İlham Əliyev Şirvan şəhərində təbii fəlakətlə bağlı səyyar müşavirə keçirmişdir
11 may 2010, 16:40
Prezident İlham Əliyev Şirvan şəhərində daşqınlardan zərər çəkərək çadır düşərgəsində müvəqqəti məskunlaşan Sabirabad sakinləri ilə görüşmüş və təbii fəlakətlə bağlı səyyar müşavirə keçirmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevi Sabirabad rayon sakinləri hərarətlə qarşıladılar, bu ağır gündə onlarla görüşə gəldiyinə, qarşılaşdıqları ağır problemlərin aradan qaldırılmasında göstərdiyi köməyə, diqqət və qayğıya görə dərin minnətdarlıqlarını və təşəkkürlərini bildirdilər. Rayon ağsaqqalları, ağbirçəklər ulu öndər Heydər Əliyevin layiqli davamçısı, ümumxalq məhəbbəti qazanmış Prezident İlham Əliyevi həmişə özlərinə arxa, dayaq bildiklərini söylədilər. Onlar dövlətimizin başçısına qadir Allahdan cansağlığı, uzun ömür diləyərək dedilər ki, əziz Prezident, Allah Sizi qorusun.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov daşqınlar nəticəsində yaranmış vəziyyət haqqında Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə məlumat verdi.
Çadır düşərgəsi ilə tanışlıq zamanı dövlətimizin başçısına bildirildi ki, əhalinin ərzaq, içməli su və digər zəruri məhsullarla tam təmin olunması üçün bütün lazımi tədbirlər görülmüşdür. Bu məqsədlə yaradılan anbarlarda kifayət qədər ərzaq ehtiyatı vardır.
Prezident İlham Əliyev çadır düşərgəsində müvəqqəti məskunlaşan sakinlərlə səmimi söhbət etdi, onları diqqətlə dinlədi, qarşılaşdıqları çətinliklərlə maraqlandı, problemlərin aradan qaldırılması üçün lazımi tapşırıqlar verdiyini bildirərək dedi:
-Narahat olmayın, sizə hər cür kömək göstəriləcəkdir. Sizin üçün burada hər cür şərait yaradılmışdır. Hər birinizə, hamınıza kömək ediləcəkdir. Bir adam da köməksiz qalmayacaqdır. Sizi burada müvəqqəti məskunlaşdırmışlar. Tapşırıq vermişəm ki, sizə yaxşı baxsınlar, yeməklə təmin etsinlər, tibbi xidmət göstərsinlər.
SAKİNLƏR: Cənab Prezident, Allah Sizi qorusun, o dəryanın qabağını Siz aldınız.
Prezident İlham ƏLİYEV: Narahat olmayın, sizin dağılmış evləriniz bərpa ediləcəkdir. Mən yaranmış vəziyyətlə əlaqədar müşavirə keçirmişəm və bu gün də gəlmişəm ki, görüm vəziyyət necədir. Narahat olmayın, bütün evlər bərpa olunacaq, sizə kompensasiya ödəniləcəkdir. Demişəm ki, sizə yaxşı baxsınlar. Əsas odur. Burada şərait necədir?
SAKİNLƏR: Yaxşıdır. Cənab Prezident, Allah Sizi üstümüzdən əskik etməsin. Allah qoysa, evimizə qayıdacağıq!
Prezident İlham ƏLİYEV: Əlbəttə, qayıdacaqsınız. Amma indi dözmək lazımdır ki, bu təbii fəlakətin fəsadları aradan qaldırılsın. İndi gərək bütün bəndlər təmir edilsin. Yarılmış bütün bəndlər təmir olunmalıdır. Orada su qurudulmalıdır. Uçmuş evlər yenidən tikiləcəkdir. Hansı evlər ki qəzalı vəziyyətdədir, onlar təmir olunacaqdır. İndi sizin mülkiyyətiniz batıb gedib. Mən tapşırmışam ki, sizin mülklərinizin mühafizəsi təşkil edilsin.
SAKİN: Allah Sizin atanıza rəhmət eləsin, biz qaçqın olanda hamımıza dayaq oldu, kömək göstərdi. Ot kökü üstə bitər. Həmin kişinin oğlusunuz. O kişi bizi qayğı ilə yerləşdirdi, bizə dayaq durdu, işığı, qazı o vaxtdan pulsuz yandırırıq, çörəyi pulsuz alırıq. Allah Sizi bu millətin, biz qaçqınların üstündən əskik etməsin! Nə niyyətiniz varsa, Allah-taala hasil etsin. Amin.
Prezident İlham ƏLİYEV: Bilirsiniz ki, qaçqınlara mən də həmişə arxa durmuşam, bu gün də bütün imtiyazlar yerindədir.
SAKİN: Bəli. İki sözünüzdən biri qaçqınlara köməkdir. Biz qaçqınlar hamımız Sizə arxalanırıq. Siz daş qoyan yerə, biz baş qoymağa hazırıq.
Prezident İlham ƏLİYEV: Arxayın ola bilərsiniz, qaçqınların yaşayış vəziyyətini yaxşılaşdırmaq üçün bütün tədbirlər görülür. Dövlət proqramı qəbul edilmişdir, bütün imtiyazlar yerində qalır. İşıq, qaz, bütün kommunal ödəmələr – yəni siz ondan azadsınız. Növbəti mərhələdə yeni proqramlar həyata keçiriləcəkdir. Ciddi tapşırıq vermişəm ki, hər bir vəzifəli şəxs qaçqınlara, köçkünlərə kömək olmalıdır, onlara dəstək verməlidir, onları incitməməlidir, onları yerindən tərpətməməlidir. Ona görə arxayın ola bilərsiniz. İndi isə əsas vəzifə odur ki, bu təbii fəlakətin fəsadlarını tezliklə aradan qaldıraq və əziyyət çəkən insanlara kömək edək. Əsas odur.
Sakinlər təbii fəlakətin onlara vurduğu ziyandan danışdılar.
Prezident İlham ƏLİYEV: Sizə dəymiş bütün ziyan ödəniləcək, kompensasiya veriləcəkdir. Arxayın olun. Bu təbii fəlakətdir. Nə mümkündürsə, onu da edəcəyik. Əgər təxirəsalınmaz tədbirlər görülməsəydi, Allah eləməsin, daha da pis ola bilərdi. Ona görə indi əsas gücümüz ona yönəldilibdir ki, bu vəziyyət tezliklə aradan qaldırılsın. Azərbaycan xalqı dözümlü xalqdır, mətin xalqdır.
SAKİN: Doğru deyirsiniz. Çünki ölkəmizin başında Heydər Əliyev siyasətindən yoğrulmuş Prezident İlham Əliyev durur. Biz ümidimizi heç vaxt ondan kəsmirik.
Prezident İlham Əliyev sonra tibb məntəqəsində yaradılan şəraitlə tanış oldu. Səhiyyə naziri Oqtay Şirəliyev yaranmış vəziyyətlə əlaqədar əhaliyə göstərilən tibbi xidmət barədə dövlətimizin başçısına məlumat verdi, burada epidemioloji vəziyyətə ciddi nəzarət olunduğunu bildirdi.
Azərbaycan Prezidenti İlham Əliyev çadırlarda insanlar üçün yaradılmış şəraitlə də diqqətlə tanış oldu.
Dövlətimizin başçısına məlumat verildi ki, Kür çayında daşqınlardan zərər çəkən Sabirabad sakinlərinin Şirvan şəhərində müvəqqəti məskunlaşdığı çadır düşərgəsində 1500 nəfərə qədər insan yerləşdirilmişdir. Burada qurulan 176 çadıra Sabirabadın 9 kəndinin, əsasən Dadaşbəyli və Qaragünə kəndlərinin sakinləri köçürülmüş və zərərçəkənlərin dəqiq qeydiyyatı aparılmışdır.
X X X
Sonra Prezident İlham Əliyevin sədrliyi ilə səyyar müşavirə keçirildi.
Prezident İlham Əliyev müşavirəni açaraq dedi:
-Bu təbii fəlakətin qarşısının alınması üçün bütün lazımi tədbirlər görülür. Mayın 7–də Bakıda mənim sədrliyimlə müşavirə keçirildi, bütün lazımi göstərişlər verildi. Hesab edirəm ki, bütün aidiyyəti qurumlar çox səmərəli işləyirlər. Biz görülən tədbirlər nəticəsində daha da böyük bəladan özümüzü qurtara bildik. Deyə bilərəm ki, bu təbii fəlakət son illər, bəlkə də onilliklər ərzində misli görünməmiş dərəcəyə çatmışdır. Əlbəttə ki, biz bu gün ilk növbədə, bu fəlakətin fəsadlarını aradan qaldırmalıyıq. Eyni zamanda, bununla bərabər əziyyət çəkən bütün insanların yaşayış səviyyəsini normallaşdırmaq üçün onlara əlavə qayğı da göstərilməlidir.
Mənə verilən məlumata görə, bu sahədə lazımi tədbirlər görülür, insanların köçürülməsi, onların müvəqqəti məskunlaşdırılması, yeməklə, ərzaqla, tibbi xidmətlə təmin edilməsi məsələləri operativ şəkildə həll olunur. Bu, çox müsbət haldır. Bu onu göstərir ki, bizim bütün qurumlarımız istənilən şəraitdə, hətta təbii fəlakət zamanı öz işlərini lazımi səviyyədə qura bilirlər.
Bu gün səhər köçürülən əhali ilə görüşdə bir daha onların dilindən eşitdim ki, onlar yaradılmış şəraitdən çox razıdırlar. Mən gördüm ki, bu fikirlər səmimi söylənilir. Mən bura gəldim ki, vəziyyətlə tanış olum. Ən əsası əlavə hansı tədbirlər görülməlidir, biz bunu müzakirə etməliyik. Yəqin ki, insanların müvəqqəti məskunlaşması üçün lazım olan əlavə tədbirlərin görülməsi barədə də təkliflər veriləcəkdir. Bizim fəaliyyətimiz indiki şəraitdə bu iki istiqamətdə aparılmalıdır.
Bir daha demək istəyirəm, bütün müvafiq göstərişlər verildi, bütün aidiyyəti orqanlar səmərəli işləyirlər, gecə-gündüz işləyirlər və mən bunu yüksək qiymətləndirirəm. Nə mümkünsə onu biz maksimum edirik və edəcəyik. Bu işlərdə bütün qurumlar vahid idarəçilik formatında işləməlidirlər. Nazirliklər, bütün dövlət qurumları, yerli icra orqanlarının nümayəndələri - hamımız birlikdə çalışmalıyıq. Çünki bu, bizim ümummilli işimizdir. Bu vaxta qədər heç zaman ölkənin ərazisinin böyük bir hissəsi belə təbii fəlakətə məruz qalmamışdır. Qısa bir müddət ərzində qırxdan çox rayonda subasma və sürüşmə halları baş vermişdir. Yəni bu, misli görünməmiş təbii fəlakətdir və biz maksimum səmərə ilə bu vəziyyətdən çıxa bilirik.
Onu da xüsusi qeyd etməliyəm ki, indiki şəraitdə dünyanın müxtəlif yerlərində bu günlərdə və bu gün də davam edən təbii fəlakətlər müşahidə olunur. Qonşuluğumuzda, başqa qitələrdə daşqınlar, sel suları, leysan yağışları insanlara böyük problemlər yaradır və ölüm hadisələri çox geniş vüsət alıbdır. Ancaq Allaha şükürlər olsun ki, Azərbaycanda bu sahədə maksimum tədbirlər görüldü, biz insanları qoruya bildik. Onları vaxtında köçürə bildik. Fəlakətə məruz qalmış yerlərdə görülən operativ tədbirlər nəticəsində biz insanların sağlamlığını da maksimim dərəcədə təmin edə bildik.
Burada da bütün lazımi şərait yaradılıb, ərzaqla təminat yaxşıdır, gündə 3 dəfə isti yemək verilir, tibbi xidmət göstərilir və insanların bütün problemləri maksimum dərəcədə həll olunur. Əlbəttə ki, bu çöl şəraitində bunu təşkil etmək o qədər də asan məsələ deyildir. Amma nə mümkünsə biz bunu burada operativ qaydada edirik. İnsanların məskunlaşdıqları yerlərdə qərargahlar qurulubdur və lazımi tədbirlər görülür.
Bir daha demək istəyirəm ki, indiki şəraitdə bu gün və bundan sonrakı günlərdə, ilk növbədə bütün lazımi sahilbərkitmə işləri aparılmalıdır. Bəndlər bir neçə yerdən yarıldı və bunun nəticəsində subasma halları, həm qrunt suları, həm Kürün suyu – çay suları daha da çoxaldı. Yəni bütün bu təbii fəlakətlər bir daha onu göstərir ki, bəzi hallarda insanlar bunun qarşısında aciz olurlar. Amma biz imkanlarımızı maksimum dərəcədə səfərbər etdik və edirik ki, bu fəlakətin fəsadlarını tezliklə aradan qaldıraq.
Ona görə sahilbərkitmə, bəndbərkitmə işləri sürətlə davam etdirilməlidir. Bütün texnika vardır. Əgər əlavə texnikanın göndərilməsi üçün ehtiyac olarsa, biz onu da edərik. Kifayət qədər canlı qüvvə vardır. Ancaq bu gün mən göstəriş verdim ki, əlavə canlı qüvvə göndərilsin. Çünki buna ehtiyac vardır. Biz əlbəttə ki, kənd sakinlərini bu işlərə cəlb edirik. Amma onların başı öz problemlərinə qarışıb. Onlar öz ailələrinə, necə deyərlər, bu şəraitdə kömək etməlidirlər. Yəni, onları bu sahilbərkitmə işlərinə kütləvi qaydada cəlb etmək hesab edirəm ki, o qədər də düzgün olmaz. Bu, könüllü şəkildə olmalıdır. Bizim kifayət qədər canlı qüvvəmiz vardır. İnsanlara qayğı göstərilməlidir. Onların bütün məişət problemləri mümkün qədər həll olunmalıdır və mən gördüm ki, insanlar, doğrudan da, burada onlara göstərilən münasibətə görə çox böyük səmimiyyətlə minnətdarlıqlarını bildirirlər.
Bundan sonrakı dövrdə, - bu barədə də biz keçən dəfə müşavirədə danışmışıq, - kompleks tədbirlər planı tərtib edilməlidir, hazırlanmalıdır və icra olunmağa başlamalıdır ki, gələcəkdə biz özümüzü belə fəlakətdən daha da böyük uğurla qoruya bilək. Hesab edirəm ki, yaxın zamanlarda biz bu planı təsdiqləyəcəyik. Eyni zamanda, vəziyyət sabitləşəndən sonra dəymiş bütün ziyan hesablanmalıdır, çünki biz təkcə uçan evlərin bərpası ilə öz işimizi bitmiş hesab edə bilmərik. Çünki orada təkcə evlər batmayıb, bütün həyət təsərrüfatı, bütün mülkiyyət, şəxsi mülkiyyət dağılıbdır. İnsanların, necə deyərlər, dolanışıq mənbəyi artıq məhv olubdur. Biz onları köçürdük, qaytardıq, evləri bərpa etdik, bəs onlar necə yaşayacaqlar? Yəni bütün bu məsələlər kompleks şəkildə öz həllini tapmalıdır. Bu gün tərk edilmiş o evlər lazımi səviyədə qorunur.
Yəni, Azərbaycan dövləti, bütün aidiyyəti qurumlar nə mümkündür onu edirlər. Biz hesab edirdik ki, son iki-üç gün ərzində suyun səviyyəsi düşməyə başlamışdır və artıq hava şəraiti də yaxşılaşdı. Hesab edirdik ki, necə deyərlər, əsas böhranlı anlar artıq geridə qalıb. Amma dünən axşam bəndin yarılması nəticəsində əlavə sahələr suyun altında qaldı. İndi yenə yağışlar başladı, leysanlar başlayır, dağlarda əvvəlki illərdə görünməmiş həcmdə qar, buzlaşma müşahidə olunur. İndi o buzlar, o qarlar əriyəcək. Əridikcə yenə sel sularının gəlməsinə səbəb ola bilər. Yəni, biz hesab etməməliyik ki, bu gün artıq böhran arxada qaldı. Gələcəkdə də bu təkrar oluna bilər.
Ona görə mən bir daha demək istəyirəm, Azərbaycanda indi elə idarəçilik sistemi yaradılıbdır ki, hər bir qurum və hər bir qurumun rəhbəri istənilən anda öz vəzifə borclarını bilir və çalışır ki, onları şərəflə yerinə yetirsin. Görülən tədbirlər bir daha onu göstərdi ki, bütün bu hadisələri qabaqcadan proqnozlaşdırmaq mümkün deyildi. Buna baxmayaraq, biz bu fəlakətlə üzləşəndə dərhal operativ tədbirlər görüldü və bu gün də bu tədbirlər görülür.
İndi isə biz baxmalıyıq ki, birincisi nə edilib. Əlavə nə etmək lazımdır və proqnoz nədən ibarətdir ki, biz insanları nə vaxt öz yaşadıqları yerlərə qaytara bilək.
X X X
Baş nazirin müavini Abid Şərifov təbii fəlakət nəticəsində insan tələfatının baş verməməsi üçün dövlətimizin başçısının tapşırığına əsasən, ilk növbədə görülən təxirəsalınmaz tədbirlər barədə məlumat verdi:
-Siz tapşırmışdınız ki, birinci növbədə, istər insanların özləri, istər onların mal-qarası və sairə qorunsun. Buna görə də Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri tərəfindən müavinlər səviyyəsində yaradılmış qərargah 24 saat ərzində fəaliyyət göstərir və əhalinin köçürülməsi ilə məşğul olurlar. Bu günə qədər insanlar tam sağ-salamat, eyni zamanda, mal-qarası ilə birlikdə heç bir tələfatsız köçürülmüşlər.
Tapşırığınıza uyğun olaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən buraya motorlu kiçik rezin qayıqlar gətirilib. Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin mütəxəssisləri əhalisi köçürülən qəsəbə və kəndlərdəki evlərin hamısını 24 saat ərzində mühafizə edirlər, özü də çox ciddi şəkildə. Yalnız onu deyə bilərəm ki, Daxili İşlər Nazirliyinin 500 nəfər və Fövqəladə Hallar Nazirliyinin 600-dən çox əməkdaşı qəsəbələrin, kəndlərin mühafizəsi ilə məşğuldur. Bu işlər davam edir.
O ki qaldı, bəndlərin bərpası, mühafizəsi ilə bağlı məsələyə, cənab Prezident, Siz bildiyiniz kimi, mayın 7-də baş verən birinci hadisə zamanı Kürə yaxın bəndin 100 metr uzunluğunda hissəsi uçub. Orada Kürün dərinliyi, haradasa 18 metrə yaxındır. O bəndin eni təqribən 6-8 metrdir. İkinci bənd 65 metr aralıdadır. O, torpaq bənddir və böyük təzyiq nəticəsində bu bənd də uçub. Bunun nəticəsində, hesablamalara görə, gün ərzində Kürdən üzü qəsəbələrə 25 milyon kubmetr su axır. Yəni 4 gün ərzində 90 milyon kubmetr su, - mən nə üçün azaltdım, səbəbini izah edəcəyəm, - axıb həmin qəza yerlərinə. Təqribən suyun səviyyəsi 2 metr, çox az hallarda 2 metr yarımdır. Buna baxmayaraq, tələb olunur ki, mühafizə tədbirləri maksimum səviyyədə görülməlidir.
Cənab Prezident, birinci gündən, yəni ayın 7-dən işlər 24 saat ərzində təşkil olunub. Bəndlərin bərpasında “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin, “Azərkörpü”, “Azərenerji” şirkətlərinin, eyni zamanda, Fövqəladə Hallar Nazirliyinin qüvvələri iştirak edirlər. Bəndlərin bərpasında, harada kı, əl ilə iş gedir, bu işləri Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin mindən çox mütəxəssisi ümumi nəzarət altında həyata keçirirlər.
Birinci hadisə zamanı uçmuş bəndlə əlaqədar deməliyəm ki, biz onu sabah saat 2-3-ə qədər bərpa etməyə çalışırıq. Mən rəqəmlə desəm, yəqin daha düzgün olardı. Bu bəndin möhkəmlənməsi və bərpası üçün 4 gün ərzində “Meliorasiya və Su Təsərrüfatı” ASC, Daxili İşlər, Fövqəladə Hallar nazirlikləri, Bakıdan olan bəzi müəssisələr, rayon icra hakimiyyətləri və inşaat şirkətləri tərəfindən təqribən 1000-ə yaxın böyük maşın səfərbər olunmuşdur. Bunun nəticəsində birinci bəndin uçmuş hissəsinin 120 metri artıq bərpa olunub. 260 metrdən 50 metr qalıb. Çalışırıq ki, əgər bu gecə problem olmasa, həmin hissənin bərpasını sabah saat 2-3-ə qədər başa çatdıraq, şəhərə, qəsəbələrə axan suyun qarşısı alınsın.
Prezident İlham ƏLİYEV: İndi bəndin, ümumiyyətlə vəziyyəti necədir? Yəni, gələcəkdə başqa yerlərdə o, yarıla bilər?
Abid ŞƏRİFOV: Sözün doğrusu, Azərbaycanın tarixində heç vaxt bu rəqəm alınmayıb ki, 1 saniyədə 2400 kubmetr su keçsin. Belə şey olmayıb. Ən maksimal olub 2100, 1950 kubmetr. Belə bir şey heç vaxt tarixdə olmayıb. İkinci çətinlik ondan ibarətdir ki, istər Kürdə, istər Arazda, eyni zamanda suyun qalxması, çoxalması müşahidə olunur. O yerlərdə ki, bənd tikilir, cənab Prezident, əvvəlcə oraya bataqlığın içi ilə 2-2,5 kilometrə qədər yol çəkilib. Hər bir maşın 400 metr məsafəni arxaya gedir. Bunlar çətinlik yaradır.
Cənab Prezident, bizim fikrimizcə - aidiyyəti nazirliklərin nümayəndələri ilə biz hər gün tez-tez məsləhətləşirik, - bənddən axan selin qarşısı alınandan sonra biz yığılan suyu çəkməyə və evləri inventarlaşdırmağa başlayacağıq. Fövqəladə Hallar Nazirliyi artıq ehtiyatını görüb, nasoslar və s. texnikanı tədarük edib.
Cənab Prezident, mən birinci növbədə o evlərin durumu barədə Sizə məruzə etmək istəyirəm. Kənd yerlərində əksər evlər çiy kərpicdən tikildiyinə görə su dəydisə sökülməlidir. Yəqin ki, belə evlərin bərpası ilə bağlı Sizə məruzə edəndən, Sizdən tapşırıq alandan sonra işə başlamalıyıq.
Prezident İlham ƏLİYEV: O evləri bərpa etmək çətin olacaq. Orada yeni evlər tikilməlidir.
Abid ŞƏRİFOV: Cənab Prezident, o evləri bərpa etmək qeyri-mümkündür, onlar sökülməlidir.
Prezident İlham ƏLİYEV: Mən keçən dəfə də dedim, nəzarət olunmalıdır ki, daha bundan sonra çiy kərpicdən heç kim özü üçün ev tikməsin. Həm icra başçıları, həm siz, həm də bütün aidiyyəti qurumlar bu məsələyə baxmalısınız.
Abid ŞƏRİFOV: Cənab Prezident, dünənki qəza ilə əlaqədar vəziyyət, həqiqətən çox ciddidir. Bəndin uzunluğu təqribən 14 kilometrdir. Fövqəladə Hallar, Daxili İşlər nazirlikləri, rayonlar tərəfindən lazımi kömək göstərilib, kömək edilir. Sözsüz ki, burada çalışan podratçılar 24 saat ərzində işi təşkil etməlidirlər. Amma orada, həqiqətən vəziyyət ciddidir. Biz çalışırıq. Bu qəzanın qarşısını almaq üçün ciddi işlər aparılır.
Prezident İlham ƏLİYEV: Dünən axşam ki, o bənd yarıldı və əlavə torpaqlar suyun altında qaldı. İndi həmin o torpaqlar suyun altındadır, yoxsa əlavə olaraq su sızır, davam edir?
Abid ŞƏRİFOV: Yox. Ora qapalı bir yerdir. Birinci bənd və qövs şəklində ikinci bənd gedir. Bu qövsün, yəni birinci bənd ilə ikinci bəndin arasında qəsəbə vardır. Bu qəsəbənin sakinlərini qısa müddətdə köçürdük. İndi Kürə yaxın birinci bənd dağılıb, onun bərpası gedir. İkinci bəndin, hansı ki, yəni su aşıb gedə bilər, orada da bərkitmə işləri əl ilə gedir.
X X X
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov görülən tədbirlərlə bağlı dövlət başçısına məruzə edərək dedi:
-Fövqəladə Hallar Nazirliyinin, təxminən 2 min nəfər şəxsi heyəti və 700-ə qədər texnikası bu bölgədə, bir də Saatlı, Neftçala, Salyan, Kürdəmir, Zərdab zonalarında çalışır. Ümumiyyətlə, səfərbərlik burada tam təmin olunub.
Prezident İlham ƏLİYEV: Ümumiyyətlə, neçə kəndin sakinləri burada məskunlaşıb?
Kəmaləddin HEYDƏROV: Dünənə qədər 9 kənd idi. Bu gün də Mürsəlli, Ulacalı 325 ev, Şıxlar 130 ev, Bulduqdan hələ çıxan yoxdur. Cəmi 605 ev dünənki hadisə ilə bağlı çıxarılıb.
Prezident İlham ƏLİYEV: Ancaq 605 ev dünən boşaldıldı.
Kəmaləddin HEYDƏROV: Ondan qabaq 9 kənddə - Qaragünə 371 ailə, Dadaşbəylidə cəmi 4 evi su basmışdı, amma kəndin bütün əhalisi çıxdı. Çöldəlləkdə su yoxdur.
Prezident İlham ƏLİYEV: İki mindən çox.
Kəmaləddin HEYDƏROV: Bu çadır şəhərciyində 1300-ə qədər adam məskunlaşıbdır.
Abid ŞƏRİFOV: Onlardan bəziləri qohum-əqrəbasının yanında yaşayır.
Prezident İlham ƏLİYEV: Bəli, qohumlarının evlərinə gediblər.
Kəmaləddin HEYDƏROV: Çoxları deyir ki, biz qohumlarımızın evlərində yaşamaq istəyirik, çadırlara gəlmək istəmirik. Şəraiti olanlar digər kəndlərdə qohumlarının evlərinə gedirlər.
Cənab Prezident, tapşırıq məlumdur. İstiqaməti verdiniz. Biz uçmuş birinci bəndin bərpasını bu gecə başa çatdırmağı nəzərdə tutmuşuq. Abid müəllimin bildirdiyi kimi, biz bunu ehtiyatla deyirik, amma sabah günortaya qədər birinci bəndin bərpasını başa çatdıracağıq.
X X X
Sonra daxili işlər naziri Ramil Usubov təbii fəlakət zonasında həyata keçirilən mühafizə tədbirləri barədə danışaraq dedi:
-Məruzə edim ki, ayın 7-dən sonra Sizin tapşırığınız əsasında bütün şəxsi heyət səfərbər olunub. Tapşırığınız əsasında bütün nazirliklərlə əlaqəli şəkildə işləyirik. Cənab Prezident, dünənə kimi biz buraya Daxili Qoşunlardan 650 nəfər, 400 nəfər də polis işçisi cəlb etmişdik. Bu gün isə əlavə göstəriş oldu ki, qüvvələrimizi artıraq. Bu gün axşama şəxsi heyəti 1500 nəfərə çatdıracağıq.
Cənab Prezident, polis əsasən mühafizə ilə məşğuldur. Daxili Qoşunların şəxsi heyəti isə Fövqəladə Hallar Nazirliyi ilə birgə bəndbərkitmə işlərində istifadə edirik. Yəni Sizi tam əmin edə bilərəm ki, mühafizədə, həmçinin də bəndin bərkidilməsində daxili işlər orqanlarının şəxsi heyəti yaxından iştirak edirlər və bu işi davam etdirəcəklər. Həmçinin yollarda hərəkətin təhlükəsizliyi ilə bağlı məsələlər həll olunur. Burada, eyni zamanda, bəndbərkitmə işlərində istifadə olunan daşların və beton alətlərin daşınmasına da kömək edirik.
Prezident İlham ƏLİYEV: Bəli, əlbəttə, elə etmək lazımdır ki, daşıma zamanı yolda yubanma olmasın.
Ramil USUBOV: Cənab Prezident, burada sizin-bizim sahədir məsələsi yoxdur. Siz bu gün göstəriş verdiniz və hamımız başa düşürük ki, bu, bizim ümumi işimizdir və birgə də əlaqəli işləyirik.
X X X
Sonra “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə danışdı:
-Cənab Prezident, təkcə Salyan məntəqəsindən 13 milyard kubmetr su keçibdir. Amma əvvəlki ilin həmin dövründə cəmi 5 milyard kubmetr keçibdir. Yəni, bu rəqəmlər bu ilin, doğrudan da, ağır olmasını göstərir. Amma bu ilin ağır olmasının əsas səbəblərindən biri də o olub ki, həmişə bizdə Araz aprel ayında qızışır, Kür isə maydan başlayır daşmağa. Amma bu il nədənsə bunlar payızdan necə başlayıblarsa elə gedirlər. Hər ikisində güclü və gur su vardır.
Prezident İlham ƏLİYEV: Ümumiyyətlə, dünyada iqlim dəyişikliyi ilə bağlı hadisələr baş verir. İndi Avropa məkanı hava nəqliyyatı üçün yenidən bağlanıb. Orada vulkan püskürür, burada sel suları. Bütün qitələrdə demək olar ki, təbii fəlakətlər baş verir. Yəni biz hazır olmalıyıq. Ona görə də bundan sonra elə tədbirlər görülməlidir ki, biz bugünkü səviyyəli fəlakətin qarşısını ala bilək. Onu da etmək mümkündür, sadəcə olaraq gərək plan tutulsun və investisiya ayrılsın. Bizdə texniki imkanlar da, təcrübə də vardır. Yəni bütün bu işlər elə aparılmalıdır ki, gələn il biz bax, bu vəziyyətlə üzləşməyək.
Əhməd ƏHMƏDZADƏ: Sahilbərkitmə işləri, əsasən dağ çaylarında aparılır. Dağ çaylarında, əsasən dəmir-beton, daş-beton konstruksiyalarından aparılır. Orada bizim problemimiz olmur, onlar daha davamlı, daha da yaxşıdır.
Amma ta qədimdən Azərbaycanda Kür və Araz çaylarının kənarında torpaq vallar vurulub, adı da qoyulub bənd. Əslində götürəndə bunlar bənd deyil, adi torpaq valdır. Cənab Prezident, bu il həmin torpaq val 7 aydır ki, suyun içindədir. Həmin torpaq bəndlər horra şəklinə düşübdür. Onun saxlanması çətindir. Sızma artan kimi açılır. Məsələn, dünən axşamkı hadisə heç nədən baş verdi. Bu möhkəm tikilmiş bənd idi. Əslində götürəndə bu, bənd deyil, torpaq valdır. Gərək biz onun konstruksiyası barədə fikirləşək. Heç olmasa, böyük yaşayış məntəqələrində, böyük şəhərlərdə biz yavaş-yavaş bu tədbirə keçməliyik.
X X X
Səhiyyə naziri Oqtay Şirəliyev səhiyyə xidmətlərinin təşkili ilə bağlı görülən işlər barədə danışaraq dedi:
-Cənab Prezident, Sizin tapşırığınızla Bakı şəhərinin bütün səhiyyə müəssisələrindən, bir sıra rayonlardan tibb işçiləri buraya səfərbər olunub, proqram hazırlanıbdır. Əsas odur ki, təbii fəlakətdən sonra xəstəliklərin qabağını alaq. Siz özünüz çadır düşərgəsində oldunuz, hamı Sizə minnətdarlıq edirdi. Burada səhiyyə ilə bağlı heç bir problem yoxdur.
X X X
Təhsil naziri Misir Mərdanov təbii fəlakət zonasında zərər çəkən uşaqların tədris prosesinin təşkili ilə bağlı bütün tədbirlərin görüldüyünü bildirdi.
X X X
“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev həyata keçirilən tədbirlərlə bağlı dövlətimizin başçısına məlumat verdi:
-Cənab Prezident, bu sahədə işə ümumiyyətlə, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısının bizə müraciətinə əsasən başladıq. Çünki onun müraciəti ona əsaslanırdı ki, Şirvanda “Cənub” elektrik stansiyasının tikintisində olduqca böyük bir qüvvə var, böyük xüsusi texnika işləyir, yəni onunla bağlı bizə müraciət etdi. Ayın 3-də birinci dəfə müraciəti oldu. Biz dərhal reaksiya verdik, bir qədər texnika ayırdıq. Ayın 4-də yenidən müraciət etdi, texnikanın sayını artırdıq. Ayın 5-dən isə biz tam şəkildə işə qoşulduq və Şirvan şəhəri ətrafında bənd salınması işlərinə başladıq. Bunun da nəticəsində əsas təhlükə gözlənilən Bayramlı və Hacı Qəhrəmanlı qəsəbələrində görülmüş böyük bəndsalma işlərinə görə Şirvan şəhərinə və qəsəbələrə su daxil olmadı.
Ayın 7-dən səhər tezdən böyük bir qüvvə ilə bəndin aşmış hissəsində işə başladıq. Bizim hesablamalarımıza görə, hazırda bəndin yarılmış hissəsindən sahələrə axmış suyun miqdarı 150 milyon kubmetrə bərabərdir. Müqayisə üçün deyə bilərik ki, bu, təxminən Yenikənd su anbarının tutumuna bərabərdir. Yəni Yenikənd su anbarının tutumu qədər su ancaq birinci bənddən sahələrə axmışdır.
X X X
Sabirabad Rayonu İcra Hakimiyyətinin başçısı Heydər Abbasov dövlətimizin başçısının tapşırığına əsasən təbii fəlakət zonasından köçürülən əhalinin yerləşdirilməsi, onların problemlərinin həlli, o cümlədən bəndlərin tikintisi və bərpası ilə bağlı tədbirlərin davam etdirildiyini dedi.
X X X
Prezident İlham ƏLİYEV: Mən bir də demək istəyirəm ki, bütün lazımi tədbirlər görülüb, bütün göstərişlər verilib. Elə etməliyik ki, maksimum dərəcədə bütün gücümüzü daha da səfərbər edib bu çətin vəziyyətdən çıxaq. Əminəm ki, buna nail olacağıq. Çünki biz bu işlərə bu qədər diqqət göstəririk və indi burada bu qədər insan çalışır, əlbəttə əminəm ki, təbii fəlakətin fəsadlarının aradan qaldırılması işində uğur qazanacağıq.
Bir daha demək istəyirəm ki, bütün məmurlar, vəzifəli şəxslər, nazirliklər, dövlət qurumları, yerli icra orqanları bir komanda şəklində işləməlidirlər. Hərəsi öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir. Bütün qüvvələr səfərbər olunmalıdır ki, biz bu fəlakətin qarşısını alaq. Bayaq qeyd etdiyim kimi, bundan sonra daha da dəqiq iş bölgüsü aparılmalıdır ki, biz özümüzü tam şəkildə, maksimum dərəcədə belə təbii fəlakətlərə hazırlaya bilək. Bir daha demək istəyirəm, nə qədər ki, bu insanlar burada məskunlaşıbdır onlara maksimum diqqət, qayğı göstərilməlidir. Başlanan bütün bu təşəbbüslər davam etməlidir. İnsanlar yeməklə, ərzaqla təmin olunmalı, onlara tibbi xidmət göstərilməlidir. Uşaqların avtobuslarla məktəblərə aparılmasını, köçürülən kəndlərin məktəblərinin müəllimlərini burada işlə təmin etməliyik. Bütün sosial məsələlər həll olunmalıdır. Sahilbərkitmə işləri davam etdirilməlidir. Ümid edirəm ki, biz bu təbii fəlakətin nəticələrini yaxın zamanlarda aradan qaldıracağıq.