01 iyul 2015, 18:45

İsmayıl İsmayılzadədən, Bakı, Azərbaycan

Cənab Prezident!

Mən və ailəmizin bütün üzvləri idmana verdiyiniz böyük qiymətə, diqqətə və qayğıya görə hər zaman Sizə minnətdarıq. Minnətdarıq ki, idmançılarımızın uğurları doğma Azərbaycanımızı hər yerdə tanıtmağa qadirdir. Birinci Avropa Oyunlarının da məhz Azərbaycanda keçirilməsi hər kəsdə bir qürur hissi yaradır. Mən də öz növbəmdə idmanın şahmat növü ilə hələ 10 yaşımdan məşğul olmağa başlamışam. Hazırda 14 yaşım var. Ölkəmizdə keçirilən dərəcə yarışlarında birincilik qazanmışam. 2014-cü il oktyabrın 18-29-da Batumidə keçirilən Avropa çempionatında sertifikatla mükafatlandırılmışam. 2015-ci il aprelin 5-12-də Dubayda keçirilən şahmat yarışları üzrə çempionatda iştirak etmiş 14 yaşlılar içərisində mükafatlandırılmışam. Bizim ailəmiz doğma Zəngilan rayonundan məcburi köçkün düşsə də, mən həmişə özümə güvənmişəm. İnanıram ki, vaxt gələcək biz idman yarışlarında qələbə bayrağımızı ucalara yüksəltdiyimiz kimi, öz dədə-baba torpağımızda da Qələbə sevincini yaşayacağıq. 

Birinci Avropa Oyunlarında Azərbaycanın ikinci yer tutması, hər dəfə Azərbaycan bayrağının yüksəlməsi məndə fərəh hissi oyatdı. Bütün bunlara və Bakının dünyanın ən gözəl şəhərinə çevirdiyinə görə Sizə öz minnətdarlığımızı bildiririk. Mən fəxr edirəm ki, azərbaycanlıyam! 

Hörmətlə, 

İsmayılzadə İsmayıl Tariyel oğlu

​Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu