Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə
15 fevral 2011, 19:00
Azərbaycan Respublikası Prezidentinin
2011-ci il 15 fevral tarixli Fərmanı ilə
təsdiq edilmişdir
I. Ümumi müddəalar
1.1. Bu Əsasnamə “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir.
1.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri (bundan sonra - Reyestr) xüsusi dövlət informasiya ehtiyatıdır.
1.3. Reyestr sahibkarlıq sahəsində yoxlamaların aparılmasının mütəmadiliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunmasını mümkün edir.
1.4. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
1.5. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.
1.6. Aşağıdakılar Reyestrdə qeydiyyata alınmır:
1.6.1. sərhəd-buraxılış məntəqələrində keçirilən yoxlamalar;
1.6.2. dəniz və hava limanlarında nəzarətdən irəli gələn yoxlamalar;
1.6.3. dövlət mülkiyyətində olan müəssisələrin idarəetməyə verilməsi barədə müqavilələrdən irəli gələn yoxlamalar.
1.7. Reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra – Ədliyyə Nazirliyi) tərəfindən aparılır.
1.8. Ədliyyə Nazirliyi Reyestrin məlumat bazasının formalaşdırılmasını, saxlanılmasını, idarə olunmasını, tamlığını və mühafizəsini təmin edir.
II. Reyestrin aparılması prinsipləri
2.1. Reyestr Azərbaycan Respublikasının dövlət dilində aparılır.
2.2. Reyestr vahiddir, vahid forma, metod və prinsiplər əsasında aparılır.
2.3. Reyestrin formalaşdırılması, aparılması, istifadəsi və orada saxlanılan məlumatların mühafizəsi elektron texnologiyalar əsasında, qarşılıqlı məlumat mübadiləsini təmin edən qeydiyyat informasiya sistemi vasitəsilə həyata keçirilir.
2.4. Qeydiyyat informasiya sistemi aşağıdakıları təmin etməlidir:
2.4.1. informasiyanın məlumat bazasına operativ daxil edilməsini, orada dəyişilməz, aydın şəkildə oxunaqlı vəziyyətdə saxlanılmasını və emalını;
2.4.2. yoxlamanın Reyestrdə qeydiyyata alınmasını və bu barədə yoxlayıcı orqanların və sahibkarlıq subyektlərinin məlumatlandırılmasını;
2.4.3. Reyestrdəki məlumatların daxil edilməsinin, dəyişdirilməsinin və silinməsinin qeydiyyatının aparılmasını;
2.4.4. digər aidiyyəti dövlət elektron informasiya ehtiyatlarına inteqrasiya olunmasını.
2.5. Reyestrə daxil edilən məlumatların itirilməsinin, təhrif edilməsinin və qanunsuz əldə olunmasının qarşısının alınması üçün onun müdafiə sistemi yaradılır.
2.6. Reyestrin qeydiyyat informasiya sisteminin yaradılması, idarə olunması, təkmilləşdirilməsi və ondan səmərəli istifadənin təmin edilməsi məqsədi ilə texniki-proqram kompleksinin formalaşdırılması və ona texniki xidmət Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir.
2.7. Reyestrin qeydiyyat informasiya sistemində yalnız lisenziyalı proqram-texniki və sertifikatlaşdırılmış mühafizə vasitələrindən istifadə edilir.
III. Reyestrin forması
3.1. Reyestrə yoxlayıcı orqanlar, sahibkarlıq fəaliyyəti subyekti kimi vergi orqanlarında qeydiyyata alınan bütün hüquqi və fiziki şəxslər, habelə yoxlamalar barədə məlumatlar daxil edilir.
3.2. Yoxlayıcı orqanlar barədə məlumatlar qüvvədə olan qanunvericiliyə əsasən formalaşdırılır və həmin orqanların siyahısından və onların yoxlama səlahiyyətinə aid olan məsələlərdən ibarətdir.
3.3. Reyestrin sahibkarlıq fəaliyyəti subyekti kimi vergi orqanlarında qeydiyyata alınan bütün hüquqi və fiziki şəxslər barədə məlumatları Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təqdim edilən uçot məlumatları əsasında formalaşdırılır və aşağıdakılardan ibarətdir:
3.3.1. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (o cümlədən dəyişdirilmiş vergi ödəyicisinin eyniləşdirmə nömrələri);
3.3.2. hüquqi şəxsin (filial və nümayəndəliyin), xarici dövlətlərin hüquqi şəxslərinin filial və nümayəndəliklərinin adı, hüquqi ünvanı (təsərrüfat obyektləri olduqda onların ünvanı), əlaqə telefonları, elektron ünvanı (olduqda);
3.3.3. fərdi sahibkarın soyadı, adı, atasının adı, qeydiyyatda olduğu və faktiki yaşadığı ünvan (təsərrüfat obyektləri olduqda onların ünvanı), əlaqə telefonları, elektron ünvanı (olduqda);
3.3.4. sahibkarlıq fəaliyyəti subyektinin qeydiyyata alınma tarixi, vergi ödəyicisi kimi qeydiyyata alınması, yenidən qeydiyyata alınması və qeydiyyatdan çıxarılması tarixləri;
3.3.5. sahibkarlıq fəaliyyəti subyektinin fəaliyyət göstərməsi, fəaliyyətinin dayandırılması, fəaliyyətinə xitam verilməsi barədə məlumat.
3.4. Reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir:
3.4.1. yoxlamanın kodu;
3.4.2. yoxlayıcı orqanın adı (birgə yoxlama həyata keçirilən zaman digər yoxlayıcı orqanların da adları göstərilməlidir);
3.4.3. yoxlanılması nəzərdə tutulan sahibkarlıq subyektinin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;
3.4.4. yoxlanılması nəzərdə tutulan sahibkarlıq fəaliyyəti subyektinin hüquqi ünvanı;
3.4.5. yoxlanılması nəzərdə tutulan sahibkarlıq subyektinin adı;
3.4.6. yoxlanılması nəzərdə tutulan sahibkarlıq subyekti barədə aparılan sonuncu yoxlama;
3.4.7. yoxlamanın hüquqi əsası və predmeti;
3.4.8. yoxlamanın aparılacağı faktiki ünvan;
3.4.9. yoxlamanın növü (yoxlama, araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və s.);
3.4.10. yoxlanılan dövr (dövrün başlanğıc və son tarixləri göstərilməklə) və ya yoxlamanın xüsusiyyətlərindən asılı olaraq cari fəaliyyəti;
3.4.11. yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə);
3.4.12. yoxlamanın keçirilib-keçirilməməsi (yoxlama keçirilmədikdə bunun səbəbləri göstərilməklə);
3.4.13. yoxlamanın nəticələri, o cümlədən yoxlama ilə qanun pozuntularının aşkar edilib-edilməməsi, yol verilmiş pozuntular barədə qəbul olunmuş qərarlar (məsuliyyətə cəlb olunmuş təqsirkar şəxslər, görülmüş məsuliyyət tədbirləri, materialların aidiyyəti üzrə göndərildiyi dövlət orqanları, materialların göndərilməsinə dair məktubların tarix və nömrələri).
3.5. Yoxlanılan sahibkarlıq subyektinin xüsusi qeydləri - onun yoxlama barədə qeydi, müraciəti, şikayəti və digər aidiyyəti məsələlər də Reyestrə daxil edilir.
IV. Reyestrin aparılması
4.1. Reyestr elektron formada aparılır.
4.2. Hər növbəti il üzrə yoxlamaların keçirilməsi barədə bu Əsasnamənin 3.4.2-ci, 3.4.5-3.4.11-ci bəndlərində nəzərdə tutulmuş məlumatları özündə əks etdirən, kağız üzərində və elektron formatda tərtib olunmuş illik yoxlama planı yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən imzalanmış məktubla hər ilin 1 noyabr tarixindən gec olmayaraq Ədliyyə Nazirliyinə təqdim edilir və ya onlayn rejimində göndərilir.
4.3. Bu Əsasnamənin 4.2-ci bəndinə uyğun olaraq təqdim edilmiş illik yoxlama planında nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, yoxlamaların qeydiyyata alınması üçün hər bir yoxlama barədə bu Əsasnamənin 3.4.2-ci, 3.4.5-3.4.11-ci bəndlərində nəzərdə tutulmuş məlumatlar, yoxlamadan ən azı 1 iş günü əvvəl yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanaraq Ədliyyə Nazirliyinə təqdim edilməlidir və ya onlayn rejimində göndərilməlidir.
4.4. Yoxlama müraciət edilən gündən 1 iş günü müddətində qeydiyyata alınır.
4.5. Bir sahibkarlıq fəaliyyəti subyektində yoxlamanın keçirilməsi barədə bir neçə yoxlayıcı orqanın müraciəti əsasında Reyestrdə həmin yoxlayıcı orqanların iştirakı ilə birgə yoxlama qeydiyyata alına bilər.
4.6. Reyestrdə qeydiyyata alınmış yoxlama hər hansı səbəbdən aparılmadıqda yoxlayıcı orqan bu barədə səbəbləri göstərilməklə yoxlamanın aparılması nəzərdə tutulan tarixdən 5 iş günü keçənədək Ədliyyə Nazirliyini məlumatlandırmalıdır. Reyestrdə qeydiyyata alınmış yoxlama sahibkarlıq fəaliyyəti subyektindən asılı olmayan səbəblərdən aparılmadıqda, həmin yoxlama növbəti 1 il müddətində təkrar qeydiyyata alınmır.
4.7. Yoxlayıcı orqan aparılmış hər bir yoxlamanın başa çatmasından sonra 5 iş günü ərzində bu Əsasnamənin 3.4.13-cü bəndində nəzərdə tutulmuş məlumatları Ədliyyə Nazirliyinə təqdim etməlidir və ya onlayn rejimində göndərməlidir.
4.8. Reyestrdə qeydiyyata alınan hər bir yoxlamaya xüsusi alqoritm əsasında vahid və təkrarlanmayan yoxlama kodu verilir.
4.9. Ədliyyə Nazirliyi sahibkarlıq sahəsində aparılan yoxlamalar barədə hər 3 aydan bir Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verir (keçirilmiş yoxlamaların predmeti və əsasları, yoxlayıcı orqanlar və yoxlanılan sahibkarlıq subyektləri, yoxlamaların nəticələri, qəbul olunmuş qərarlar, yol verilən pozuntular, görülmüş tədbirlər, təhlillər, statistik və digər göstəricilər qeyd olunmaqla).
4.10. Reyestrdə sahibkarlıq fəaliyyəti subyektləri və onlarda keçirilmiş yoxlamalar barədə məlumat 10 il saxlanıldıqdan və ya sahibkarlıq fəaliyyəti subyektinin fəaliyyətinə xitam verildikdən sonra arxivləşdirilir, o şərtlə ki, zərurət yarandıqda, bu məlumat bərpa edilə bilsin.
V. Reyestrdən məlumatların verilməsi qaydası
5.1. Yoxlamanın qeydiyyata alınması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün, habelə yoxlanılan sahibkarlıq fəaliyyəti subyektlərinə sorğu əsasında sorğunun daxil olduğu gündən 2 iş günü müddətində onlayn rejimində Reyestrdən çıxarış göndərilir. Reyestrdən çıxarışda aşağıdakı məlumatlar göstərilir:
5.1.1. yoxlamanın kodu;
5.1.2. yoxlayıcı orqanın adı;
5.1.3. yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin adı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;
5.1.4. yoxlamanın aparılması müddəti (başlanılması və sona çatması tarixləri);
5.1.5. yoxlamanın predmeti və hüquqi əsası.
5.2. Yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir.
5.3. Yoxlayıcı orqanlar və sahibkarlıq fəaliyyəti subyektləri Reyestrin istifadəçiləridirlər.
5.4. Reyestrdə qeydiyyata alınmış yoxlamalar barədə məlumat qeydiyyat aparıldığı gün Ədliyyə Nazirliyi tərəfindən bu Əsasnamənin 5.5-5.7-ci bəndlərinin tələbləri nəzərə alınmaqla internet şəbəkəsində yerləşdirilir.
5.5. Yoxlayıcı orqanlar yalnız özləri tərəfindən keçirilən yoxlamalarla bağlı məlumat bazasına daxil ola və həmin məlumatlardan istifadə edə bilər.
5.6. Sahibkarlıq fəaliyyəti subyektləri yalnız özləri ilə əlaqədar aparılmış yoxlamalarla bağlı məlumat bazasına daxil ola və həmin məlumatlardan istifadə edə bilər.
VI. Reyestrin maliyyələşdirilməsi
Reyestrin formalaşdırılması və aparılması dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.
VII. Məsuliyyət
7.1. Yoxlayıcı orqanların vəzifəli şəxsləri Reyestrdə qeydiyyatdan keçməyən və ya bu Əsasnamənin tələbləri pozulmaqla yoxlamaların aparılmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
7.2. Ədliyyə Nazirliyinin Reyestrin aparılmasını həyata keçirən vəzifəli şəxsləri Reyestrin və yoxlamaların qeydiyyatının aparılmasının, Reyestr məlumatlarının mühafizə və istifadə olunmasının bu Əsasnamənin tələbləri pozulmaqla həyata keçirilməsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.