İlham Əliyev Cəlilabad rayonunun Göytəpə şəhərində Heydər Əliyev adına park-bulvarın açılışında iştirak edib
11 avqust 2015, 15:35
Prezident İlham Əliyev Cəlilabad rayonunun Göytəpə şəhərinin mərkəzində, Göytəpə çayının sahilində inşa edilmiş Heydər Əliyev adına park-bulvarın açılışında iştirak edib.
Park-bulvarın ərazisində ümummilli lider Heydər Əliyevin bürüncdən abidəsi ucaldılıb.
Bu istirahət məkanının ümumi ərazisi 30 min kvadratmetrdir. Burada iki artezian quyusu qazılıb. Park-bulvarda musiqili fəvvarə, müasir işıq dirəkləri, rahat oturacaqlar quraşdırılıb, 15 min kvadratmetr sahədə yaşıllıq zolağı salınıb. Ərazinin genişləndirilməsi və abadlaşdırılması məqsədilə burada qəza vəziyyətində olan beşmənzilli kommunal yaşayış binası, 69 saylı Cəlilabad-Biləsuvar-Masallı seçki dairəsinin inzibati binası və Göytəpə bələdiyyəsinin yerləşdiyi bina sökülərək başqa ərazidə əvəzi ödənilməklə yeni layihə əsasında tikilir. Bərbad vəziyyətdə olan Göytəpə şəhər xəstəxanası da başqa əraziyə köçürülür.
Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Parkla tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verildi ki, tikinti işlərinə ötən ilin mayında başlanılıb. Burada sakinlərin istirahətini dolğun və mənalı təşkil etmək məqsədilə bütün zəruri işlər görülüb.
Son dövrlərdə Azərbaycan Prezidentinin tapşırığı ilə Bakıda və regionlarda parklar və xiyabanlar əsaslı şəkildə yenidən qurulur, yeni istirahət guşələri yaradılır. Bütün bunlar sakinlərin və ölkəmizə gələn qonaqların rahatlığı üçün müasir istirahət guşələrinin yaradılması istiqamətində reallaşdırılan layihələrin bir hissəsidir.
Parkın ətrafına 5 min kvadratmetrlik asfalt döşənib, yeni elektrik xətləri çəkilib. Ətrafda bütün evlər və ictimai obyektlər abadlaşdırılıb.
Bu cür layihələrin icrası bir daha sübut edir ki, şəhərlərimizin və rayonlarımızın abadlaşdırılması istiqamətində görülən işlər davamlıdır və vaxtında, yüksək keyfiyyətlə yerinə yetirilir.