İlham Əliyev Naftalanda “Qaşaltı” sanatoriyasının açılışında iştirak etmişdir
10 fevral 2011, 16:30
Prezident İlham Əliyev Naftalanda “Qaşaltı” sanatoriyasının açılışında iştirak etmişdir.
Dövlət başçısı açılışı bildirən lenti kəsdi və sanatoriya ilə tanış oldu.
Dünyada kurort şəhəri kimi tanınan Naftalanın inkişafı ulu öndər Heydər Əliyevin daim diqqət mərkəzində olmuşdur. Hələ 1982-ci il fevralın 19-da Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi “Naftalan kurort şəhərinin daha da inkişaf etdirilməsi haqqında” xüsusi qərar qəbul etmiş, sonrakı illərdə Naftalanda müalicə olunanların sayı 35 mindən 70 minə yüksəlmişdir.
“Qaşaltı” sanatoriya kompleksi “Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində inşa olunmuşdur. Prezident İlham Əliyev beş mərtəbədən ibarət 200 nəfər işçinin çalışacağı sanatoriyanın poliklinika şöbəsi, su prosedurları və yataq korpusları ilə tanış oldu. Su prosedurları korpusunda üzgüçülük hovuzu, yod-brom vannası, sualtı idman hərəkətləri üçün hovuz, sauna, türk və fin hamamları var. Kompleksdə istiliklə müalicə kafedrası da fəaliyyət göstərəcəkdir. Fizioterapevtik bölmədə ən mütərəqqi müalicə üsulları tətbiq olunacaqdır.
Sanatoriyanın 92 otaqlı yataq korpusunun 83-ü standart, 9-u lüks palatalardır.
Fitnes və gimnastika zallarında hərəkət-dayaq sistemlərində olan problemlərin aradan qaldırılması üçün müasir avadanlıq, o cümlədən ölkəmizdə ilk dəfə tibbi trenajorlar quraşdırılmışdır.
Daha sonra Prezident İlham Əliyev Naftalan vannası otaqları ilə tanış oldu. Bildirildi ki, Naftalan neftinin əsas təsiredici maddəsi geniş spektrli müalicə xüsusiyyətlərinə malik naften karbohidratıdır.
Sanatoriyanın geniş əyləncə mərkəzində 3D kinoteatrı, boilinq, bilyard və oyun zalları yerləşir.
Prezident İlham Əliyev Naftalan şəhərində inşası davam etdirilən və layihəsi planlaşdırılan tikinti komplekslərinin sxemlərinə baxdı. Bildirildi ki, Naftalan şəhərində Heydər Əliyev park kompleksinin yeni baş planı hazırlanmışdır. Onun ərazisində Naftalan Şəhər İcra Hakimiyyətinin üçmərtəbəli inzibati binası tikilir, iyul-avqust aylarında onun başa çatdırılması nəzərdə tutulmuşdur.
Dövlət başçısına tikintisi planlaşdırılan Heydər Əliyev Mərkəzinin texniki göstəriciləri barədə də məlumat verildi. Bu mərkəz də Heydər Əliyev park kompleksində tikiləcəkdir.
Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi, müvafiq tapşırıq və tövsiyələrini verdi.