqqətə çatdırıldı ki, təhsil ocağının binasında təmir və yenidənqurma işlərinə bu ilin mayında başlanılıb. Liseyin əsas binasında, yataqxana və yeməkxanasında yüksək standartlar tətbiq olunub. Bütün bu işlər Azərbaycanda insan kapitalının daha da inkişaf etdirilməsi məqsədinə xidmət edir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin əsas prinsiplərindən biridir. Bu siyasətin nəticəsi olaraq son illərdə müasir məktəb binaları tikilir, təhsil müəssisələri üçün yeni korpuslar inşa olunur. Bu proses təkcə paytaxtla məhdudlaşmayıb, bölgələri də əhatə edib. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülüb. Heydər Əliyev Fondu da dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına güclü dəstək verib.
Yüksək şəraiti ilə seçilən, müasir təlim avadanlığı ilə diqqət çəkən bu təhsil ocaqlarından biri də Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseydir. Hazırda Liseydə respublikanın bütün bölgələrindən 600 şagird təhsil alır. Onlardan 300 nəfəri dövlət hesabına yataqxanada qalır. Təhsil ocağına qəbul 7-ci, 8-ci və 9-cu siniflərdən aparılır. Bu təhsil ocağı fəaliyyət göstərdiyi müddətdə uğurlu nəticələr əldə edib. Təhsil ocağının məzunları arasında 300-dən çox elmlər namizədi, 30-a yaxın elmlər doktoru var.
Prezident İlham Əliyev Liseydə ayrı-ayrı sinif otaqlarını gəzdi, burada yaradılan şəraitlə yaxından tanış oldu. Yeni dərs ili ərəfəsində Liseyin bütün sinif otaqları, fənn kabinetləri əsaslı şəkildə təmir edilib, lazımi avadanlıq və ləvazimatla təchiz olunub. Burada ən müasir havalandırma və işıqlandırma sistemləri quraşdırılıb. Təhsil ocağının həyətində də abadlıq və quruculuq işləri görülüb.