İlham Əliyev Bakının Səbail rayonundakı 189-190 nömrəli orta məktəbdə yaradılan şəraitlə tanış olub
03 sentyabr 2015, 15:40
Prezident İlham Əliyev Bakının Səbail rayonundakı 189-190 nömrəli orta məktəbdə həyata keçirilən təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi.
Bildirildi ki, 190 nömrəli orta məktəb 1946-cı ildə fəaliyyətə başlayıb. Məktəb üçün bina 1957-ci ildə inşa olunub. O vaxta qədər isə təhsil ocağı Bülbül adına Musiqi Məktəbinin binasında fəaliyyət göstərib. Artıq iki ildir ki, bu təhsil ocağı 189 nömrəli məktəblə birləşib.
Qeyd olundu ki, 189 nömrəli məktəbin binası isə 1934-cü ildə inşa edilib. Bina 1941-1945-ci illərdə 15/46 nömrəli təxliyyə hospitalı kimi fəaliyyət göstərib. Məktəbin binasında yenidənqurma işlərinə bu ilin aprelində başlanılıb və yüksək səviyyədə həyata keçirilib.
Məktəbin foyesində ulu öndər Heydər Əliyevin təhsil sahəsinə göstərdiyi qayğını və Prezident İlham Əliyevin paytaxtın Səbail rayonundakı məktəblərin müasir standartlar səviyyəsinə çatdırılması istiqamətində gördüyü işləri əks etdirən fotolardan ibarət stendlər yaradılıb. Burada, həmçinin Heydər Əliyev Muzeyi də fəaliyyət göstərəcək.
Dövlətimizin başçısı 189-190 nömrəli orta məktəbdə əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə yaxından tanış oldu.
Beş mərtəbədən ibarət məktəbdə 42 sinif otağı var. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı qəbul edilən xüsusi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına əsasən, bütün sosial sahələrdə olduğu kimi, təhsil müəssisələrinin əsaslı şəkildə yenidən qurulması, yeni məktəb binalarının, uşaq bağçalarının inşası prosesi məqsədyönlü şəkildə uğurla həyata keçirilir. Paytaxtda və ətraf qəsəbələrdə, eləcə də respublikanın hər yerində orta məktəb binaları yüksək standartlara uyğun şəkildə yenidən qurulur və lazımi avadanlıqla təchiz edilir, təhsil müəssisələrinin ərazilərində abadlıq işləri həyata keçirilir, yeni yaşıllıq zolaqları salınır.
Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülür. 189-190 nömrəli orta məktəbdə də bütün sinif otaqları, fənn kabinetləri ən müasir tələblər səviyyəsində qurulub. Məktəb yüksək tələblərə cavab verən avadanlıq və müasir dərs ləvazimatları ilə təchiz edilib. Şagirdlərin nəzəri bilikləri laboratoriyalarda tətbiq etmələri üçün də zəruri avadanlıq quraşdırılıb.
Təhsil ocağının idman zalı da müasirliyi ilə diqqəti cəlb edir. Məktəbin istilik və işıqlandırma sistemləri də müasir tələblər səviyyəsində yenidən qurulub.
Bildirildi ki, orta məktəbdə 1500 şagird təhsil alır.
Prezident İlham Əliyev məktəbin sinif otaqlarını gəzdi, yaradılan şəraitlə tanış oldu.