İlham Əliyev ilk Avropa Oyunlarının çempionu İlham Zəkiyevə qızıl medalı təqdim edib
26 iyun 2015, 21:45
İyunun 26-da birinci Avropa Oyunlarında paralimpiyaçı cüdoçular mübarizəyə qoşulublar. Yarışların favoriti İlham Zəkiyev yenə də xalqımıza qələbə sevinci yaşadıb, Azərbaycana daha bir qızıl medal qazandırıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri idmançımızın final oyununu izləyiblər.
Birinci Avropa Oyunlarında paralimpiyaçı cüdoçuların mübarizəsində Azərbaycan üç idmançı ilə təmsil olunurdu. Doxsan kiloqram çəki dərəcəsində yığmamızın lideri İlham Zəkiyev birinci Avropa Oyunlarında mübarizəyə yarımfinaldan başladı. Paralimpiya Oyunlarının qalibi, “Bakı 2015”in məşəlçisi finala gedən yolda yunanıstanlı Klimis Papaçristosla üz-üzə gəldi. İlham Zəkiyev bu mərhələni ipponla qalib gələrək cəmi 27 saniyəyə adladı və finala çıxdı. Qızıl medal uğrunda Ukrayna idmançısı Aleksandr Pominovla mübarizə aparan İlham Zəkiyev bu qarşılaşmadan da qalib ayrıldı və birinci Avropa Oyunlarının çempionu adını qazandı.
Sonra mükafatlandırma mərasimi oldu.
Azərbaycan Prezidenti İlham Əliyev qalib idmançılara medalları təqdim etdi.
İlk Avropa Oyunlarının çempionu İlham Zəkiyevin şərəfinə Azərbaycanın dövlət himni səsləndi, dövlət bayrağı ucaldıldı.